İrəvan teatrının regionlarda həyata keçirdiyi qastrol səfərinin birinci mərhələsi başa çatıb
Mədəniyyət və Turizm Nazirliyi ilə bölgələrdə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində reallaşan Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası dekabrın 8-də Lənkəran şəhərində təqdim olunub. Tamaşa anşlaqla keçib.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, dekabr ayının 4-dən start götürən və beş gün davam edən qastrol səfərinin birinci mərhələsi bu gün başa çatıb. Növbəti mərhələ isə dekabr ayının 19-dan başlanacaq.
Yaradıcı kollektivin böyük zəhməti sayəsində İmişli, Sabirabad, Samux, Goranboy, Balakən, Laçın, Bərdə və Lənkəran rayonlarında beş gün anşlaqla keçən tamaşa teatrsevərlərin yaddaşında silinməz iz buraxıb.
Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Niyaməddin Səfərəliyev ifa ediblər.
pia.az