Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda heyvan kəsimi problemi: Problemin həlli yolu varmı?


Azad İstehlakçılar Birliyinin sədri: “Təəssüflər olsun ki, ölkə prezidentinin etibarını qazanıb dövlət vəzifələrinə təyin olunan insanlar ölkə prezidenti tərəfindən qarşıya qoyulan məsələləri effektli yerinə yetirə bilmir”


Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarələrinin əsas vəzifəsi odur ki, insanları inandıra bilsin ki, mərkəzləşdirilmiş şəkildə həyata keçirilən heyvan kəsimi zamanı dini qaydalarla bərabər bütün digər qaydalara da əməl olunur. Bu olmazsa, əhali mərkəzləşdirilmiş şəkildə kəsilən heyvanların ətini almayacaq”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Prezident İlham Əliyev “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncamını PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, prezident İlham Əliyev heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün.

Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Əslində bu problem uzun illərdir ki, gündəmdədir. Lakin dəfələrlə problem gündəmə gəlməsinə baxmayaraq, Dövlət Baytarlıq Xidməti üzərinə düşən bu vəzifənin öhdəsindən gələ bilməyib. Və faktiki olaraq bu gün Bakı şəhərində heyvan kəsimi ilə bağlı xaotik vəziyyət hökm sürür. Çünki Bakıda mərkəzləşdirilmiş şəkildə heyvan kəsimini həyata keçirən bir neçə müəssisə olmasına baxmayaraq adətən heyvanlar qəssab dükanlarının qabağında, küçələrdə, insanların kütləvi şəkildə hərəkət etdiyi yerlərdə kəsilir və bu da təbii olaraq şəhərin gigiyenik vəziyyətinə mənfi təsir edir. Bəzi mütəxəssilərin yeni yaranan Qida Təhlükəsizliyi Agentliyinin bu problemi həll edə biləcəyinə şübhə ilə yanaşırlar. 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.



Eyyub Hüseynov: “Dövlət vəzifəsinə təyin olunan insanların ayağı yerdən, cəmiyyətdən üzülür”.


Heyvanların mərkəzləşdirilmiş şəkildə kəsilməsi üçün bir neçə müəssisənin yaradıldığını xatırladan Azad İstehlakçılar Birliyinin sədri qeyd edib ki, onlarla belə müəssisələr yaradılsa da, sahibkarlar pul qoysalar belə hələ ki, problem öz ciddiliyini qoruyub saxlayır. Belə olmasaydı, prezident ət kəsimi ilə bağlı ayrıca sərəncam verməzdi. Eyyub Həsənovun fikrincə, bi ona görə belə olur ki, ölkə prezidentinin etibarını qazanıb dövlət vəzifələrinə təyin olunan insanlar prezident tərəfindən qarşıya qoyulan məsələləri effektli yerinə yetirə bilmirlər:

“Azad İstehlakçılar Birliyi arzulayırdı ki, İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olmayan müstəqil icra hakimiyyəti orqanı yaradılsın. Ən nəhayət keçən ilin 10 fevralında ölkə prezidentinin sərəncamı ilə belə bir agentlik yaradıldı. Noyabrın 17-də Agentliyin əsasnaməsi təsdiq olundu. Əsasnamə çox mükəmməldir və orada çox əhəmiyyətli məsələlər var. 

Qeyd edim ki, ölkə başçılarının, hökumətlərin, hətta ailə başçılarının öz xalqı, öz ailəsi üçün çox yaxşı əhəmiyyətli qərarları ola bilər. Lakin bu qərarlar ailə üzvləri, ölkə vətəndaşları, cəmiyyət tərəfindən kifayət qədər dəstəklənməsə, onlar reallaşması şirin xəyallar olaraq qalır. Azərbaycan prezidenti İlham Əliyevin insanların həyatına təsir edən çox yaxşı qərarları var. Məsələn siqaretlə, sağlamlıqla bağlı prezidentin mühüm qərarları var. Onlarca başqa qərarlardan da danışmaq olar. Amma bu qərarlar reallaşırmı?

Eyyub Hüseynov: “Onlar hələ xarici ölkələri gəzirlər, xarici ölkələrdən nəsə öyrənməyə çalışırlar, ya da gözləyirlər ki, kimsə gəlib onların işini onlara öyrədəcək”.


Təəssüflər olsun ki, ölkə prezidentinin etibarını qazanıb dövlət vəzifələrinə təyin olunan insanlar ölkə prezidenti tərəfindən qarşıya qoyulan məsələləri effektli yerinə yetirə bilmir. Belə olmasaydı, prezident ət kəsimi ilə bağlı ayrıca sərəncam verməzdi. Bunun da səbəbi odur ki, onlar ictimaiyyətlə, kütləvi informasiya vasitələriylə effekli işləyə bilmirlər. Dövlət vəzifəsinə təyin olunan insanların ayağı yerdən, cəmiyyətdən üzülür. Biz Qida Təhlükəsizliyi Agentliyinin rəhbərlyinin press-relizlərini diqqətə izləyirik. Onlar hələ xarici ölkələri gəzirlər, xarici ölkələrdən nəsə öyrənməyə çalışırlar, ya da gözləyirlər ki, kimsə gəlib onların işini onlara öyrədəcək. Biz düşünürdük ki, Qida Təhlükəsizliyi Agentliyinə təcrübəli insanlar toplanacaq və onlar ciddi problemləri həll edəcəklər. Amma hələ ki, bunu müşahidə etmirik.

Ölkə prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncamı da çox böyük əhəmiyyət kəsb edir. Lakin nə qədər Qida Təhlükəsizliyi Agentliyi, Baytarlıq İdarələri əhalinin inamın qazanmayıb bu məsələ həll olunmayacaq. Əgər ölkə prezidentinin bu çağırışı cəmiyyət tərəfindən dəstəklənməsə, bu şirin xəyal olaraq yerdə qala bilər. Çünki bizim insanımız kəsimini gözləriylə gördükləri əti almaq istəyir. Buna görə də Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarələrinin əsas vəzifəsi odur ki, insanları inandıra bilsin ki, mərkəzləşdirilmiş şəkildə həyata keçirilən heyvan kəsimi zamanı dini qaydalarla bərabər bütün digər qaydalara da əməl olunur. Bu olmazsa, əhali mərkəzləşdirilmiş şəkildə kəsilən heyvanların ətini almayacaq. Cəmiyyətin Qida Təhlükəsizliyi Agentliyinə, Baytarlıq İdarələrinə inamı qalmayıb. Buna görə də Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarələrinin vəzifəsi odur ki, əhalidə bu inamı yaratsın və bunun üçün xarici ölkələri gedib gəzməyə ehtiyac yoxdur.

Xatırladım ki, Sovet İttifaqı kimi böyük bir dövlət 70 il mübarizə apardı, amma Kubinkada xarici mal satışının qarşısın ala bilmədi. İnsanları həbs etdi, evləri uçurdu, amma mümkün olmadı. Çünki bazarda tələb vardı ona görə təklif meydana çıxmışdı. 

Eyyub Hüseynov: “Bizim insanımız kəsimini gözləriylə gördükləri əti almaq istəyir”.


Heyvanların mərkəzləşdirilmiş şəkildə kəsilməsi üçün bir neçə müəssisə yaradılıb. Məsələn “AzProtein Foods” şirkəti milyon dollarla xərc qoyub bunu edib. “Min Bərəkət” 2 milyon dollara yaxın maya qoyub müasir tələblərə cavab verən kəsim yeri yaradıb. Lakin heyvan kəsdirən insanlar ora müraciət edir? Xeyir müraciət etmirlər. Buna görə də onlarla belə müəssisələr yaradılsa, sahibkarlar pul qoysalar belə, əhalinin yaradılmış dövlət qurumuna inamı yoxdursa, bu proses davam edəcək. 

Biz Azad İstehlakçılar Birliyi olaraq əhalinin dövlət qurumuna inanmağı istiqamətində iş aparırıq. Mən artıq 5 rayonda treninqlər keçirmişəm. Ayın 14-də Qubada treninq keçirdəcəm. Yəni bu əhalinin qida təhlükəsizliyinin təmin olumasına dair ölkə prezidentinin çağırışlarına ictimai dəstək verilməsi layihəsidir. Bu layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib. 

Mən ardıcıl olaraq Qida Təhlükəsizliyi Agentliyinin əsanaməsinin lobbiçiliyini aparıram ki, əhali bu işə dəstək versin. Lakin Qida Təhlükəsizliyi Agentliyi ictimai təşkilatla heç bir əməkdaşlıq etmir. Bütün hallarda mən əhalini maarifləndirəcəm ki, əhali üzünü küçə kəsimlərindən marketlərə çevirsinlər. Çox təəssüflər olsun ki, hal-hazırda ətlərin 90 faizi açıq satılır. Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələri gəzməyi kənara qoyub bu işlərlə məşğul olmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar