Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb"


Ətrafımızda ciddi proseslər gedir. Bir yandan Qərb cinahımızda böyük xalq kütləsinin iştirakı ilə hakimiyyət dəyişikliyi baş verir, digər yandan isə Gürcüstanda Saakaşvili tərəfdarları aktivləşir


Şimal və Cənub cinahımız da gərgin günlər yaşayır. ABŞ-Rusiya-İran münasibətləri ən qalmaqallı dövrə qədəm qoyur. Eyni mədəniyyət dairəsinə aid olduğumuz Yaxın Şərq də tikan üstündədir. Regionumuzda baş verənlər istər-istəməz hər kəsdə “görəsən, bundan sonra nələr olacaq?” nigaranlığına yol açır. 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də Ovqat.com-a müsahibəsində əsasən bu məsələlər ətrafında danışıb. Qüdrət Həsənquliyevin həmin müsahibəsini pia.az oxucularına təqdim edirik:

Qüdrət bəy, Ermənistanda geniş xalq kütləsinin iştirakı ilə hakimiyyət dəyişikliyi baş verdi. Bu zamana qədər müxalif siyasətçi kimliyi ilə tanınan Nikol Paşinyan artıq baş nazir təyin olunub. Bir çox ekspertlər və siyasilər bu hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə də təsir edəcəyini düşünürlər. Paşinyan hakimiyyətindən Siz nə gözləyirsiniz?

– Vaxtilə Rusiyada boyarlar Mişa Romanovu çar seçəndə düşünürdülər ki, o, ağıldankəm və uşaqdır. Axmaq Mişanı rahatlıqla idarə edə bilərlər. Baxmayaraq ki, sonradan hər kəsin axmaq kimi gördüyü həmin Mişanın sülaləsi Rusiyanı 300 ildən artıq idarə etdi. Rusiya indi də eyni məntiqlə Nikol Paşinyanı hakimiyyət gətirdi. Düşündülər ki, Paşinyan həm ağılsızdır, həm emosionaldır, həm də kifayət qədər təcrübəyə sahib deyil. Beləcə, Ermənistanda getdikcə artan Qərbə meylliliyi Paşinyanın təcrübəsizliyi nəticəsində ortadan qaldıra biləcəklərinə inanırlar.

Digər tərəfdən, Sarkisyan da həm uğursuz iqtisadi siyasəti və regionçu mövqeyi ilə xalq arasında, həm də Avropaya meylli siyasətilə Rusiya qarşısında etimadını itirmişdi. Bilirsiniz ki, 2009-cu ildə Türkiyə ilə Sürix protokollarını imzalayan Sarkisyan daha sonra Avropa İttifaqı ilə assosiativ saziş bağlamağa cəhd göstərmiş, bu da Rusiya tərəfindən birmənalı qarşılanmamışdı. Həmin təşəbbüsdən sonra Putin onu Kremlə çağırıb hədələmiş və Ermənistan bu sazişdən imtina etmişdi. Buna baxmayaraq, Rusiya görürdü ki, Ermənistan cəmiyyətində Qərbə meyllilik artır və bu işdə erməni diasporu aktiv rol oynayır.

Mənim qənaətimə görə, Paşinyanın hakimiyyətə gətirilməsi iki məqsədə qulluq edir: birincisi, qorxaq addımlarla belə olsa, Qərbə meylli siyasətə yönəlməyə çalışan Sarkisyanın cəzalandırılması, ikincisi, Paşinyanın timsalında Qərbpərəstlərin hakimiyyətə gətirilməsi və təcrübəsizlikləri nəticəsində nüfuzdan salınması. Əks halda, Rusiya istəsəydi, Paşinyanın qarşısını rahatlıqla alardı. Məlum olduğu kimi, Paşinyanın çağırışıyla mitinqə ilk öncə bir neçə min adam çıxmışdı və Rusiyanın xeyir-duasını alsaydı, Sarkisyan bu aksiyanı polis gücüylə asanlıqla dağıda bilərdi.

– Bəli, necə ki, 10 il əvvəl bunu etmişdilər. 

– Elədir, həmin vaxt hətta insan itkisi də yaşanmışdı. Səhv etmirəmsə, 10 nəfər adam güllələmişdilər. 2008-ci ildən fərqli olaraq, indi heç adam öldürməyə də ehtiyac yox idi. Polis dəyənək gücünə bir neçə minlik etirazçını meydandan qova bilərdi. Amma Rusiya Sarkisyana bu imkanı vermədi. Rusiyanın bu mövqeyindən cəsarətlənən Ermənistan xalqı Paşinyanı ciddi şəkildə dəstəklədi və bu, gözlənilən idi. Çünki xalq həmişə güclü olanın, yaxşı gələcək vəd edənin arxasınca gedir.

Hesab edirəm ki, Paşinyan hakimiyyəti maksimum  bir il çəkəcək. Bir il ərzində Rusiya hansısa formada onun hakimiyyətini iflasa uğradacaq. İstərdim ki, biz Rusiya ilə bu istiqamətdə danışıqlar aparaq və Paşinyanın iflasını bizim vasitəmizlə həyata keçirilməsinə nail olaq.

– Yəni, demək istəyirsiniz ki, Paşinyan Ermənistanın Yusif Sərracıdır?

– Mən hesab edirəm ki, o, qurbanlıq qoyundur və yaxın vaxtlarda öz məntiqi aqibətini yaşayacaq. Necə ki, vaxtilə Moskva Mütəllibovu təyyarə ilə Bakıdan çıxartdı və Xalq Cəbhəsini hakimiyyətə gətirməyə şərait yaratdı, bir ildən sonra isə bütün demokratik qüvvələri iflasa uğratdı. Xalq hələ də bu şokdan xilas ola bilməyib və demokratik çağırışları ciddi qəbul etmir. Məncə, eyni ssenari indi Ermənistanda həyata keçirilir. Bu dəfə Ermənistandakı qərbpərəst qüvvələri məhv edəcəklər. Moskva ən azı bunu planlaşdırıb. Ona görə də istərdim ki, 1993-cü ildə Azərbaycanın başına gələnlərlə bu dəfə bizim qələbəmiz nəticəsində Ermənistan üzləşsin. Xatırlayırsınızsa, o vaxt əvvəlcə Kəlbəcər işğal edildi, sonra qiyam təşkil olundu. AXC hökumətinin nüfuzu xalq arasında Kəlbəcərin işğalından sonra ciddi zərbə aldı və hakimiyyətdən getdi. İndi də yaxşı olardı ki, biz torpaqlarımızı işğaldan azad edək və növbəti qiyamla Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın. Bunun üçün isə Azərbaycan hakimiyyəti Rusiya ilə intensiv danışıqlar aparmalı və hər iki tərəfin marağına uyğun ortaq məxrəcə gəlinməlidir. Əks halda, Ermənistanda vətəndaş müharibəsi baş versə, insanlar bir-birini qırsa belə, Rusiyanın razılığı alınmasa, Azərbaycanın Qarabağı işğaldan azad etməsi xeyli dərəcədə riskli və çətin olacaq. Belə olacağı təqdirdə isə biz Rusiya ilə üz-üzə gələ bilərik.

Siz Rusiyanın Ermənistana qarşı bizimlə razılaşacağını mümkün hesab edirsiniz?

– Firkimcə, Rusiyanın müəyyən maraqlarını nəzərə alsaq, bizimlə razılığa gələr. Adi bir misal deyim: Gəncə qiyamından sonra biz Müstəqil Dövlətlər Birliyinə də getdik, 1994-99-ci illərdə 5 il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü olduq. Azərbaycanın o vaxt başqa yolu yox idi. Bu addımlar ona görə atılırdı ki, Rusiya Azərbaycanda sabitliyin yaranmasına maneçilik törətməsin. Azərbaycan o zaman Rusiya ilə müəyyən razılığa getdikdən sonra Surət Hüseynov tutulub Bakıya təhvil verildi, ölkədə siyasi müxalifətin fəaliyyətinə faktiki son qoyuldu, sabitlik bərqərar olundu, neft kontraktları imzalandı. Hakimiyyət bu addımı atmasaydı, Rusiya Azərbaycanın normal inkişaf yoluna qədəm qoymasına imkan verməyəcəkdi.

Biz indi də Rusiyanın maraqlarını nəzərə alsaq, Qarabağ probleminin həllində bəzi maneələri aşa bilərik. Rusiya ilə yenə də vasitəçi kimi danışacağıqsa, mümkündür ki, Moskva Paşinyanı devirmək üçün başqa alternativ variantlar üzərində düşünsün, Paşinyan hakimiyyəti bizim iştirakımız olmadan dəyişdirilsin, nəticədə status-kvo qorunub saxlanılsın. Ona görə də düşünürəm ki, son 30 ildə ilk dəfədir bizim Qarabağı almağımız üçün belə əlverişli şərait yaranıb.

İllər keçdikcə, bizim bu problemi həll etmək şansımız da azalır. Biz bundan sonra bir 30 il də danışıqlar aparacağıqsa, 60 il müstəqil dövlət kimi yaşayan qurumu (bunu istərsən “qondarma respublika”, istərsən, tanınmamış dövlət adlandır) yenidən Azərbaycanın tərkibinə qayıtmasını dünya birliyi qəbul etməyəcək. Necə ki, biz indi İrəvanı, Zəngəzuru nostalgiya hissiylə xatırlayırıq, münaqişənin həlli uzanarsa, Qarabağ barədə də keçmiş tariximiz kimi danışacağıq.

– Bu yaxınlarda Aleksandr Duqin Avrasiya İttifaqı haqqında görüşlərini yenidən gündəmə gətirdi. Açığını desəm, onun bəzi fikirləri sizin düşüncələrinizlə üst-üstə düşür. O, belə bir təkliflə çıxış etdi ki, Avrasiya İttifaqının sərhədləri genişlənməli, ittifaqa Türkiyə və İran da qoşulmalıdır. Duqinin fikrincə, həm Rusiya, həm Türkiyə, həm də İranın eyni ittifaqda birləşməsi üçün zəruri şərait yaranıb. Hər 3 ölkə ABŞ tərəfindən təzyiqlərə, şantajlara, sanksiyalara məruz qalır. ABŞ-ın hədəfı onları parçalamaqdır. Aleksandr Duqin ortaq təhlükəsizlik maraqlarını birləşdirməyi və Qərb imperializminə qarşı birgə mübarizəni təklif edirdi. Nəzərə alsaq ki, Duqin həm də Kremlə yaxın şəxs kimi tanınır, bu fikirləri Rusiyanın yeni staregiyası olaraq da qəbul etmək mümkündür. Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ problemində siz dediyiniz perspektivi – Moskvanın İrəvandan vaz keçməsi ehtimalını yarada bilərmi?

– Dediyiniz kimi, bu ideya xeyli əvvəl mənim tərəfimdən də səsləndirilib. Mən də söyləmişdim ki, Türk-Slavyan Respublikaları Birliyi yaradıla bilər. Nəzəri baxımdan mümkün kimi görünən bu ideyanın bəlkə də gələcəkdə reallaşdırılmaq potensialı daha güclüdür, hazırda isə isə bunu qeyri-real hesab edirəm.

Bununla belə, indiki zamanda gələcəyi proqnozlaşdırmaq çətindir. Hər an hər şey dəyişilə bilir. Bilirik ki, hazırda Türkiyə ilə üzvü olduğu NATO və Aİ-nin arasında çox ciddi problemlər yaranıb. Türkiyə əgər NATO-dan çıxarsa və Avropa İttifaqından uzaqlaşarsa, onun Avrasiya İqtisadi Birliyinə daxil olması barədə danışmağa dəyər. Hələlik isə, NATO -nun üzvü olan bir dövlətin alternativ və əks qütbdə dayanan ittifaqa üzvlüyündən danşmaq yersizdir.

Amma Türkiyənin atdığı bəzi addımlar siz dediyiniz ehtimalı da tam istisna etməyə imkan vermir. Bilirsiniz ki, Türkiyə Rusiyadan S-400 raketləri almaq istəyir və bu da NATO müttəfiqləri tərəfindən birmənalı qarşılanmır. NATO-nun bəzi üzvləri və Alyansın Baş katibi desələr də ki, bu, Türkiyənin hüququdur, ABŞAvropa Birliyinin siyasətini müəyyənləşdirən əsas dövlətlər bundan narazı qaldıqlarını gizlətmirlər.

Amma hazırda perspektivi şübhə doğuran, qeyri-real görünən ehtimallarla hərəkət etmək, nələrəsə ümid bəsləmək zamanı deyil. Hələlik real olan budur ki, Azərbaycan Rusiya ilə müəyyən anlaşmalara gedərək, Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola və yaranmış münbit şəraitdən faydalanaraq, Qarabağ məsələsini həll edə bilər. Əlbəttə, bizim Qarabağ problemimiz olmasaydı, mən də bir çoxları kimi istəməzdim ki, ölkəmiz bu qurumlara qoşulsun. Amma tərəzinin bir gözünə Qarabağı qoyub, o biri gözünə digər alternativləri qoyanda hesab edirəm ki, biz Qarabağ naminə bu addımları atmalıyıq. Azərbaycan Qarabağ məsələsinin həllində bizə nə qədər yaxın olub-olmamasına baxmayaraq, heç bir dövlətə güvənməməlidir. Yəqin, siz də gördünüz; Paşinyan bəyanat verdi ki, Ermənistan Türkiyə ilə heç bir şərt qoymadan və heç bir şərti də qəbul etmədən diplomatik əlaqələr qura, sərhədləri aça bilər. Türkiyənin baş naziri isə ona cavabında Dağlıq Qarabağ məsələsini tamamilə unutdu və bildirdi ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilərsə, biz bu təklifəri müzakirə etməyə hazırıq. Bu onu göstərir ki, dövlətlərin öz maraqları var və hər bir dövlət bu maraqlar çərçivəsində hərəkət edir. Azərbaycan da məsələlərə öz maraqları çərçivəsindən yanaşıb, Rusiya ilə danışıqlar aparmalıdır.

– Bayaq dediniz ki, Paşinyan Rusiyanın layihəsidir. Amma Ermənistanda həmin hadisələr baş verən ərəfədə Gürcüstanda da hərəkətlənmələr oldu. Saakaşvili öz tərəfdarlarını növbəti prezident seçkilərinə hazır olmağa və mübarizə aparmağa çağırdı. Səhv etmirəmsə, Gürcüstanda seçkilər noyabrda başlayacaq. Deməli, bu ilin payızında digər qonşumuzda da Rusiyadan qopma prosesinə start veriləcək. Sizcə, eyni geopolitik məkana aid olan iki dövlətdə eyni anda hərəkətlənmənin başlanması təsadüfidirmi? Hər iki proses bir-birinin tərkib hissəsinə oxşamırmı və eyni mərkəzdən idarə olunmurmu?

– Xeyr, mən demirəm ki, Paşinyanı Rusiya hakimiyyətə gətirdi.  Mən deyirəm ki, Paşinyanın hakimiyyətə gəlməsinə və ya gətirilməsinə Rusiya “yaşıl işıq” yandırdı. Məqsəd isə Ermənistanda böyük vüsətlə yayılan Qərbə meyllənmək siyasətini öz nəzarəti altına almaq və Paşinyanın təcrübəsizliyindən istifadə edərək gözlədiyi təhlükəni ortadan qaldırmaqdır.

Rusiya  görürdü ki, Ermənistanda Qərbyönümlü mövqe güclənir. Hətta Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agenti Sarkisyan da artıq yavaş-yavaş Qərbə meyllənir. Rusiya da erməni Qərbyönümlüləri iflasa uğratmaq üçün Paşinyana “yaşıl işıq” yandırdı. Bununla həm də Sarkisyanı cəzalandırdı.

Rusiyanın Sarkisyanı cəzalandırmaq niyyəti yeni ortaya çıxmayıb. 2016-cı ilin aprel ayının ilk günlərində Azərbaycanın Qarabağda ermənilərə əks zərbə endirməsinə Rusiya məhz bu səbəbdən üç gün səs çıxartmadı. Bilirsiniz ki, Sarkisyan hərbi səhra komandiri olub. Hərbi səhra komandirinin imicini, adətən, döyüş meydanında sındırırlar. Ona görə də məlum aprel hadisələrində Azərbaycana uğurlu hərbi əməliyyatlar keçirmək imkanı verildi. Sarkisyanın devrilməsində bu qalib imicinin  sındırılması da mühüm rol oynadı.

ABŞ və digər Qərb ölkələrinin Paşinyanın hakimiyyətə gətirilməsində ciddi şəkildə iştirak etdikləri heç kimə sirr deyil. Vaxtilə Ukraynada baş verən Maydan hərəkatının təşkilatçılarının böyük qismi son hadisələr zamanı Ermənistanda idi. Rusiya da bunu görür və bir müddətdən sonra nüfuzdan salacağı qurbanının qarşısındakı maneələri aradan qaldırırdı. Bəlkə də Paşinyanı dəstəkləyən Qərb belə, onun bu tezliklə qələbə qazanacağını gözləmirdi. Bir sözlə, Qərb də, Rusiya da öz oyununu oynayırdı.

Gürcüstandakı proseslərə gəlincə, onu demək istərdim ki, Qərb Saakaşvilini yenidən hakimiyyətə gətirərsə, Ermənistanın Avropaya çıxışı yaranacaq, özü də iki istiqamətdə. İstiqamətlərdən biri, yəqin ki, Türkiyə olacaq. Zənnimcə, bir müddətdən sonra Qərb Ermənistanla sərhədləri açması üçün Türkiyəyə təzyiqlərə başlayacaq. Gürcüstanda da hakimiyyət dəyişikliyinə nail olunarsa, Ermənistan üçün ikinci “nəfəslik” bu istiqamətdə açılacaq. Qərbin fikrincə, yalnız bu yolla Ermənistanı Rusiyanın asılılığından qurtarmaq mümkündür. Bu mənada Qərbin Saakaşvilini yenidən Gürcüstanda hakimiyyətə gətirmək niyyətini istisna etmək mümkün deyil.

Gürcüstanda hakimiyyət dəyişikliyinin sosial əsasları da mövcuddur. Gürcülər arasında İvanişviliylə bağlı ümid qırıqlığı yaşanır və növbəti seçkilərdə bu amil həlledici rol oynaya bilər.

Saakaşvili hakimiyyətə gəlsə, Qərbin Ermənistanla bağlı tələblərini yerinə yetirəcək. Nəticədə ermənilərin vəziyyəti daha da yüngülləşəcək. Baxmayaraq ki, Saakaşvilinin Azərbaycanla və Prezident İlham Əliyevlə yaxın münasibətləri var, amma o, Qərb qarşısında boynuna götürdüyü missiyasını yerinə yetirməyə məcbur olacaq.

– Qüdrət bəy, yəqin, razılaşarsınız ki, Qərb dövlətləri Cənubi Qafqaz ölkələrini ayrı-ayrı dövlətlər kimi yox, vahid geopolitik məkan olaraq qəbul edirlər. Həmin vahid regionun 3 ölkəsindən ikisində Avropaya meylli hərəkətlənmə başlayıb. Azərbaycan isə Rusiyaya yaxınlaşır. Rusiya isə zəifləyən tərəfidir. Bu fərqli oriyentasiya bizim dövlətin gələcəyi üçün nə vəd edir? 

– Əvvəla, Qərb Azərbaycanda hərəkətləri proqnozlaşdırıla bilinməyən hakimiyyətin formalaşmasını arzulamır və buna imkan verməyəcək. Məhz bu səbəbdən iqtidarı nə qədər tənqid etsə də, ən kritik məqamda onu ciddi şəkildə dəstəkləyir.

İkincisi, Qərbin bu regionda ən böyük arzusu o idi ki, Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsində əsas rolu Rusiya oynasın. Beləcə, Azərbaycanla Rusiya əbədi düşmən olsun. Rusiya isə böyük təcrübəsi olan bir dövlət kimi, bu niyyəti başa düşür və status-kvonu  qorumağa çalışır.

Qərb də eyni səbəbdən Azərbaycanı çox sıxmaq istəmir, gedib Rusiyaya daha çox yaxınlamasından ehtiyatlanır. Amma qərblilərin qəlbi ermənilərlə bir yerdədir. İstəyirlər ki, Qarabağ ermənilərə verilsin. Bunun səbəbi isə xristian təəssübkeşliyindən və islamfobiyadan qaynaqlanır. Odur ki, həm hakimiyyəti qorumaq strategiyasını sürdürür, həm də Azərbaycanı insan haqlarını pozmaqda, seçkiləri saxtalaşdırmaqda günahlandırır. Bir sözlə, Azərbaycanı gözüqırpıq vəziyyətdə saxlamağa çalışır. Ona görə də Gürcüstan və Ermənistanla müqayisədə bizə yanaşma tamamilə fərqlidir.

– Amma bizə və qonşularımıza bu təzadlı və ikili standartlardan yanaşma nəticəsində, Azərbaycan qeyri-demokratik, Ermənistan və Gürcüstan isə demokratik dövlət imicini möhkəmləndirir. Bu isə istər-istəməz diplomatik danışıqlar zamanı ölkəmizin əleyhinə işləyir, gücümüzü zəiflədir. Sözsüz ki, bu, Qarabağ probleminin ədalətli həllinə də öz mənfi təsirini göstərir…

(ardı var)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar