Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 mart - Qadınların və… kişilərin baxış açısında


Bloqer Mehman Hüseynov: “Heç vaxt 8 Martda və ya ümumiyyətlə qızlar üçün hədiyyə etmirəm. Hədiyyə filan boş şeydir”


Müəllimə Çinarə Cavadzadə: ""Əzizim, bu gün yemək bişirmə" yazısı olan açıqcadan bahalı nə hədiyyə ola bilər?!"

Bildiyimiz kimi, 8 Mart - qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Tarixə nəzərə salsaq görərik ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri sutka ərzində 16 saat işləmələrinə və bunun müqabilində çox az maaş almalarına etiraz edərək 10 saatlıq iş gününə nail oldular. Beynəlxalq qadınlar gününün yaradıcıları Klara Setkin və Roza Lüksemburq hesab olunur. Belə ki, 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında tarixi inqilabçı Klara Setkin 8 martın Beynəlxalq Qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi. 1911-ci ildən dünyanın bir çox ölkələrində bu gün Beynəlxalq Qadınlar Günü kimi qeyd olundu. Beynəlxalq qadınlar günü Sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 Mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur.  Eləcədə Azərbaycanda Beynəlxalq Qadınlar günü 1917-ci ildən qeyd olunmağa başladı.  

Bəs görəsən Azərbaycan kişiləri Sovet dönəminin proletariat bayramlarından olan 8 Martın ləğv olunmasını istərdilərmi? Yoxsa bu bayramın Azərbaycan dövlət bayramları içində yer almasını doğru hesab edirlər? Ümumiyyətlə isə 8 martda özlərinə yaxın qadınlara hədiyyə aldıqları zaman təəssüf hissi keçirirlər yoxsa bu onlara qürur və həzz verir?

Azərbaycan qadınları necə özlərini kişilərin üzərində hakimiyyəti olan bir qadın kimi hiss edirlər yoxsa 8 Mart onlar üçün heç bir şey dəyişmir? 8 Martda özlərini necə hiss edirlər və gözləntiləri nədir? Hədiyyə yoxsa diqqət?

PİA.AZ-ın əməkdaşı ictimai aktivliyi olan kişilər və qadınlara bu suallarla müraciət edərək onların  fikirlərini öyrənib. Sorğunun nəticələrini oxuyucularımızın diqqətinə çatdırırıq:

Səbinə Tağıyeva: " Mart mənə görə 1 May kimi sosializmin qalığı olan bir gündür"

8 Martın onun üçün heç bir anlamının olmadığını bildirən tarix müəllimi Səbinə Tağıyevanın fikrincə:

"8 Mart mənə görə 1 May kimi sosializmin qalığı olan anlamsız bir gündür. 8 Martla bağlı bu gündə işlərimin gedişatı ilə bağlı özümü yaxşı və ya pis hiss edə bilərəm. Mənim üçün dəyişilməzdir. Kişilərdən bu günlə bağlı məcburi diqqət tələb edən qadınları da anlamıram. Bununla belə hörmət xatirinə məni təbrik edən olursa,  minnətdarlığımı bildirməyə borcluyam".



Fərqanə Mehmanqızı: "Həsrətində olduğum hədiyyə yoxdur"

Psixoloq, psixoterapevt Fərqanə Mehmanqızı isə hər zaman diqqətdə olduğunu iddia edərək 8 Martın onun üçün bir şeyləri dəyişdirmədiyini söylədi:

"Düzünü desəm həmişə diqqətdə olduğum üçün 8 Martla bağlı mənim üçün çoxda bir şeylər dəyişmir. Sadəcə olaraq  diqqət daha çox olur və təbii ki, təbriklər...Qadın olaraq kişilərin üzərində hakimiyyət düşünmürəm. Çünki güclülərə pərəstiş edirəm. Özümü sevimli, daha qadınsı hiss edirəm. Öncə Sevgililər günü, sonra doğum günüm, daha sonra 8 Mart olduğundan başqalarına nisbətən gözləntilərim biraz aşağı düşə bilir. Çünki bayramlar qarışır. Bəlkə də mən öz ayaqlarımın üstündə duran bir qadın olduğum üçün çox istədiyim, həsrətində olduğum hədiyyə yoxdur amma təbii ki, hədiyyəni sevməyən yoxdur".

Cavid İsmayıl: "Azərbaycan xanımlarının hər gün bayram etmək haqqı var"

APA informasiya agentliyinin redaktoru Cavid İsmayıl 8 Mart-ın Azərbaycanda ləğv olunmamasının tərəfdarıdır:

"8 Mart - Beynəlxalq Qadınlar günü Sovet dövründən bizə miras qalsa da,  müstəqil Azərbaycanda ləğv olunmasının və ya qeyd olunmamasının tərəfdarı deyiləm. Azərbaycan xanımlarının hər gün bayram etmək haqqı var. Bununla belə, təqvimdə ən azı bir gün məhz onlara məxsus olmalıdır. Fərqi yoxdur ki, bu 8 Mart olsun, yoxsa Türkiyədəki kimi Analar günü. Əsas odur ki, təqvimin bir günü xanımlarımıza məxsus olsun. Xanımlara hədiyyə alarkən qətiyyən təəssüf hissi keçirmirəm. Ümumiyyətlə, hədiyyə vermək həzz aldığım işdir. İnsanları sevindirməkdən gözəl nə ola bilər ki?!".

Raminə Eyvazqızı: "Yalnız bir gün qadına diqqət ayırmaq gülünc və  qeyri-səmimi görünür"

Yazar Raminə Eyvazqızının fikrincə, qadının mənəvi aclığının dərmanı diqqətdir:

"Səmimi desəm,  8 Marta adi gün kimi baxıram. Çünki bəzi günlərin yalnız ildə bir dəfə əlamətdar gün kimi qeyd olunmasına qarşıyam. Qadın böyük insandır. Azərbaycan qadını lap nəhəngdir. Çünki dünyanın heç bir yerində bizim qadınlar kimi ev-çöl işini boynuna götürən qadınlar yoxdur. Bu səbəbdən yalnız bir gün qadına diqqət ayırmaq gülünc və  qeyri-səmimi görünür. Bu gün küçədə qadınlarımızın çox nadir halda üzündə gülüş sezmək olur. Səbəbləri ətrafdakı kişilərimizdə axtarmaq lazımdır. Kişi üçün bir anası, bir də qadını ən dəyərli olmalıdır. İki oğlum var. Həyat yoldaşımın və uşaqlarımın mənə hər yemək yeyəndən sonra "Əlin var olsun, dadlı idi" deməsi belə ən dəyərli qiymətdir. Əlbəttə ki, diqqət, diqqət... Qadının mənəvi aclığının bir dərmanı var, o da xoş üz və diqqətdir".

Günel Kərimova: "8 Martda özümü adi günlərdəki kimi hiss edirəm"

Reklam meneceri Günel Kərimovaya görə, 8 Mart bir növ diskriminasiyadır:

"8 Martda özümü adi günlərdəki kimi hiss edirəm. Heç bir şey dəyişmir, dolayısıyla heç bir gözləntim olmur. Bu bayram bir növ diskriminasiyadır. Qadın bayramı, kişi bayramı, uşaq bayramı, ana bayramı, ata bayramı. Bu anlayışlar özlüyündə  çox söz deyir".







Mehman Hüseynov: "Əsas odur ki, uzun ömür, can sağlığı olsun, bu yetər"

Bloqer Mehman Hüseynov ümumiyyətlə qızlar üçün hədiyyə almır. Hətta Mehmana görə hədiyyə boş şeydir:

"Problem orasındadır ki, mən heç vaxt 8 martda və ya ümumiyyətlə qızlar üçün hədiyyə etmirəm. Yəni belə şeylərdən çox uzağam. Bəlkə vaxt çatışmamazlığından, bəlkə də heç vaxt eləməmişəm deyə belədir. Çox nadir hallarda elə-belə sözdə deyərəm. Mənim bu hədiyyələr məsələsində bir prinsipim var. Hədiyyə falan boş şeydir. Əsas odur ki, uzun ömür, can sağlığı olsun, bu yetər. Həzz almağa gələndə isə mən tam başqa şeylərdən həzz alıram".


Ramin Hacılı: "8 Mart yaşamalıdır və dövlət səviyyəsində qeyd olunmalıdır"

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı 8 Martın dövlət səviyyəsində qeyd edilməsini təklif edir:

"İnsanlara, xüsusən də zərif cinsin nümayəndələrinə diqqət göstərmək çox vacibdir. Ona görə də 8 Mart yaşamalıdır və dövlət səviyyəsində qeyd olunmalıdır. İnsanları sevindirmək çox xoşuma gəlir. Xüsusən də qadınların sevinc dolu gözlərlə baxışı üçün hədiyyə almağı, hərdən də özünü hədiyyə etməyi bacarmalıdır kişi".



Sevda Qocayeva: "8 Mart günü diqqət gözləyirəm"

Stomatoloq Sevda Qocayeva lokanik şəkildə diqqət gözlədiyini qeyd etdi:

"Mənim elə bir xarakterim var ki, heç vaxt kiminsə üzərində hökmranlıq etmək fikrim yoxdur. 8 Mart günü diqqət gözləyirəm". 










Kənan Yusifov: "Bu bayramı xanımlara çox görməsək yaxşıdır"

Aktyor Kənan Yusifovun dediyinə görə, çox dərinə getsək, gərək bayramlarımızı da keçirməyək:

"Onsuz da bayramların bir çoxunun kökü uzaqlara gedib çıxır. Buna görə də çox dərinə getsək, gərək bayramlarımızın çoxunu keçirməyək.Təbii ki, ləğv olunmasını istəmirəm. Nə qədər də desək ki, bizim cəmiyyətdə qadınların və kişilərin hüquqları bərabərdir, hamımız çox yaxşı bilirik ki, bu heç də yüzdə yüz dediyimiz kimi deyil. Ona görə də heç olmasa bu bayramı xanımlara çox görməsək yaxşıdır. Hədiyyəyə gəlincə, o baxır cibdəki vəziyyətə:) Zarafat edirəm, təbii ki, təəssüf hissi keçirmirəm. Ümumən hədiyyə etməyi sevən insanam. Mənə görə gördüyün sevinc, göstərdiyin diqqətin yaratdığı xoş təəssürat xərclədiyin puldan daha üstündür".

Elşən Musayev: " 8 Mart-ın təqvimdə yer tutub - tutmamasından asılı olmayaraq keçirilməsini təqdir edirəm"

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə görə ən gözəl hədiyyələr adi günlərdə alınan hədiyyələrdir:

"8 mart – Beynəlxalq Qadınlar gününün ideoloji mahiyyəti və tarixi hər nə olursa olsun, xanımlara aid bayramdır. Və 8 Mart-ın dövlət bayramları içində, təqvimdə yer tutub - tutmamasından asılı olmayaraq keçirilməsini, qeyd edilməsini təqdir edirəm. Hətta zəruri hesab edirəm. Ya da belə deyək: bir bayram ki ətrafımızda olan xanımları, anaları-bacıları, sevdiklərimizi, xanım dostlarımızı sevindirmək, onların üzünü güldürmək mahiyyətini daşıyır, o zaman bunu yalnız və yalnız alqışlamaq lazımdır. Çünki qadınlarsız həyat, onların qulluğunda dura bilməkdən isə böyük zövq yoxdur.  Hədiyyəyə bir tək bayram atributu kimi yanaşmağın əleyhinəyəm. Çünki bu həm də diqqət nümayişidir.  Və çox arzu edərdim ki, bütün kişilər öz xanımlarını və sevdiklərini bir tək bayram günlərində  deyil, il boyunca sevindirsinlər, qayğı ilə əhatə etsinlər. Eyni zamanda  onlara alınan  hədiyyəni hansısa rəqəmdən, təqvimdən doğan öhdəlik sanmasınlar.  Yəni bu diqqət davamlı olsun. Ayrıca, mənim düşüncəmə görə ən gözəl hədiyyələr adi günlərdə alınan hədiyyələrdir. Niyə? Çünki standart bayramlarda bütün xanımların təbrik və hədiyyə umduğu insan və ya insanlar ola bilər. Amma oğul o adama deyərəm ki, həmin jesti öz xanımına, sevdiyinə adi günlərdə etsin, edə bilsin. Səbəbsiz-filan. Məsələn, işdən evə gələndə. Ya da xanımı, sevdiyi ilə gəzintiyə çıxanda və sair ilaxır. O ki qala mənim hədiyyə təəsüratıma, sadəcə bunları söyləyə bilərəm: Bu günə qədər kimə nə hədiyyə almışamsa ürəklə almışam, sevərək almışam, yüksək həzz və qürur hissi keçirərək almışam".

Nigar Börek: "8 Mart bütün ili qadını unudub, insan yerinə qoymayıb, sonra bir ətir alaraq başını aldatma bayramıdır"

8 Martda xanımlara hədiyyə alınmasını onların aldadılması hesab edən yazar Nigar Böreyin fikrincə:

"Mənim yaxşı ya da pis olmağım ücün 8 Martın olması mütləq deyil. İşlərim yolundadırsa özümü hər gün əla hiss edərəm, yox əksinə olarsa 8 Martda da əhvalım pis olar. Normalda pozitiv insanam. Bütün hallarda pessimizmi yaxınıma buraxmamağa calışıram. Amma təbii ki, məndə insanam robort deyiləm. Hakimiyyət maraqlısı deyiləm amma bəzən hakimdə ola bilirəm. Bu situasiyaya bağlıdır. Ümumilikdə həyat yoldaşımla dost olduğumuz üçün nə onun, nə də mənim bir-birimizin üzərində hakimiyyətdə olduğumuz söylənilə bilməz. Bəlkədə bu çoxlarına qəribə gələ bilər. Amma burada- İzmirdə bizi tanıyan hər kəs dediyimi təsdiq edə bilər. Biz sözün həqiqi mənasında çox yaxşı iki dostuq. Təkcə 8 Mart deyil, hər zaman diqqət istərəm. Bunu tək həyat yoldaşımdan, ailə üzvlərimdən, sevdiklərimdən deyil, ətrafımdakı bütün insanlardan istərəm. Çalışıram ki, məndə onlara qarşı diqqətcil olum. Məsələn, mənə bir hədiyyə almaqdansa, gözəl bir mesaj yazmaları hər şeyə dəyər. Birdə mənə görə kişilərin 8 Martda xanımlara hədiyyə alması onları bir növ  aldatmaq sayılır. Hesab edirəm ki, 8 Mart bütün kişilərin bir il ərzində qadınlara qarşı etdikləri pis, yaxşı hərəkətlərin hesab günü olmalıdır.  8 Mart bütün ili qadını unudub, insan yerinə qoymayıb, sonra bir ətir alaraq başını aldatma bayramıdır. Bayramın mənasını bilmədən atılan addımlardır. Qadınlar ildə bir dəfə deyil, gündə min dəfə anılmalıdır. 8 Mart bayramı ərəfəsində başda siz olmaqla, bütün kollektivinizdə olan xanımları, kişilərin çevrəsindəki xanımları, mediada olan xanımlarımız, o cümlədən xalqımızın dəyərli xanımlarını səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki,  təkcə 8 Martda deyil, hər gün kişilər tərəfindən diqqət mərkəzində olsunlar".

Vüqar Zifəroğlu: "Hər kişi imkanı daxilində öz xanımını yalnız hansısa qondarma "8 Mart"larda yada salmalı deyil"

Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, araşdırmaçı-yazar, filologiya elmləri doktoru Vüqar Zifəroğlu 8 Martın keçirilməsinin əleyhinədir:

"8 Martın dövlət bayramları sırasında yer almasını düzgün hesab etmirəm. Çünki onun həm tarixi, həm də ideoloji əsasları ilə yaxından tanışam və bu barədə araşdırma yazım da var. Hesab edirəm ki, Azərbaycan qadının məhz martın 8-də qeyd edilən bu bayrama ehtiyacı yoxdur.  8 Martı qəbul etmədiyimə görə həmin gün mənim üçün sıradan adi bir gündür. Ümumiyyətlə hesab edirəm ki, hər kişi imkanı daxilində öz xanımını yalnız hansısa qondarma "8 Mart"larda yada salmalı deyil. Mənə yaxın xanımlara hədiyyə alarkən və bu hədiyyəni təqdim edərkən mənə mənən həzz verir".

Şair Cəlil Cavanşir: " 8 Martı sovetdənqalma hesab etmirəm"

Şair Cəlil Cavanşir 8 Martın qeyd olunmasını yüksək qiymətləndirir:

"Mən 8 Martı sovetdənqalma hesab etmirəm. Qadınlar üçün xüsusi bayramın, xüsusi günün olmasına təəssüf etmirəm. Hətta bunu çox yüksək qiymətləndirirəm. Dünyanın bir çox ölkələrində bu bayram qeyd olunur. Azərbaycanda da bayram kimi qeyd olunması xoşdur. Amma xüsusi dövlət bayramı statusuna ehtiyac yoxdur. Hədiyyə almaq, hədiyyələşmək gözəldir. Amma mən indiyəcən böyük hədiyyələr verməmişəm. Ümumiyyətlə hədiyyə vermək imkanım olanda şərait olmur, şərait olanda imkan olmur. Amma hədiyyə alanda, hədiyyə verəndə müsbət enerjili oluram. Yəni bu prosesdən zövq alıram".

Çinarə Cavadzadə: ""Əzizim, bu gün yemək bişirmə" yazısı olan açıqcadan bahalı nə hədiyyə ola bilər?!"

Kimya müəlliməsi Çinarə Cavadzadənin fikrincə, hədiyyənin qiyməti diqqətin miqdarının göstəricisidir:

"8 Mart günü özümü hər zamankından daha çox zərif və qadın kimi hiss edirəm. Hədiyyə özü diqqət əlamətidir. Hətta hədiyyənin qiyməti belə diqqətin miqdarının göstəricisidir. Təbii ki, bəzi hədiyyələr var ki, sonsuz dəyərə malikdir. Məsələn, səhər oyanıb başının üzərində içərisində "Əzizim, bu gün yemək bişirmə" yazısı olan açıqcadan bahalı nə hədiyyə ola bilər?!  Yanında da çiçək olsa, effekti əlbəttə daha güclü alınar".

Nicat Əlibəyli: "Xanımların sevinc hissinə şərik olmağımız borcumuz olmalıdır"

Sığorta şirkətinin satış təmsilçisi Nicat Əlibəyli 8 Martın ölkəmizdə qeyd edilməsinin lehinədir:

"Nəzərə alsaq ki, 8 Mart Beynəlxalq Qadınlar günü kimi qeyd olunur və bu səbəbdən də bu bayramın keçirilməsinin həmişə lehinə olmuşam. Biz müasir ölkəyik bu gün artıq dünyanın bir çox ölkəsində Azərbaycanı tanıyırlar. Hesab edirəm ki, biz gündəmə daha önəmli məsələlərlə gəlməliyik, nəinki 8 Mart bayramının ləğvi ilə. Sözün açığı elə də çox hədiyyə alan deyiləm. Lakin imkan olduğu zaman almağı özümə borc bilirəm. Bununda təəssüf hissi və ya qürurla heç bir əlaqəsi yoxdur. Az öncə qeyd etdiyim kimi bizə əziz olan xanımların sevinc hissinə şərik olmağımız mənəvi rahatlığımız və borcumuz olmalıdır".

Qaçay Hüseynov: "Nə təəssüf edirəm, nə də həzz alıram"

Bank kreditoru Qaçay Hüseynov 8 Mart təbrikinə ehkam kimi yanaşır:

"8 Mart-ın keçirilməsini doğru hesab edirəm. Nə təəssüf edirəm, nə də həzz alıram. Təbrik mənim üçün ehkam kimidir yəni bayramdırsa təbrik etməliyəm".









Təranə Rəhimli: “Qadının kişi üzərindəki hakimiyyətinə görə xoşbəxt olacağını düşünməmişəm”

Yazar və tədqiqatçı Təranə Rəhimli üçün 8 Mart sırf qadınların əllərində gül-çiçəklər görmək baxımından xoşdur:

“Doğrusu, 8 Mart mənim üçün gül-çiçəyinə görə xoş bir gündür. Şəhərdə qadınları əllərində çiçək görmək, onların zərifliyinə yaraşan daha bir zərifliklə süsləndiyini seyr etmək gözəldir. Yoxsa, 8 martın ömrün adi günlərindən elə də fərqi yoxdur. Kişilər üzərində hakimiyyət məsələsinə gəlincə, mən heç vaxt qadının kişi üzərindəki hakimiyyətinə görə xoşbəxt olacağını düşünməmişəm. Əksinə, ailə başçısı kimi kişi nüfuzuna ehtiramla yanaşmaq və bunun müqabilində qadın kimi hörmət görmək ən böyük xoşbəxtlikdir. Hədiyyə, yaxud diqqət gözləntisi məndə heç vaxt olmayıb. Amma buna rəğmən həmişə diqqət görmüşəm. Hətta "diqqətlə əhatə olunmuşam" desəm daha düzgün olar. Ümumiyyətlə, diqqət görmək məhz hədiyyə anlayışı ilə assosiasiya olunmur. Diqqət müxtəlif biçimlərdə təzahür edə bilər, bizim gördüyümüz və görmədiyimiz, bəzən təsəvvür belə edə bilmədiyimiz biçimlərdə...”

Mübariz Maqsudov: "8 Mart qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda mübarizəsinin nəticəsində yaranan bir gündür"

Azərbaycan Ümid Partiyasında İctimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə şöbə müdiri Mübariz Maqsudova görə 8 Marta ancaq hədiyyə vermək günü kimi baxılmamalıdır:

"8 Mart bayramının Azərbaycan dövlət bayramları içində yer almasını doğru hesab edirəm .Çünki 8 Mart qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda mübarizəsinin nəticəsində yaranan bir gündür. Nəzərə alsaq ki, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsindən yaranan bir gündür, o zaman biz bu günə bir hədiyyə vermək günü kimi baxmamalıyıq. Həmçinin qadınlara verilən dəyərin bir günə saxlanılmasının da tərafdarı deyiləm. 8 Mart daxil bütün günlərdə qadınlara hörmət və dəyər verməliyik.Onlar bu sayqıya və dəyərə layiq varlıqlardır. Hədiyyə almaq məsələsinə gəldikdə isə, hədiyyə aldığım zamanda çox rahat ve sevincli oluram. Həmişə çalışıram ətrafımda olan xanımların hər birinə diqqətimi həmin gün dahada artırım. Son olaraq onu da qeyd edim ki, qadın zərif olduğu qədərdə böyük qüvvədir, bunu unutmayaq. Bayramınız mübarək!".

Samirə Mikayılova: "Hədiyyə olsa pis olmaz"

Texnoloq Samirə Mikayılova tək 8 Martda deyil, qadınların hər gün diqqət gözlədiklərini bildirdi:

"Əslində tək 8 Martda deyil, insan hər zaman diqqət gözləyir. 8 Mart gününü isə istər-istəməz daha fərqli gün kimi gözləyirik. Hədiyyəyə qaldıqda isə olsa pis olmaz".









Nərminə Umudlu: “Qadının xarakterinə, təbiətinə, xislətinə bələd olmaq dünyanın ən müşkül məsələsidir”

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu bildirir ki, qadının özünü xoşbəxt hiss etməsi qarşı tərəfin ən ağır yüklərindəndir:

“Qadın tək bir gündə deyil, hər gündə, hər saniyədə özünü xöşbəxt hiss etməlidir. Bu da təbii ki, qarşı cinsin üstünə düşən mən deyərdim ki, ən ağır yüklərdən biridir. Amma bəzən qarşı cinsin nümayəndələri bu yükün məsuliyyətini belə hiss etmirlər. Düşünürəm ki, qadın su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl olmalıdır. 8 Mart da mənim üçün heç nə dəyişmir. Çünki, hər günümü qadın günü kimi yaşamağı bilirəm. Əslində bütün qadınlar tək bu günü gözləməli deyillər. O qayğını, hörməti, sevgini, izzəti hər gün hiss etməlidirlər. 8 Martdan ən böyük gözləntim hədiyyədir və ilin bütün günlərində diqqətdir. Onu da qeyd edim ki, qadının xarakterinə, təbiətinə, xislətinə bələd olmaq dünyanın ən müşkül məsələsidir. Mən alman şairi H.Heynenin qadınlar haqqında dediyi sözlərlə fikrimi yekunlaşdırmaq istəyirəm. O deyib ki, “Tarixə yalnız kişilərin adları düşsə də, dünyanı qadınlar idarə edir”. Və belə də olaraq qalacaq. Tək 8 Martda deyil hər gündə qadınlara ehtiyac olacaq”

Orxan Hacıyev: "Təəssüf hissi ilə alınan hədiyyə hədiyyə sayılmaz"

Stamatoloq Orxan Hacıyev 8 Martın Azərbaycan bayramları içərisində qeyd edilməsini normal sayır:

"8 Mart Qadınlar gününün ləvğ olunmasını istəməzdim. Çünki bir zamanlar ideoloji mahiyyət daşısada hazırda demək olar ki, bütün dünya ölkələrində qeyd edilir. Beynəlxalq bir bayramdır və qadınlar üçün özəl bir gün olaraq qalması yaxşıdır. Heç olmasa analarımızın, bacılarımızın, sevgilimizin, qadınlarımızın özlərini əsl mənada özəl hiss etdikləri bir gün olsun. Təki onlar üçün təbrik almaq xoş olsun. Amma təbii ki, bunu edən diqqətli ve centlimen kişilərdə olmalıdır.  Azərbaycan bayramları içərisində qeyd olunması mənə görə normaldır, hətta deyərdim doğrudur. Hədiyyəyə gədikdə isə buna təəssüflənmək yox,  sevinmək lazımdır. Çünki  aldığın hədiyyə ilə bir qəlbi sevindirirsən. Hələdə bu insan sənin yaxınlndırsa... Təəssüf hissi ilə alınan hədiyyə hədiyyə sayılmaz. Əgər təəssüf hissi keçiriləcəksə və ya xəsislik ediləcəksə, ən yaxşısı almamaqdır. Təbii ki, maddiyatı da nəzərə almaq lazımdır. Hədiyyə almaq gözəldir, imkan olan yerdə".

Rüzgar Mövsüm: "Əgər bu gün hədiyyə verilməsə, bu faciə deyil"

Blogger və yazar Rüzgar Mövsümün fikrincə, qadınlarla hər zaman bayramdakı kimi davranılmalıdır:

"Qadınlarla hər gün bayramdakı kimi davranmaq lazımdır. Fərqi yoxdur bu təqvimin əsası hansı ideologiyaya qulluq edir. Hədiyyənin vaxtı, saatı olmaz. Yəni qadına bu gündə, başqa günlər də hədiyyə vermək olar. Əgər bu gün hədiyyə verilməsə, bu faciə deyil. Ümumiyyətlə bayramdan asılı olmayaraq kişi qadına bacardığı qədər diqqət göstərməlidir".

Səidə Mikayılova: "Şagirdlərim tərəfindən təbrik eşidəndə çox qürurlanıram"

İbtidai sinif müəlliməsi Səidə Mikayılova diqqəti elə hədiyyə hesab edir:

"Mənim üçün ən önəmlisi təbrikdə deyilən sözlərdir. Əsasən də şagirdlərim tərəfindən təbrik eşidəndə çox qürurlanıram. Hədiyyəyə gəldikdə isə, diqqət varsa bu özü hədiyyədir. Vay o gündənki heç biri olmaya".

P.S: PİA.AZ kollektivi adından bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münaisbətilə təbrik edirik!

Gülşən ŞƏRİF
Pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar