Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İllərin döydüyü qadın


Rüzgar MÖVSÜM yazır


(hekayə)

Küləkli aprel səhərində səma ağlayırdı. Qəfil yağan yağış küçələri isladıb, asfaltı parıldadırdı. Yaşlı bir qadın aldığı bıçaq zərbələrindən sonra yerə yıxılmışdı, ömrünün son dəqiqələrini yaşayırdı. Gözləri səmaya zillənmişdi. Baxışlarında məyusluq və qəribə sakitlik vardı. Sanki həyatın ağrı-acısından, illərin yükündən yorulmuşdu və indi sona hazır idi. Sanki sonunu çoxdan gözləyirdi. Yarasından axan qan yağışın suyuna qarışıb, yaxınlıqdakı çuxurda köpüklənirdi. O, həyatla ölüm arasındakı gözəgörünməz dəhlizdə özüylə təkbətək qalmışdı.

Tərslikdən ətrafdan ona kömək edə biləcək heç kim keçmirdi. Yaşlı qadının can verdiyini səmadan başqa heç kəs görmürdü. Heç kəs bilmirdi ki, illərin yorğun və tənha qadını səhər təqaüd almaq üçün evdən çıxmışdı. Bankomatdan pul çıxararkən cavan bir oğlan ona hücum çəkib bıçaqlamışdı. Qarın boşluğundan iki bıçaq zərbəsi alan qadın “ay bala” deyərək yerə yıxılmışdı. Oğlan isə onun təqaüd kartından çıxardığı son 50 manatı götürüb aradan çıxmışdı.

Səma ağlayırdı, qadının gözlərində isə həyatının son göz yaşları görünürdü. O, həyatında sonuncu dəfə ağlayırdı. Qadın sanki yağışla baş-başa verib ürəyinin buludlarına yığdığı göz yaşlarını yağışla bərabər bayıra axıdırdı. Nəfəsi xırıldayırdı, baxışları getdikcə soyuyurdu. Gözləri sanki şüşələşirdi. Yaş asfalt belini islatmışdı. Səmadan başqa heç kəs bədbəxt qadının taleyini bilmirdi. Heç kəs bu qadının içində gizlətdiyi kədərdən, illərlə içinə axıtdığı göz yaşlarından xəbərdar deyildi. Qadın isə yavaş-yavaş ölürdü.

Bircə səma hər şeyi bilirdi. Səma bədbəxt qadını yaxşı tanıyırdı. Onun acı taleyindən xəbərdar idi. Bilirdi ki, əri müharibədə öldükdən sonra yarıac, yarıtox oğul böyüdən ana ixtisasına görə iş axtaranda min bir oğraşlıqla üzləşmişdi. Bilirdi ki, qadının yaşadığı cəmiyyət tənha qalan cavan, gözəl qadınları sevmir və onları nəyin bahasına olursa olsun gec-tez məhv etmək üçün səfərbərdir. Cəmiyyət gözəl, tənha qadınlara gözəlliklərini bağışlamır. Səma bilirdi ki, illərlə iki işdə işləyərək övladının xoş gələcəyini arzulayan, onu oxutmaq istəyən ana sonradan onu illərlə yorğan-döşəyə salacaq xəstəlik tapmışdı. Əvvəl xəstəliyə əhəmiyyət vermədən restoranda qabyuyan işinə birtəhər davam etmişdi, sonra isə halsızlıqdan işləməyə bir neçə illik son qoymuşdu. Yazıq qadın əlacsız qalmışdı və belə vəziyyətdə onun balaca oğlu fəhləlik, hamballıq edərək işləməyə məcbur idi. Beləliklə ana-bala bir gün ac, bir gün tox yaşamışdılar.

Səma soyuq qış gecələrinin birində 15 yaşlı oğul fəhləlikdən evə qayıdanda rastına çıxıb, ona iş təklif edən alçağı da görmüşdü. Kişi evə bir neçə günlük yemək almaq ümidi ilə onun qulluğunda hazır olan oğlana pul müqabilində evinin pəncərəsindən girib içəridən qapını açmağı tapşırmışdı. Guya kişi evinin açarlarını itirmişdi. Əslində isə ev kişinin deyildi. Oğlan pəncərədən içəri keçəndə qonşulardan kimsə təsadüfən görmüşdü və polis çağırmışdı. Polis gələnə kimi kişi qaça bilmişdi. Zavallı oğlan isə tutulmuşdu. Hesab etmişdilər ki, gənc evə oğurluq məqsədilə girib, oğlan isə bunun əksini isbat edə bilməmişdi. Yaxşı əzişdirildikdən sonra boynuna almışdı ki, evə oğurluq etmək üçün daxil olmaq istəyirmiş. Tapşırığı verən alçaq isə aradan birdəfəlik çıxmışdı.

Səma yaxşı xatırlayırdı ki, anaya bu xəbəri çatdıranda o buna inanmayaraq fəryad qoparmışdı. Amma bu fəryadın heç bir əhəmiyyəti olmamışdı və günahsız oğlanı həbs etmişdilər. Ev sahibi çox nüfuzlu şəxs olduğundan cinayət işində oğlan üçün yüngülləşdirici hal kimi qəbul edilə biləcək bütün məqamlarla razılaşmayaraq yuxarılara zəng vurub işi şişirtmişdi. Oğlanın ciddi cəzalandırmasını tapşırmışdı. Odur ki, uşaq koloniyasından sonra oğlanı hələ həbsxana da gözləyirdi. Beləliklə, xəstə, biçarə ana indi üstəlik oğlundan da məhrum olmuşdu.

Bu hadisədən sonra daha da pisləşən ana aclıq içində, oğul həsrətiylə gecə-gündüz nə edəcəyini düşünürdü. Əvvəl intihar etmək istəsə də, sonradan bircə balasına görə yaşamağa söz vermişdi və gücünü toplayaraq ayağa durmuşdu. Artıq ayaqları tuturdu və əvvəlki tək olmasa da, artıq yavaş-yavaş yeriyə bilirdi. Gündüzlər kafedə aşbazlıq edər, axşamlar isə evlərinin yanındakı restoranda qab yuyardı. Görünüşü o qədər dəyişmiş və pisləşmişdi ki, artıq ona heç kəs sulanmırdı, heç kəs oğraş təkliflərlə yaxınlaşmırdı. Bir gün əmək haqqını toplayıb övladına baş çəkmək istəmişdi. O zaman oğlu artıq böyümüşdü və onu həbsxanaya keçirmişdilər. Sabah yola düşəcəkdi ki, ona oğlunun qaçdığı xəbərini verdilər və ananın səfəri baş tutmadı. Ana düşündü ki, övladı bir yol tapıb özü barədə ona mütləq xəbər verəcək. İl-ilə calandı, amma oğuldan xəbər-ətər olmadı. Oğlu sanki həbsxanadan deyil, anasının həyatından birdəfəlik qaçmışdı. Bundan sonra qadının başına gələn bütün müsibətləri də səma yaxşı bilirdi.

İllər ötür və qadın işləməyə güc tapmırdı, səhhəti də getdikcə pisləşirdi. Bu zaman böyük və müqəddəs təsadüf nəticəsində tələbə yoldaşına, gənclik rəfiqəsinə rast gəlmişdi. Həyatda bəxti gətirmiş rəfiqəsi vəzifəli adamla ailə qurmuşdu və həyatın bütün naz-nemətləri içində yaşayırdı. Qadının acı hekayəsini dinləyən rəfiqəsi onun bu halından çox məyus olmuşdu. Odur ki, ona özünə onsuz da lazım olmayan təqaüd kartını vermişdi. Qadın əvvəlcə bunu qəbul etmək istəmirdi. Ancaq rəfiqəsinin çoxsaylı təkidlərindən sonra kartı götürməli olmuşdu. Axı, başqa yolu da yox idi. Acından ölə bilərdi. Bu təqaüd kartı onun son şansı idi.

Küləkli aprel səhəri idi. Səma qədim Allahlardan fərqli olaraq, bədbəxt insanların acı taleyinə ağlayırdı. Yağış bərkimişdi. Bankomatın yaxınlığında polis və təcili tibbi yardım avtomobiləri vardı. Xeyli adam da toplaşmışdı. Müxtəlif adamların “Yazıq arvad”, “Ujas”, “Orada arvadı bıçaqlayıblar!” nidaları, “Əşşi, yəqin bomj olar” replikaları ətrafa yayılırdı. Qadın sanki ölümündən razı idi. Dünyanın, insanların əlindən qaçıb ölümə pənah aparmışdı və ölümdə əbədi sakitliyinə, rahatlığına qovuşmuşdu. Baxışları sanki “nəhayət ki!” deyirdi. Hava qaralmışdı. Yağış isə hələ də yağırdı. Həyat davam edirdi. Şəhərdəki bankomatlardan birinin yanında səkinin dibinə düşmüş təqaüd kartı tamam islanmışdı.

Səhər günəş tənbəl-tənbəl oyanaraq şəfəqləriylə dünəndən islanmış küçələri əzizləməyə başladı. Dünənki hadisədən çox az adamın xəbəri var idi. İllərin döydüyü qadını kim tanıyırdı ki? Səmadan başqa kim bilə bilərdi ki, qadının son çörək pulunu oğurlayan, ona ölümcül bıçaq zərbələri endirən adam elə özünün həyat verdiyi doğma oğlu idi?!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar