Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Yol xəritəsi” də gəlib idarəetmə probleminə dirənir” – Müsahibə

“Azərbaycanda nə baş verəcək? Mən yenidən bir neçə bankın bağlanmasını gözləyirəm. Ən azı 10-15 bank bağlanacaq”.


Natiq Cəfərli: “Neftin keçən ilki ortalama qiyməti 41, bu ilin ilk 7 ayinda isə təqribən 54-55 dollar olub. Bunun nəticəsi olaraq iqtisadiyyatda daralma azalıb. Bu qeyri-neft sektorunun inkişafı və ixracatın artması nəticəsində baş versəydi, daha normal sayılardı”.

PİA.AZ iqtisadçı ekspert Natiq Cəfərli ilə müsahibənin ÜÇÜNCÜ hissəsini təqdim edir: 

Müsahibənin BİRİNCİİKİNCİ hissəsin bu linkdən oxuya bilərsiniz.

Dosye: Natiq Cəfərli 1972-ci il fevral ayının 22-də Bakıda andan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna bitirdikdən sonra, könüllü olaraq orduya gedib və 1996-cı ildə orduda xidmətimi başa vurub. 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. 2005-ci ildən bu günədək müxtəlif KİV-lərdə 200-ə yaxın məqaləsi dərc olunub. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəznində Siyasi Biliklər məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib. 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisir. Aktiv siyasətlə məşğul olur. Ölkənin tanınmış iqtisadçılarından biridir.

Natiq Cəfərli 2017-ci il  avqustun 12-də gecə saatlarında Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham edilərək, 4 aylıq həbs edilib. Amma bir aydan sonra azadlığa buraxılıb.

- Yəni deyirsiniz ki, bir neçə ildən sonra Azərbaycan qazdan əldə etdiyi gəlirləri ancaq xarici borcların azaldılmasına yönləndirəcək. Azərbaycanın xarici borcları son illər niyə sürətlə artır və 2020-ci ildən sonra Azərbaycan dövlətinin defolt olması ehtimalı azda olsa varmı?

- Ölkələrin defolt olması çox ağrılı prosesdir. Mən Azərbaycanın defolt olacağını düşünmürəm. Amma ciddi proseslərin olması ehtimalı güclüdür. Çünki Azərbaycan hökumətinin qəbul etdiyi “Yol xəritəsi”nə baxdıqda qeyri-neft sektorunun inkişaf strategiyasında hər şey gəlib bir məsələ də düyünlənir. Söhbət idarəetmədə və hüquq sistemində zəruru islahatlardan gedir. 

Böhrandan çıxıb və sistemi yeniləyən dünya ölkələrinin təcrübəsinə baxsaq, (Cənubi Koreya, Sinqapur, Çili,  Tayvan), görərik ki, iqtisadiyyatda atılan addımlar mütləq idarəetmədə və hüquq sistemində tamamlanır. Çox təəssüf ki, Azərbaycan hökuməti bu iki sahə ilə bağlı heç bir addım atmır. Ona görə də çox mükəmməl “diplom işi” kimi yazılmış “Yol xəritəsi” belə heç bir effekt vermir. Düzdür, Yol xəritəsi”sinin yazılma qaydalarında da ciddi problemlər var. Məsələn, görüləcək işlərin zaman məhdudiyyətləri, maliyyə mənbələri göstərilməyib. Bu “Yol xəritəsi”sinin ən böyük axsaqlığı və zəif cəhətidir. Yəni bu yaxşı oxuyan bir tələbənin “diplom işi” kimi yazılmış mətndir. Lakin bu “diplom işi” də gəlib idarəetmə problemində dirənir. Yəni idarəetmədə və hüquq sistemində islahatlar yoxdur. 

Bu mənada Azərbaycan iqtisadiyyatının daha da zəifləməsi ehtimalı çox yüksəkdir. Keçən ilki rəsmi rəqəmlərə görə ÜDM 4 %, bu ilin ilk 7 ayında isə 1% azalıb. Azalmanın sürətinin aşağı düşdüyünü görürük ki, bu da yaxşıdır. Amma səbəblərini araşdıranda kökündə yenə “əla-həzrət”nefti görürük. 

Neftin keçən ilki ortalama qiyməti 41, bu ilin ilk 7 ayında isə təqribən 54-55 dollar olub. Bunun nəticəsi olaraq iqtisadiyyatda daralma azalıb. Bu qeyri-neft sektorunun inkişafı və ixracatın artması nəticəsində baş versəydi, daha normal sayılardı. Demək sabah neftin qiyməti yenə 40 dollara düşsə, (bu ehtimal bu ilin axırı-gələn ilin əvvəli üçün reallaşa bilər), Azərbaycan iqtisadiyyatının yenə kəskin daralmasınının şahidi ola bilərik. 

Bir daha qeyd etmək istəyirəm ki, ölkənin defolt olması çox ağrılı bir prosesdir. Mən inanmıram ki, bizi yaxın gələcəkdə bu gözləyir. Nə gözlədiyini isə deyə bilərəm. Azərbaycan 25 illik müstəqilliyi dövründə ilk dəfə idi ki, büdcəsinin 12%-ni xarici borcun ödənilməsinə yönəltdi. Getdikcə artan xarici borcun sürətini və geri qaytarılmanın pik nöqtəsini 20-ci ildən sonraya düşdüyünü nəzərə alsaq, Azərbaycan 21-ci ildə 4 milyard yarım dollara yaxın borc qaytarmalıdır. 

Azərbaycanın bu günkü büdcəsinin dollar ekvivalenti 11 milyarda yaxındır. Biz bir anlıq təsəvvür etsək ki, 20-ci ilə qədər də büdcənin kəskin artması gözlənilmir, ən yaxşı halda bundan sonra  bir -iki milyard dollar artım ola bilər, onda 12 milyard dollarlıq büdcənin 30%-ni xarici borcların ödənilməsinə sərf etsək, bu sosial vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq. Deməli pensiyaların, maaşların dondurulmasını və ya gecikdirilməsini, daxili investisiyaların azalmasını görə bilərik. Əgər investisiya azalacaqsa iş yerlərinin sayı da azalacaq. İş yerlərinini sayı azalacaqsa, gəlirlər  də azalacaq. 

Bu baxımdan 20-ci ilə qədər qalan 2-3 illik zaman çərçivəsində çox kritik qərarlar verilməlidir və idarəetmədə də böyük dəyişiklik olmasa, onda bizi çox ağır zaman gözləyir. Hələlik qızıl və valyuta ehtiyatlarının həcmi borcların bağlanmasına kifayət edir. Amma bir anlıq təsəvvür edin ki, cəmi 3 il bundan qabaq ÜDM-in 8%-i olan xarici borc bu il artıq 60%-ə çatıb. Vəziyyət 2020-ci ilə kimi belə getsə, borc təqribən 90-95% qədər qalxacaq. Yəni ÜDM qədər borcumuz olacaq. Bu artıq ciddi təhlükədir.



Natiq Cəfərli: “Azərbaycan 25 illik müstəqilliyi dövründə ilk dəfə büdcəsinin 12%-ni xarici borcun ödənilməsinə yönəltdi”.


- Sizin fikrinizcə, bu şərtlər altında manatın sabitliyi hansı dövrə qədər davam edəcək?

-Əslində manat sabit deyil. Sadəcə Azərbaycan hökuməti və cəmiyyəti, iş adamları da ancaq dolları valyuta sayır və bu valyuta ilə hesablama aparırlar. Son zamanlar Azərbaycan manatı başqa valyutalara, o cümlədən avroya nisbətdə 15% dəyər itirib. Bu anlamda  manat sabit deyil. Manatın dəyərdən düşməsi dünyada 5 ən vacib valyuta səbətinə görə kəskin şəkildə 10-15 % civarında baş verib. Amma dollar sabitdir. 

Dolların sabit qalmasının iki ana səbəbi var: Birincisi, Neft Fondundan Mərkəzi Banka bu il 7.5 milyard manat maliyyə sabitliyinin qorunması adı altında vəsait ayrıldı. Bu vəsaitin böyük hissəsi manatın dollar qarşısında sabit qalmasına, bir hissəsi də Mərkəzi Bankın vəsaitinin artırılmasına xərclənib. Və çox qəribədir ki, son aylar Mərkəzi Bankın ehtiyatlarının artmasını qələbə kimi qələmə verirlər. Halbuki bu pulu bir cibdən götürüb, digər cibə qoymaqdır. Neft Fondundan vəsait Mərkəzi Banka daxil olub və bu Mərkəzi Bankın  ehtiyatlarının təxminən 800 milyon dollar artmasına səbəb olub. 

İkinci səbəb ondan ibarətdir ki, hökumətin dollarla bağlı qırmızı xətti var. Dolların 1.70 manatdan aşağı düşməsini istəmir. Əgər manat çox möhkəmlənsə Neft Fondundan daha çox dollar götürüb obrazlı desək, manata çevirib, büdcəyə ötürməlidirlər. Digər tərəfdən dollara qənaət etmək üçün manatın çox aşağı düşməsini istəmirlər. 

Əgər hökumət doğurdan da qeyri-neft sektorunu və ixracatı inkişaf etdirmək istəyirsə, o vaxt qeyri-neft sektorunun ixarcatının artması üçün ucuz manat daha sərfəlidir. Manat daha da ucuzlaşmalıdır ki, qeyri-neft sektorunun ixracatı daha sərfəli olsun. Bu mənada aşağı xətti 1.70 müəyyənləşdiriblər. Dolları bundan aşağı düşməyə qoymurlar. 

Bu inzibatı yolla həyata keçirilir və heç bir iqtisadi əsasa dayanmır. Güya ki, manatın məzənnəsi hərracda ortaya çıxır. Çox maraqlıdır, adını hərrac qoyublar, amma necə başlayırsa, elə də bitir. Yəni hərrac 1.7008 -lə başlayır, 1.7008-lə bitir. Hərrac zamanı ya azalma, ya da çoxalma prosesi olmalıdır. Amma bunlardan heç biri baş vermir. Bu da onu göstərir ki, manat sırf inzibati yolla tənzimlənir. Amma vəziyyət avro da elə deyil. 

Dünyada gedən proseslərə uyğun olaraq müəyyən dəyişikliklər olur, o da inzibati qaydada tənzimlənir. Amma ən azından biz dəyişiklikləri gündəlik görürük. Mən hesab edirəm ki, yaxın zamanlarda dolların 1.70-dən aşağı düşməsinə, ya da manatın daha çox möhkəmlənməsinə imkan verməyəcəklər. Ən yuxarı həddi isə bu ilin yanvarında gördük. Mənə elə gəlir ki, hökumətin də beynində tutduğu yuxarı xətt təqribən 1.90-1.95-dir. Fikrimcə, hökumət, bir növ xarici ticarətin artırılması və Neft Fonduna  qənaət etmək üçün 1.91 həddinə qədər manatı ucuzlaşdıra bilər və bunun üçün əlində kifayət qədər imkanlar da var. 

Bundan başqa xarici faktorlar da var. Bu il sentyabrın 19-20-si və ilin sonuna doğru daha bir FED toplantısı olacaq. Mütləq iki toplantıdan birində faiz artırılacaq. FED tərəfindən faiz artımı ilə paralel olaraq likvidliyin azaldılması qərarı veriləcək. Obrazlı desək, FED 2008-dən sonra böhranı basdırmaq üçün çap edərək bazara atdığı valyutanı, likvidliyi geri çəkməyə başlayacaq. Bu da təqribən 5 trilyon dollardır. FED dünya iqtisadiyyatına ciddi ziyan vurmasın deyə, bu qədər valyutanı birdən -birə tam geri çəkə bilməz. Amma hər ay təqribən 60 milyard dollar geri çəkməyə başlayacaq. Bu da dolların bahalaşmasına səbəb olan amillərdən birinə çevrilə bilər. 

Onu da deyim ki, dolların indi ucuzlaşmasının səbəbi iqtisadi yox, siyasi prossesdir, Trampla bağlı yaranan problemlərdir. Donald Trampın siyası gələcəyi hələ də sual altındadır. Komissiyalar işləyir və bildiyimiz kimi hətta Trampın oğlu belə Konqresdə ifadə verdi. Çox güman ki, yanvar-fevral aylarında xüsusi prokurorun Trampla bağlı qərarı olacaq. Trampın siyasi həyatının şübhə altında olması dollara pis təsir göstərir və onu  zəiflədir. 

Bundan başqa FED rəhbəri Cennet Yellinin birinci müavininin istefa verib,  eyni zamanda Yellinin özünün istefası da gündəmə gəlib. Yellin Trampın apardığı siyasəti bəyənmədiyinə və maliyyə-pul kredit siyasətinə müdaxilələr etdiyinə görə istefa vermək istəyir. Bu iki siyasi faktor dolları ucuzlaşdırdı. Dünyada dollar indeksi son 3 ayda 102 punkdan 91-ə qədər düşüb və buna paralel olaraq neftin qiymətləri də düşsə vəziyyət gərgin olacaq. Çünki baha dollar daha ucuz neft deməkdir. İndi hamı sevinir ki, neft 55-56 dolllardır. Amma dollar indeksinə baxsaq və real olaraq dolların indeksinin 102 punkt olduğu dövrlə hesablasaq, indi neftin qiyməti 49 dollardır. Yəni dollar ucuzlaşıb deyə neft 55 dollara qədər bahalaşıb. 

Burda da ciddi korrelasiya var. Ona görə həm neftin qiyməti düşsə, həm də FED faizi artırsa ilin sonuna qədər Mərkəzi Bank məcbur qalıb manatın məzənnəsində cüzi dəyişikliklər edəcək. Düzdür, bu il üçün 2 manatı keçməsi real deyil. Çünki Mərkəzi Banka 7.5 milyard manat ehtiyat verilib. Amma gələn il çox güman ki, bu ehtiyat verilməyəcək. Çünki Neft Fondunun da kifayət qədər məhdud ehtiyatları var və hər il Mərkəzi Banka 7.5 milyard verməsi kimi ehtiyata sahib deyi. Gələn il bu vəsait ayrılmasa manatla bağlı daha ciddi proseslərin şahidi ola bilərik.



Natiq Cəfərli: “12 milyard dollarlıq büdcənin 30%-ni xarici borcların ödənilməsinə sərf etsək, bu sosial vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq”.


- Azərbaycanda gələn il seçkilər keçiriləcək.Hesab edirsiniz ki, seçki ilində yenidən devalvasiyaya gedilsin?

-Açığı seçki ilində kəskin devalvasiya olmayacaq. Artıq bir gecəlik devalvasiyalar dövrü bitdi. Nəhayət Mərkəzi Bank anladı ki, bir gecəlik devalvasiyalar Azərbaycan iqtisadiyyatına çox böyük zərbə vurur. İndi devalvasiya yumşaq şəkildə aparılır.  Müəyyən şirkətlərin xüsusən də SOCAR-ın problemləri olduğu üçün devalvasiyanı 1.92-yə qədər apardılar və əldə olan vəsaiti manata çevirdilər. Manatı 1.92 səviyyəsinə qaldırmaqla SOCAR-ın Petkim ilə olan problemini həll etdilər. 

Bu inzibatı qaydada tənzimlənən prosesdir. Məzənnənin gələn il iki manatı keçəcəyini düşünmürəm. Yenidən hədəf dolların 1.92-1.95  manat olmasıdır. Seçki ilinə gəldikdə isə Azərbaycanda bu prosesi seçki adlandırmaq düzgün deyil.Seçkiyə xeyli müddət qalmış bütün proseslər həll olunur. Seçki artıq formallığa çevrilir. Mənə elə gəlir ki, seçki gününə qədər artıq bir çox məsələlər həll olunacaq, deyə hökumət üçün seçki dövründə hər hansı qiymət artımına gedib-getməmək o qədər də prioritet olmayacaq. Səsdən asılı seçki olsaydı, devalvasiyaya gedilməz, hətta qiymətləri də aşağı salardılar. Necə ki, biz bunu Türkiyədə görürük. Türkiyədə seçkidən əvvəl sosial müavinatlar artır, qiymətlər hətta benzinin qiyməti belə azalır. Amma seçki bitən kimi hər şeyin qiyməti qalxır. 

Hal-hazırda Azərbaycanda buna bənzər vəziyyət yoxdur. Bununla belə kəskin addımların atılacağını düşünmürəm. Hökumət yumşaq devalvasiya apara bilər, dediyim kimi manat sabit deyil. Bir anlıq onu düşünək ki, birinci devalvasiyadan sonra 1 dollar  1 manat 5 qepik, ikinci devalvasiyadan sonra isə 1manat 55 qepik idi. Bugün isə 1 manat 70 qəpikdir. Yəni üçüncü yumşaq devalvasiya artıq baş verib. 1 manat 55 qəpiklə 70 qəpik arasında 15% -ə qədər fərq var.

- Məlumdur ki, Azərbaycana Rusiyadan da ciddi valyuta axını olur. Bu baxımdan Rusiya rublunun Azərbaycan manatına hansı təsirləri var?

- Birbaşa olmasa da, daha çox psixoloji təsiri var. Bizdən fərqli olaraq Rusiyada doğurdan da məzənnəni birja müəyyən edir. Rusiyada kifayət qədər ciddi valyuta alıb-satan oyuncular var. Bunlar istər fiziki, istər hüquqi, istərsə də, hansısa şirkətlər ola bilər. Azərbaycanda isə bir satan otuz da alan var. Bizim bazar valyutanı satan Neft Fondundan və cəmi 30 iştirakçı bankdan ibarətdir.

- Rusiyada rubla ən çox təsir edən məsələlərdən biri də Ukrayna böhranıdır. Əgər o böhran yenidən şiddətlənə və rublun məzənnəsi düşərsə bunun Azərbaycan manatına təsiri ola bilərmi?

-Bu yaxınlarda bir neçə nüfuzlu beynəlxalq investisiya şirkətlərinin hesabatlarını oxudum. O hesabatlarda gözlənilən budur ki, Rusiya rublu ən azı bu ilin sonu gələn ilin əvvəlində yenidən 70 rubl -1 dollara qədər ucuzlaşa bilər. Buna səbəb olaraq həm neftin qiymətinin ucuzlaşması, həm sanksiyaların daha dərinləşməsi, həm də siz deyən kimi Ukrayna böhranın getdikcə daha aktiv fazaya keçmə ehtimalı ilə bağlıdır. Bu ehtimallar özünü doğrultsa, onda rus rublunun ucuzlaşmasını görərik. Amma bu məqamda Azərbaycanla Rusiya arasında maraqlı və ciddi fərq var. Əslində fərqlər çoxdur. Amma məzənnə məsələsində əsas fərq odur ki, Rusiyada rublun ucuzlaşmasından qazananlar var. Çox ciddi şirkətlər var ki, rubl ucuz olanda ciddi gəlirlər əldə edirdi. Bu vəziyyət Türkiyədə də  belədir. Lirənin ucuzlaşması ixracatla məşğul olan şirkətlərə sərf edir, onlar sevinirlər.  

Azərbaycanda isə problem odur ki, manatın ucuzlaşması hamıya təsir edir və hamı da itirən tərəf olur.Çünki  Azərbaycanda elə şirkət yoxdur ki, xaricə mal satsın, ölkəyə çoxlu valyuta gətirsin və sabah manat ucuzlaşıb 1 dollar -5 manat olsa da, malını satıb pul qazansın. Heç kim buna sevinmir. Bu mənada Azərbaycanla Rusiya arasında ciddi fərqlər var. 

Rubl və təngənin kəskin ucuzlaşmasının manata psixoloji təsirləri olacaq. Həm də sanki bu Mərkəzi Banka bir bəhanə verir. Təngə də hansısa ciddi dəyişikliklər baş verən kimi manatı da dəyərdən salırlar. Və sonra da deyirlər ki, burada bizlik ne var.



Natiq Cəfərli: “Artıq bir gecəlik devalvasiyalar dövrü bitdi”.


- Azərbaycanın bank sektorunun vəziyyəti barədə nə deyə bilərsiniz?

-Azərbaycanda bank sektoru bərbad vəziyyətdədir. Azərbaycan hökuməti hələ də anlamır ki, bank sektoru iqtisadiyyatın qan damar sistemidir. Obrazlı desək bu sistem düzəlməsə, iqtisadiyyatın ürəyi dayanar. Necə ki, biz bu vəziyyəti indi görürük. 

Bank sisteminin ən böyük problemi təkcə problemli kreditlərin həcmi deyil. Problemli kreditlər doğurdan da çox böyük yükdür. Bəzi banklar var ki, artıq problemli kreditlərin həcmi 45-50%-ə çatıblar. Halbuki hökumət rəsmi olaraq bu həcmi 14% elan edib. Amma hökumətin indikatorları fərqlidir. Əgər mən hər ay 1000 manat ödəməli olduğum halda 25-30 manat ödəyirəmsə dövlət bunu problemli kredit hesab etmir və hesabata daxil etmir. Amma beynəlxalq praktikada bu sırf problemli kredit sayılır. 

Ona görə də Moody’s, Fitch kimi beynəlxalq agentliklər Azərbaycanda problemli kreditləri 25-30% hesab edirlər. Reallıqda isə bu 50%-ə yaxınlaşır. Ən böyük dərd bundadır ki, banklar bu problem öz başına həll edə bilməyəcəklər. Vətəndaşları da kütləvi şəkildə məhkəmələrə verdilər, bununda xeyri olmadı. Bugün məhkəmələrdə işlərin 70%-ə yaxını banklarla bağlıdır. Bu böyük biabırçılıqdır. On minlərlə insanı həbs etməyəcəkərinə görə bunlar boş işlərdir. Yeri gəlmişkən, həbsxanada o qədər yerdə yoxdur. Ona görə də bu məsələdə Mərkəzi Bankın iştirakı olmasa, problem həll olunmayacaq. Çox təəssüf ki, bunu 3 ildi uzadırlar. Uzatdıqca da bu problemin həlli daha da bahalaşır. Əvvəllər daha ucuz başa gələ bilərdi.

- Natiq bəy, siz mövcud problemin həllini nədə görürsüz?

-Bu vəziyyətə ən uyğun həll modelini Qazaxıstanda həyata keçirildi. Belə ki, Qazaxıstan məsuliyyəti 3 hissəyə böldü: Vətəndaş, bank, hökumət. Devalvasiyadan sonra Azərbaycanda bütün yük vətəndaşın ciynindədir. Əgər vətəndaş 1000 dollar kredit götürüb və bu om zaman 780 manat idisə, indi 1700 manatdır. Qazaxıstan bu yükü 3 yerə böldü: Borcun üçdə birini hökümət üzərinə götürdü, üçdə birini bankın üzərinə qoydu, üçdə birini isə vətəndaş ödədi. Bu formulla Qazaxıstan böyük problemlərini həll etdi. 

Biz də bu formulu 2015-ci ildə böyük müsahibə verərək media vasitəsilə bölüşdük. Onsuzda biz qeyd etmişdik ki, vətəndaş bunun hamısını ödəməyəcək. Əgər vətəndaş 28-30%-lə kredit götürübsə və manat da 2 dəfə dəyərdən düşübsə vətəndaş bunu necə geri qaytarsın?

- Dövlət hazırda bəzi özəl banklara dəstək verir. Beynəlxalq Bank kimi biabırçı nümunə ola-ola necə əmin olmaq olar ki, baş verənlər yenidən təkrarlanmayacaq? Bu kimi halların qarşısını almaq üçün nə təklif edərdiniz?

-Açığı heç bir əminlik yoxdur. Çünki bununla bağlı hansısa sistem yoxdur. Bu mexanizmin dünya praktikasında 2 yolu var. 

Birincisi, sırf bazar mexanizmidir. Nəhayət Azərbaycan hökuməti xarici bankların ölkəyə birbaşa girməsinə icazə verir. Bundan qorxmur və çəkinmir. Lakin hökümət belə bir addımı atacaqmı? Bu sual çox önəmlidir. Mənim bildiyim qədər hökumət hökuməti xarici bankların ölkədə fəaliyyətindən ona görə qorxur ki, yerli banklar rəqabətə davam gətirə bilməyəcək. 

Digər tərəfdən ölkədə fəaliyyət göstərən bütün banklar özlərinə, yəni iri çaplı məmurlara məxsusdur. Ona görə də bazaar iqtisadiyyatının qqızıl qanunlarından olan,“kim çökər çöksün, kim ayaqda qalır qalsın”, prinsipi bir kənara atılır. Yəni Azərbaycanda iqtisadiyyata liberal yanaşma yoxdur, monopolist yanaşma var.  Bu əsas problemlərdən biridir.

 Mən əminəm ki, hökumət xarici bankların Azərbaycanda fəaliyyəti üçün normal şərait yaratsa, Azərbaycanın yerli bank sektorunda 5-6 bankdan başqa heç biri rəqabət zamanı ayaqda qala bilməz. Dövlət də həmin banklardakı əmanətlərə təminat verir və onları geri qaytarır. Kreditlərə qarışmır, əmanətləri geri qaytarır. Bu liberal yanaşmadır. 

İkincisi, dövlət bütün yükü öz üzərinə götürür, sağlamlaşdırır, daha sonra problemli bankları özəlləşdirir yaxud da banklardan payını alır. Bugün Beynəlxalq və Azər Türk bankdan başqa bankların əksəriyyəti özəldir. Ən böyük biabırçılıqlar da bu banklarda olub və indi də davam edir. 

Məsələn, A bankında problem var və dövlət neynəyə bilər? Dövlət səhm paketinin 50%-nii ala bilər. Həmin banka misal üçün, 1 milyard manat pul yatıra bilər. Həmin 1 milyardla bank öz problemlərini həll edər və nəzarət mexanizmi də dövlətin öz əlinə keçər. 

Ancaq burda nəzarəti həyata keçirən qurum və ya şəxslərin dürüst olması lazımdır. Ona qalsa Beynəlxalq Bank biabırçılığında Maliyyə Nazirliyinin də payı var. Qanuna görə Maliyyə Nazirliyinin müavini Müşahidə Şurasının sədridir. 15 ildir həmin bankda oğurluq gedir və siz bunu görmürsüz? 

Artıq burada bu mexanizmi işlədərək tam sağlamlaşdırdıqdan sonra dövlət qoyduğu vəsaiti bazara çıxarır. Ya xarici ya da daxili investora satıb, pulunu geri götürür. Bu ən sivil qaydalardan biridir. 

Azərbaycanda nə baş verəcək? Mən yenidən bir neçə bankın bağlanmasını gözləyirəm. Ən azı 10-15 bank bağlanacaq. Yerdə qalan azsaylı banklar - birbaşa böyük nüfuzu olan şəxslərə məxsus olanlar ayaqda qalacaq. Yalnız onların problemi dövlət yardımının vasitəsilə həll olunacaq. Mənim gördüyüm mexanizm budur və hesab edirəm ki, hazırda bank sektorunu sağlamlaşdırmaq istəyən hökümət səhv yoldadır. Hazırda hökümət dövlət vəsaitini  qeyri-effektiv istifadə edir.



Natiq Cəfərli: “Azərbaycanda problem odur ki, manatın ucuzlaşması hamıya təsir edir və hamı da itirən tərəf olur”.


- Dediz ki, Azərbaycan bank sektorunda sağlamlaşdırma aparmaq üçün xarici banların Azərbaycanda fəaliyyəti üçün normal şərait yaradılmalıdır. Hancı şəraitdən söhbət gedir və ümumiyyətlə xarici bankların Azərbaycana girişinə icazə verilməsini real hesab edirsiniz?

-Əgər xarici bankların Azərbaycana girişinə icazə verməsələr, yerli banklar yenidən batacaq. Rəqabət olmayan yerdə inkişaf olmur. Bu icazənin olmaması bir vətəndaş kimi məni utandırır. Gürcüstanda dünyanın top 20 qrupuna daxil olan 4 bankın filialı var. Çox ciddi banklar Gürcüstanda fəaliyyət göstərir. 

Amma Azərbaycana gəlmirlər və oyunun qaydaları dəyişməsə, heç vaxt da gəlməyəcəklər. Çünki bank adətən ağıllı insanlar tərəfindən idarə olunur və onlar riskləri o dəqiqə dəyərləndirirlər. Bu risklərin qarşılığında Azərbaycanda fəaliyyət göstərməyin hansı mənfi nəticələr doğuracağını da bilirlər. Ona görə də onların iki vacib şərti var. 

1.  Azərbaycan Ümumi Ticarət Təşkilatına üzv olmalıdır və beynəlxalq oyun qaydalarına riayət etməlidir, o cümlədən maliyyə sistemini dünya sisteminə uyğunlaşdırmalıdır.

2. Vergi qanunvericiliyinə dəyişikliklər edilməlidir və bundan sonra ölkəyə gələn bütün investisiyalara dövlət zəmanəti verilməlidir. Bunu etməsələr heç bir investor bura gəlməz. 

Ona görə də yaxın bir il ərzində sağlamlaşdırma prosesi başa çatdıqdan sonra xarici bankları bura buraxmasalar xilas etdikləri banklar  Beynəlxalq Bankdan da bərbad vəziyyətə düşəcək. Çünki rəqabət olmasa inkişaf da olmayacaq.

Azər QARAMANLI
Nərminə UMUDLU
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar