Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı “beşinci kolon” Kremldən əmr alıb


Bu qüvvənin təmsilçilərinə Azərbaycanda qorxu və inamsızlıq mühiti yaratmaq tapşırılıb; Vəfa Quluzadə: “Onların bütün hərəkətləri Rusiya xüsusi xidməti tərəfindən körüklənir...”


Minval.az saytına etibarlı mənbələrdən ilginc məlumat daxil olub. Məlumata görə, Rusiyanın sol yönümlü partiyalarından birinin Sank-Peterburqda məskunlaşan və kökəncə azərbaycanlı olan təmsilçiləri Azərbaycandakı müxalifət partiyalardan birinin nümayəndələrini inandırmağa çalışıblar ki, de-fakto onların yiyəsi Putindir, və gec-tez ruslar Azərbaycan qayıdacaq: “Ağıllı olun və bizə qoşulun, o zaman xoşbəxtlik taparsınız”, - deyə Peterburqdakı solçu azərbaycanlılar bildiriblər.

Azərbaycandakı partiyanın üzvləri isə bu həyasızlıqdan heyrətə gəliblər və Putinin emissarlarını rüsvay edərək qovublar. Ancaq bir şey aydındır ki, rusiyayönümlü qüvvələrin bütün bu hərəkətləri təsadüfi deyil və Kremlin icazəsi ilədir. Necə deyərlər, Rusiyanın Azərbaycandakı “beşinci kolon”u artıq Kremlin “hə”sini alıb.

Emissarlar ölkəmizdə belə bir vərəqə yaymağa cəhd ediblər:

Politoloq Vəfa Quluzadə axar.az-a müsahibəsində Azərbaycanda Rusiyanın güclü “beşinci kolonu”nun mövcudluğunun fakt olduğunu söyləyib. Onun sözlərinə görə, bu qəbildən bütün hərəkətlər və informasiya hücumları Rusiya xüsusi xidməti tərəfindən körüklənir: “Son günlər Kremlin Azərbaycana qarşı başlatdığı informasiya müharibəsinin hədəfi ölkədə qorxu və inamsızlıq atmosferi yaratmaq, Azərbaycanı öz müstəqil kursundan yayındırmaqdır”.

Politoloqa görə, əsassız və arqumentləşdirilməyən bəyanatlarla nəyəsə nail olmaq mümkün deyil. “Azərbaycan öz mövqeyində qalacaq və müstəqil siyasətini davam etdirəcək. Moskvanın şimaldan, havadan bizə hücum edəcəyi ilə bağlı söz-söhbətlər boş şeydir. Bu gün Rusiya dəhşətli təhlükə ilə üz-üzədir, çünki bütün dünya onunla haqq-hesabı çürütmək üçün birləşib. Əminəm ki, Azərbaycanda yayılan bu kimi xəbərlər Rusiya xüsusi xidmətlərinin manipulyasiyalarıdır” – deyib Quluzadə.

Ekspert onu da qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən “beşinci kolon” artıq əmr alıb: “Artıq ictimaiyyətə məlumdur ki, Azərbaycanda Rusiya tərəfindən idarə olunan güclü “beşinci kolon” mövcuddur. Bu “kolon” bizim vətəndaşlardan təşkil olunub. Onun bütün üzvləri  azərbaycanlılardır. Göstərişlər intizarında onlar öz işləri ilə məşğuldurlar. Aralarında həkimlər, jurnalistlər var. Hər biri öz işini görür. Göstəriş gələn kimi özlərini göstərəcəklər. Hələlik onlara əmr edilib ki, Rusiyanın Krıma müdaxiləsini müdafiə eləsinlər, Moskvanın Azərbaycana zərbə vura biləcəyi barədə şayiələr yaysınlar. Ancaq mən əminəm ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi güclüdür və bu qüvvələrin fəaliyyəti nəzarət altındadır. Zəruri məqamda onlara qarşı ölçü götürüləcək”, - deyə Quluzadə fikrini tamamlayıb.
 
HAŞİYƏ:

Beşinci kolon (ispanca “quinta columna”) – 1936-39-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı bu ölkədə fəaliyyət göstərmiş general Frankonun agenturasının adıdır. Hazırda bu termin altında geniş mənada düşmənin bütün gizli agentləri (diversantlar, sabotajçılar, casuslar, təxribatçılar, terrorçular, təsir agentləri) nəzərdə tutulur   
 
“Beşinci kolon” terminin müəllifliyi vətəndaş müharibəsi zamanı frankoçular ordusunun komandanı olmuş ispan general Emilio Mola aid edilir. Deyilənlərə görə, Madridə hücum zamanı – 1936-cı ilin oktyabrında o, radio ilə əhaliyə müraciət edərək bildirib ki, öhdəsindəki 4 ordu kolonundan savayı Madridin özündə ona məxsus beşinci kolon da var, hansı ki, həlledici anda arxadan zərbə endirəcək. “Beşinci kolon” panika yayır, sabotaj və casusluqla məşğul olur, diversiyalar törədirdi.

Lakin ingilis tarixçisi və yazıçısı Xyu Tomasın fikrincə, bu termin Mola kimi bir neçə həftə baron Sent Osfald tərəfindən (o zaman İspaniya Respublikasında müxbir idi) istifadə olunub. Sovet publisisti, jurnalist və yazıçı Mixail Koltsov (əsl adı Moysey Fridlyanddır, İspaniyadakı psevdonimi – Migel Martines) isə termini general Varelenin adına çıxır.

Öz növbəsində alman tarixçisi və filosofu, faşizmin tədqiqatçısı E. Holte özünün “Faşizm onun dövründə” kitabında haqqında danışılan söz birləşməsinin tarixçəsini Mussoliniyə aparıb bağlayır. Qeyd edir ki, Mussolini hələ Birinci dünya müharibəsi zamanı “beşinci ordu” (italy. “quinta arma”) haqda danışıb. Bu ordunu Almaniya həmin müharibə dövründə “Dost anlaşması” (Antanta) dövlətlərinin arxa cəbhələrində yaratmışdı.

İkinci dünya savaşı ərəfəsi və dövründə isə (1939-1945) “beşinci kolon” qismində müxtəlif ölkələrdə mövcud olmuş və bu ölkələrin alman qoşunları tərəfindən işğalına yardımçı olmuş nasist agenturası qəbul edilirdi.(musavat)




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar