Çərşənbə axşamı, 22 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Böyük abi


Əvvəlcə Türkiyə türkcəsində biliyimi bir az dəqiqləşdirmək qərarına gəldim. Mənə dedilər ki, abi böyük qardaşa deyirlər. Amma bununla kifayətlənmədim və haqqında bəhs edəcəyim adamı yenə də böyük abi adlandırdım. Ona görə ki, o, həqiqətən də bütün böyüklərin böyük qardaşıdır...

Bəli, söhbət Əli bəy Hüseynzadə haqqındadır. Onun da bu il anadan olmasının 150 ili tamam olur. Hətta bu haqda sərəncam da səsləndirdilər. 

Halbuki onun yubileyinə təxminən bir ay vaxt qalıb. Maraqlıdır, bu il iki böyük türkün yuvarlaq yubileyidir. M.Ə. Rəsulzadənin 130, Ə.Hüseynzadənin isə 150 illiyidir.
M.Ə.Rəsulzdənin yubileyinə sayılı günlər qalıb. Amma hələ heç nə yoxdur. Guya ki, tədbirlər planı hazırladılar. Amma orada nə heykəl haqqında bir şey var, nə də xatirəsinin əbədiləşdirilməsi haqda bir söz.

Ə.Hüseynzadənin yubileyilə bağlı tədbirlər planı isə hələ hazır deyil. Guya ki, hazır olanda nə yazacaqlar?

İdeoloq sözünü sevmirəm. Ona görə ki, ondan ideologiya sözünün qoxusu gəlir. İdeologiya sözü isə mənə sovetlər dönəmini xatırladır. Ondansa mütəfəkkir sözü daha yaxşıdır. Onların hər ikisi milli mütəfəkkir idilər. Bəlkə elə buna görə də hakimiyyət düşərgəsində bu adamları sevmirlər. Ona görə ki, milli mütəfəkkir statusuna bu hakimiyyətin özününkülərinin iddiası var.

Bu iki adam azərbaycanlıların milli kimlik problemini, milli özünüidentifikasiya problemini həll etdilər, millətə onun milli istiqlal haqqını tanıtdırdılar.

Bir millət üçün bundan böyük iş yoxdur. Mən əminəm ki, bu iş bizim hakimiyyətin başbilənlərinin öhdəsinə qalsaydı onlar millətin hüriyyət haqqını tanımadıqları kimi milli istiqlal haqqını da tanımayacaqdılar, deyəcəkdilər ki, biz hələ buna hazır deyilik, deyəcəkdilər ki, biz heç millət də deyilik, kiçik etnik qrupuq, deyəcəkdilər ki, istiqlala birdən qovuşmaq olmaz, bunun üçün uzun bir yol keçmək lazımdır. Bəli, necə ki, millətin dil haqqını tanımadılar, necə ki, millətin seçib-seçilmək haqqını tanımadılar, neçə ki, millətin yazı və söz haqqını tanımadılar...

Nə yaxşı ki, tarix və tale bu işi onların öhdəsinə buraxmadı. Bunu Ə.Hüseynzadəyə, M.Ə.Rəsulzadəyə qismət etdi... Onları bu hakimiyyət bəlkə də buna görə bağışlaya bilmir.
Amma yel qayadan nə aparar? İnsanların bütün haqları əllərindən alınanda onların bir haqqı qalır: bir dəstə gül haqqı... Bəli, mən buna bir dəstə gül haqqı deyirəm.  

Öz pulumuza aldığımız bir dəstə gülü hansı məzarın üstünə qoymağı yalnız biz müəyyən edə bilərik. Bu, həm də bizim sakit etirazımızdır, sakit qiyamımızdır... Bəli, bu gün üçün sakit etirazımız... Gələcəyə gəldikdə isə, 1993-cü ildə bu hakimiyyət Azərbaycanı aparıb MDB-yə bağlayanda yazmışdım ki, qərənfillər bu dənizin sahilinə bir də qonacaq... Mən o günə ümidliyəm və bu gün də həmin sözləri bir daha təkrar edə bilərəm.

Qayıdıram bir dəstə gülün üstünə. Qoy, Ə.Hüsyenzadəni, M.Ə.Rəsulzadəni layiqincə anmasınlar. Buna görə qəm yeməyə dəyərmi? Gəlin biz özümüz bu adamları anaq, bir dəstə gül ilə... Bunu ki, bizə yasaq edə bilməyəcəklər!

Özlərinin ordenlərini, medallarını təsis edirlər. Amma qiymətli olan şey yaxaya taxılan deyil, sinənin altında, ürəklərdə gəzdiriləndir... Bu iki adam bu mərtəbənin adamlarıdır, onları insanlar ürəklərində gəzdirirlər...

Bu yaxında bir tanışımla yol gedirdik. Tanışım dedi ki, bunlar kimi bu ölkəyə yiyələnən olmayıb. O, düz deyirdi; bu hakimiyyət ölkəni qarış-qarış özəlləşdirib, çox şey qazanıb, çox şeyə sahib ola biliblər. Təkcə sevgidən başqa! Onu insanlardan ala bilmədilər. Onu qazana bilmədilər! 

Mənim üçün hətta o da fərq etmir ki, Ə.Hüseynzadənin təkcə Salyanda bir büstü var. Hətta o da olmasaydı bu, heç nəyi dəyişməyəcəkdi. Bu adam zehinli, düşüncəli adamların ürəyindədir. Azərbaycan intellektualı! Bəli, çoxu arzu edərdi ki, onu belə adlandırsınlar. Amma adlandırmırlar, adlandırmayacaqlar da...

İllər, qərinələr keçəcək. Azərbaycanın müstəqilliyi həqiqətən də əbədi, dönməz, sarsılmaz olacaq. Bu məsələdə bizim hakimiyyətin “mütəfəkkirləri” ilə razıyam. Və həmişə iki isim anılacaq: Ə.Hüseynzadə və M.Ə.Rəsulzadə...
Etiket:
loading...