Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksandr Mirzoyan: "Təəssüf ki, Bakıya gedə bilmirəm"

Azərbaycan futbol məktəbinin yetirməsi, "Neftçi" və "Spartak"ın sabiq futbolçusu Aleksandr Mirzoyan "Realnoe vremya" nəşrinə geniş müsahibə verib

Azərbaycan futbol məktəbinin yetirməsi, "Neftçi" və "Spartak"ın sabiq futbolçusu Aleksandr Mirzoyan "Realnoe vremya" nəşrinə geniş müsahibə verib.

- Sizin futbola gəlişiniz Azərbaycan futbolu tarixində çox önəmli bir vaxta düşür. 1966-cı ildə Bakı komandası tarixində ilk və sonuncu dəfə SSRİ çempionatının bürünc medalını qazandı. 15 yaşlı gəncin gözləri önündə Banişevski, Tuayev, Məmmədov kimi əfsanəvi futbolçular məşq edirdi...

- Mən təkcə bu adlarla kifayətlənməzdim. Komandada Bruxti, Semiqlazov kimi futbolçular da vardı. Qorxuram, kiminsə adını yaddan çıxararam. Amma ümid edirəm, söhbətimizin gedişində həmin futbolçuları da xatırlayacağıq. Yadımdadır ki, bürünc mövsümündə oyunlar vaxtı meydanın kənarında topu futbolçulara verirdim.

- Bürünc mükafata heç olmasa əliniz dəydi?

- (Gülür). Sizin adını çəkdiklərinizdən başqa, komandada Yuri Kuznetsov, Adamas Qolodets kimi əfsanəvi şəxsiyyətlər də var idi. Sonralar mənim oynadığım mərkəz müdafiəçisi mövqeyində Tofiq Axundov çıxış edirdi. O da Azərbaycan futbolunun əfsanələrindəndir. "Neftçi"dəki karyeramı bu cür xarakterizə edərdim: orda Azərbaycan futboluna şöhrət gətirən bir neçə nəsillə qarşılaşdım. Hələ 17 yaşlı uşaq olanda özümdən 10-15 yaş böyük nəslin nümayəndələri ilə rastlaşdım. Sonralar Əlizadə, Kramarenko, Smolnikov kimi yaşıdlarımla oynadım. Axırda isə özümdən kiçiklərlə çıxış etdim.

- Həmin vaxt Kazanda "Neftçi"yə azarkeşlik etmək üçün daha bir səbəb tapıldı. Renat Kamaletdinov Bakı klubuna keçmişdi. Həmin illərdə Kazan futbol məktəbinin yetirmələrini nadir hallarda güclülər dəstəsində görmək mümkün idi.

- Kamaletdinov çox texnikalı oyunçu idi. Meydanı yaxşı görürdü, oyunu başa düşürdü. Həm də çox tərbiyəli insan idi. Onunla ünsiyyət quranda müsbət enerji alırdıq.

- Eşitmişəm ki, Renat Bakıdan köçəndə soyuducusunu sizə çox ucuz qiymətə verib.

- Doğrudan? Bu artıq yadımda deyil. O, 8-ci mikrorayonda yaşayırdı, mən yeddincidə. Evlərimiz yaxın idi.

- Niyə 70-ci illərdə "Neftçi"nin nəticələri pisləşməyə başladı? Nə baş verdi?

- Əsas qalmaqal 1971-ci ildə oldu. Rostovdakı oyunda yalnız qapıçımız Kramarenko özünü saxlaya bilmədi. Digərlərini də ona qoşub cəzalandırdılar. Mənim boynuma qoydular ki, guya hakimin üstünə tüpürmüşəm. Halbuki sadəcə o olan tərəfə tüpürmüşdüm. Bunu hamı edir - yəni, "tfu, sənə". Rafiq Quliyevi ittiham etdilər ki, o, jurnalisti vurub. Rafiq sadəcə hirsindən topu tribunalara tərəf vurmuşdu.

- Bir sözlə sizi ictimaiyyət görsün deyə cəzalandırdılar. Mamayev və Kokorinin sovet variantı.

- Hə, oxşardı. Ancaq Kokoringilə daha ağır cəza verdilər. Həmin vaxt uduzan kimi söhbət çıxırdı ki, oyun verilib. 1974-cü ildə "Pamir"lə qarşılaşırdıq. 1:0 öndə idik. Dizim zədəli halda meydana çıxmışdım və 20-ci dəqiqədə daha ağır zədə aldım, əvəzləndim. Oyunun sonlarında Rafiq Quliyev Saşa Poqorelovu aldatmaq istədi, amma alınmadı və topu itirdi. Poqorelov topu düz "doqquzluğa" göndərdi. Həmin topu çıxarmaq mümkün deyildi. Bizi ittiham etdilər ki, oyunu vermişik. Ən çox da mənimlə Quliyev təqsirkar sayıldı. Onda dedim, "bu da arayış, gedək dispanserə". Ancaq heç kim inanmadı. Nəticədə, məni əvəzedici heyətə göndərdilər və dedilər ki, "hələlik, otur burada, komandanı təzələyəndə səni də qaytararıq". Belə münasibətə dözmədim və "Ararat"a getdim. Həm də 1972-ci ildə Yerevan klubuna keçməyə cəhd göstərsəm də, məni buraxmamıışdılar.

- Niyə buraxmamışdılar?

- "Ararat" mənə bir neçə dəfə dəvət göndərmişdi. Ancaq "Neftçi"nin məşqçilərindən biri sözünün üstündə durmadı. Həmin vaxt Rostovdakı hadisələrə görə 6 aylıq cəzalanmışdım. Boşluq olduğu üçün Yerevana getdim. Orada mənə söz verdilər ki, diskvalifikasiyanı ləğv elətdirəcəyik. Ancaq problemlərimi həll edə bilmədilər və Bakıda qalası oldum. Həm də SSRİ-də idman cəmiyyətlərinin birindən digərinə keçmək çətin idi. "Ararat"la "Neftçi" iki ayrı-ayrı cəmiyyəti təmsil edirdilər. Bu məsələni də həll etmək olardı - söhbətə Mərkəzi Komitənin I katibləri qarışsaydılar. Amma bu iki respublika rəqib olduqları üçün istəyim yoluna qoyulmadı.

- Amma digər erməni Eduard Markarov "Neftçi"dən "Ararat"a getdi və SSRİ çempionu oldu.

- Bu məsələ Zaqafqaziyada yox, Moskvada həll olunmuşdu. Həmin vaxt Ermənistan tərəfi danışıqlarda daha cəld tərpəndi. 1975-ci ildə mən də "Ararat"a keçəndə problem yarandı. İki amil xeyrimə işlədi. Aşağı liqadan güclülər dəstəsinə gedirdim, həm də "Ararat" Çempionlar Kubokunda oynamalı idi. Bu iki "kozır"dan istifadə edərək, "Ararat"a keçdim. Çempionlar Kubokunda "Bavariya"ya qarşı oynadım.

- "Ararat"da 70-ci illərdə Bakı doğumlıu 3 erməni futbolçu çıxış edirdi: siz, Markarov və Arkadi Andreasyan.

- "Ararat"a keçidim karyeramda böyük irəliləyişə səbəb oldu. Biz 1975-ci ildə SSRİ kubokunu qazandıq, daim güclülər dəstəsində çıxış edirdik. "Neftçi" isə yüksək liqaya yalnız 1977-ci ildə qayıtdı.

- Aleksandr Baqratoviç SSRİ dövründəki AzərbaycanErmənistan xatirələrini yada salmasaq, müsahibəmiz yarımçıq olardı.

- Doğulduğum Bakı şəhəri yaddaşımda beynəlmiləl, xoş auralı şəhər kimi qalıb. Bakı məndə müsbət nostalgiya yaradır. Bəlkə də bu şəhər yenə elədir. Amma bunu hiss edə bilmirəm. Təəssüf ki, siyasi məsələlərə görə ora gedə bilmirəm. Hətta anamın orda dəfn olunması faktı da, yeri gəlmişkən o, millətcə rusdur - mənə Bakıda onun məzarını ziyarət etməyimə imkan vermir. Belə hesab edirəm ki, bizim dövrdə artıq milli məsələ həll olunmayacaq. Bəlkə gələcəkdə başa düşdülər ki, əsas bizim münasibətlərdir. Amma komanda yoldaşlarımla əlaqəm hələ də var. Onlardan bəziləri sonradan Rusiyaya köçüb gəldilər. İndi də tez-tez zəngləşirik, bir-birimizə nə lazım olsa, kömək edirik.

- Asim Xudiyev xatırlayıb ki, Bakıda Mərkəzi stadionda bir sektoru erməni azarkeşləri doldurub "Neftçi" ilə oyunda "Ararat"a dəstək verirlərmiş.

Hə, bu qapı arxasındakı sektor idi. Stadion ermənilərin çox məskunlaşdığı iki rayonun arasında idi. "Zavaqzalnı" (indiki Təbriz, Əliəşrəf Əlizadə küçələri,"Yaşıl Bazar"ın ətraf məhəllərindən Respublika stadionuna qədər olan ərazi - red) adlanan yerdə Dzerjinski parkı var idi. İkinci rayon isə Ermənikənd (indiki - "Nəsimi" bazarı ətrafı -red) idi. Elə adından da başa düşmək olar ki, orda ermənilər çox yaşayırdı. Mən özüm də Ermənikənddə anadan olmuşdum, "Neftçi"nin bazası da orda idi. "Ararat" Bakıya gələndə erməni azarkeşlər həmin sektora yığışırdılar. Hə, "Ararat"a azarkeşlik edirdilər. Bu azarkeşlik kifayət qədər sivil formada idi, bir-birinə nifrət yox idi. (sportinfo.az)

pia.az


Etiket: Mirzoyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar