Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Niyə mənə baxmırsan?“


Seymur Baycan yazır


PİA.AZ reytinqinfo.az-a istinadən Seymur Baycanın yazısını təqdim edir

Doktor arıq, uzun, hövsələsiz, səbirsiz bir adamdı. Xəstələr ondan qorxurlar. Ən azı çəkinirlər. Ona söz demək olmur, tapança kimi açılır. Görünür, hər şeydən, xüsusən adamların cahilliyindən bezib.
 
Çünki ora gələnlərin çoxu savadsız, sənətin, ədəbiyyatın nə olduğunu bilməyən adi davranış qaydalarından uzaq adamlardı. Amma onların hamısını ucdantutma pis adam adlandırmaq olmaz, sadəcə mədəniyyətdən uzaqdırlar. İbtidaidirlər. Onlar hamısı deyirlər ki, doktorun özünə doktor lazımdı, doktorun gərək özünü müalicə edələr. Doktor savada, mədəniyyətə üstünlük verən adamdı.
 
Bir dəfə koridorda bir dava düşdü. Baş həkim bir qoca arvada bərk hirslənmişdi. Arvad suyun soyuq olmasından şikayətlənirdi. Baş həkim də onu başa sala bilmirdi ki, bu su yerin altından çıxır. Onu qızdırmaq olmaz. Qızdıranda suyun kəraməti itir. Çimmək istəyirsənsə, get evində, hamamda çim. Bu su başqa sudu. Özü də o qədər də soyuq deyil. 37 dərəcədi (səhv etmirəmsə, belə dedi). Sonra arvad dedi ki, vannaya girə bilmirəm. Baş həkim də dedi ki, vannanın qırağında pilləkan var. O pilləkənlə düş vannaya. Qərəz, bu arvad baş həkimi babat çərlətdi. Baş həkim dəli oldu. Başladı bağırmağa ki, bağlayacam bu sanatoriyanı. Bu azmış kimi bir nəfər də yaxınlaşdı doktora. Sual verdi - niyə mənə baxmırsan. Baş həkim dedi ki, nahardan sonra baxacam. Adam başa düşmədi. Baş həkim dedi - obed obed obed.. Ağzını açdı, guya barmağıyla ağzına nəsə qoydu və başladı yalandan çeynəməyə. Ağzını marçıldadırdı. Baxdım ki, adamı artıq rəsmən dəli ediblər. Bu zaman mənim həkimim səs-küyə koridora çıxdı. Heç bilmirdi söhbət nədən gedir, nə olub, dava nəyin üstündədi. Gördü ki, baş həkim bərkdən qışqırır. Mən də dayanıb sakitcə bu davaya baxırdım. Xalqımın əvəzinə xəcalət çəkirdim. Belədi vəziyyət, bir dəstə adam əlli milyonun xəcalətini çəkməyə məhkumdu. Özü də hər yerdə. Vətəndə, Rusiyada, Belarusiyada, nə bilim, İranda, Turanda...
 
Həkimim məni göstərib dedi - o savadlı adamdı. Bununla heç də özümü tərifləmirəm. Hərçənd bu söz xoşuma gəlmişdi. Bu söz həm də həkimin savada üstünlük və qiymət verdiyini göstərirdi. Onunla heç dərindən söhbət etməmişdim. Sadəcə, əlimdə bir neçə dəfə kitab görmüşdü. Sanatoriyaya gələn kimi başa düşdüm ki, buranın kollektivi savadsız adamların sayəsində bərk yorulublar və sadəcə, bir az savadlı adam axtarışındadırlar. Ona görə bütün günü sanatoriyada kitabla gəzirdim. Cezare Paveze. İtalyan yazıçısı. Perekrasnoe leto. Ümumiyyətlə, həmişə mərifətli insanlarda savada hörmət görmüşəm. İstər imkanlı olsun, istər imkansız. İstər varlı, istər kasıb. O qədər savadsız, amma mərifətli insan var ki, savadlı adama hörmət edir. Müəllim, sən bilərsən deyib sual verirlər.
 
O adam tərbiyəsizdir ki, pulunun hesabına savadsız adama gülmək, onu pərt vəziyyətə salmaq, heç kim olduğunu göstərmək, onu alçaltmaq, onu təhqir etmək istəyir. Belə adamların birmənalı olaraq tərbiyə və mərifət problemləri var. Oxuduqlarım və gördüklərim bunu deməyə əsas verir. Hətta bir çox imperatorlar, fatehlər (istər şərq dünyasında olsun, istərsə də qərb dünyasında) şairlərə, elm adamlarına, alimlərə, yazıçılara, sənətkarlara qiymət veriblər. Onları bağışlayıblar, mükafatlandırıblar, bəzən qoruyublar, şıltaqlıqlarına dözüblər. Hamısı yox, amma belə nümunələr var. Bu şəxsiyyətlərin tarixdə belə populyar olmalarının bir səbəbi də sənətlə, sənətkarla münasibətdən doğan, ortaya çıxan müxtəlif əhvalatlardı. Hansılar ki, hamıya xoşdur, bir az sənət dünyasından başı çıxanlar həvəslə bu əhvalatları danışırlar.
 
Bir sözlə həkimin özünü müalicə etmək lazımdı sözündə hardasa həqiqət payı var. Onun yerinə kim olsa dəli olar. Onu da qeyd edim ki, bu söhbət Gürcüstanda olub. Həkimlər gürcülərdi. Sanatoriyaya gələnlərin çoxu isə azərbaycanlılar. Çoxu da qadındı. Rus dilini bilmirlər. Bəziləri "ay doktor u menya qolova bolit" deyə bilirlər. Bəziləri isə nəvələrini gətiriblər ki, tərcüməçilik etsinlər. Nəvələr də Rusiyada yaşayır. Tətilə gəliblər. Belə bir qarışıq adamlar, absurd bir məkan. İmperiya çöküb, sanatoriyalar dağılıb. Bir vaxtlar bura Moskvadan, Leninqraddan gəlirmişlər, indi sanatoriya qalıb azərbaycanlıların ümidinə. Bir gündə Moskvadan iyirmi, otuz vaqon adam gəlirmiş. Yerli camaat çox mehribandı, həqiqətən qonaqpərvərdilər. Heç xırdaçı adamlar deyillər. İki dəfə bazara getdim, buna şahid oldum. Rus dilini bilirlər. Xüsusən yaşlılar. Çünki sovet dövründə müxtəlif yerlərdən bura elə hey adamlar müalicəyə, istirahətə gəlirmişlər. Burda yaşayanlar tamam başqa insanlardı. Tamam. Pulgir deyillər. Böyük bir mədəniyyətin çöküşünü öz gözümlə gördüm. Bunu bir dəfə Mərdəkanda da görmüşdüm. Dedilər axşam sanatoriyada konsert olacaq. Bir sintizator gətirdilər. Bir oğlan gəldi, bir qız. Elə bil Hindistanın kasıb məhəlləsindən gəlmişdilər. Baxanda adamın yazığı gəlirdi. İki yetimçə. Baxan kimi bilirdin ki, ömür boyu da belə qalacaqlar, heç bir uğur zad olmayacaq. Qızın xüsusən çox depressiv görünüşü vardı. O qədər depressiv görünüşü vardı ki, ona baxmaq mümkün deyildi. Amma hətta bu ifrat depressiv görünüşlü sanatoriyada dincələn kişilərdən bir neçəsinin ona meyl salmasına mane ola bilmədi. Bu iki yetimçə ancaq ana-ata, bacı-qardaş haqqında segah oxuyurdular. Adamlar gəlib sanatoriyaya istirahətə. Dərdlərini unutmağa. Dincəlməyə. Əsəblərini sakitləşdirməyə. Bu iki yetimçə hamının həyatda etdiyi ən əclaf hərəkətləri onlara xatırlatdı. Hamının qanı qaraldı. Mən qulaq asa bilmədim. Getdim ağaclıqda gəzməyə. Amma nə etməli onların səsi ağaclığa da gəlib çatırdı. Sözlərin hamısını eşitməsəm də söhbətin nədən getdiyini bilirdim. Sonra öyrəndim ki, əvvəllər həmin sanatoriyada orkestr varmış. Adamlar rəqs meydançasında rəqs edirmişlər. Görün hardan hara gəldik. Orkestrdən sintezatora.
 
Gürsütanda olduğum yerdə isə sovet dövründə 22 sanatoriya olub. Adlı-sanlı. Metallurq. Şaxtyor filan... Belə bir mədəni, mehriban mühitdə qonaqlı-qaralı yerdə yaşamış adam sonradan azərbaycanlıların ümidinə qalırsa, niyə də dəli olmasın? İlk müayinədə həkim məndən soruşdu:
 
- Haran ağrıyır?
- Bütün bədənim?
- Sən İsa Məsihsən, bütün bədənin ağrıyır? O İsa Məsih idi, bütün bədəni ağrıyırdı...
- Nə olub?
 
Həkimin bu cür açıq və aydın danışması məni ürəkləndirdi. Onunla açıq danışmağa qərar verdim. Bilmirəm nədənsə ürəkləndim.
 
- Dəli olmuşam.
- Mən də dəli olmuşam.
- Mənim üçün yaşamaq çətindi.
- Elə bilirsən mənim üçün yaşamaq asandı? Mənim üçün də yaşamaq çətindi.
 
Yadıma İncildən bir söz düşdü. “Hər şeyə dad verən duzdur, bəs duzun özü dadsız olarsa nə etməli”. Adamları sağaldan həkimdi, bəs həkim özü dəli olubsa onda nə etməli? Mən düşündüm ki, bu cür ağır danışmaq ya onun bir müalicə üsuludu, metodudu, ya da bu çox səmimi adamdı, açıq söhbət edir. Pozitivlikdən, günəşdən, portaqal şirəsindən, təmiz havadan, gimnastikadan, hobbidən zaddan danışmır. Axırda olan şeyin əvvəldə deyilməsinin tərəfdarıdı. Elimdeki kitaba ishare vurub dedi.
 
- Kitab oxuma , düşünmə.
- Necə oxumayım, bu mənim sənətimdi.
- Özün bil, onda yaşamaq sənə çətin olacaq. Ağıl insanın xoşbəxtliyinə mane olur. Sən bəyəm hansı cəmiyyətdə, kimlərin əhatəsində yaşadığını bilmirsən? Orda ağıla bir qram da ehtiyac yoxdu. Ya onların hərəkətinə dözməlisən, ya da onlara qoşulub, onlardan biri olmalısan.
 
Doktor məni tərki-silah etdi. Halbuki maraqlı söhbətə hazırlaşmışdım. Bir qram da şans tanımadı. Başın pozulması, psixika, psixologiya, şüurun məhv olması, şəxsiyyətin ikiləşməsi filan haqqında söhbət etməyə imkan vermədi. Çoxlu sözlər, terminlər öyrənmişdim. Bütün romantikamı məhv etdi. O dedi ki, bu cəmiyyətdə yaşayan mərifətli insan əzab çəkəcəyini bilməlidi. Başqa cür mümkün deyil. Səviyyəsizlik o qədər artıb ki, artıq mədəni adamlar bir-birlərinə rast gələndə sevinirlər. Sevinirlər ki, İlahi, şükür (xaç çəkir, dəli kimi. Hərçənd bilmirsən, inanır yoxsa inanmır. Hər halda çox ərkyana danışır. Bu cür adamlar da ya dəhşətli dərəcədə pis, təhlükəli, çoxbilmiş, ya da dəhşətli dərəcədə ürəyiaçıq, dürüst adam olurlar. Doktor şəksiz ki, ikincilərdən idi) tək deyiləm, məndən başqası da qalıb. Mədəni adamların adını tezliklə qırmızı kitaba əlavə etmək lazımdı.Tezliklə onlar hamısı qırılıb məhv olacaqlar...
 
Doktor danışdıqca müxtəlif vaxtlarda gördüyüm səhnələr bir-bir gözlərim önündə canlanırdı. O elə bil hadisələrin üzərinə işıq salmışdı. Hər şey ədəbiyyatsız, kinosuz, fəlsəfəsiz zadsız, olduğu kimi, çılpaq göründü gözlərimə. Doktor canlandıqca gözlərim önündə canlanan mənzərələr dəhşətli mənzərələr idi. İnsan insanın tutur evini əlindən alır. Bir-birinin qanını içir. Etini yeyir. Üryi soyumur sümüyünü də gəmirir. Daha çox yağmalamaq üçün aldadır, yalan danışır, risk edir bəzən. Nə üçün? Niyə? Əgər bu dünyadan indiyənə qədər heç kim, heç bir fateh, heç bir sərkərdə, heç bir diktator, tacir, nazir, lap olsun fəhlə, kəndli özüylə heç nə apara bilməyibsə, bütün bu davalar, məşəqqətlər, qanlar nə üçündür? Niyə insan aza qane olmağı, paylaşmağı bacarmır? Bəs bu davada yalan danışmağı bacarmayanlar nə etsinlər? Onlar bəzən bunu istəyirlər, lakin onu da bilirlər ki, yalan danışmaq insana yaraşmaz. İstər dindar olsun, istər ateist, istərsə də millətçi, cavan, qoca, kişi, qadın, savadlı və savadsız, imkanlı və ya imkansız, bilir ki, yalan danışmaq ayıb bir şeydi. Bəs yaxşı, oğurlamaq, rüşvət almaq istəməyən adamlar nə etsinlər? Onlar necə yaşasınlar?
 
Doktor deyirdi- televiziyaya baxmaq olmur. Səviyyəsizlik baş alıb gedir. Adamın ürəyi bulanır. İnsanlar sürətlə debilləşirlər, onlar bütün günü seriala baxır, bütün günü balaca uşaq kimi telefonla oynayırlar . Sən onlardan nə gözləyirsən?
 
Bu vaxt otağa yaşlı bir qadın girir. Elə bil klassik rus romanından çıxıb. Yaxası kurjevalı bir köynək geyinib. Əlində yelpik. Pomadalı, pudralı. Ədalı. Baxırsan ki, xanımın babat bioqrafiyası var. Yaş öz işini görsə də, heç də təbiətə təslim olmaq fikrində deyil. Bu xanım heç bilmirdi söhbət nədən gedir, nə haqda sohbet edirik Elə birbaşa dedi ki, doktor mənim qədim dostumdu. Onunla iyirmi ildən artıqdır dostluq edirik. Düzdür, onunla hərdən dalaşırıq, amma o çox təmiz və yaxşı insandır. Əsas da budur...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar