Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: “Onların hamısı öz əməllərini ört-basdır edirlər” - Müsahibə (II Hissə)


“Antikollektor” MMC-nin direktoru: “Bütün banklarda yoxlama keçirilməlidir və müəyyən edilməlidir ki, banklar hansı müştərilərinə güzəştli şərtlərlə kreditlər veriblər”.


“Mərkəzi Bankın apardığı yoxlamaların sənədlərini də gizlədirlər. Çünki böyük ehtimalla Mərkəzi Bank gəlib yoxlama aparıb və deyib ki, hər şey əladır. İndi soruşmaq lazımdır ki, o vaxt hər şey əla idisə, bəs indi niyə birdən-birə bu cür hallar baş verdi? Bir sözlə, onların hamısı öz əməllərini ört-basdır edirlər. Əlbəttə ki, bu vəziyyət belə də davam etsə, bank sistemi çökə bilər”.

Bu sözləri PİA.AZ-a müsahibəsində “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənov söyləyib.

Dosye:  Əkrəm Həsənov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq magistridir. Həmçinin ali iqtisadi təhsilə (Azərbaycan Dövlət İqtisad Universiteti) və Qlobal Risk Peşəkarları Assosiasiyasının risk menecer sertifikatına malikdir. Avropa Şurasının Siyasi Biliklər Məktəbinin məzunudur.

2001-2005-ci illər ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında aşağıdakı vəzifələrdə çalışıb: Hüquq departamentinin aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi və Ümumi qanunvericilik şöbəsinin rəisi.

2005-2007-ci illər ərzində “Bank of Baku” ASC-nin Hüquq departamentinin direktoru vəzifəsində çalışıb. 2007-2011-ci illər ərzində Bank VTB (Azərbaycan) ASC-də aşağıdakı vəzifələrdə çalışıb: İdarə Heyətinin üzvü və İdarə Heyəti Sədrinin müavini. 

2011-ci ildən müstəqil hüquqşünas kimi fəaliyyət göstərir. 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.

Konstitusiya, mülki və bank hüququ sahəsində 50-dən çox elmi məqalənin, habelə "Azərbaycanın bank hüququ" (rus dilində) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı, iş və xidmər müqavilələrinə dair fəsillərinin kommentariyasına dair iki kitabın müəllifidir. Bir sıra qanunvericilik aktlarının müəllifi və həmmüəllifidir. Ailəlidir, 4 qızı var.

Əkrəm Həsənovun rəhbərliyi ilə yaradılmış “Antikollektor” MMC – 2016-cı ildə Azərbaycanda  antikollektor fəaliyyəti üzrə bütün növ xidmətləri əhatə edən ilk şirkətdir. “Antikollektor” MMC bankların, bank olmayan kredit təşkilatlarının, lombardların, dükanların, lizinq şirkətlərinin, fərdi sələmçilərin və digərlərinin borclularını kreditorların, kollektorların qanunsuz hərəkətlərindən müdafiə edir. Bundan başqa, onların maraqlarını həm məhkəmə proseslərində, həm də məhkəmə qərarlarının icrası mərhələsində təmsil edərək, vəsaitlərinin əhəmiyyətli hissəsinin qorunub saxlanılmasına nail olur, onların itirilmiş rahatlığını və asayişini bərpa edir.

“Antikollektor” MMC ixtisaslaşma əsasında vətəndaşlarla (fiziki şəxslərlə), hüquqi şəxslərə və fərdi sahibkarlara da xidmət göstərir.

PİA.AZ “Antikollektor” MMC-nin direktoru, Bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənovla müsahibəsinin İKİNCİ HİSSƏSİNİ oxucularının dİqqətinə təqdim edir.

Müsahibənin birinci hissəsini BURDAN oxuya bilərsiniz.

- Əkrəm bəy, banklar o qədər oyun oynayıb, əhalidən pul mənimsədikləri kimi, niyə əllərindəki imkanlarla və məmurlara təsir resursları ilə bankların iflasının qarşısını ala bilmədilər?

- Birincisi ona görə iflasın qarşısın ala bilmədilər ki, bankirlər gördülər ki, pul yoxdur. İkincisi də öz mənimsədikləri pulu qaytamaq istəmədilər. Yəni bankirlər mənimsədikləri pulları götürüb aradan çıxmağa üstünlük verirlər. İflas onlar üçündə xilas yoludur. Çünki gördülər ki, ödəniş qabliyyəti olanlar belə krediti qaytarmaq istəmir. 

Amma bankirlər mənimsədikləri pullarla əhaliyə kömək etsəydilər, əhali ilə ortaq nöqtə tapmaq olardı. Mən “Bank Standard”-ı ən bariz nümunə deyim. “Bank Standard” həcminə görə Azərbaycanda Beynəlxaq Bankdan sonra ikinci bank, bağlanan banklar arasında isə ən böyük bank idi. İndi məlum olub ki, “Bank Standard”-ın 1 milyard 200 milyon borcu var. Əmlakı isə deyirlər 195 milyondur, yəni bu 6 dəfə fərq deməkdir. 

“Bank Standard” 741 milyon kredit verib. O kreditin də 432 milyonu təminatsızdır. Yəni verilən kreditlərin 60 faizinin girovu belə yoxdur. Demək, bunların elə özləri o pulları aradan çıxardıblar. 

Başqa banklarda da oxşar vəziyyətdir. Belə bankların bağlanmaması üçün mənimsədikləri pulu heç olmasa bir hissəsin qaytarmalı idilər. Amma heç bir bankir bunu etmədi və bankı qurban verdilər. Bir sözlə, Azərbaycanda bank sisteminin bu hala düşməsinin səbəbi Mərkəzi Bankla, bankların iş birliyidir. Mərkəzi Bank banklarla birləşib ölkənin bank sistemində bu vəziyyəti yaratdılar. İndi isə Maliyyə Bazarlarına Nəzarət Palatası nədənsə bu işlərin üstünü açmağa tələsmir.


Əkrəm Həsənov: “Azərbaycanda bank sisteminin bu hala düşməsinin səbəbi Mərkəzi Bankla, bankların iş birliyidir”.


- Hazırda vətəndaşların kreditlərin ödənməsindən yayınmaq istəyi Bank sektoru üşün hansı problemləri yaradır?

- Əlbəttə vətəndaşların özü də problemli kreditlərin yaranmasında iştirak edirlər. Mən həmişə vətəndaşlara deyirəm ki, bir çox hallarda ayaqların yorğanlarına görə uzatmırlar. Mən ev alanı, uşağın oxutmaq istəyəni, toy etmək istəyəni, ağır xəstəsi olanı başa düşürəm. Amma gündə bir telefon, avtomobil alanı başa düşmürəm. Avtomobil alan da ondan yalnız taksi kimi istifadə edirsə, onu başa düşürəm. Amma “qonşuda var, qoy məndə də olsun”, prinsipini başa düşmürəm. Mən hətta son dövrədək avtokreditlər üzrə vətəndaşları müdafiə etmək istəmirdim. 

Amma onu da qeyd edim ki, bu məsələdə də dövlətin məsuliyyəti var. Çünki insan zəifdir və dövlət də vətəndaşı qorumalıdır. Banklar da son 10-15 ildə reklamla hamını bezdirmişdilər. Hamı da həmin reklamlara tab gətirə bilmirdi. Məsələn evdə kişinin başın həyat yoldaşı doldururdu ki, qonşuda var, bank da güzəştlə kredit verir, sən də get al. Dövlət də bu istiqamətdə heç bir şərt qoymurdu ki, kredit vətəndaşların gəlirinə uyğun olmalıdır. Bu baxımdan dövlət də günahkardır. 

Ümumiyyətlə mən kredit borcu olan vətəndaşları 3 qrupa bölürəm. 

1. Vətəndaşların həqiqətən də ödəniş qabliyyəti yoxdur. Yəni işi, gəliri yoxdur, ya da gəliri, yəni pensiyası varsa belə, o heç onun özünə çatmır. Bu halda vətəndaş müflisdir və həmin vətəndaşın indi borcu qaytarmamasına görə günahı yoxdur. 

2. Vətəndaş krediti qaytarmaq istəyir. Sadəcə ədalət istəyir. Çünki bankirlər faktiki olaraq onları soyublar. Onu da qeyd edim ki, elə vətəndaşlar var ki, devalvasiyaya qədər heç bilmirlərmiş ki, onların kreditləri dollarla imiş. Bu vətəndaşlar da indi deyirlər ki, biz ortaq məzənnə müəyyən edək və milli valyutaya çevirin mən də krediti ödəyim. Bu halda da mən hesab edirəm ki, biz vətəndaşı müdafiə etməliyik. Çünki vətəndaş qanuna görə haqlıdır. Mülki Məcələnin 422-ci maddəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin hüquqi nəticələri tənzimlənir. Yəni bu qanun deyir ki, şəriat əhəmiyyətli dərəcədə dəyişibsə, bu zaman tərəflərdən biri müqavilə şərtlərin dəyişdirilməsin tələb edə bilər. Hətta qanunda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin də izah edilir. Yəni deyilir ki, bu elə bir dəyişməkdir ki, tərəflər onu əvvəlcədən bilsəydilər o müqaviləni bağlamazdılar. Aydındır ki, mən bilsəydim ki, devalvasiya olacaq müqaviləni imzalamazdım. Yəni qanuna görə vətəndaşın haqqı var ki, desin ki, müqavilə şərtini dəyişək, güzəştli məzənnə müəyyən edək. Hətta Konstitusiya Məhkəməsinin də 14 may 2015-ci il tarixli qanunsuz (mənim zənnimə görə) qərarında belə, göstərilibdir ki, əhaliyə dollar kreditləri üzrə banklar güzəştlər etməlidir. Yenə qeyd edim ki, çox vətandaşlar da demir mən krediti tamamilə ödəmirəm, deyirlər bizə güzəşt edilsin.

3. Bəzi vətəndaşlar da var ki, onlar yaranmış vəziyyətdən sui-istifadə etmək istəyirlər. Yəni onlar sadəcə olaraq krediti qaytarmamaq istəyirlər. Mən həmişə vətəndaşlara deyirəm ki, tutaq ki, faiz heç, amma borcun əsas hissəsi qaytarılmalıdır. Çünki həmin borcu qaytarmamaq hər nöqteyi nəzərdən günahdır, səhvdir. Yəni əgər sən 0.78 məzənnə ilə dollar krediti almısansa, heç olmaya götürdüyün məzənnə ilə də borcunu qaytar.
Mən bu cür danışanda da bankirlər deyirlər ki, sən camaatı öyrədirsən. Mən onlara deyirəm bunun da günahkarı sizsiniz. Çünki əgər bankirlər əhaliyə fərq qoysalar, o halda biz də ödəmək istəməyən vətəndaşları müdafiə etmərik. Amma bankirlər fərq qoymadıqları üçün bilmək olmur ki, kim düz deyir, kim səhv deyir. Sadəcə mən yanıma gələnləri geyminə görə qiymətləndirirəm. Bəzən də mən belə yanılıram. Çünki buradan gedəndən sonra mənə deyirlər ki, həmin adam 60 minlik maşına mindi getdi. Gəlib burada ağlayır ki, borcum var, amma imkanı da olduğu aydınlaşır. 

Hətta mən banklara təklif vermişdim ki, gəlin işçi qruplar təsis edək və hər bir vətəndaşın halına bir-bir baxaq. Amma banklar bu təklifə getmədilər, çünki saf niyyətləri yoxdur. Bizim heç də məqsədimiz o deyil ki, hamını müdafiə edək, çünki təbii bank sistemi də bizim də, onun da maraqlarını qorumalıyıq. Amma hər bir halda vətəndaşların günahı varsa belə, əsas günahkar onlar deyil. 















Əkrəm Həsənov:  “Bankirlər mənimsədikləri pulları götürüb aradan çıxmağa üstünlük verirlər”.


- Əkrəm bəy, hazırda problemli kreditlərlə bağlı tupikdən çıxış yolu tapmaq mümkün olacaq, yoxsa getdikcə problemli kreditlər bank sektorunu tamamilə iflasa sürükləyəcək?

- Mən problemli kreditlərlə bağlı tupikdən çıxış yolunu 3 istiqamətdə görürəm. 

1. Bütün banklarda yoxlama keçirilməlidir və müəyyən edilməlidir ki, banklar hansı müştərilərinə güzəştli şərtlərlə kreditlər veriblər. Yəni mən bankların mənimsədikləri pulları nəzərdə tuturam. Bu yolla mənimsənilən pulları bankirlərdən cinayət məsuliyyətinə cəlb etmək qorxusu ilə tələb etmək lazımdır. 

Mən hesab edirəm ki, bu yolla kifayət qədər vəsaiti geri qaytarmaq olar. Çünki hər halda pullar göyə uçmayıb. Həmin pullar kredit kimi gedibsə, demək ki, haradasa saxlayırlar. Onları sıxsalar pulların harada gizlədildiyini öyrənmək olar. Mən demirəm getsinlər bankirləri vursunlar, öldürsünlər. Sadəcə olaraq qanunvericiliyimiz buna imkan verir ki, dələduzluq və başqa maddələrlə bunları ittiham edək. 

Hətta bankirlərə və pulları oğurlayanlara demək də olar ki, məqsədimiz sizi həbs etmək deyil. Sadəcə mənimsədiyiniz pulun heç olmasa 80 faizin qaytarın, 20 faizi lap sizin olsun. Sizə də heç nə edilməyəcək. Çünki indi dövlətə pul lazımdır. Bunun üçün maliyyə amnistiyası haqda qanun qəbul edilməlidir.

2. Ödəniş qabliyyəti olmayan vətəndaşların borcları onların üzərindən tam götürülməlidir. Həmin vətəndaşlar da müflis elan edilməlidir. Buna qanunumuz da imkan verir. Sadəcə müflis elan edilmiş vətəndaşların siyahısı olmalıdır və o siyahı internetdə dərc edilməlidir. Çünki müflis elan edilmiş vətəndaş üçün məhdudiyyət də olmalıdır. Yəni hamı bilməlidir ki, bu vətəndaşa etibar edib pul vermək təhlükəlidir. 

Onu da qeyd edim ki, krediti ödəyə bilməyən insanların özlərinə də, övladlarına da bu hal psixoloji təsir edir. Bu psixoloji təsirlərə görə də intiharların sayı artır. Həm də o cür insanlardan onsuz da pul tələb etmək heç nəyi dəyişmir. 

3. Krediti ödəmək imkanına sahib olan debitor kateqoriyasına aid olan insanlara kreditləri ödəmək üçün ədalətli və güzəştli bir şərait yaradılmalıdır. Bu insanlara da güzəşt edilməlidir və hesab edirəm ki, bu güzəştin də müəyyən bir proqramı olmalıdır. 

Tutaq ki, bank xeyli debitorun pulun qaytardı və xeyli vətəndaşın da borcun sildi, qalan borcların bir hissəsinə də güzəşt etdi. Bu əsnada müəyyən edilsə ki, həmin bankın vəziyyəti pisləşdı, bu zaman dövlət həmin banka kömək edə bilər və etməlidir. Əgər belə şəffaflıq olsa, mən əmiməm ki, nəyinki dövlət, bir çox insan da bu məsələdə iştirak edəcək. Məsələn, bankların xilas etmək üçün yeni səhmləri buraxıla bilər və əhali də onları ala bilər. Yəni bankların xilası hamımızın işidir son nəticədə! Şəffaflıq olsa, niyə də birləşib bunu etməyək?!

Azərbaycan bankının indiki vəziyyətində yeganə çıxış yolu budur, amma heç bir bank sahibi və inzibatçısı mənimsədiri pulu geri qaytarmaq istəmir. Başqa bir məsələ də var ki, Mərkəzi Bankda, Maliyyə Bazarına Nəzarət Palatasında işləyən adamların bir qisminin banklarla sıx əlaqəsi var. Təbii ki, həmin insanlar da onlar üçün bu şəraiti yaradır. 



Əkrəm Həsənov: “Ödəniş qabliyyəti olmayan vətəndaşların borcları onların üzərindən tam götürülməlidir. Həmin vətəndaşlar da müflis elan edilməlidir”.


Məsələn mən yenə misal üçün “Bank Standard”ı deyim. Biz dəfələrlə Əmanətlərin Sığortalanması Fondundan tələb ediri ki, bu problemli kreditlərin kimə verilməsi və kim tərəfindən verilməsinə aid olan sənədləri verin. Amma onlar sənədləri vermirlər, bununla da kreditlərin kimlərə getməsin ört-basdır edirlər. Hamıya məlumdur ki, hər bir bankda kreditinin verilməsi üçün müəyyən qayda və sənədləri var. Mərkəzi Bank da ötən illər ərzində ən azı bir dəfə gəlib həmin banklarda tam yoxlama aparıb. Amma Mərkəzi Bankın apardığı yoxlamaların sənədlərini də gizlədirlər. Çünki böyük ehtimalla Mərkəzi Bank gəlib yoxlama aparıb və deyib ki, hər şey əladır. İndi soruşmaq lazımdır ki, o vaxt hər şey əla idisə, bəs indi niyə birdən-birə bu cür hallar baş verdi? Bir sözlə, onların hamısı öz əməllərini ört-basdır edirlər. Əlbəttə ki, bu vəziyyət belə də davam etsə, bank sistemi çökə bilər. 

Bir faktı da qeyd edim ki, aprel ayında banklar haqqında qanuna çoxsaylı dəyişikliklər edildi. O dəyişikliklərdən biri də öhdəliklərin könüllü restruksasiyasıdır. Hansı ki, bu proses artıq Beynəlxalq Bankda gedir. Bu prosesdə onlar deyirlər ki, bankın kimlərəsə borcu varsa və borcların qaytarılmasında çətinlik çəkirsə, bank onlara kredit şərtlərinin dəyişdirilməsini təklif edə bilər. Yəni bank borclu olduğu şəxslərə təkliflə çıxış edir. 

Burada da belə bir oyun ola bilər. Banklar üçdə iki səs çoxluğu ilə o şərtləri dəyişdirirlər. Yəni ki, tutaq ki, bankın mənə 6 milyon borcu var, sizə də 3 milyon borcu var. Bank deyir ki, bu borcların 50 faizini mənim üzərimdən götürün. Bu zaman məndə 6 milyon olduğu üçün 3 milyonu, sizdə də 3 milyon olduğu üçün milyon yarım borcu silmək lazımdır. Bu təklifə mən “hə” deyirəm, amma siz “yox” deyirsiniz. Sizin “yox” deməyinizə baxmayaraq qərar qəbul olunur, çünki 6 milyon məndə idi. Bu təklifdə sizin 1 milyon yarımınız getdi. Mən də bankın öz adamı olduğum üçün o təklifə razı oldum. Yəni bank sahibi və ya inzibatçısı mənismədiyi pulun bir hissəsini banka borc kimi verib, belə bir oyun oynaya bilər. Nəticədə itirən siz və sizin kimi başqaları ola bilər. Tamamilə belə bir təhlükəli mexanizmi qanuna daxil ediblər.

- Bəs yeni maxinasiyalar üçün şərait yaradan bu təklifi niyə qanuna qoyublar?

- Əvvəla, demirəm ki, mütləq belə olacaq. Amma qanuna edilən yenilik buna imkan verir və bizim bankirlərin çoxunun təbiətini bildiyim üçün güman edirəm ki, onalar istəyirlər ki, bu təkliflə sahibkarların banklara qoyduqları pulların hesabına bankları saldıqları çətin vəziyyətdən çıxarsınlar. Onu da deyim ki, bu təklif vətəndaşların pullarına aid deyil. Bu təklif sahibkarlara aid edilib. Onsuz da banklarda olan pulun mütləq əksəriyyəti sahibkarlarındır. Ona da fikir vermək lazımdır ki, son aylarda sahibkarlara banklardan pul çıxarmağa imkan vermirlər. Yəni sahibkarlar üçün müxtəlif bəhanələr çıxardıblar. Bu da ajiotaj və şübhə yaradır ki, banklar sahibkarların pulların saxlayırlar ki, bayaq dediyim yollarla onların pullarını əlindən alsınlar. Sabah əslində bağlanmalı olan bir bankı bağlamayacaqlar və deyəcəklər ki, gördünüz filan bank bağlanmalı idi, amma bağlamadıq. Həmçinin deyəcəklər ki, həm bankı saxladıq, həm də vətəndaşların pullarına dəymədik. Amma deməyəcəklər ki, sadəcə olaraq sahibkarların pullarını tutduq əllərindən aldıq. 

















Əkrəm Həsənov: “Hansı ağıllı bu hadisələrdən sonra Azərbaycana investisiya qoyar?”.


Bu da elə bir zamanda olur ki, bu zamanda deyirik ki, sahibkarlara imkan yaratmalıyıq və qeyri-neft sektorun inkişaf etdirməliyik. Hansı ağıllı bu hadisələrdən sonra Azərbaycana pul qoyar? 

Sadəcə Maliyyə Bazarlarına Nəzarət Palatası bir güllə ilə iki dovşanı vurmaq istəyir. Yəni Maliyyə Bazarlarına Nəzarət Palatası bir tərəfdən sanki bank sahiblərinə və inzibatçılarına deyir ki, qorxmayın, sizə dəyməyəcəyik. Digər bir tərəfdən isə bankların bağlanması Maliyyə Bazarlarına Nəzarət Palatası üçün pisdir. Nəticədə sahibkarların pulları hesabına  bankı bağlamırlar. Sonra da gedib dövlət rəhbərliyinə deyəcəklər ki, bankları bağlanmaqdan xilas etdik. Əhali də sakitdir, çünki əhalinin də puluna dəymədik. Bu halda Əmanətlərin Sığortalanması Fondunun da artıq yükü olmur. 

Bu dediyim təcrübə indi Beynəlxalq Bankda bir eksperimentdir. Həm də indi bu təcrübəni xarici kreditorlara münasibətdə edirlər (düzdür, onlar da müqavimət göstərir). Sonra da deyecəklər ki, xarici kreditorlarla da etdik, indi isə gəlin öz sahibkarlarımızla də edək. Amma əslində bu yol bank sistemini xilas edərək bütün iqtisadiyyatı çətin vəziyyətə salmaq deməkdir. Məhz buna görə bu problemi qabarmağı özümə borc bilirəm. Maliyyəçilərimiz məsələlərin xüsusi biliklər tələb etdiyindən sui-istifadə edərək cəmiyyəti, dövlət rəhbərliyini də çaşdırır və yanlış yolla istiqamətləndirir.

- Əkrəm bəy, bütövlükdə hökümətin maliyyə siyasəti barədə nə deyə bilərsiniz? Birinci devalvasiyaya qədər olan zaman kəsiyində ölkədə yaranan neft pulları zamanı hökümətin maliyyə siyasətini doğru hesab edirsiniz, yoxsa bütün problemlər məhz pul boluğu zamanı yol verilən nöqsanlardan yaranıb?

Ardı var...

Nərminə UMUDLU
Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar