Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Romanov: "Ermənistanda insanlar müharibə dövründə nələrin baş verməsindən danışırlar"

“Romanov” “Youtube” kanalının aparıcısı, İrəvanda yaşayan rus bloqer, jurnalist Aleksey Romanov Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdiyinə görə sərt tənqid və hətta təhqir obyektinə çevrilib. Xüsusən erməni telegram kanalları və sosial şəbəkələrdəki fəallar hiddətlənir, Aleksey Romanovu Azərbaycan təbliğatçısı olmaqda, Nikol Paşinyanı dəstəkləməkdə günahlandırıblar (Təhqiramiz epitetləri sadalamayacağıq).

Aleksey Romanovla baş verənlər bir daha erməni cəmiyyətindəki gərginlik səviyyəsini göstərdi. Məlumdur ki, hazırda İrəvanda baş nazir Nikol Paşinyanın tərəfdarları və müxaliflərinin etirazları keçirilir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı da onun istefasını istəyir, Müdafiə Nazirliyi isə sakitliyə çağırır. Parlamentdən kənar “Sasna Tsrer” partiyasının radikalları İrəvanda məşəl yürüşü təşkil ediblər. Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə Nikol Paşinyanın əmrini imzalamaqdan imtina edən Ermənistan prezidenti Armen Sarkisyanın impiçmentindən danışır. Müxalifət də öz növbəsində parlamentin buraxılması və Paşinyanın baş nazir postundan istefasında israrlıdır.

Media.Az-a verdiyi müsahibədə Aleksey Romanov Ermənistanda baş verənlərdən, cəmiyyətdəki əhval-ruhiyyədən və bir çox başqa məsələlər barədə şərh verib.

- Ermənistan hakimiyyəti çevrilişə cəhd barədə elan verdi. Həm müxalifət, həm də Nikol Paşinyanın tərəfdarları öz aksiyalarını davam etdirirlər. “Romanov” “Youtube” kanalındakı videonuzdan belə aydın olur ki, insanlar hazırkı baş nazir üçün küçələrə çıxmağa hazırdırlar. İrəvanda atmosfer necədir? Gərginlik hissi varmı?

- Gərginlik miqyasını 0-dan 10-a qədər götürsək (0 - adi vaxtdır, müharibədən, hətta koronavirusdan əvvəl; 10 - hərbi əməliyyatların başlamasından sonrakı ilk günlər), o zaman Ermənistan orta bir yerdədir - gərginlik 5 baldır. Mən belə qiymətləndirərdim. Bunu keçən ilin sentyabr ayının sonu - oktyabrın əvvəlində və 10-11 noyabrda baş verənlərlə müqayisə etmək olmaz. Ancaq hər halda, böyük şəhərdə yüngüllük və qayğısızlıq hiss olunmur, ordu küçələrdə görünməsə də, hökumət orqanları eyni rejimdə işləyirlər.

Erməni və beynəlxalq mətbuatı təhlil edərkən Nikol Paşinyanı devirmək cəhdinin əsasən xaricdən dəstəkləndiyi müşayiət olunur, erməni diasporunun nümayəndələri bu barədə fəal şəkildə danışırlar. Ermənistanın daxilində isə “Qarabağ klanı” adlanan əvvəlki hakimiyyətin iqtidara qayıtmasını istəmirlər. Nə fikirləşirsiz?

Mən də elə bu qənayətdəyəm, baxmayaraq ki, bu gün Ermənistandakı müəyyən qüvvələrin dəstəyinin necə qurulduğu barədə heç bir obyektiv məlumatım yoxdur və ya onlar erməni dilində nəşr olunduğu üçün mənim üçün əlçatan deyil. Ancaq öz müşahidələrim, real həyatda insanlarla olan ünsiyyət təcrübəsi var. Ən ciddi anti-Paşinyan əhval ruhiyyəsi, onun maliyyə və məlumat dəstəyi diaspordan gəlir. Bunun niyə baş verdiyini anlamaq asandır.

Məsələn, fərz edək ki, Paşinyan gedəcək, ancaq diaspor nümayəndələrinə əhalinin böyük hissəsi tərəfindən rədd edilən əvvəlki hakimiyyətlə yaşamaq lazım olmayacaq. Axı Ermənistanda üçüncü qüvvə yaranmayıb. Yalnız iki düşərgə və sadə bir seçim var: 2018-ci ilin inqilabı nəticəsində hakimiyyətə gələnlər və ya inqilabdan əvvəl ölkəni idarə edənlər. Bu səbəbdən müxalifətə çox da dəstək verilmir.

Eyni zamanda, Ermənistandakı inqilabdan sonra media bazarı hələ də bölüşdürülməyib. Medianın böyük bir hissəsi ya birbaşa əvvəlki hökumətin adamlarına məxsusdur, ya da onlardan asılıdır. Hətta bəzi yeni media və “Telegram” kanalları da Nikol Paşinyana qarşı çıxış edir. Lakin buna baxmayaraq, Paşinyan ən populyar siyasətçi olaraq qalır. Ötən gün topladığı mitinq bunu mükəmməl şəkildə göstərdi. Bir neçə saat ərzində meydanda baş naziri dəstəkləməyə qərar verən minlərlə insan toplandı. Müxalifət isə küçələrə bu qədər etirazçı çıxara bilmir. Bu, çox şeydən xəbər verir. Əhalinin əksəriyyəti Paşinyana dözməyə, ya da onu dəstəkləməyə hazırdır. Diasporda isə vəziyyət tam əksinədir.

Erməni “Telegram” kanallarının və sosial şəbəkələrin mövzusunu davam etdirsək, sizi indi fəal müzakirə edirlər, müxtəlif epitetlərlə “mükafatlandırırlar”, bəzən hədələyirlər. İrəvanda yaşayışınız necədir? Nədənsə ehtiyat edirsiz?

Bilirsiniz, onlayn və oflayn həyatı ayırmaq lazımdır, xüsusən Ermənistanda. Yalnız sosial şəbəkələrə əsaslansaq, elə təəssürat yaranacaq ki, Ermənistanda normal insan yoxdur, hamı faşistdir, dövlət isə gücə yatırım edən kiçik imperiyadır. Əslində ağlı başında olan insanlar çoxdur. İnsanlar döyüşmək yox, sülh içində yaşamaq, çalışmaq istəyirlər.

Erməni sosial şəbəkələrinin yaratdığı təəssürat əvvəlki hakimiyyət nümayəndələrinin fəal işinin nəticəsi ola bilər. Onların ideologiyaları inkişaf etdirilir, çoxsaylı “bot fermaları” üçün resurslar xərclənir. Başqa məqamlar da var.

Ermənistan uzun illər təcrid olunmuş vəziyyətdə olub, xarici aləmlə əlaqəsi isə yalnız diaspor, Rusiya və Gürcüstanla (daha az miqyasda) olan kiçik bir ölkədir. Nəticədə sosial şəbəkələrdə diasporun mövqeyindən fərqli fikirlər söyləməyin qəbuledilməz olduğu bir vəziyyət meydana çıxır.

- Bəs adi insanlar, siravi vətəndaşlar nə düşünür?

- Nümunə göstərim. Müharibə günlərində internetdə hər kəs erməni xalqının qəhrəmanlığından, mübarizə aparmasından danışırdı və xəyanət, arxadan vurulan zərbə olmasaydı (yeri gəlmişkən, kim tərəfindən?), qalib gələcəyini bildirirdi. Bəs real həyatda necə idi? İnsanlar qardaşlarını, oğullarını, qohumlarını, dostlarını səfərbərlikdən necə qaçırdığını, müharibə vaxtı kiminsə haradasa nəyisə necə oğurladığı danışırdı. Odur ki, Ermənistanda iki reallıq var: internetdə olan, bir də real həyatdakı.

Müharibə başladıqdan və videolarımın internetdə yayımlanmasından sonra erməni internet ictimaiyyəti üçün “satqın” oldum, mənim hətta haradasa “qara kürü ilə dolu çəlləyimin” olduğunu da dedilər. Ancaq mən kütləvi aksiyalara gəlirəm, insanlar tanıyır, danışır, əl sıxırlar. Mən deyirəm: “Dayanın, bu mənəm, kürüyə satılan Aleksey Romanov”. Cavab sadədir: “Bunlar hamısı cəfəngiyyatdır, biz sizi tanıyırıq”. Mən real həyatda mənfi münasibətlə qarşılaşmamışam. Mənə atılan çirkab tamamilə internet mənşəlidir, bunu internet trolları edir.

- Gəlin müharibənin nəticələrinə toxunaq. Erməni ictimaiyyəti bunları qəbul etməyə hazırdır? İndi öz sərhədlərində mövcud olan ErmənistanAzərbaycan var.

- Biz sizinlə öz peşəmizin xüsusiyyətlərinə əsasən həqiqətin harada olduğunu, yalan və təbliğatın harada olduğunu anlamaq üçün vaxt sərf edə bilərik. Sadə insanlarda bu fürsət yoxdur. Kimsə nəsə deyir, insan eşidir və inanır. Təəssüf ki, insanlar təbliğata həssasdırlar. Ancaq bu vəziyyəti nəzərə almaqla belə indi görürəm ki, erməni xalqında yorğunluq, laqeydlik hissi var. Bu isə diaspor və “keçmiş” hakimiyyətin dəstəklədiyi revanş ideyası ilə çox az uyğun gəlir. Mənə elə gəlir ki, müharibənin nəticəsi ermənilərin “Qarabağ əhvalatını” bağlamağa, hadisələri yenidən qiymətləndirməyə hazır olmasına gətirib çıxarıb.

Xatırladım ki, Ermənistanın Baş Qərargahı Nikol Paşinyanın istefası tələbi ilə bəyanat verərkən də İrəvanda etiraz aksiyası keçirilirdi. Çağırışçıların valideynləri övladlarının Qarabağa xidmətə göndərilməmələrini tələb edirdilər. Bax, əsl abu-hava budur.

- Söhbətimizin əvvəlində siz bildirdiniz ki, bir tərəfdən Nikol Paşinyan və digər tərəfdən isə Robert Koçaryanın simasında keçmiş hakimiyyət var, üçüncü qüvvə isə yoxdur. Bəs o zaman müxalifətin baş nazir kimi müəyyən etdiyi Vazqen Manukyan kimdir?

- Robert Koçaryan rəsmi olaraq müxalifətin rəhbəri deyil, Ermənistanda ona nifrət edirlər, onun böyük antireytinqi var. Müsahibələrindən birində özünün siyasətə qayıtması barədə bəhs etdikdən sonra bir çoxları üçün hər şey aydın oldu. Ermənistan müxalifətinin ön cəbhəsində kimin olmasından asılı olmayaraq, hətta Manukyan olsa belə, onun arxasında Koçaryan dayanır və ipləri əlində saxlayır. Odur ki, Vazqen Manukyan ciddi qəbul olunmur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar