Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Rusiya tərəfindən işğalından 95 il ötür


Azərbaycana Rusiya təhlükəsi yenə qalırmı?


Sülhəddin Əkbər: “Rusiya Gürcüstan və Azərbaycan istiqamətində hərbi müdaxiləyə hazır vəziyyətdədir”; Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadəni həbs etmişdilər, Stalin gəlməsəydi, güllələməyə hazırlaşırdılar” 

Bu gün ölkəmizin bolşevik Rusiyası tərəfindən işğal olunmasının 95-ci ildönümüdür. 95 il əvvəl məhz bu gün müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti bolşevik-rus ordusunun təzyiqləri altında süqut edib. 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət rus işğalı nəticəsində devrilib, müstəqil dövlətin bütün atributları ləğv olunub və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirilib.

Aprelin 28-də rəsmiləşən işğal, sözsüz ki, Azərbaycanın ilhaqı idi. Sovet rejimi Azərbaycan Xalq Cümhuriyyətindən təhvil aldığı 114 min kvadrat kilometrlik ölkənin böyük bir hissəsini Ermənistan başda olmaqla qonşu dövlətlərə güzəştə gedib. 1920-ci il aprel ayının sonlarından 1941-ci ilin avqustuna qədər repressiyalarda 47 min adam qətlə yetirilib. Aprelin 28-i sovet imperiyası mövcud olduğu 71 il ərzində rəsmi bayram kimi qeyd olunub. Yalnız 1991-ci ildə Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra 28 aprel həqiqəti xalqa açıqlandı və tarixdə öz həqiqi yerini aldı.

Azərbaycan Cümhuriyyəti dövrünün tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu rus işğalının 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə baş verdiyini deyir: “Həmin gecə 11-ci Qırmızı ordunun döyüşçüləri Azərbaycan sərhədlərini keçərək ölkə ərazisini işğal ediblər. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, işğala qarşı çıxıb. Parlamentinin aprelin 27-də keçirilən son iclasında bolşeviklərin verdiyi ultimatumu müzakirə edərkən Rəsulzadə və digərləri işğalın əleyhinə çıxış ediblər. Hələ 1920-ci ilin yanvarında SSRİ xarici işlər komissarı Çiçerinin adından Azərbaycan hökumətinə nota daxil olmuşdu. Bu notaların məzmunundan da görünür ki, rus bolşevikləri Azərbaycanın müstəqilliyini qəbul eləmək istəmirlər. Təəssüflər olsun ki, bir qədər sonra ermənilərin də köməyi ilə ruslar öz məqsədlərinə çatdılar. 1920-ci ilin martında ermənilər Qarabağda qiyam qaldıraraq yerli əhaliyə hücumlar həyata keçirdilər. Hökumət ordunu Qarabağa, soyqırıma məruz qalan vətəndaşlarını qorumağa göndərdi. Ona görə də Bakı faktiki olaraq müdafiəsiz qalmışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Xaçmaz-Yalama istiqamətində 11-ci ordu hissələri Bakıya daxil oldular”. 

Tarixçi alimin sözlərinə görə, Azərbaycan Cümhuriyyəti işğala qarşı dayansa da, dövrün şərtləri respublikanın süqutuna gətirib çıxarıb: “Biz xalq olaraq 11-ci orduya təslim olmamışıq, bütün imkanlarla işğalçı bolşeviklərlə mübarizə aparmışıq. Sadəcə olaraq, o zaman Azərbaycanı işğal edən qüvvə həm say etibarı ilə çox idi, həm də o zaman beynəlxalq şərait dövlətimizi qoruyub saxlamağa imkan vermədi”. 

N.Yaqublunun sözlərinə görə, bolşevik işğalı nəticəsində Azərbaycanda yaradılmış dövlət təsisatları məhv edildi. Üçrəngli bayraq endirildi, ondan sonra ordu ləğv olundu. Bolşeviklər özləri imzaladıqları razılaşmaya əməl etmədilər: “Bolşeviklər Azərbaycanı işğal edəndə parlamentdə qəbul edilmiş 6 maddəlik sənədə əsasən bir çox atributlar qalmalı idi. Məsələn, sənədə görə siyasi partiyalara toxunulmamalı idi, ancaq işğaldan sonra partiyalar qapadıldı. Müsavat Partiyasının fəaliyyətini qadağan etdilər, üzvlərini repressiyalara məruz qoydular. Eyni zamanda, sənəddə Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmaması şərti vardı. Ancaq buna məhəl qoyulmadı, Gəncənin qubernatoru Rəfibəyov güllələndi, Nəsib bəy Yusifbəylini, Fətəlixan Xoyskini müəmmalı şəkildə öldürdülər. Məhəmməd Əmin Rəsulzadəni həbs etdilər, Stalin gəlməsəydi, güllələməyə hazırlaşırdılar. Bununla bağlı qərar vardı. Nəriman Nərimanov aldadıldı. Daha sonra Moskvada zəhərləyib aradan götürdülər. Yəni Azərbaycanda əsası qoyulmuş müstəqil dövlətin bütün atributlarına son qoyuldu”.

27 aprel işğalından 95 il keçsə də, Azərbaycan artıq 24 ildir öz müstəqilliyinə qovuşsa da, keçmiş SSRİ məkanında və ətraf regionlarda yenə 20-ci əsrin əvvəllərinə oxşar siyasi proseslər müşahidə olunmaqda, Rusiyanın yenidən aktivləşməsi və gərginlik artmaqdadır. Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, 95 il sonra Rusiya yenə Azərbaycan da daxil keçmiş SSRİ ərazilərini ələ keçirmək istəyində olduğunu nümayiş etdirir: “Tarixə nəzər saldıqda görürük ki, həmişə Rusiya gücləndikcə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı öz tərkibinə qatıb. Bu gün yenə də həmin işğal təhlükəsi qalır. Özü də bu təhlükə realdır. Çünki bu gün Rusiyaya rəhbərlik eləyən Vladimir Putin keçmiş Rusiya imperiyasını yeni formada formalaşdırmaq istəyini ortaya qoyub. Hətta Vladimir Putin dar dairədə çar adlandırılır. Çünki o, çar Rusiyasının siyasətini davam etdirir. Bilirsiniz ki, SSRİ-nin dağılmasını Putin 20-ci əsrin ən böyük geopolitik fəlakəti adlandırıb. İndi də vaxtilə Rusiyanın tərkibinə daxil edilmiş əraziləri yenidən Rusiyaya birləşdirməyi qarşısına məqsəd qoyub. 

O, bu siyasətini Avrasiya İqtisadi İttifaqı layihəsi əsasında aparır. Təbii ki, indiki zamanda çar Rusiyasının apardığı siyasəti olduğu kimi təkrar etmək mümkün deyil, yeni geopolitik reallıqlardan çıxış edərək yeni siyasət əsasında bunu aparırlar. Postsovet məkanının böyük coğrafiyasına fikir versək görərik ki, harada gücü çatır, oranı öz təsir zonasına qatır. Harada ki, bunu edə bilmir orada müharibələr gedir. Moldovada Dnestryanı, Ukraynada Krım işğal olunub, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal olunub. Bu, imperiya siyasətinin nəticəsidir. GUAM xəttində olan dondurulmuş münaqişələrin yenidən alovlanma ehtimalı artıb. Rusiya Gürcüstan və Azərbaycan istiqamətində hərbi müdaxilə etməyə hazır vəziyyətdədir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar