Sentyabrın 1-də Azərbaycan Demokrat Partiyası (ADP) özünün növbəti – X qurultayını keçirib. “Hürriyyət”in məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə uyğun olaraq, ölkədə kütləvi toplantıların qadağan olunduğunu nəzərə alıb, ADP-nin X qurultayı fərqli bir formada, yəni virtual olaraq baş tutub.
Qurultayda Təşkilat Komitəsi adından partiya sədri Sərdar Cəlaloğlu hesabat xarakterli, eyni zamanda siyasi məruzə ilə çıxış edib. Qurultayda digər seçkili orqanların da hesabat məruzələri dinlənilib. Qurultay nümayəndələri hər üç məruzəni qənaətbəxş hesab edib. Seçkili orqanlara keçirilən seçkilər zamanı partiya sədri, Ali Məclis üzvlərinin 1/3-i və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri seçilib.
Təşkilat Komitəsinin partiya sədrliyinə namizədi Sərdar Cəlaloğlu olub. Qurultay zamanı Ali Məclis üzvü Rəşid Mənsurov da ADP sədrliyinə öz namizədliyini irəlü sürüb. Səsvermə zamanı Sərdar Cəlaloğlu yekdilliklə yenidən ADP-nin sədri seçilib.
Yekunda Qurultay adından bir sıra sənədlər, o cümlədən bəyanatlar qəbul edilib. Qurultay öz işini həmin gün də başa çatdırıb.
pia.az