Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poroşenko və Kolomoyski Azərbaycan neftinə görə silaha əl atır


Ukraynada Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin iştirakı ilə “Ukrtransnafta” şirkəti ətrafında başlayan müharibə qızışır


Prezident Pyotr Poroşenko martın 20-də gecə avtomatla silahlanmış şəxslərin müşaiyəti ilə “Ukrtransnafta” şirkətinin ofisinə basqın etməsinə və “Azadlıq” radiosunun müxbirini söyməsinə görə ona töhmət elan edib.

Buna cavab olaraq Kolomoyski ona mıxsus olan “Privatbank”da Poroşenkonun 50 milyon dollarlıq hesabını dondurub. Bankda hesabların dondurulmasını “texniki problemlə” izah etsələr də heç kim şübhə etmir ki, Kolomoyski Ukrayna prezidentinin töhmətinə və “Ukrtransnafta”nı onun əlindən almaq cəhdlərinə cavab verir.

Xatırladaq ki, Ukraynanın magistral neft kəmərləri operatoru olan “Ukrtransnafta” dövlət müəssəsi hesab olunsa da ona faktiki olaraq Kolomoyski nəzarət edirdi. Şirkətin rəhbəri Aleksandr Lazarko martın 19-da şirkətin müşahidə şurasının qərarı ilə işdən azad edilib. Onun yerinə müvəqqəti olaraq Yuri Miroşnik təyin edilib. Miroşnik şirkətə avtomatlıların müşaiyəti ilə gəlib, Lazarkonun mühafizəçiləri isə onu şirkətə buraxmaq istəməyib. Daha sonra Kolomoyski avtomatlıların müşaiyəti ilə şirkətin ofisinə gəlib. Oliqarx bildirib ki, şirkəti reyder üsulu ilə ələ keçirmək istəyirlər və bu cəhdin arxasında prezident administrasiyası dayanır.

KİV-lər isə xəbər verir ki, Lazarkonun vəzifədən uzaqlaşdırılmasının təşəbbüskarı Ukraynanın Energetika Nazirliyidir. Onu texnoloji neftin saxlanılması xərclərini şişirtməkdə ittiham edirlər. Lazarko isə bu ittihamları qəbul etmir.



Bu arada “Bloomberg” agentliyi yazır ki, Ukraynada baş verənlər oliqarxların müharibəsidir və bu müharibənin nəticələri ölkə üçün pis olacaq. Ötən ilin yanvarında Kiyevdə yüzlərlə adamın həyatı bahasına başa gələn inqilabın əsas məqsədlərindən biri milyarderlərin hakimiyyətinə son qoymaq idi. Lakin belə görünür ki, oliqarxların bir çoxu hələ də hakimiyyətdə qalırlar. Və indi onlar yenidən köhnə vərdişlərinə əl atıblar.

Belə ki, şokalad maqnatı Pyotr Poroşenko prezident seçilməmişdən əvvəl 1.3 milyard dollarlıq kapitala malik İqor Kolomoyski doğma Dnepropetrovsk vilayətində qubernator idi. Bir çox ukraynanlılar üçün Kolomoyski postinqilab dövrünün qəhrəmanlarından biridir.

Rusiya Donbasda separatizmi alovlandıranda Kolomoyski Dneprepetrovsk vilayətini Ukraynanın tərkibində saxlamaq üçün sərvətini səxavətlə xərcləməyə başladı. O, Ukraynanın könüllülərdən ibarət batalyonlarının əsas sponsorlarından idi. Hətta oliqarxın bankının zirehli maşınları da hərbi ehtiyaclar üçün ayrılmışdı.

Kolomoyskinin səyləri sayəsində separatizm Dneprepetrovska yayılmadı. Digər oliqarx, sənayeçi milyarder Sergey Taruta Donetsk vilayətinin qubernatoru təyin edilsə də məğlub oldu. Həm də ona görə ki, Kolomoyski kimi səxavətli deyildi və nəticədə Donetskin böyük hissəsi rusiyameylli yaraqlıların nəzarətinə keçdi.

Lakin Kolomoyski də pullarını boş yerə xərcləməmişdi. O, öz vəziyyətindən istifadə edərək əsas rəqibi Rinat Axmetovu sıxışdırmağa çalışdı və belə görünür ki, “vətən qarşısında xidmətlərinə görə” öz biznes-imperiyasını kefi istədiyi kimi genişləndirmək səlahiyyətinə malik olduğuna inanırdı. Kolomoyski faktiki olaraq bir neçə dövlət müəssisəsini də nəzarət altına almışdı, hələ Yanukoviçin hakimiyyəti dövründə bu müəssisələrin rəhbərliyinə öz adamlarını yerləşdirmişdi. Belə müəssisələrdən biri də “Ukrtransnafta”dır.

Şirkətə 2009-cu ildən Kolomoyskinin adamı Lazarko rəhbərlik edir. Onun şirkətə rəhbər təyin edilməsi sayəsində “Ukrtransnafta”nın əsas nəql gücü Kolomoyskinin neftayırma zavodunun ixtiyarına verildi.

Bunun sayəsində Kolomoyski Azərbaycandan xam neft alaraq onu “Ukrtransnafta”nın kəmərləri ilə öz zavoduna ötürürdü. Rusiyanın “LUKoil” şirkətinin isə “Ukrtransnafta”nın kəmərlərindən istifadəsinə əngəl yaradıldı, şirkət şikayətlənirdi ki, Ukrayna tərəfi onlara alternativ nəql imkanları axtarmağı məsləhət görür. Nəticədə Vahid Ələkbərov Ukraynadakı neftayırma zavodunu bağlamalı oldu.

Kolomoyskinin adamı “Ukrtransnafta”ya rəhbər qoyulandan sonra birinci il-2009-cu ildə Azərbaycan Ukraynaya 560 min ton xam neft satıb. Sonrakı illərdə Ukraynaya nəql edilən neftin həcmi artıb və 2012-cü ildə bu həcm 1 milyon ton xam neft təşkil edirdi.

Lakin həmin ildən Azərbaycan Ukraynaya xam neft nəqlini dayandırmalı olub. Çünki Gömrük İttifaqının yaradılmasından sonra Rusiya nefti Belarusa daha aşağı qiymətə tədarük edilib və Azərbaycan nefti rəqabətə davam gətirməyib. Ötən ilin payızında isə tərəflər neft nəqlinin yenidən bərpa edilməsinə dair danışıqlar başlayıb. Tərəflər Azərbaycan neftinin Ukraynaya nəqlinin gələn ildən yenidən başlamasına dair ilkin razılıq əldə ediblər.

Ukraynalı müşahidəçilərə görə hakimiyyət Kolomoyskinin biznes-imperiyasını genişləndirmək səylərindən və Donbassdakı xidmətlərindən istifadə edib külli-ixtiyar sahibinə çevrilməsindən narahatdır. Poroşenko prezident olsa da oliqarx olaraq qalır. O, vəd etdiyinin əksinə olaraq biznesini hələ də satmayıb. Doğrudur, Poroşenkonun neft biznesinə şəxsi maraqları yoxdur, ancaq Kolomoyskinin nüfuzu və müstəqilliyi onun hakimiyyətinə ciddi təhdid yaradır.

Və təsadüfi deyil ki, Kolomoyskinin silahlıları “Uktransnafta”nın ofisini ələ keçirəndə energetika naziri Vladimir Demçişin onu binadan çıxarmaq üçün milis çağırmadı. Məlumatlara görə Kolomoyski onu hədələyib ki, lazım olsa Kiyevə 2 min könüllü döyüşçü çağıra bilər və şirkətinin əlindən alınmasına imkan verməyəcək.

Martın 20-də parlament hökumətə Kolomoyskinin nəzarətində olan müəssisələr üzərində nəzarəti geri qaytarmaq səlahiyyəti verən qanun qəbul etsə də hələlik Poroşenko onunla ehtiyatlı davaranır və töhmətlə kifayətlənib. Və töhmətə cavab olaraq Kolomoyski Poroşenkonun bank hesablarını bağlayıb.

İndi Ukraynada gözləyirlər ki, Poroşenko belə vəziyyətdə necə hərəkət edəcək: cızığından çıxmış oliqarxı yerində oturda biləcək, yoxsa geri çəkiləcək?(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar