Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Hindistanı Çinə qarşı təhrik edir - Pekinlə Yeni Dehli arasında qarşıdurma Vaşinqtona nə qədər sərf edir?

ABŞ-ın Dövlət Katibi Pompeo Almaniyadan geri çəkiləcək bəzi qoşunların Hindistan ətrafına göndərilə biləcəyi barədə açıqlama verib. Onun bu həmləsini sülhə doğru bir atılmış addım kimi görmək mümkün deyil...

F. William Engdahl
“New Eastern Outlook” jurnalı 8 iyul 2020-ci il

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo son video konfransda Vaşinqtonun Asiya bölgəsindəki təhlükəsizliklə bağlı olduqca narahat olduğunu qey edərək, Pentaqonun Almaniyadakı bəzi hərbi birlikləri Hindistan ətrafına köçürə biləcəyini vurğulayıb. Hindistan və Çin arasındakı gərginliyin səbəbi Nepal və Butan bölgəsindəki mübahisəli sərhədlərdir və son zamanlar bu münaqişə hər iki tərəfdən əsgərlərin həyatını itirməsi ilə nəticələnib. Bəs bütün bunlardan çıxış edərək, Vaşinqtonun Asiyanın bu iki nəhəng gücü arasındakı müharibəni bilərəkdən tətiklədiyini deyə bilərikmi?

Bunu kal-hazırda iddia eləmək mümkünsüz görünsə də, əslində, dünyamızın “koronavirus iqtisadi böhranı”nın ortasında qalaraq necə zəiflədiyini və geri çəkilən ABŞ-ın yaratdığı boşluğu görməkdəyik.

İyunun 25-də Brüssel Forumunun virtual iclasında çıxış edən Dövlət Katibi Pompeo ABŞ ordusunun Almaniyadan çıxarılması planı barədə sual verilib. Cavabında Pompeo bildirib ki, Amerikanın Avropadakı hərbi birliklərini azaltmasının səbəbi Çinin Hindistanda və Cənubi Asiya ölkələrində yaratdığı təhdiddir. Çinin son dönəmdəki həmlələrinin Hindistan, Vyetnam, Malayziya, İndoneziya və Cənubi Çin dənizi üçün təhlükə yaratdığını vurğulayan Pompeo: “ABŞ ordusunun bu həmlələr qarşısında doğru mövqe tutmasını təmin edəcəyik”, deyib.

“Radcliffe” xətti

Çin, Hindistan və Pakistan arasındakı sərhədlər 1947-ci ildən, yəni ingilis qubernatoru Lord Mauntbatenin İngiltərənin Hindistan imperiyasını müsəlmanların çox olduğu Pakistan və hinduların çox olduğu, sekulyar Hindistan olmaqla 2 yerə bölməsindən bəri ən mürəkkəb və həssas münaqişə bölgəsinə çevrilib.

Qandi və Hindistandakı digər siyasi liderlər bu parçalanmaya qarşı çıxmış, müsəlmanların və ya hinduların yaşadığı əyalətlərin muxtariyyətə sahib olacağı, birləşmiş və federal Hindistan dövləti qurmağı doğru hesab etmişdilər. Lord Mauntbaten isə bunun əvəzinə Pakistanın və Hindistanın gizlincə təyin olunmuş sərhədlərini ictimaiyyətə açıqlamış və Pəncab, həmçinin Benqal əyalətlərini özbaşına Pakistan və Hindistan arasında bölən “Radklif Xətti”nin əsasını qoymuşdu. Bunun nəticəsində də 14 milyon insan qəfildən yaşadığı yeri dəyişdirməyə məcbur qalaraq qaçqın olmuş və bu səbəbdən müsəlmanlarla hindular arasında qanlı qırğınlar baş vermişdi. Eyni zamanda, Lord Mauntbaten İngiltərəyə qayıdarkən Cemmu və Kəşmirin statusları ilə bağlı problemi də həll etməmişdi. Bu durum ingilis Hindistanının 2 hissəsi arasında davamlı olaraq gərginlik və potensial müharibə baş verməsinə gətirib çıxardı. Daha əvvəl heç vaxt Hindistanda olmamış Radklif 1948-ci ildə “xidmətlərinə” görə cəngavər elan edildi.

İndi isə ingilislərin ölkəni bölməsindən bu yana davamlı şəkildə çəkişmə mənbəyi olan, həll edilməmiş Kəşmir bölgəsinə qayıdaq.

Cemmu, Kəşmir və Ladax

1972-ci ildə hər Hindistan və Pakistan Cemmu və Kəşmir ilə Ladaxın nəzarətini Hindistan rəhbərliyinə, Şimal bölgələrini isə Pakistana verən müvəqqəti nəzarət xətti üzərində razılıq əldə ediblər. 1962-ci ildə baş verən Çin-Hindistan müharibəsindən bəri Çin Ladaxın şimal-şərq hissəsindən özü üçün haqq iddia edirdi. Bu bölgə Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsünün əsas tərəfdaşlarından olan Pakistanın və bu layihədən kənarda qalan Hindistanın kəsişdiyi bölgədir. Bundan əlavə, hər üç ölkənin də nüvə gücü var.

2019-cu ilə qədər Ladax ərazisi Cemmu və Kəşmir əyalətlərinə bağlı olan bir bölgə idi. Daha sonra 2019-cu ilin avqustunda Hindistan parlamenti 31 oktyabr 2019-cu il tarixindən etibarən Ladaxı Hindistanın ərazisinə çevirən bir qanun qəbul etdi. Bu addım Pekin tərəfindən müsbət qarşılanmadı. Çünki Ladax Hindistan ordusunun güclü olduğu strateji Kəşmir bölgəsinin bir hissəsi idi.

Çin Hindistanı Ladaxın Qalvan vadisində qanunsuz şəkildə Çin torpaqlarının içinə doğru müdafiə təsisləri yaratmaqda günahlandırıb. Çin Xalq Qurtuluş Ordusu (ÇXQO) buna bölgədəki varlığını gücləndirərək cavab verib. Pekin Hindistanın Ladaxda hava bazası qurmaq istədiyini iddia edib. Çin bunu strateji bir təhlükə olaraq görür, çünki Hindistanla ABŞ arasında müharibə vəziyyətində Pentaqonun buradakı hava limanından istifadə etməsinə icazə verən hərbi razılaşma var. Məhz bu nöqtədə Çin Hindistanın Ladaxdakı planlarına mane olacaq həmlələr etməyə başlayıb.

Hindistanın Baş Naziri Modi ilə Çin prezidenti Şi Tsinpin gərginliyi azaltmaq üçün danışıqlara başlamaq barədə razılıq əldə etsə də, 13 iyunda Ladaxda baş verən hadisələr Hindistan və Çinin çox sayda itki verdiyi ölümcül çatışmalara səbəb olub.

Pompeo bununla bağlı olaraq: “ÇXQO dünyada ən yüksək demokratiyaya sahib olan Hindistanla sərhəddəki gərginliyi artırıb. Qanunsuz şəkildə daha çox ərazi tələb edərək və həyati dəniz yollarını təhdid edərək Cənubi Çin dənizini hərbiləşdirir”, deyə açıqlama verib.

Eyni zamanda, Pekin və Vaşinqton arasındakı gərginlik də artıb və ABŞ-a məxsus 3 təyyarə gəmisi hücum üçün Hindistan-Sakit okean bölgəsinə yerləşdirilib. Bundan əlavə, Vaşinqton Hindistan-Sakit okean bölgəsində daha çox baza qurmaq üçün raketlərini Asiyaya, o cümlədən Hindistana yerləşdirməyi planlaşdırır.

Hindistanlı jurnalistlərin sözlərinə görə, Çin Hindistanın Ladaxdakı Darbuk-Şyok-DBO yol infrastrukturu layihəsini “Bir Kəmər Bir Yol” Təşəbbüsü çərçivəsində Çin-Pakistan İqtisadi Dəhlizini kəsmək üçün bir vasitə kimi görür. Çinin bu layihəni dayandırmaq üçün bir tədbir olaraq Qalvan vadisini ələ keçirməyə çalışdığını iddia edirlər.

Bir xəbərə görə: “Çin Hindistan ordusunun hakim olduğu Karakorum keçidinin cənubundakı son hərbi nöqtəyə asanlıqla çatmasına imkan verən, 255 kilometrlik dolama Darbul-Şyok-DBO (Daulat Beg Oldie) yolunun inşasını dayandırmaq istəyir. Bununla birlikdə, Hindistan bu yay Qalvan çayının Şyok axını ilə kəsişdiyi yerin yaxınlığında inşa ediləcək 60 kilometrlik körpü də daxil olmaqla, yolun tikintisini başa çatdırmaqda çox qərarlıdır”. Elə görünür ki, 1947-ci ildə İngiltərənin Hindistana saxladığı miras “parçalamaq üçün” bu gün də olduqca güclüdür.

Hindistanın “Toyuq Boynu”

Ladaxda Çin və Hindistan arasındakı baş verən qarşıdurmanın külləri hələ də soyumadığı halda, yayılan son xəbərlərə görə, Çin Hindistanın haqq iddia etdiyi mübahisəli Arunçal Pradeş ərazisində önəmli obyektlər inşa etməyə başlayıb. BJP üzvü, hindistanlı millət vəkili Tapir Qaonun sözlərinə görə, ÇXQO-dan olan çinli işçilər əvvəllər Hindistanının işğalı altında olan Arunaçal Pradeşdəki MekMahon Xəttinin Hindistan tərəfinin 12 km dərinliyində beton körpülər, su elektrik stansiyaları və helikopter zolaqları inşa edirlər.

Son illərdə Hindistanın Çini Butan və Nepala təcavüz etməkdə günahlandırması aralarındakı münasibəti daha da gərginləşdirib. Tarixən Çin imperiyası ilə ingilis Hindistanı arasında hinduların çox yaşadığı bir bölgə olan Nepal dövləti Nepal Kommunist Partiyasının (Maoist) rəhbərliyi ilə 10 il davam edən qanlı bir vətəndaş müharibəsi yaşadı. Nepal monarxiyası rəsmi olaraq 2007-ci ildə sona çatdı və 2008-ci ildə sekulyar bir respublika quruldu.

Son illərdə Çin Nepalda bir sıra iqtisadi layihələrə start verib. 2018-ci ildə Pekinə səfəri zamanı Nepal Kommunist Partiyasının (Birləşmiş Marksist-Lenist) üzvü və Nepalın Baş Naziri KP Şarma Oli Tibetdəki Şiqatse ilə Katmandunu birləşdirəcək dəmir yolu xəttinin inşasına dair müqavilə imzalayıb. Oli, həmçinin, Pekinin “Bir Kəmər Bir Yol” təşəbbüsünə də imza atıb. Bu, əvvəllər Çin tərəfindən Hindistanın təsir dairəsində görünən və Çindən yüksək bir dağ bariyeri ilə ayrılan Nepal üçün çox ciddi bir ayrılma demək idi. Elə həmin il Çin Nepalın ticarət sahəsində Hindistandan olan asılılığını bitirmək üçün Nepalın 4 Çin limanından istifadə etməsinə icazə verib. Beləliklə, Baş Nazir KP Şarma Olinin rəhbərliyi ilə ölkənin Pekinlə əlaqələri güclənərkən, Hindistanla əlaqələri pisləşib.

Hindistan və Çin arasındakı bir digər strateji dövlət Butandır. 2017-ci ildə Hindistan və Butan Krallıq Ordusu Çini mübahisəli ərazilərdə Dokham yaylasına doğru yol çəkməkdə günahlandırdılar. Daha sonra isə Hindistan Butanın iddialarını dəstəkləyərək problemə müdaxilə edib və Çindən inşaat işlərinin dayandırılmasını tələb edib. Hindistanlı bir analitikin izah etdiyi kimi: “Vadinin Hindistan, Çin və Butan üçün strateji əhəmiyyəti var. Hindistan vadini şimal-şərqdəki “toyuq boynu” adlanan hissəyə yönəldilmiş bir xəncər kimi görür. Buna görə, Çinin Tibetdə sürətlə inşa etdiyi yol Hindistan üçün hər şeyi çətinləşdirə bilər”.

Yeni Delhidən baxdıqda görünür ki, Çinin Hindistan ətrafında və Tibetdə atdığı addımlar, sanki, 1950-ci ildə Maonun Tibeti Çinin sağ əli, Ladax, Nepal, Sikkim, Butan və Arunaçal Pradeşi də 5 barmağı kimi gördüyünü və bu əraziləri “xilas etmək” üçün Çinin məsuliyyət daşıdığını elan etdiyi günü xatırladır. Tibetin “Beş Barmaq Siyasəti” kimi tanınan bu strategiya heç vaxt yazıya alınmasa da, Hindistandakı strateji dairələrdə xeyli gərginlik yaradır.

Pekin tərəfdən baxdıqda isə Vaşinqtonla münasibətlər pisləşərkən və Hindistanla ABŞ bir-birinə yaxınlaşarkən, Çinin Kəşmirdən Arunaçal Pradeşə qədər etdiyi həmlələr daha çox Çinin öz sərhədlərini və Pakistandakı Bir Kəmər Bir Yol Təşəbbüsü Koridorunu Hindistan təhdidindən qorumaq üçün atdığı ehtiyatlı addımlara bənzəyir. Bu vəziyyətdə ABŞ Dövlət Katibinin bu gün Hindistana verdiyi hərbi dəstəyi sülh yaratmaq məqsədilə atılmış bir addım kimi görmək mümkün deyil. Əksinə həm Çin, həm də Hindistanla yaxşı münasibətləri olan Rusiya sülh yaratmağı təklif edib. Görünür, Hindistan və Çin arasında baş verən böhran hələ uzun müddət davam edəcək.

Tərcümə “Sol Gazete”dən edilib

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar