Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrana deportasiya ediləcək azərbaycanlının aqibəti


Noyabrın 25-də Müsavat başqanının hazırda həbsdə olan müavini Yadigar Sadıqovun Meydan.tv-də dərc olunmuş "Məhbəs yoldaşımın hekayəti" yazısında Azərbaycandan siyasi sığınacaq almağa gəlmiş İran vətəndaşı, milliyətcə azərbaycanlı Mahmud Əzizulla oğlu Naci adlı şəxsin başına gələn müdhiş olaylardan bəhs olunur

 
Yadigar Sadıqov yazısında qeyd edir ki, Mahmud Azərbaycana siyasi sığınacaq almaq məqsədi ilə gəlibmiş, amma ölkəyə qeyri-leqal keçdiyi üçün həbs olunub: 

"Dediklərinin nə qədər həqiqi olduğunu araşdırmaq imkanım yoxdur. Mən sadəcə ictimaiyyətin diqqətini bu əhvalata yönəltmək, edam astanasında olduğunu iddia edən şəxsi bu müdhiş aqibətdən xilas etmək istəyirəm. Mahmud Əzizulla oğlu Naci 1982-ci ildə İran İslam Respublikasının Ərdəbil ostanında anadan olub, milliyyətcə azərbaycanlıdır. Zəncan universitetində təhsil alıb. Lakin əmək fəaliyyəti jurnalistikadan ibarət olub. “Keyhan”, “İran”, “Həmşəhri”, “Asiman” qəzetlərində yazıları çap olunub. İslahatlar tərəfdarı, İran azərbaycanlılarının hüquqlarının carçısı kimi tanınıb. 

Mahmud Naci edam və qisas (“gözə göz” prinsipi ilə edam) hallarının əleyhdarı olub, bu yöndə fəaliyyət göstərən və əsasən edam olunanların ailə üzvlərinin birləşdiyi təşkilatla sıx əməkdaşlıq edib. 2008-ci ilin prezident seçkiləri zamanı müxalif namizəd Mirhüseyn Musəvinin fəal tərəfdarı kimi etirazlarda iştirak edib, məqalələr yazıb. Buna görə də iğtişaşlara təhrik, milli təhlükəsizliyə hədə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhbəs həyatının 3 ilini Tehranın məşhur Evin, qalanını isə Kərəc şəhərinin Gohərdaş həbsxanalarında keçirib. Zindanda da edam cəzası ilə mübarizəsini davam etdirib. Xüsusən Gohərdaşda həyata keçirilən edamların şəklini çəkərək əməkdaşlıq etdiyi təşkilata ötürə bilib. 2014-cü ilin Novruz bayramında siyasi məhbuslara və yüngül cinayət törətmiş məhbuslara verilən 15 günlük məzuniyyət zamanı edam şəkillərini onun çəkdiyinin aydınlaşması, bu səbəbdən də haqqında “dövlət sirrini yayma” ittihamı ilə yeni cinayət işinin açıldığından xəbər tutub. Bu maddə isə edama qədər cəza nəzərdə tutur. Mahmud Naci qeyri-leqal yolla İranı tərk etmək qərarına gəlir. Aprelin 2-də Cəlilabad rayonunun ərazisinə daxil olur və burada saat 9:40-da sərhədçilər tərəfindən saxlanılır. Beləcə, Mahmud Naci ölüm təhlükəsindən qurtulur".

Məqalə müəllifinin sözlərinə görə, hadisələrin sonrakı inkişafı heç də onun ümid etdiyi istiqamətdə getməyib: 

"Nə istintaq, nə də məhkəmə zamanı onun siyasi sığınacaq istəməsi nəzərə alınmır. Sərhədçilərin onu polisə təhvil verməsindən sonra heç bir başqa təşkilatın nümayəndəsi Mahmudla görüşmür, istəyinin nə qədər səmimi olduğunu araşdırmır. Cəlilabad rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli hökmü ilə Mahmud Əzizulla oğlu Naci 1 il müddətinə azadlıqdan məhrum edilir. Hakim Əliəjdər Ələkbərovun çıxardığı hökmdə oxuyuruq: “İş materiallarında olan 13 may 2014-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Naci Mahmud Əzizulla oğlu İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən təqib olunduğu üçün dövlət sərhədini qanunsuz yolla keçdiyini bildirsə də, onun bu ifadəsi cinayət işinin materialları ilə təsdiq olunmur, bu halın mövcud olması belə dövlət sərhədini qanunsuz keçməsinə əsas vermir...”

Y.Sadıqovun yazısında vurğulanır ki, Azərbaycan məhkəməsinin hökmü ilə siyasi sığınacaq almağa gələn soydaşımız 1 il azadlıqdan məhrum edilmiş, həmçinin elə məhkəmə hökmünə əsasən də İrana deportasiya ediləcək. İranda isə onu “dövlət sirrini yaymaq” və "vətənə xəyanət" maddəsi ilə edam hökmü gözləyir: 

"Hakim CM-nin 318-ci maddəsinin “Qeyd” hissəsini özbaşına ləğv edib. Digər tərəfdən, onun fikrincə, xüsusi xidmət orqanları tərəfindən təqib olunan şəxs dövlət sərhədini nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçməlidir. Bu zaman həqiqətən təqib olunması haqqında “ETEAlAT”dan arayış da təqdim etsə, lap yaxşı olar. Hakimin iddiasına rəğmən, cinayət işinin materiallarında Mahmudun dediklərinə kölgə salacaq. Şübhələrə əsas verəcək heç bir fakt yoxdur. Adam sərhədi günün işıqlı vaxtında keçib, düz sərhədçilərə tərəf gedib, saxlanılarkən gizlənməyə, qaçmağa cəhd göstərməyib. Məhkəmə prosesində şahid kimi dindirilən sərhədçilər də bu faktları təsdiq edirlər. Razılaşın ki, sərhədi başqa məqsədlərlə keçmək istəyən şəxs belə davranmazdı. Digər tərəfdən, Mahmud Nacinin sığınacaq istəyinin nə qədər səmimi olması barədə bu sahədə heç bir təcrübəsi olmayan polis müstəntiqi qərar verə bilməzdi. Yalnız miqrasiya sahəsində fəaliyyət göstərən təşkilatların gəldiyi nəticə mənkəmə hökmü üçün əsas ola bilərdi. Ümumiyyətlə, bu işlə bağlı çox qəribə mənzərə yaranır. Şəxs sərhədi keçərək sığınacaq istəyir, lakin bu istəyi tamamilə inkar edilir, onunla adi sərhəd pozucusu kimi davranılır, əlaqədar təşkilatlardan kimsə onunla görüşmür. Məhkəmə hökmünə görə Mahmud Naci ona təyin olunmuş cəzanı çəkdikdən sonra məcburi surətdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalıdır. Qərarda bilavasitə yazılmasa da, təcrübədə əcnəbi vətəndaşlar cəza müddəti bitdikdən sonra öz ölkələrinə deportasiya edilirlər. Beləliklə, 5 aydan sonra edama qədər cəza nəzərdə tutan “dövlət sirrini yaymaq”da ittiham olunan , üstəlik İranda “vətənə xəyanət” kimi səciyyələndirilən digər ölkədən siyasi sığınacaq istəyində bulunmuş Mahmud Naci öz ölkəsinə deportasiya ediləcək".

Yadigar Sadıqov qeyd edir ki, ölüm hökmü ilə üz-üzə qalan Naci Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət etdiyini deyir: 

"Məqalənin qəhrəmanı hələ istintaq altında olarkən Azərbaycan Respublikasının prezidentinə müraciət etdiyini, lakin cavab almadığını söyləyir. Məktubunun prezidentə çatmadığını düşünür. Mənim təkilifimə rəğmən, beynəlxalq humanitar təşkilatlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç komitəsinə müraciət etmək istəmir. “Mən Azərbaycan Respublikasındakı prosesləri bacardıqca izləməyə çalışmışam. İlham Əliyevin ilk dəfə prezident seçilərkən dünyadakı bütün azərbaycanlıların prezidenti olması haqqında dediklərini xatırlayıram. Avropaya, Amerikaya getmək istəmirəm. Öz vətənimdən, öz prezidentimdən sığınacaq istəyirəm. İnanıram ki, o mənim səsimi eşidəcək və edama göndərməyəcək”, - deyir Mahmud Naci.

"Əlavə edək ki, sivil ölkələr, hətta cinayətkara belə, ölkəsində edam cəzası gözləyirsə, geriyə deportasiya etmirlər. Azərbaycandan sığınacaq istəmiş şəxsi edama göndərməyimiz ölkəmiz adına rəzalət olar. Buna yol verməmək üçün ictimaiyyət, xüsusən də Mahmud Nacinin jurnalist həmkarları məsələni diqqətdə saxlamalı, onun harayının dövlət rəhbərliyinə getməsinə çalışmalıdırlar", - deyə Sadıqov vurğulayır. 

Bu arada mövzu ilə bağlı Arqument.Az-a da yeni məlumat daxil olub. Mövzunu yenidən gündəmə gətirməyimizin əsl səbəbi də budur. Məlumatda bildirilir ki, məhkəmə hökmünə əsasən İrana 4 aydan sonra deportasiya edilməsi gözlənilən Mahmud Naci vaxtından əvvəl, yəni dekabrın sonunda qonşu ölkəyə təhvil verilə bilər. Onun İrana deportasiya ediləndən sonra edam olunması isə qaçılmazdır. Bunun qarşısını almaq üçün təbii ki, ciddi tədbirlər görülməli, məsələ araşdırılmalı və soydaşımızın gələcək taleyi ilə bağlı hüquqi addımlar atılmalıdır. Çünki Naci özü də ümid edir ki, Prezident İlham Əliyev cənabları və aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlayacaq, ona - İrandan Azərbaycana sığınacaq almağa gələn soydaşımıza yardım əlini uzadacaqlar. 

Mövzunu diqqətdə saxlayacağıq.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar