Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixçi alimdən deputat həmkarına sərt reaksiya


Fəzail İbrahimli: “Elə bilirsiniz dünya bilir ki, İrəvan Azərbaycan şəhəri olub?”


Milli Məclisin yaz sessiyasının ilk iclasında AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov İrəvan şəhəri və ətraf ərazilərin ermənilərə güzəşt edilməsi barədə məsələyə hüquqi qiymət verilməsi təşəbbüsü ilə çıxış edib. 

Tarixçi alimin bu fikri cəmiyyətdə birmənalı qarşılanmayıb, hətta təşəbbüsü yersiz sayanlar da tapılıb. Milli Məclisin deputatı, professor Fəzail İbrahimli ilə bu mövzuda danışdıq.

- Fəzail müəllim, Yaqub Mahmudovun İrəvanla bağlı təklifini siz bir tarixçi olaraq necə dəyərləndirirsiniz? 

- Yaqub Mahmudovun qaldırdığı məsələ kifayət qədər tarixi, elmi, siyasi və məntiqi mahiyyət daşıyır. Bu məsələyə belə yanaşmaq olmaz ki, biz vaxtilə Milli Şuranın İrəvanın verilməsi barədə qərarını qəbul etməklə Ermənistanı işğal etmək istəyirik. Bu, sadəlövh yanaşmadır. Hələ biz ermənilərin işğal etdiyi torpaqları geri ala bilmiriksə, Ermənistana gedib çıxmaq da qeyri-mümkündür. İkincisi də, bu məsələ Qarabağ məsələsinin həllinə mane ola bilər fikri də yanlış yanaşmadır. Çünki sən, bu istəyi irəli sürüb-sürməməyindən asılı olmayaraq, vəziyyət dəyişmir. Yəni birdən bu məsələni qaldırarıq, ermənilərin xətrinə dəyər, bu da sadəlövh yanaşmadır. İrəvanla bağlı məsələ sadəcə olaraq dünya ictimaiyyətinə bir mesaj vermək məqsədi daşıyır. Bugünkü Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Eyni zamanda bugünkü Azərbaycan parlamenti o vaxtkı parlamentli respublikanın ənənələrini bərpa və davam etdirir. 

Xalq Cümhuriyyəti dünyaya nümunə olan parlament üsulu ilə idarə olunub. Bu gün də Azərbaycan demokratik dövlət kimi özünün daxili və xarici siyasətini müstəqil həyata keçirə bilir. Demək, söhbət ondan getmir ki, bizim hansısa ölkənin torpağına, paytaxtına yürüş etmək məqsədimiz var. Yaxud elə bu qərar qəbul olunan kimi, qüvvələr səfərbər olunacaq, hərbi qərar veriləcək və biz İrəvanı geri qaytaracağıq. Burada söhbət ondan gedir ki, vaxtikən Milli Şura qərar qəbul edib. Həmin qərarda maddələr var idi ki, erməni tərəfi bir də torpaq məsələsinə qayıtmayacaq, heç bir ərazi iddiasında olmayacaq. Keçən dövr ərzində - istər imperiya dövründə, istər müstəqillik dövründə erməni tərəfinin Milli Şuranın qərarına qarşı etimadsız münasibəti və bugünkü işğalçı mövqeyi bizə tarixi məsələlərə yenidən qayıtmaq üçün əsas verir. Beləliklə, Milli Şuranın qəbul etdiyi həmin qərarın sadəcə olaraq ləğvi məsələsi irəli sürülə və 29 may tarixli qərar ləğv oluna bilər.
 
-  Bu qərarın qəbulu bizə nə verəcək? Bunun hüquqi qüvvəsi olacaqmı?

- Hüquqi qüvvəsi nə mənada olacaq? Həmin qərarın ləğvinin özü elə bir hüquqi qüvvədir. Bir əsrdən, yarım əsrdən sonra hansısa bir erməni tarixçisi Milli Şuranın qərarını götürüb irəli sürəndə bizim insanlar da onun ləğvi barədə qərarı ortaya qoyacaqlar. Qars, Ərdəhan müqavilələri kimlə bağlamışdı? Qars, Moskva müqavilələri necə olur bu gün qüvvədədir, Türkiyə tərəfi bu müqavilələrə əsasən daim erməni tərəfinin qarşısında sipər kimi dayanıb. Səbəbi odur ki, həmin o qərarlar qüvvədədir.  İrəvanla bağlı qərar da gələcəkdə tarixçilərin əlində sənəd ola bilər. Bunun ikinci müsbət cəhəti də ondan ibarət ola bilər ki, Milli Məclisin qərarı bütün dünyaya mesaj verə bilər. 

“Mən bilmirəm Araz Əlizadə hansı arxivlərdə işləyib, hansı tədqiqatlar aparıb”


- Belə çıxır ki, indiyədək biz həqiqətlərimizi dünyaya yetərincə çatdıra bilməmişik...

- Elə bilirsiniz dünya bilir ki, İrəvan Azərbaycan şəhəri olub? Dünya bundan xəbərsizdir. İki il bundan qabaq ölkə prezidenti Avropa Şurasında çıxış edən zaman dedi ki, burada 47 ölkənin nümayəndəsi var. Digər ölkələrin nümayəndələri bilməsə də, İrəvandan olan deputatlar çox yaxşı bilir ki, İrəvan Azərbaycan şəhəri olub. Onlar Azərbaycan torpaqlarında bir dəfə erməni dövlətinin yaradılmasına nail olublar. Amma torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt razı olmayacağıq. Azərbaycan prezidenti avropalılara onların dilində bu sözləri dedi. Ancaq sanki onlar yenə də axıra qədər anlamadılar ki, İrəvan Azərbaycan torpağı olub. Amma bu, dünyaya bir mesaj oldu. İndi Milli Məclisin qərarı da dünyaya növbəti mesaj olar ki, ermənilər Azərbaycan torpağında dövlət yaradıb. Yəni bunun siyasi əhəmiyyəti də var. Bu mənada belə bir qərarın qəbul edilməsi işin xeyrinədir. Deyir islanmışın yağışdan nə qorxusu? Biz kimdən, hansı dövlətdən, nədən çəkinməliyik ki, birdən belə bir qərar qəbul edərik, bizə təhlükə yaranar. Milli Məclisin stenoqramı qaldırılsa, mən bu məsələni bu formada 2003-cü ildə qaldırdmışam. Sadəcə olaraq o dövr tamam başqa idi, Azərbaycanın iqtisadi durumu da başqa idi, həm də Ermənistan müəyyən məsələlərə dünyanı inandıra bilmişdi.  

- Amma siz də müşahidə edirsiniz ki, təşəbbüs birmənalı qarşılanmayıb, hətta həmkarlarınız arasında da sərt reaksiya verən, tənqid edənlər var...

- Bu gün məsələnin qaldırılmasına müxtəlif yanaşmalar ola bilər, hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma mən məsələnin siyasi, hüquqi və məntiqi tərəfinə söykənərək belə bir fikri təsdiqləyirəm ki, belə bir qərarın qəbulu kifayət qədər böyük sensasiya doğurar.

- Yeri gəlmişkən, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası əksini tapıb. Milli Məclisin bu qərarı həm də Ermənistanın bu iddiasına cavab olmazmı? 

- Bəli, tamamilə doğrudur. Ona görə də bundan çəkinmək lazım deyil. 

- Zaman-zaman İrəvanın və ətraf ərazilərin ermənilərə verilməsinə görə Xalq Cümhutiyyəti günahlandırılır. Tarixi faktlar bu barədə nə deyir?

- O dövrdə vəziyyət tamamilə başqa idi. Burada sadəcə, zamanı qınamaq olar. Cümhuriyyət liderlərini əfəllikdə, satqınlıqda qınamaq olmaz. Bu, zamanın diktəsi idi, özləri də onu “bəlalı qərar” adlandırırdılar. Özü də o zaman AXC üzvlərindən 3 nəfər qərarın əleyhinə olub.  Dediyiniz kimi, Cümhuriyyəti bəzən qınağa çəkməyə başlayırlar ki, guya Cümhuriyyət liderləri İrəvanı Ermənistana verib. O vaxt müstəqillik qazanmaq üçün nəyisə qurban vermək lazım idi. Məsələn, insanın ayaq barmağı qanqrena olanda gedir həkimin yanına, həkim buna deyir ki, sənin barmağın, ya da topuqdan aşağı kəsilməlidir ki, yaşayasan. Əks təqdirdə bu mikroblar bədəninə keçəcək, öləcəksən. İnsan öz bədəninin hansısa nahiyyəsinin kəsilməsinə razılıq verir, qol çəkir ki, təki yaşasın. Cümhuriyyət liderləri həmin dövrdə çətin vəziyyətdə idilər. Özü də Azərbaycan dövləti Tiflisdə elan olunub. O vaxt vəziyyət necə idi? Mart soyqırımından sonra ölkə viran qalmışdı, bütün regionlarda erməni vahiməsi var idi. Bakıda da Şaumyan mart soyqırımından az sonra, aprel ayının 25-də Bakı Xalq Komissarlığı Sovetini yaratdı və hakimiyyəti götürdü. Moskvadan da kifayət qədər müdafiə olunurdu. 4 minə qədər erməni əsgəri var idi. Elə həmin qüvvələrlə o, Nuru Paşanın üzərinə yeridi.  

- Deputat həmkarınız Araz Əlizadənin Nuru Paşa, Osmanlı imperiyası barədə dedikləri ilə yəqin ki, tanışsınız. Deyib ki, Nuru Paşa Gəncədə oturub qızıl tələb edirdi və sair... 

- Tarixdən xəbəri olmayıb belə danışan adamlara mən xüsusi önəm vermək istəmirəm. Bunu hər hansı bir tarixçi desə, mən deyərdim ki, yəqin o dövrü zəif bilir. İndi hər yoldan ötən elə bir söz deyirsə, o demək deyil ki, onun ətəyindən yapışmaq lazımdır. Elə danışanlar ancaq tarixi bilməyənlərdir. Tarixi bilən ömründə belə sözlər deməz. 

- Ümumiyyətlə, tarixi mənbələrdə Hacı Zeynalabdin və Nuru Paşa arasında qızıl söhbətinin olması barədə faktlar varmı? 

- Nuru Paşa bura gələndə Azərbaycan vahimə içərisində idi, soyqırıma məruz qalmışdı, ermənilər Bakıda hökmranlıq edirdi. Hacı Zeynalabdin də bu dövlətin kişilərindən, böyüklərindən biri idi. Milləti xilas edən bir xilaskara Hacı Zeynalabdin Tağıyevin hansı mənfi münasibəti ola bilərdi? Təbii ki, o hökumətə, Azərbaycan Xalq Cümhuriyyətinə Hacı Zeynalabdin kifayət qədər maddi və mənəvi cəhətdən kömək etmişdi. Burada söhbət Nuru Paşaya rüşvət verməkdən getmirdi. Nuru Paşa da Azərbaycana varlanmağa gəlməmişdi. Bu, Türkiyənin Qafqaz siyasətinin tərkib hissəsi idi. Tutaq ki, bu, hansısa bir xristian dövlətinin Qafqaz siyasəti olsaydı, Azərbaycan heç vaxt ondan yarıya bilməzdi. Amma Türkiyənin Qafqaz siyasətinin içərisində müstəqil Azərbaycan var idi. Osmanlı Türkiyəsi Dərbəndin də daxil olduğu güclü bir Azərbaycan, bir türk, müsəlman dövləti yaratmaq istəyirdi. Xristianlar isə istəyirdilər ki, Türkiyə ilə Rusiya arasında bir xristian dövləti yaratsınlar. Azərbaycan Xalq Cümhuriyyəti yarandı, amma çox təəssüf ki, paralel olaraq Avropa dövlətləri həmin o xristian dövlətini də yaratdılar və iki türk dövləti arasında bir sipər çəkdilər. İrəvan da o istəkdən yarandı. İndi ayrı-ayrı şəxsləri qınayanlar tarixi bilməyənlərdir. 

Bunlar kifayət qədər ciddi və əhəmiyyət daşıyan məsələlərdir. Belə məsələlərdə danışan zaman çox böyük məsuliyyət hiss etmək lazımdır. Mən Yaqub  Mahmudovun bu fikrini dəstəkləyirəm. Milli Məclis bu məsələ ilə bağlı hər hansı bir qərar qəbul etsə, heç bir qınağa məruz qala bilmərik. Əslində Milli Şuranın İrəvanın verilməsi haqqında qərarını bütün dünyaya bəyan edib deyə bilərik ki, bax, bu, bizim torpaq, bizim şəhər olub.

- Vaxtaşırı belə fikirlər də səslənir ki, bəzi ərazilər Ermənistana 99 illik, icarə şərtləri ilə verilib. Bu fikrin əsası varmı?

“Nuru Paşa Azərbaycana varlanmağa gəlməmişdi”


- Şərtlərdən biri kimi irəli sürülə bilərdi. Amma o vaxt bu, əsas və həlledici amil deyildi. Dövlət yaranırsa, paytaxt verilirsə, hansı icarədən söhbət gedə bilərdi? Bu, mənasız bir məqamdır. Bunu gündəmə gətirmək lüzumsuzdur.

- Ermənilərin təkcə Qarabağa deyil, Naxçıvana da iddiaları var. Görünür onlar daha uyğun tarixi şəraitin yaranmasını, Türkiyənin başının özünə qarışmasını gözləyirlər. Bu fikirlərlə razılaşırsınızmı?

- Ermənistan öz ixtiyarında olan dövlət deyil, siyasi və iqtisadi cəhətdən özəlləşdirilib, böyük dövlətlərdən birinin təsiri altındadır. O, heç vaxt öz istəyi ilə bir addım ata bilməz. Çünki onun buna nə iqtisadi qüdrəti, nə hərbi gücü, nə də haqqı var. Ataların misalı var, “Arxalı köpək qurd basar”. Günlərin bir günü erməni istəsə də, dünya artıq həmin dünya deyil. Nə də Ermənistanın arxasında durduğu dövlət heç vaxt Türkiyə ilə üz-üzə gəlmək istəyində olmaz. 

- Deputat Araz Əlizadə erməni məsələsinə görə Osmanlını günahlandırıb. Amma çox qəribədir ki, bu barədə danışarkən Rusiya amilinə toxunmayıb. 

- Birincisi, mən bilmirəm Araz Əlizadə hansı arxivlərdə işləyib, hansı tədqiqatlar aparıb və gəldiyi nəticələr belədir? Mən bilmirəm, bəlkə əlində onun əlində faktlar var, hansısa arxivlərdə işləyib, tədqiqatlar aparıb. İnsan danışmaq üçün ən azı hansısa bir tarixi məqama söykənməlidir. Rusiya amili dedikdə Valentin Pikulun “Favorit” əsəri var. Orada maraqlı məsələni qələmə alır. Deyir ki, İkinci Yekatrina dövründə onun ən yaxın adamlarından biri Qraf Patyomkin idi, onlar dostluq edirdilər. Qraf Patyomkinlə İkinci Çaritsa Yekatrinanın söhbətini qələmə alır. Qraf Çaritsaya deyir ki, işbacaran ermənilər paytaxt gözaltı edib. Soruşur haranı? Deyir İrəvan şəhərini. Onda da Ermənistan yox idi. Çaritsa soruşur ki, necə yəni paytaxt? Ölkə olmadığı halda, paytaxt necə ola bilər? Qraf cavab verir ki, bu gün yoxdur, sabah olacaq. Təsəvvür edin, bu söhbət 18-ci ərin ortalarında baş verib. Bir əsrdən sonra Yekatrina ilə Qraf Patyomkinin danışıqları reallaşdı, ermənilər gözaltı etdikləri paytaxta sahib oldular. Beləliklə, babalarının İrəvanla bağlı qurduğu planları nəvələri bir əsr sonra icra edə bildi.  

- Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması yalnız Çar Rusiyanın planı idi, yoxsa burada digər güclər də maraqlı idi? Məsələn, ingilislər? 

- Burada xristian dünyasının Türkiyə ilə Azərbaycan arasında əlaqəni qırmaq və vaxtilə Avrasiya qitəsində mövcud olan türk xəttini sındırmaq niyyəti var idi. O xətt bir neçə dəfə sınıb. Məsələn, Orenburq Qazaxıstandan ayrıldı, Sibir türkləri assimlyasiyaya uğradıldı. Həştərxanda türklər assimlyasiyaya uğradıqdan sonra orada çavuşlar və digərləri türk dünyasından təcrid olundu. İrəvan alındı, Türkiyə ilə Azərbaycan arasında rabitə kəsildi. Bu azmış kimi, Zəngəzurdan keçid var idi, Türkiyə və Azərbaycan arasında quru yol idi, Zəngəzur ermənilərə verildi, o yol kəsildi, türk xətti ordan sındı. Beləliklə, bu, Sibirdən başlayaraq Orta Asiyaya qədər bütöv bir türk xəttinin sındırılması uğrunda gedən mübarizə idi. İrəvan da, Zəngəzur da bax, həmin planın tərkib hissəsi idi. Çox təəssüf ki, bu gün tarixdən danışanların bir qrupu tarixdən xəbəri olmayanlardır. Üstəgəl, söz məsuliyyəti, ictimai qınaq yoxdur, kimin ağzına nə gəlir, danışır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar