Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alı Mustafayevin xanımı: “İki vertolyot qəzasından sağ çıxsa da, üçüncüdən qurtula bilmədi”

APA TV Qarakənd faciəsinin 28 illiyi ilə bağlı reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik...

Onlar adları vətən səmasına yazılanlardır. Qara tarixin qara izləri ilə.

28 il əvvəl baş verən qəzada həlak olan vətən oğullarının ruhu məhz bu gün analarının duaları ilə yüksəldi göylərə. Qarakənd göylərinə. Saatlar 14:42-ni göstərən anda.

20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vuruldu. O helikopter ki, gövdəsində Azərbaycanın Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vaqif Cəfərov, Vəli Məmmədov, Zülfü Hacıyev, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov kimi nüfuzlu və yüksək vəzifəli ictimai-siyasi xadimlərini daşıyırdı. Ümumilikdə 22 nəfərin həyatını itirməsi ilə nəticələnən həmin dəhşətli hadisə Azərbaycan xalqının yaddaşında silinməz yara kimi qaldı.

Dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədovla çiyin-çiyinə çalışan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, ehtiyatda olan polkovnik Həmid Cəfərov deyir ki, Qarakənd hadisəsi onun yaddaşından heç zaman silinməyəcək: "20 noyabrda Ağdamda oldum. O zaman da məlum oldu ki, Tofiq İsmayılov başda olmaqla Məhəmməd Əsədov, Vəli Məmmədov, Zülfi Hacıyev hamısı qaçqınların problemləri ilə məşğul olurlar".

Həmid Cəfərovun sözlərinə görə, bu faciə ərəfəsində İmişlidə 3 nəfər polis əməkdaşının ermənilər tərəfindən vurulması xəbərini və onların gətirilmə tapşırığını alıb: "Bu səbəblə İmişliyə getdim. Gecə saat 10-un yarısı oradan qayıdandan sonra televizoru yandıranda gördüm ki, ekran qapqaradır. Dərhal Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə zəng edib nə baş verdiyini soruşdum. Bildirdilər ki, vertolyot qayaya dəyib, ölüm-itim yoxdur. Belə bir məlumat verdilər".

Həmin helikopterdə qəzaya uğrayan bir şəxs də var idi. Jurnalist Alı Mustafayev. Digər şəxslərdən fərqli olaraq, həmin vaxtadək o, vertolyot qəzasını iki dəfə yaşamışdı. Buna baxmayaraq, yenə də peşə sevgisindən dönmür, usanmır və qorxmur. Ömür-gün yoldaşı Lalə Mustafayeva isə həmin günü bu cür xatırlayır: "Evdə idim, uşaqlar körpə olduğu üçün onlarla məşğul idim. Durmadan telefon zəngləri almağa başladım. Fikirləşdim ki, məni niyə bu qədər arayırlar? Qonşular, televiziya işçiləri, tanış-biliş hamısı Alını soruşurlar. Dedim, Alı Qarabağdadır, axşam gələr".

Amma Alı gəlmir və Lalə Mustafayeva qara xəbəri televiziya vasitəsilə öyrənir. "Bəs bu zaman nə hisslər keçirdiniz?" sualına müsahibimiz belə cavab verir: "İnanırsınız, mən şok keçirirdim. O hissləri sizə deyə bilmərəm. Bir onu gördüm ki, evimiz adamla doludur. Bu, Alının 3-cü vertolyot qəzası idi. İkinci vertolyot qəzası ondan 6 ay əvvəl, yəni aprelin 3-də olmuşdu. Onda da bizim də 3-cü körpəmiz var idi. O da 3 aylıq qundaqda idi".

Həyat yoldaşının mane olmasına baxmayaraq, Alı Mustafayev ona məhəl qoymur: "Mən ona deyirdim ki, getmə, uşaqlar da balacadır. Hər dəfə gedirsən, mən də narahat oluram. Deyirdi ki, mən getməliyəm. Həmin gün də onun getməsi ilə bağlı tələb var idi. Çünki o, ilk parlament müxbiri idi ki, Moskvada mərhum Tofiq İsmayılovla bir yerdə çalışmışdı. Tofiq müəllim də nümayəndə heyətinin rəhbəri olduğuna görə mütləq onu yanında görmək istəyirdi. Onun israrına görə Alı həmin gün onlarla getdi. Halbuki başqa jurnalist getməli idi".

Jurnalist Alı Mustafayevlə yanaşı, çəkiliş heyətinin digər üzvü Fəxrəddin Şahbazov da şəhidlik zirvəsinə yüksəldi həmin gün. İş yoldaşı, yaxın dostu İzzət Əzizov acı xəbəri duyanda sanki dünyanın başına yıxılıb: “Hər birimiz üçün yaxşı ola biləcək bir adamı itirmək necə ola bilər? İsti-isti sən ancaq o ajiotajla məşğulsan. Mən indi də vaxtaşırı ayda bir-iki dəfə qəbirüstünə gedirəm, 10-15 dəqiqə danışıram onunla”.

"Məzarı üstündə onunla nə danışırsınız?" sualımızı müsahibimiz belə cavablandırır: "Əvvəl üzr istəyirəm ki, yanına gec-gec gəlirəm. Çünki son zamanlar gec gedirəm. Sonra ondan üzr istəyirəm ki, niyə mən onun uşaqlarına kömək edə bilmədim? Buna görə də özümü günahkar hiss edirəm".

"Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim" yazıb şair Məmməd Araz. Bu vətənin yaddaşlardan silinməyəcək və qəlblərə mamırdan da bərk yapışan oğullarıdır 20 noyabr şəhidləri. Allah rəhmət eləsin!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar