Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarovun qohumları və iş adamları məhkəmədə ifadə verib


Noyabrın 30-da ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində davam edən proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Məhkəmə prosesinə hakim Həbib Həsənov sədrlik edib. Saat 11:00-a təyin edilmiş iclasda təqsirləndirilən 4 nəfərin vəkillərindən sadəcə biri iştirak edib. Hakim H.Həsənov prosesə vaxtında qatılmayan vəkillər barədə Vəkillər Kollegiyasına məktub göndəriləcəyini qeyd edib. 
Oktyabrın 25-dən aclıq aksiyası keçirən Çovdarov məhkəməyə 3 həkimin nəzarətində gətirilib. Ötən proseslərdə olduğu kimi Çovdarov bu dəfə də oksigen balonu ilə məhkəmə zalında oturub.

Prosesdə zərərçəkmiş qismində tanınmış “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu iştirak edib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, baş verənləri tam olaraq xatırlamadığını deyib. Zərərçəkmiş vəkillərin suallarını da cavablandırmayıb. Onun istintaqa ifadəsi elan olunub.

Zülfüqarov istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

Zərərçəkən deyir ki, MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi) polkovnik-leytenant Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başlayıb. Səbəb olaraq isə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazım olduğunu deyib.

Onun sözlərinə görə, Akif Əliyev ona deyib ki, "uzun illərdir işləyirsiz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız". Zərərçəkmiş ondan 50 min manat tələb edildiyini söyləyir.

Zülfüqarov isə bu pulu ancaq dayısının verə biləcəyini bildirib. Dayısı qərar gəlib ki, 10 min verilsin. Akif Əliyevlə növbəti görüşdə bu məbləğ ona çatdırılıb. 

Məhkəmədə “Met-ak” şirkətinin rəhbəri Alik Kərimov da ifadə verib.

Alik Kərimov Akif Çovdarovdan şikayətçi və ondan heç bir tələbinin olmadığını söyləyib.

A.Kərimov deyib ki, o zaman MTN-də işləyən Natiq Alıyev onun oğlunu oğurlatdırıb: "Oğlumu oğurladılar. Məndən 50 min tələb etdilər. Mən Akif Çovdarovdan bu işə görə kömək istədim. Mənim şikayətim Natiqdən idi. Ancaq istintaqda necə oldusa, belə göstərilib".

Prosesdə qızıl-brilyant satışı ilə məşğul olan Şahmar Qurbanovun epizodu üzrə şahid İlahə Vəliyeva ifadə verib. O, Akif Çovdarovun 500 min dollar, 380 min dollarlıq brilyant aldığı iddia edilən Şahmar Qurbanova borc olaraq 75 min manat verdiyini deyib. Şahid Şahmar Qurbanovun ondan pulu MTN-ə vermək üçün aldığını söyləyib.

Digər şahid Xədicə Hüseynova da Akif Çovdarovun əməllərinin qurbanı olduğunu deyən brilyant alverçisi Şahmar Qurbanovun epizodu üzrə dindirilib. Sonuncu prosesdə Xədicə Hüseynovanın həyat yoldaşı İsgəndər Hüseynov eyni epizod üzrə ifadə vermişdi. İsgəndər Hüseynov Akif Çovdarovun yaxın qohumu olmaqla yanaşı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşıdır.

Xədicə Hüseynova ifadəsi zamanı bildirib ki, həyat yoldaşının brilyant alverçisi, zərərçəkmiş Şahmar Qurbanovdan ev almasından xəbərsizdir: "İsgəndər məndən şəxsiyyət vəsiqəmi aldı, sonra evi adımı keçirdi. Mən Şahmar Qurbanova vəsiqəmi verməmişəm. Olanlardan da xəbərsizəm".

Qeyd edək ki, İsgəndər Hüseynov brilyant alverçisinin əmlakını A.Çovdarovun göstərişi ilə ələ keçirməkdə ittiham olunur. Şahmar Qurbanov deyib ki, İ.Hüseynov ona məxsus evi zorla arvadının adına keçirib. O, iddia edib ki, 380 minlik brilyantı və 500 min dolları da İsgəndər Hüseynovun vasitəsi ilə A.Çovdarova verib. İsgəndər Hüseynov isə ittihamlarla razılaşmır.

Məhkəmədən sonra vəkil Kamandar Nəsibov musavat.com-a deyib ki, fasilə zamanı Akif Çovdarovun səhhəti ağırlaşıb, şəkəri qalxıb: "Akif Çovdarovun şəkəri qalxıb. Artıq A.Çovdarov komaya düşür. Bizim tələbimizlə həkimlər də bunu gördü. Hakim də həkimə deyir ki, şərbət verin, içsin. Bizim etirazlarımıza baxmayaraq, A.Çovdarovu bu vəziyyətdə məhkəməyə gətiriblər".

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar