Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nə olacaq Azərbaycan təhsilinin halı?



“Ən şərəfli peşə olan müəllimlik niyə cəmiyyətimizdə bu qədər xor görülür, ən aşağı peşə kimi baxılır?!”


Bu gün Azərbaycanda ən çox tənqidə məruz qalan sahələrdən biri təhsil sahəsidir.

 Ölkəmizdə təhsilin mövcud vəziyyəti hər kəsə aydındır. Hətta dövlət rəsmiləri də bu gerçəkliyi gizlədə bilmir. Ölkədə təhsil haqları artdıqca, təhsilin keyfiyyəti aşağı düşür.  Təhsil sistemində bəzi xırda dəyişikliklər var amma buna “irəliləyiş” demək olmaz. Məhz bunun göstəricisidir ki, dünyanın öndə gedən təhsil ocaqları siyahısında Azərbaycanın adı sonuncu yerdədir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də “monopoliya” hökm sürür. 

Təhsil sistemindəki  problemlərdən biri, bəlkədə birincisi, müəllimlərin aylıq maaşının aşağı olmasıdır. Uzağa getmək lazım deyil, qardaş Türkiyədə müəllimlərin aylıq maaşı orta hesabla 1000-1500 dollar təşkil edir. Bu məbləğ bizim müəllimlərin maaşı ilə müqayisədə qat-qat çoxdur. Ölkəmizdə isə müəllimlərin aylıq əmək haqqı 200-250 manatdır.  Hansı vəzifəli şəxs bu qədər pulla ailəsini saxlaya bilər?! 

Eyni zamanda təhsil sistemində başqa problemlər də mövcuddur. ÖlkədəTəhsil naziri dəyişsə də, təhsildə gözlənilən islahatlar aparılmadı.  Hazırda təhsil sistemində təcili islahatlar aparılmalıdırmı? Əgər bu islahatlara ehtiyac varsa, o zaman öncəlik  orta məktəb sisteminə yoxsa Ali təhsil sisteminə verilməlidir?

PİA.AZ-ın əməkdaşı bu suallarla ictimai aktivliyi olan şəxslərə müraciət edib, fikirlərini öyrənib. Həmin fikirləri diqqətinizə çatdırırıq:


Şahnaz Kamal: “Finlandiyadanın təhsil metodundan yararlanmaq lazımdır”


Türkoloq Şahnaz Kamal finlərin təcrübəsindən istifadə olunursa, yüksək təhsilə nail ola biləcəyimizə inanır:

“Finlandiyadanın təhsil metodunu çox bəyəndim. Düzdür, o sistemi olduğu kimi bizim xalqa tətbiq etmək olmaz, Bəzi xüsusiyyətlərimizi mütləq nəzərə almaq lazımdır. Ancaq əla təhsil və etibarlı gələcək üçün finlərin təcrübəsindən yararlanmaq lazımdır. Ümumiyyətlə, bizim təhsil sistemimizdə boşluqlar çoxdur. O boşluqlar doldurulmaq əvəzinə hər il daha çox təhsillə bağlı məntiqsiz qərarlar qəbul olunur. Xalqın gələcəyinin təhsildən birbaşa asılı olduğunu bilirik. Bizim gələcəyimiz ürəkaçan görünmür. Birinci etirazım 5-6 yaşından uşaqların məktəbə qəbul olunmasınadır”.


Ruhiyyə Ağayeva: “Ali məktəbə daxil olmaq orta məktəbdə qazanılan biliyin keyfiyyətindən asılıdır”

Müəllimə Ruhiyyə Ağayevanın fikrincə:

İslahat öncəliklə orta məktəb sisteminə verilməlidir. Çünki Ali məktəbə daxil orta məktəbdə qazanılan biliyin keyfiyyətindən asılıdır”.









Ruqiyyə Səmədzadə: “Bir dövlət ki, öz müəlliminin maddi ehtiyacılarını ödəyəcək qədər məvaciblə təmin edə bilmir, hansı təhsildən danışıla bilər ki?”

Ölkədəki təhsil siyasətini əməlli-başlı “tənqid” atəşinə tutan tələbə Ruqiyyə Səmədzadə müəllimlərə lazımi qiymətin verilməməsindən də gileyləndi :

““ Təhsil millətin gələcəyidir” və yaxud “Dövlətin ən böyük sərvəti təhsildir”. Dəfələrlə eşitdiyimiz bu cümlələr necə də pavoslu səslənir. Amma sadəcə səslənir. Reallıqda isə nə parlaq gələcək var, nə də ki tükənməz sərvət… Bu acı həqiqətin səbəbləri isə çoxdur. Hazırda respublikamızın təhsil sisteminin səviyyəsinin, faydalılığının sənədlərdə, statistikada, hesabatlarda Dünya və Avropa standantlarına uyğun gəldiyi göstərilsə də, çox təəssüf ki bu belə deyil. Ən dəhşətlisi odur ki, problem təhsil sisteminin konkert bir sahəsində deyil. Bunun başında dövlətin düzgün yeridə bilmədiyi təhsil siyasəti durur ki, bu da təhsilimizdə problemlərin yaranmasına səbəb olur. Bunu biz gənclər çox yaxsı basa düşürük, Çünki hamımıza bu cür boşluqlarla dolu təhsil verilib. Bu, gələcəyin pedaqoqları, həyatını xalqının təhsilinə həsr edəcək insanlar kimi hamıdan çox bizi düşündürür. Bütün həyatını bu müqəddəs amala həsr etmiş qocaman müəllimlərimiz, bütün potensialı ilə bildiyini şagirdlərinə öyrətməyə çalışan gənc müəllimlərimiz kimi ”Millətin taleyi sizin çiyinləriniz üzərindədir” ifadəsinin məsuliyyətini biz anlayırıq. Amma ömrünü xalqı uğrunda əridən müəllimlərimizə hansı dəyər verilir? Ən şərəfli peşə olan müəllimlik niyə cəmiyyətimizdə bu qədər xor görülür, ən aşağı peşə kimi baxılır?! Bir dövlət ki öz müəlliminin maddi ehtiyacılarını ödəyəcək qədər məvaciblə təmin edə bilmirsə, hansı təhsildən danışa bilər ki? Buna görə də dövlətimiz bu sahədə köklü şəkildə islahatlar aparmalıdır. Odur ki, dövlətimiz “Günəş kimi nur saçan bir gələcək” istəyirsə, müəllimlərimizin rifah halı yüksəldilməli, onların bu şərəfli işi yüksək qiymətləndirməlidir. Ümid edirəm ki, bu sahədə köklü islahatlar aparılacaq, müəllimlərə lazımi və ən əsası da haqqı olan “ dövlət işçisi” adı veriləcək”.


Zamiq İbrahimov: “Müәllimlәrә dövlәt qulluqçusu statusu verilməlidir”

İnsan resursları üzrә mütәxәssis Zamiq İbrahimovun fikrincə, islahatların aparılması heç nəyi dəyişməz:

“Tәhsil sahәsindә islahatlar aparılması boş söhbətdir. Orta vә ali tәhsil müәssisәlәrindә çalışanların әmәk haqqı qaldırılmalı və ya müәllimlәrә dövlәt qulluqçusu statusu verilməlidir. Onda hәr şey yoluna düşәcәk”.




Günay Vəliyeva: “Təhsilimizin geridə qalmasının səbəblərindən biri də repetitor müəllimləridir“

Tələbə Günay Vəliyeva müəllimlərin məktəbdə qənaətbəxş dərslər keçməmələrindən narazıdır:

“Fikrimcə, Azərbaycanda orta təhsilə önəm az verilir və bunun səbəbidir ki, ali məktəblərdə təhsil səviyyəsi o qədərdə ürəkaçan deyil. Təhsil sistemində ürək açan səviyyəyə çatmaq üçün bir çox islahatlar aparılmalıdır. İlk öncə uşaqların oxuması üçün hər bir şərait yaradılmalıdır. Uşaqlar üçün lazımi dərs vəsaitləri olmalı və ən əsası dərslər düzgün tədris olunmalıdır. Uşaqların fikrini dərsə yönəltmək üçün tez-tez bilik yarışları,olimpiadalar, kitab sərgiləri və s. kimi yarışlar keçirilməlidir. Məncə təhsilimizin geridə qalmasının səbəblərindən biri də repetitor müəllimləridir. Çünki şagird müəyyən vaxta çatandan sonra fikrini ancaq repetitor  müəllimlərinə yönəldir və ancaq öz ixtisasına aid ola biləcək dərsləri oxuyur. Repetitorlar olmasa şagirdlər məktəbdə hər bir dərslərini oxuyarlar. Digər səbəblərdən biri də müəllimlərin məktəbdə qənaətbəxş dərslər keçməməsidir. Bunun üçün müəllimlərin maaşı artırılmalıdır. Bir sözlə, orta təhsil müəssisələrində təhsil səviyyəsi nə qədər yüksək olarsa, ali məktəblər də  bir o qədər səviyyəli təhsil sistemi olar”.


Elnur Kərimov: "İnsanların maarriflənməsində uşaq bağçalarının rolu əsas rol oynayır"

Aktyor Elnur Kərimov isə təhsil sistemimizdən razı olduğunu bildirdi:

"Fikrimcə, yeni nazir gəldikdən sonra təhsil sistemində böyük irəliləyişlər olub. Dünyanın hər hansısa dövlətinin təhsil sisteminə baxsaq, onlarda da  iş rejiminin bu formada olduğunu görə bilərik. Təhsil nazirimiz cavan olsa da, çox savadlıdır və dünya təhsil sistemində baş verənlər barədə bilavasitə məlumatlıdır. Sadəcə insanların maarriflənməsində uşaq bağçalarının rolu əsas rol oynayır. Bağçaların Bakı şəhər İcra hakimiyyətinə verilməsi nə dərəcədə düzgündür bilmirəm, yəqinki belə msləhətli imiş amma düşünürəm ki, islahatlar bağçalardan başlamalıdır. Daha sonra isə islahatlar orta məktəblərdə həyata keçirilməlidir. Çünki ali məktəbdə sadəcə savad artırırsan. Hər şeyin əvvəli bağçalardan başlayır. Ona görə də öncəliklə bağçalarda islahatlar olmaldır. Çünki bağçalarda hər şey yaxşı olarsa, orta məktəblərdə də çalışarlar düzəltsinlər. Bağça uşağı orta məktəbə, orta məktəb ali məktəbə, ali məktəb isə cəmiyyət üçün hazırlamalıdır”.


Dilqəm Əhməd: “Təhsil sistemi elə qurulmalıdır ki, müəllimlər əsas güclərini sinif daxilinə sərf etsinlər”

Təhsil sisteminin inkişafı üçün müntəzəm olaraq, xarici ölkələrdə tətbiq edilən yeniliklərin izlənilməsinin vacibliyini yazar Dilqəm Əhməd vurğuladı:

"İslahatlar nazirlərin dəyişilməsindən asılı olmayaraq müntəzəm aparılmalıdır. Təhsil elə bir sahədir ki, müntəzəm olaraq yeniliklərə, dəyişikliyə açıqdır. Əsasən də, xarici ölkələrdə tətbiq edilən yeniliklərin izlənilməsi, uyğun bilinənlərin tətbiq edilməsi vacibdir. Ali təhsil sisteminin əsası orta təhsil sistemində qoyulduğuna görə, öncəlik orta məktəblərdən başlanılmalıdır. Təhsil sistemi elə qurulmalıdır ki, müəllimlər əsas güclərini repetitorluğa deyil, məhz dövlətdən aldıqları maaşa uyğun olaraq sinif daxilinə sərf etsinlər. Çünki bəzi məktəblərdə müəllimlər elə dərs dediyi uşaqlara dərsdən sonra repetitorluq edir. Ali məktəblərə gəldikdə yaxşı olar ki, mütləq xaricdə təhsil alan gənclər saat hesabı tədrisə cəlb edilsin. Çünki hər kəsin xaricdə oxumaq şansı olmur. Amma bu gənclər təhsilə cəlb edilərsə, effekti olar. Ümumiyyətlə, kadr məsələsində ciddi dəyişiklik olmalıdır".


İlahə Dadaşova: “Güclü islahatlar aparılmalıdır”

Psixoloq İlahə Dadaşova fikrini lakonik bildirdi:

“İlk öncə orta məktəblərdə islahata ehtiyac var. Hər tərəfli olaraq, müəllimdən tutmuş məktəb psixologiyasına qədər güclü islahatlar aparılmalıdır”.








Kamil Əmirli: “Boloniya sisteminә keçsәk dә, bu bәzi ali tәhsil müәssisәlәrindә tam olaraq tәtbiq olunmur“

Ali tәhsil sistemində keçilən qeyri-ixtisas fәnnlәrinin ixtisasa uyğunlaşdırılmamasından tələbə Kamil Əmirli narazıdır:

“İslahatların aparılması orta tәhsildәn başlamalı, ali tәhsildә davam etmәlidir. Orta mәktәblәrdә düzgün islahatlar aparılıb, normal savad verilmәsә, şagirdlәr artıq tәlәbә zamanı bir çox çәtinliklәrlә üzlәşәcәk. Ali tәhsil almaq üçün test imtahanı verәn şagirdlәr çalışırlar ki, bütün materialları әzbәrlәsinlər. Amma әzbәrlәmәklә deyil, onların izahını, mәnasını anlayaraq yadda saxlasalar, bu onların yaddaşında daha uzun müddәt qalacaq. Ali tәhsil zamanı keçilən qeyri-ixtisas fәnnlәri bilavasitә olaraq, ixtisasa uyğunlaşdırılmalıdır. Çünki çox zaman qeyri-ixtisas fәnnlәrinin ümumi müddәalarını tәlәbәlәr әzbәrlәyәrәk imtahan vermәli olur. Mәsәlәn, mәn jurnalistika fakültәsindә tәhsil alıram. Ötәn semestr әrzindә psixologiya fәnni keçdik. Lakin psixologiya vә jurnalistika qarşılıqlı öyrәdilmәk әvәzinә, ümumi psixologiya tәdris olundu vә imtahan zamanı da ümumi psixologiyadan yazmalı olduq. Düzdür, zaman-zaman müәllim bizә psixologiyanın jurnalistikaya aid hissәlәrindәn danışsa da, bu ümumi xarakter daşıyırdı. Son olaraq qeyd edim ki, boloniya sisteminә keçsәk dә, bu tәәssüflər olsun ki, bәzi ali tәhsil müәssisәlәrindә tam olaraq tәtbiq olunmur”.



Rövşən Məmmədov: “İlkin başlanğıc kimi psixologiyanın tədrisinə başlanmalıdır”

Müstəqil tədqiqatçı Rövşən Məmmədov islahatların öncəliklə orta məktəblərdə lazımlı olmasını qeyd etdi:

“Fikrimcə, ilk növbədə orta məktəblərdə islahatlara start verilməlidir  Gənc, savadlı kadrlara yer verilməlidir. Orta məktəb kitablarında vətənpərvərlik daha çox təbliğ olunmalıdır. İlkin başlanğıc kimi psixologiyanın tədrisinə başlanmalıdır”.


Nərmin Quliyeva: “Öncəliklə şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verilməlidir”

Azərbaycanda təhsil sahəsində böyük işlərin aparılmalı olduğunu tələbə Nərmin Quliyeva bildirdi:

“Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir. Məncə Azərbaycanda təhsil sahəsində böyük işlər aparılmalıdır. Əvvəlcə orta məktəblərdə islahatlar aparılmalıdır. Çünki təməl möhkəm qurulmalıdır.Öncəliklə şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verilməlidir. Daha sonra isə təhsilə önəm verilməlidir. Təhsilin yüksək səviyyədə olması üçün dərsliklər yüksək səviyyədə olmalıdır amma Azərbaycanda bəzi dərsliklərdə çatışmamazlıqlar var. Bundan əlavə orta məktəblərin çoxunda psixoloqlar şagirdlərin problemləri ilə maraqlanmırlar. Azərbaycanda Ali məktəblərin çoxunda təhsil səviyyəsi aşağıdır. Ən böyük problem keçdiyimiz fənnin avadanlıqlarının olmamasıdır və biz həmin müşahidəni əyani şəkildə görə bilmirik. Bu isə işə qəbul zamanı bizim üçün problem yaradır. Digər tərəfdən, bəzi universitetlərdə dırnaqarası  "şirinliyin" olmasıdır. Onu da qeyd etmək istəyirəm ki, oxuyana hər yerdə qiymət verilir və əziyyətin qarşılığını mütləq görürsən”.



Orxan Carçı: "Tələbə pul verdiyi üçün oxumur"

Carçı.az  xəbər  portalının rəhbəri Orxan Carçı islahatların öncə ali təhsil sistemində aparılmalı olduğunu qeyd etdi:

"Fikrimcə, öncəliklə ali təhsil sistəmində islahatlar aparılmalıdır. Çünki tələbə adını alanlar  ilk semestrdən sonra artıq imtahan qiymətləri ilə tanış olurlar. Tələbə pul verdiyi üçün də oxumur. Fikirləşir ki, oxusam da, oxumasam da pul istəyir. O zaman özümü niyə yorum? Nəticədə işini bilməyən, savadsız kadrlarla birgə işləməli olursan".



Orxan Adigözəl: “Azərbaycanda ev şəraitində olan distant təhsilin qeyri mövcudluğu mənim universiteti yarımçıq qoymağıma səbəb oldu”

Yazar Orxan Adigözəl isə təhsil sistemindəki durumu yaşamış olduğu hadisə ilə aydınlatdı:

 “Ən dəqiq xalq kimi alman xalqına, inkişaf səviyyəsinə görə Almaniyaya hər zaman simpatiyam olub. Qərbdə ən çox yayılan dil ingilis dili, ən romantik və yaradıcı dil fransız dili, hərbi dil isə alman dili sayılır. Dünyanın ən praqmatik dili olan alman dilini öyrənməyə məni bacım həvəsləndirib. O, məktəbdə oxuyanda alman dili kursuna gedirdi və bütün günü evdə almanca sözlər deyirdi. Əmimin həyat yoldaşı alman dili müəlliməsidir və mənim arzuladığım ölkə olan Almaniyaya getməyim üçün onun bir çox tələbələrinin oxuduğu, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin menecment alman proqramı fakültəsinə daxil olmağı məsləhət gördü. Mən 2006-cı ildə məktəbi bitirib, ali məktəbə qəbul imtahanında 378 bal toplayaraq  həmin fakültədə ödənişsiz oxumaq hüququ qazandım. Birinci kursdan alman dilini təkmilləşdirmək üçün universitetdən əlavə özəl dil kursuna gedirdim. Bir dəfə universitetdə səksən yaşından çox olan alman dili müəllimimiz müstəqil inşa yazmağımızı tapşırmışdı. İnşaları yoxlayanda inşadakı bəzi sözlərin tamamilə yanlış yazıldığını söylədi və bu mətnlə mənə heç də yaxşı bal verməyəcəyini dedi. Halbuki mən mətndə bəzi sözlərin sinonimini yazmışdım və bunlar heç də səhv deyildi. Müəllimə yanıldığını söylədim, o isə mənə prinsipial olaraq “2” yazdı. Ondan qiyməti düzəltməyi tələb etdim, o isə məni vecinə almadı. Mən də sırf buna görə dərsdə müəllimi vecimə almamağa başladım və bu da konfliktə gətirib çıxardı. Müəllim məni dərsdən qovdu və dekanlığa yazılı şikayət etdi. Buna görə bir müddət “başım ağrısa” da, semestr imtahanında alman dilindən uğurlu nəticə əldə etdim. 

Universitetdə bizim fakültə 2005-ci ildə almanların partnyorluğu ilə açılmışdı. İkinci kursdan artıq yaxşı nəticə göstərənlərin Almaniyada kənd təsərrüfatında praktika keçmək şansı var idi. Mən planlaşdırırdım ki, üçüncü kursda özümü göstərib, bu müvəffəqiyyəti qazanıb Almaniyaya praktikaya gedim. Lakin mənə qismət olmadı bunları etmək. Çünki ikinci kursu yenicə bitirmişdim ki, qəza keçirdim və onurğamdan ağır travma aldım. Universitetə gedə bilmədiyim üçün bir illik xəstəlik kağızı aldım. İkinci ilə keçəndə isə zəng edib universitetə gəlməyimi tələb etdilər. Mən isə həmin ərəfədə yataq şəraitindən ayrılıb yenicə əlil arabasına oturmağa başlamışdım. Çox otura bilmirdim. Təzyiqim aşağı düşdüyündən yenidən yatağa uzanmalı olurdum. Hətta bir neçə dəfə arabada ürəyim getmişdi.

 Dekan müavini mənə zəng edib vəziyyətimlə ciddi maraqlanmadan universitetə gəlməyimi, gələ bilməsəm, məni universitetdən xaric olunacağımla hədələdi. Dekan müavininin danışıq tonun bu mesajı verirdi: “Gələ bilmirsən, gəlmə. Valideynlərin gəlib hörmət eləsin, universitetdə adın getsin”.  Çox məyus olmuşdum. Dekan müavini ilə telefonda mübahisə də etdim. Ona mənim necə pis vəziyyətdə olduğumu söylədim, o isə guya qayğı göstərirmiş kimi Allahdan şəfa dilədi. Qeyri-səmimiliyi onun telefonda eşidilən nəfəsindən belə bilinirdi. Atama bu hadisəni danışdım, çox qəzəbləndi. Hətta dedi ki, cəhənnəm olsun universitet, mənə sənin sağlamlığın lazımdır. Atamın tanışı vasitəsi ilə hüquqi yolla məni universitetin qiyabi şöbəsinə bir kurs aşağı, digər fakültə olan istehsalatın və iqtisadiyyatın idarə edilməsinə keçirdilər. Lakin Bakıda yaşadığım üçün, 370 km Gəncə ilə məsafə, başımın müalicələrə qarışmağı, ən əsas universitetdə əlillər üçün heç bir şəraitin olmaması və Azərbaycanda ev şəraitində olan distant təhsilin qeyri mövcudluğu mənim universiteti yarımçıq qoymağıma səbəb oldu. Bu yaxınlarda bir sənədlə bağlı universitetə zəng eləmişdim. Katibə qadın mənim universitetdən xaric olunduğumu dedi. Mən isə bunun heç bir hüquqa əsaslanmadığını ona çatdırdım. O, hüquqlarımı bildiyimi anlayıb mənim təhsilimin dondurulduğunu və yalnız ayağa durub universitetə gələcəyim təqdirdə təhsilimi davam etdirə biləcəyimi dedi. Yəni ki, sən əlilsənsə, gəzə bilmirsənsə, bu ölkədə təhsil almağa haqqın yoxdur. Universitetlərdə və məktəblərdə əlillər üçün heç bir şərait yoxdur. Distant təhsil də yoxdur ki, evdə oturub təhsilini davam etdirəsən. Avropada təhsil ocaqlarında əlillər üçün bütün şəraitlər var. Bizimkilər isə unudur ki, əlil arabasında olan adam elmi və ağlı sayəsində öz ölkəsinə yüksək səviyyəli uğur qazandıra bilər. Necə ki, mənim simpatiyam olan Almaniya hökumətinin maliyyə naziri Volfanq Şaulbe bunu edir. O, bu gün əlil arabasındadır və onun elmini, məntiqini öz əlilliyi, əlil arabası və höküməti əngəlləmir.

Əziz millət, unutmayın ki, ən böyük düşmən cahillikdir. Məktəblərdə hicabın qadağan olunmağına etiraz edən müsəlmanlar, “Qurani-Kərim”də ilk əmr olan “OXU” sözünü və peyğəmbərimizin “Elm Çində də olsa, arxasınca gedin” tövsiyəsini unudub, öz övladlarınızın təhsil almağına qeyri-ciddi yanaşmayın”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar