Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov manatı “qətlə yetirmək” üçün daha hansı sürprizlər hazırlayır?


Tarix bizə gözəl məmləkət, müstəqil dövlət, unikal mədəniyyət, mənəvi və əxlaqi dəyərlərlə zəngin mentalitet bəxş edib


Lakin təəssüf ki, eyni zamanda fürsətcillik, aşırı dərəcədə tamahkarlıq, səhlənkarlıq, mütilik və digər bu tipli neqativ xüsusiyyətlərdən də məhrum etməyib. 

Elə bilməyin ki, bu xüsusiyyətlər təkcə bugünkü və gələcək mənəvi mühitimizi, dəyərlərimizi təhlükə altına salır, bu eybəcərliklər həm də bir toplum olaraq iqtisadiyyatımızı, loru dildə desək, adi dolanışığımızı da sual altında qoyur. Bugün zəngin təbii sərvətlərə və hər bir zəhmətə qatlaşan insanlara malik, lakin eyni zamanda qeyri-müəyyənlik və az qala maliyyə-iqtisadi xaos yaşamaq üzrə olan Azərbaycan, sizcə kimin, yaxud kimlərin əsəridir? Onların sırası kifayət qədər genişdir…

Sözsüz ki, ölkəmizdə yaranmış mürəkkəb iqtisadi durumun dünya iqtisadiyyatında, neft və maliyyə bazarında baş verənlərə söykənən obyektiv səbəbləri az deyil. Ancaq bununla yanaşı, ağır nəticələrə gətirib çıxaran subyektiv səbəbləri də yetərincədir. Bu subyektiv səbəblərin ən başında isə öz qərarları ilə ölkə iqtisadiyyatına çox güclü təsir imkanına malik bir sıra iri məmurların yanlışları və səhlənkarlıqları durur. Bu kontekstdə qeyd edə bilərik ki, Yeltsin Rusiyasının 90-cı illərini xatırladan şok effektli ardıcıl devalvasiyalar, yaxud Beynəlxalq Bank ətrafında baş verən proseslər nəticəsində 6 milyard dollardan artıq vəsaitin taleyinin “qaranlıq qalması” ölkənin maliyyə-bank sektorunun başında duranlara heç də başucalığı gətirmir. Yeri gəlmişkən, bu məbləğ həmişə müqayisə etməyi xoşladığımız Ermənistanın dövlət büdcəsindən iki dəfə (!) çoxdur. Və bu, Azərbaycanın bir bankında ”yoxa çıxan” məbləğdir. Bəli, məhz bankında! Hansı ki, həmin bank da daxil olmaqla, bütün bank sektorunun həm qanunlarla, həm də reallıqda tabe olaraq hesablaşdığı ən əsas qurum Mərkəzi Bankdır – onun adını “milli”dən dəyişib “mərkəzi” qoydular - amma onda nə millilik gördük, nə mərkəzlik…

Nədənsə, istər sözügedən 6 milyardın “yoxa çıxması”, istərsə də ardıcıl 2 devalvasiyanın yaratdığı fəsadlara görə cavabdehlik hansısa sehrli əl tərəfindən başqa istiqamətlərə – hökumətə, Maliyyə Nazirliyinə və s. yönəldilir (onların “xidmətləri” öz yerində…). Sanki Mərkəzi Bank ölkədə aparılan monetar siyasətə, sağlam bank sektorunun yaradılması və fəaliyyətinə yox, məsələn, hardasa arıçılığın, yaxud alpinizmin inkişafına görə cavabdehdir.

Qeyd edək ki, 1995-ci ildən (!) bu quruma rəhbərlik edən Elman Rüstəmov cənabları çoxlu sayda bankın açılmasında və bağlanmasında şahidlik və iştirak edib. Və bu proses son olaraq, ölkənin 5-ci iri bankı sayılan “Bank Standard”la hələ də davam edir. Ancaq görəsən, bugün həmin dövlət əhəmiyyətli persona bircə dənə nümunəvi, ciddi problemləri olmayan, sağlam bank göstərə bilərmi? Çətin. Çünki məhz onun rəhbərliyi və iştirakı ilə yaradılan maliyyə-bank mühiti, yürüdülən monetar siyasət elə bir situasiya yaradıb ki, heç bir bank bu “bataqlıqda” “çiçək olmaq” imkanına malik deyil. Əvvəlcə Nizamnamə Kapitalı şişirdilərək, yağışdan sonra çıxan göbələklər kimi bankların peyda olması, sonradan isə bir-bir sıradan çıxarılması görəsən kimin ağlının məhsulu idi və nəyə xidmət edirdi…?

BAŞ BANKİR – “ETİBARLILIQ SİMVOLU”

Adətən bütün normal ölkələrdə, belə deyək – “baş bankirlər” etibarlılığın simvoludur. Bu adamların hər bir açıqlaması qiymətli kağızlar bazarından tutmuş, iqtisadiyyatın bütün sahələrinə, milli valyutaların məzənnəsinə qədər bütün maliyyə sistemi üçün mayaka, istinad nöqtəsinə çevrilir – bütövlükdə real sektor öz hesablamalarını və gələcəyini bu açıqlamalar üzərində qurur. Bəs bizdə? Ən azından son iki devalvasiyadan öncə verdiyi “manat kəskin ucuzlaşmayacaq” açıqlamalarına əsaslanaraq, bir qədər yumşaq davransaq, deməyə məcburuq ki, bizim “baş bankirimiz” yalan danışdı! 10 ayda xalqı, sıravi sahibkarları və həm də maliyyə bazarının iştirakçılarını 2 dəfə aldadan bir şəxs insanlara (həm də dövlətə) vurduğu maddi ziyanı bir tərəfə qoyaq, ən azından mənəvi zərərə görə məsuliyyət daşıyır. İnsanların təkcə bank sektoruna deyil, bütünlükdə hökumətə olan münasibətinə ağır zərbıə vurulub. Sizcə, bugün vətəndaşların bank əmanətlərini manat yox, dollarda saxlamasının, ümumilikdə əmanətlərin həcminin azalmasının əsas baiskarları sırasında Mərkəzi Bank neçənci yerdə durur? Bugün əmanət qoyuluşlarının dollarlaşması 36 faizdən az qala 90 faizə faizə çatıb. Görün manata olan inam haralara düşüb. Bankların kredit adı altında əslində dünyada analoqu olmayan faiz dərəcələri ilə vətəndaşları soymasının qarşısını kim almalı idi? İndi kim durub desə ki, qanunla Mərkəzi Bank bankların kredit siyasətinə qarışa bilməz, yalan deyir! Çünki bura Azərbaycandır…

Görün vəziyyət nə yerə çatdı ki, hətta Siyavuş Novruzov da Milli Məclisdəki çıxışlarının birində Azərbaycanda kredit götürüb, iş qurub, qazanc əldə etməyin yalnız narkotik ticarətilə mümkün ola biləcəyini dedi. Uzun illərdir bankların əksəriyyəti ya birbaşa, ya da biznes kreditləri adı altında yalnız və yalnız istehlak kreditləri verdi. Banklar xaricdən 5 faizlə aldıqları krediti vətəndaşlara az qala 35 faizlə verirdi. İnsanlar biznes krediti adı altında götürdükləri pulları ən yaxşı halda ev, maşın almağa, övladlarına toy etməyə, bir çox hallarda isə xəstəsini ölkədə, ya da ala bildiyi məbləğdən asılı olaraq xaricdə əməliyyat etdirməyə, o da mümkün olmayanda dəfn etməyə xərclədi. Yəni bu kreditlər iqtisadi dildə desək, yeni dəyər yaratmadı. Ona görə də həmin kreditləri xüsusilə də devalvasiyalardan sonra qaytarmaq qeyri-mümkün oldu. Banklar isə 2 devalvasiyadan sonra vətəndaşdan da ağır duruma düşdü. Bugün problemli kreditlərin həcmi 1 ildə 2 dəfəyədək artaraq, 2 milyard manata (!) yaxınlaşır. Bu isə bank sektorunun uçurumun kənarında olduğuna işarədir. Yəni, yararsız, məsuliyyətsiz və fərasətsiz monetar siyasət həm bankları, həm də vətəndaşı çıxılmaz vəziyyətə saldı.

BANK SEKTORUNU “YAĞIŞDAN ÇIXARIB YAĞMURA SALMAQ”…

Mərkəz Bankın son devalvasiya bəyanatında deyilən – “milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək” fikrinə gəlincə, hökumət illərdir ki, bu hədəflərin heç birinə çata bilmir və manatın devalvasiyası ilə də ona nail ola bilməsi mümkün görünmür. Çünki real iqtisadi sektorda istehsal olunmuş məhsulların rəqabət qabiliyyəti sıfıra yaxındır.

İndi də yeni qərarla Mərkəzi Bank uçot dərəcəsini 15 faizə qaldırdı. Çoxları bunu kredit tələbinin aşağı salınması, banklara əmanətlə yığımların artırılması və manatın öz dəyərini itirməməsi üçün atılan addım hesab edir. Ancaq “qara camaat”ın başa düşdüyü dildə desək, bu o deməkdir ki, kredit faizlərinin daha da artırılması üçün zəmin yaradıldı. Belə olan təqdirdə real sektor üçün onsuz da bahalı olan kreditlər daha da əlçatmaz oldu. Bu isə işguzar mühitə vurulan ağır zərbədir. Elman Rüstəmov cənabları nəticə etibarı ilə öz qərarları sayəsində nə manatın dəyərini saxlaya bilir, nə də biznesin normal kreditlə təminatına şərait yaradır. Təəssüflə proqnozlaşdıra bilərik ki, yalançı müvəqqəti stabilləşməyə rəğmən (əgər buna stabilləşmə demək olarsa), Neft Fondunun, Mərkəzi Bankın durumu və ABŞ FES-in dekabrda gözlənilən qərarından sonra manatın daha da dəyərsizləşəcəyi qaçılmaz olacaq. Nəticədə nə biznes mühiti iş görmək üçün pul görəcək, nə də manatın məzənnəsini saxlamaq mümkün olacaq. Əmanətlərə gəlincə isə, onların manat şəklində banklarda artacağını gözləmək sadəlövhlükdür. Elman müəllim elə bir etibar və etimad mühiti yaratmayıbmı ki, camaat da onun rəhbərlik etdiyi qurumun qərarlarına inanaraq, qaçıb pulunu manata çevirib, banka əmanət qoysun…

Manatı acı aqibətin gözlədiyini qonşularımız da görürdü…

Aparılan səhv və səhlənkar monetar siyasətin nəticəsidir ki, bugün Neft Fondu və Mərkəzi Bankın aktivləri hesabına ayda 100 milyonlarla dollar vəsait bazara atılır və əridilir, gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı. Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq. Azərbaycan manatı artıq narkotikə oturan gənci xatırladır – narkotik isə dollardır! Nəhayət, bir şeyi anlamaq lazımdır ki, neft dollarları hesabına manatın məzənnəsinin saxlanmasının “bazar iqtisadiyyatı” anlayışına heç bir aidiyyatı yoxdur! Bu, “azar iqtisadiyyatıdır”, bu azarın gətirdiyi qızdırmadan yanan isə qara camaatdır! Həmişə müqayisə etdiyimiz RusiyaQazaxıstanın milli valyutaları, demək olar bu asılılıqdan qurtulmaq üzrədir. Təbii ki, bunun da əsas səbəbi həmin ölkələrin Azərbaycan qədər idxaldan asılı olmamasından irəli gəlir. Doğrudur, Azərbaycanın idxaldan aşırı dərəcədə asılılığının günahkarı Elman Rüstəmov deyil, ancaq bu reallığı nəzərə almaq və buna uyğun monetar siyasət yürütmək onun birbaşa vəzifəsi və borcudur!

Niyə banklar hərracda aldıqları dolları manata çevirməkdə maraqlı deyillər? Niyə bütün cəza tədbirlərinə rəğmən “qara bazar” fəaliyyətdədir və onun əsas müştərilərinin də kimliyi məlumdur… Məntiq tapmaq çətindir. Belə nəticə çıxarmaq olar ki, sadəcə, bilərəkdən ölkə rəhbərliyindən real vəziyyəti və təhlükəni gizlədərək, özünün əvəzolunmazlığını sübut etmək üçün bu situasiya yaradılır. Yoxsa manatla və bank sektoru ilə bağlı indiki vəziyyəti proqnoz edə bilməmək üçün, obrazlı desək, “monetar korluq” xəstəliyinə düçar olmaq lazım idi. İllərdir bütün müstəqil iqtisadçılar manatı gözləyən acı aqibətlə bağlı həyəcan təbili çalır, bunlar isə nə görmür, nə də eşitmirlər… Bunun sayəsində Azərbaycan valyutası istiqaməti bəlli edə bilməyən və mənzilə çatacağı sual altında qalan gözdən əlil(kor) birisini xatırladır!

Görəsən, bu situasiyanın yaranacağını proqnozlaşdıra, yaranmış durumda isə onu idarə edə bilməyən, insanların inamını və cibini sarsıdan bir kadr özü əlini vicdanının üzərinə qoyub istefa verməlidirmi? Sözsüz ki, indi artıq ona istefa verməyə icazə verən də yoxdur…

Manatın çökəcəyini təkcə yerli iqtisadçılar deyil, əcnəbi maliyyəçilər və qonşu ölkələr də görürdü, tək bizim maliyyə başbilənlərimizdən başqa. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili yerli televiziyaya verdiyi müsahibədə deyirdi: ”Azərbaycan iqtisadiyyatı bizdən bir neçə dəfə böyükdür, ölkə 10 milyard dollar xərclədi, bəs effekti nə oldu? Bundan da belə nəticə çıxarmaq olar ki, əgər düzgün ticarət balansı yoxdursa milli valyutanın kursunu süni yolla sabit saxlamağın mənası yoxdur”.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan Milli Bankının keçmiş sədri Roman Qotsiridze də Azərbaycan Mərkəzi Bankının manatın kursunu valyuta ehtiyatlarını xərcləyib tükətməklə sabit saxlamaq taktikasının yanlış olduğunu bildirmişdi. “Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub”.
Şərhə ehtiyac varmı?

Cahangir Hacıyev Mərkəzi Bankın yoxlamaları barədə nə deyib?

Cahangir-samir

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəmədə dedikləri bir çox suallar meydana çıxarır. Əlbəttə ki, bu şəxs “süddən çıxmış ağ qaşıq” deyil. Və Azərbaycanın aparıcı bankına rəhbərlik edib, eyni zamanda qüsursuz biri olmaq, ləkələnməmək də mümkünsüzdür. Ancaq digər tərəfdən baxanda, adamın başına nələr gəlməyib? Təkcə Hacı Məmmədov həngaməsində baş verənləri düşmənə də arzulamaq olmaz. Ancaq üzdə görünən və məhkəmənin dediyi odur ki, bu şəxs (siyasi hakimiyyətin onun xatirinə Hacı Məmmədov və dəstəsini məhv etməsinə rəğmən) hakimiyyətə qarşı maliyyə xəyanəti etmişdir. Hər halda istintaq belə deyir. C.Hacıyev məhkəmədəki çıxışında maliyyə nazirini bir dəfəyə 350 milyonu mənimsəməkdə ittiham etdi. Və sözündən belə çıxdı ki, Beynəlxalq Bankın bu duruma düşməsinin səbəbkarı da Maliyyə Nazirliyidir. Ən maraqlısı isə odur ki, bu iddiada gətirdiyi əsas arqument Mərkəzi Bankın keçirdiyi yoxlamaların nəticəsidir. C.Hacıyev deyir: “Bankın vəsaitlərinin bir hissəsi Maliyyə Nazirliyinə və Beynəlxalq Bankın indiki rəhbərliyinə aid şirkətlərdədir. Yoxlasaydınız, görərdiniz. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bankın İT sisteminə əlçatımlılığı var idi. Əgər hansısa pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bugünlərdə «Bank Standart»ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək…”
Bu suallara və ittihamlara kim cavab verməlidir? Hanı Mərkəzi Bank və onun rəhbəri?

Yeri gəlmişkən, Elman Rüstəmov cənabları “Bank Standart”ın lisenziyasının alınmasından 3-4 gün əvvəl çıxış edərək dedi ki, bankın sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib. Bəs nə oldu? Əhalini, əmanətçiləri hər addımbaşı aldatmağın mənası nədir, nə məqsəd güdülür? Bir məqama da diqqət yetirmək yerinə düşər. Bu yaxınlarad Neft Fondundan Beynəlxalq Banka 1 milyard dollar ayrıldığı barədə məlumat yayıldı və bundan öncə də dollar əhəmiyyətli dərəcədə ucuzlaşdırıldı. Görəsən niyə? Deyəcəklər ki, hərraclarda dolları ən çox alan Beynəlxalq Bank idi, hərracdan çəkildi və dollara təlabat azaldı – dollar ucuzlaşdı. Ancaq məsələ ondadır ki, həmin 1 milyard ayrılmamışdan öncə dolları ucuzlaşdırmağa başladılar… Yəni, sanki “Beynəlxalq Bank ətrafında oyunlar hələ də davam edir” təəssüratı yaranır…

BANKİR “FƏRASƏTİ”…

E.Rüstəmovun son çıxışlarından birində dediyinə görə, ölkənin kifayət qədər valyuta ehtiyatı var və Azərbaycan Dövlət Neft Fondunun gəlirləri düzgün idarə olunur. O, köhnə siyasəti davam etdirəcəkləri təqdirdə həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatlarının sıfırlanmaq təhlükəsinin ola biləcəyini, buna görə də bu proseslərə reaksiya verməli olduqlarını vurğulayıb. Yəni ki, manatın məzənnəsini saxlamaq üçün ölkənin valyuta rezervlərini xərcləmək siyasəti doğru yol deyilmiş və indi bu prosesə reaksiya verirlər. Yaxşı, bəs görəsən 21 ildir bank serktoruna rəhbərlik edən şəxs bunu indimi anlayıb? Kim idi bu siyasəti yürüdən və yönəldən? Manatın real məzənnəsini Azərbaycanın gəlirlərinin daha çox olduğu illərdə tədricən otuzdurmaq olmazdımı? O vaxt bu proses daha ağrısız və ziyansız həyata keçirilə bilməzdimi? Deyəsən neft dollarlarından başgicəllənməsinə düşən bankirimizi o vaxtlar başqa məsələlər maraqlandırıb. Hansı məsələlər? Məsələn, 2013-cü ildə Azərbaycan manatının çapına dair imzalanmış müqaviləyə görə rüşvət faktı Avstriyada rəsmən təsdiqlənib, nəticədə Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsek işdən qovulub, Avstriya Prokurorluğu bu korrupsiya qalmaqalı ilə bağlı rəsmi ittihamı açıqlayıb. Orada göstərilib ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və banknotların çapını həyata keçirən OeBS şirkətinin rəhbər şəxsləri, habelə ölkənin Mərkəzi Bankının rəhbərliyinə aid şəxslər Azərbaycan manatının çapı üçün bağlanmış müqaviləyə görə rəsmilərə iri məbləğlərdə rüşvət ödəyiblər. İttiham aktında şirkət rəhbərlərinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkət vasitəsilə 14 milyon avro rüşvət verdiyi göstərilib. “The Wall Street Journal” qəzetinin xəbərinə görə, bu qərar Dukatsek və digər səkkiz nəfərin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova və Suriyanın Mərkəzi Bankının rəhbərliyinə milli banknotların çapına dair bağlanmış müqaviləyə görə rüşvət ödənilməsi ilə bağlıdır. Fikir verin, adam Azərbaycanla Suriyanın adının eyni səviyyədə hallandırılmasına şərait yaradacaq qədər “fərasətli” imiş.

Yaxud, dəfələrlə mətbuatda (rəsmən tamamilə başqa işlə məşğul olmalı olan) hörmətli baş bankirimizin olduğu iddia edilən biznes subyektlərinin siyahısı dərc edilib. Simvolik olsa da, onların arasında məhşur “Planet” şadlıq sarayının da adı çəkilir. Kaş bu obyektə ad qoyulan zaman olduğu kimi, ölkənin pul-kredit siyasəti yönəldilərkən də belə qlobal düşünmək istedadı, fərasəti nümayiş etdiriləydi…

P.S. Bir vaxtlar Rusiya telekanallarının birində maliyyə naziri və baş nazirin müavini kimi yüksək vəzifələr tutmuş Aleksandr Livşitsin iştirakı ilə proqram yayımlanırdı – adı “Sprosite u Livşitsa” (Livşitsdən soruşun) idi. Həmin proqramda bu maliyyəçiyə ölkənin maliyyə-iqtisadi durumu ilə bağlı müxtəlif səpkili suallar verilirdi. Bizdə nə belə telekanal, nə də veriliş var. Olsaydı da, baş bankirimizdən ölkənin maliyyə məsələləri ilə bağlı nəsə soruşmağın mənası olmazdı, çünki nə desə, tərsi baş verir. Ondansa, Elman müəllimdən soruşardıq – “Bank Respublika”, ya da “Səba” firması kimindir?…

E.Qüdrətoğlu(azpolitika.az)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar