Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ Türkiyəyə yaşıl işıq yandırdı və məsuliyyəti Ankaranın üzərinə yüklədi - Ağ Ev Türkiyəni İŞİD-lə təhdid edir?

Vaşinqtondan verilən bəyanat “biz İŞİD-çiləri azad edərik, siz yenə onlarla vuruşarsınız”, anlamına gəlirmi?..

Əhəd Məmmədli: “İŞİD ABŞ-ın nəzarətində olan qruplaşmadır, niyə onları mühakimə etsinlər ki?”.

İlqar Vəlizadə: “Düşünmürəm ki, yaxın müddət ərzində Türkiyə qoşunlarının regiona daxil olmasına görə ABŞ Suriyanı birmənalı olaraq tərk edəcək”.

Rəsmi Vaşinqton Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın telefon danışığından sonra açıqlama yayıb. Ağ Ev bildirib ki, Türkiyə tezliklə Suriyanın şimali-şərqində əməliyyatlara başlayacaq və ABŞ qüvvələri artıq həmin ərazilərdən məsul olmayacaq.

Hərəkat Bazar günü gecə saatlarında ABŞ prezidenti Donald Trump və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında olan telefon danışığı zamanı razılaşdırılıb.

Xəbərə görə, ABŞ nə hərbi əməliyyatlarda iştirak edəcək, nə də Türkiyənin əməliyyatını dəstəkləyəcək. Məlumatada bildirilib ki, Türkiyə artıq bölgədə həbs olunan bütün tanınmamış İslam Dövləti yaraqlıları üçün məsuliyyət daşıyacaq. “Türkiyə tezliklə Suriyanın Şimalında çoxdan planlaşdırdığı hərbi məliyyatlara başlayacaq”, deyə bəyanatda qeyd edilir. Ağ evin bəyənatında o da bildirilib ki, Türkiyə son iki ildə yaxalanan bütün İŞİD yaraqlılarından məsul olacaq:

“Birləşmiş Ştatlar Fransa, Almaniya və digər Avropa ölkələrinə onların ölkələrindən olan həbs olunmuş İŞİD döyüşçülərini qəbul etmələri üçün təzyiq edib, amma onlar bundan imtina ediblər”, deyə Ağ Evin bəyanatında deyilir.

ABŞ rəsmiləri bəyan edib ki, “onlar da bu yaraqlıları saxlaya bilməzlər və bu ABŞ vergi ödəyiciləri üçün böyük xərcdir”.

Ağ Evin bəyanatından sonra Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın da “Twitter”dən açıqlama verib. Mətbuat katibi bildirib ki, Türkiyənin kimsənin torpağında gözü yoxdur və Suriyanın ərazi bütövlüyü çərçivəsində “təhlükəsiz bölgə” yaratmaqda məqsəd sərhədlərinin təhlükəsizliyini, suriyalı qaçqınların öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir.

Ağ Evdən verilən bu bəyanatı necə dəyərləndirmək olar? Bu bəyanat biz İŞİD-çiləri azad edərik, siz yenə onlarla vuruşarsınız anlamına gəlirmi? Həmçinin aradan uzun müddət keçməsinə baxmayaraq İŞİD-çilərin hələ də mühakimə olunmaması hansı anlama gəlir və İŞİD-in mühakiməsi ilə bağlı niyə hər hansı bir prosedur qayda hazırlanmır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə və politoloq İlqar Vəlizadəyə müraciət edib.

 

Əhəd Məmmədli: “Ağ Ev Türkiyəyə bununla deyir ki, qeyri-rəsmi olaraq bütün qüvvələrlə sənə Fərat çayının şərqində müqavimət göstərəcəm”.

Türkiyənin yeganə ölkə olaraq İŞİD-ə qarşı quru əməliyyatı davam etdirdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, artıq Ankara Suriyada növbəti antiterror əməliyyatının düyməsini basıb. PKK-çılar, İŞİD-çilər türk ordusuna əngəl ola bilməyəcəklər:

“Ağ Ev Türkiyəyə bununla deyir ki, qeyri-rəsmi olaraq bütün qüvvələrlə sənə Fərat çayının şərqində müqavimət göstərəcəm. Gözlənildiyi kimi, ABŞ Türkiyə ilə PKK-ya görə üz-üzə gəlmədi. Amma nəzarətində olan bütün qüvvələri, o cümlədən İŞİD-çiləri də NATO-dakı müttəfiqi türk ordusuna qarşı vuruşdurmaq istəyir. Yəni amerikalılar türkiyəlilərə deyirlər ki, həbsxanadakı İŞİD-çiləri sizinlə savaşmaq üçün azad edəcəyik.

Qərb demokratiyasının əsl siması budur, lazım gələndə terrorçularla müttəfiq olmaqdan ayıb etmirlər. Necə ki, ABŞ Türkiyədə terror aktları edən və rəsmən bunu bəyan edən PKK-YPQ-PYD ilə ittifaqdadır. İŞİD ABŞ-ın nəzarətində olan qruplaşmadır, niyə onları mühakimə etsinlər ki? PKK, İŞİD tipli terror təşkilatları ABŞ-a regionda qara işlərini etmək üçün lazım olan hərbi qruplaşmalardır.

Türk ordusu İŞİD-la necə vuruşmağı və onlara qalib gəlməyi yaxşı bilir. Türkiyə yeganə ölkədir ki, İŞİD-ə qarşı quru əməliyyat etdi və onları darmadağın etdi. Artıq Ankara Suriyada növbəti antiterror əməliyyatının düyməsini basıb. PKK-lar, İŞİD-lər yenədə türk ordusuna əngəl ola bilməyəcəklər.”

İlqar Vəlizadə: “İŞİD-la bağlı hansısa, yekun nöqtə qoyulmayıb. Bu da xüsusilə ABŞ-a imkan verir ki, regionda öz hərbi mövcudluğunu saxlasın və əsaslandırsın”.

ABŞ Türkiyənin Suriyada tutacağı mövqeyini öyrənmək niyyətində olduğunu düşünən politoloq İlqar Vəlizadə isə PİA.az-a bildirib ki, ABŞ belə bəyanat verməklə Türkiyənin reaksiyasını öyrənmək istəyir:

“Hadisələr göstərir ki, bu tipli bəyanatları ciddi qəbul etmək və etibar etmək üçün inam çox azdır. Bir neçə ay bundan əvvəl Tramp Administrasiyası elan etmişdi ki, ümumiyyətlə Suriyadan çıxmaq niyyətindədirlər. Amma bu baş vermədi. Həmçinin ABŞ-ın kürdlərə müəyyən yardımlar göstərə bilməsi ilə bağlı da müəyyən bəyanatlar oldu. Sonra isə başqa məlumatlar ortaya çıxdı. Yəni hadisələr onu göstərir ki, bu bəyanatlara inanmaq düzgün olmaz.

Əslində görülən işlərə inanmaq lazımdır. Bu işlər də ondan ibarətdir ki, görüldüyü kimi ABŞ bu regiondan geri çəkilmək istəmir. Suriyada ABŞ hərbiçiləri tərəfindən böyük infrastruktur qurulub və bu infrastruktur hələ də işləıdir. Buna görə də düşünmürəm ki, yaxın müddət ərzində Türkiyə qoşunlarının regiona daxil olmasına görə ABŞ Suriyanı birmənalı olaraq tərk edəcək. Çox güman ki, belə olmayacaq.

İlqar Vəlizadə: “İŞİD-lə müharibə bitəndən sonra ABŞ ictimaiyyətinə izah etmək lazımdır ki, müharibə bitəndən sonra ABŞ qoşunlarının həmin regionlarda nə işi var?”.

Sadəcə olaraq indi ABŞ Türkiyədən müəyyən rəyləri öyrənmək istəyir. Yəni ABŞ Türkiyənin Suriyada tutacaq mövqeyini öyrənmək niyyətindədir. Buna görə də ola bilər ki, belə bəyanat verdilər ki, Türkiyənin reaksiyasını bilsinlər. Bu reaksiya əsasında da öz işlərini görsünlər.

İŞİD-ə kimin qalib gəlməsi ilə bağlı mövqelər, yanaşmalar da fərqlidir. Belə ki, Rusiya hesab edir ki, İŞİD-lə müharibə bitib, amma ABŞ belə hesab etmir. ABŞ bildirir ki, həm Suriyada, həm də İraqda hələ də İŞİD fəaliyyət göstərir. Buna görə də ABŞ Suriya kürdlərinə müxtəlif yardımlar edir.

Bildiyimiz kimi İŞİD-lə bağlı hansısa, yekun nöqtə qoyulmayıb. Bu da xüsusilə ABŞ-a imkan verir ki, regionda öz hərbi mövcudluğunu saxlasın və əsaslandırsın. Əlbəttə İŞİD-la müharibə bitəndən sonra ABŞ ictimaiyyətinə izah etmək lazımdır ki, müharibə bitəndən sonra ABŞ qoşunlarının həmin regionlarda nə işi var? Buna görə də İŞİD-ın məğlub olması haqqında son nöqtə qoyulmayana qədər bu vəziyyət belə də davam edəcək”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar