Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk Qrupunun layiqli alternativini görmürəm” – Şahin Cəfərli


Politoloq: “Onların əsas məqsədi danışıqların davam etməsini təmin edərək aprel döyüşlərindən sonra başlayan siyasi prosesin uğursuzluqla nəticələnməsinə yol verməməkdən ibarətdir”


 “Azərbaycan birtərəfli şəkildə sülh prosesində iştirakını dayandıra bilməz. Bu durumda Azərbaycan həmsədr ölkələrin təzyiqlərinə məruz qala və beynəlxalq miqyasda təklənə bilər”.

Bu fikirləri politoloq Şahin Cəfərli  Minsk Qrupunun həmsədrlərinin Yeravana və Bakıya səfərindən sonra Qarabağ ətrafındakı müzakirələrinə münasibət bildirərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Məlumdur ki, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi  Dağlıq Qarabağ münaqişənin həllinə konstruktiv töhfə verməkdir. Lakin ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həllində birmənalı olaraq konstruktiv töhfə verdiyini söyləmək olmaz. Bölgədə yaşayan hər bir xalq Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həllinin tapılmasında maraqlıdır. Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin son vəziyyəti ilə bağlı PİA.AZ politoloq Şahin Cəfərli ilə olan müsahibəsini oxucularına təqdim edir:

Şahin Cəfərli: ““Mən seçki ərəfəsində Sarkisyanın Qarabağ məsələsində güzəştlərə gedəcəyinə və münaqişənin həllində ciddi irəliləyiş əldə olunacağına inanmıram”.


 - ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yeravana və Bakıya səfərindən sonra Qarabağ ətrafındakı müzakirələri və son durumu necə dəyərləndirirsiniz?

- Həmsədrlər hazırda sülh prosesində növbəti böyük fasilənin yaranmaması üçün çalışırlar. Onların əsas məqsədi danışıqların davam etməsini təmin edərək aprel döyüşlərindən sonra başlayan siyasi prosesin uğursuzluqla nəticələnməsinə yol verməməkdən ibarətdir. Bu səbəblə, Vyana və Sankt-Peterburqda başlayan yüksək səviyyəli təmasların davamına nail olmaq indi vasitəçilərin gündəmində 1-ci sırada dayanır. Prezidentlərin növbəti görüşünün təşkili üzərində iş gedir. Dövlət başçıları səviyyəsində dialoq əlbəttə ki, önəmlidir, lakin ən vacib məsələ məzmundur və tərəflərin kompromislərə nə dərəcədə hazır olub-olmamasıdır. Hər iki tərəfdən son günlər yüksək səviyyədə bəyanatlar səslənib. Azərbaycan prezidenti “Sputnik”ə müsahibəsində rəsmi Bakının mümkün kompromislərinin çərçivəsini cızıb. 

Azərbaycan ölkənin tərkibində Dağlıq Qarabağın muxtar respublika statusunda özünüidarə hüququna malik olmasına və onun təhlükəsizliyinə beynəlxalq təminat verilməsinə razıdır. Bu, Azərbaycan tərəfinin gedə biləcəyi güzəştlərin maksimum səviyyəsidir. Ermənistan isə bununla razı deyil və Dağlıq Qarabağın müstəqilliyində israr etməklə, destruktiv mövqeyini davam etdirir. 

Göründüyü kimi, tərəflərin mövqeyində uçurum var və bunun necə aradan qaldırılacağı məlum deyil. İrəliləyiş əldə olunması üçün işğalçıya ciddi beynəlxalq təzyiq şərtdir, lakin vasitəçilərin, xüsusən də Ermənistan üzərində əsas təsir gücünə malik Rusiyanın belə bir niyyətinin olmadığını müşahidə edirik. Digər tərəfdən, Ermənistan daxilindəki situasiyaya nəzər salanda Sarkisyan rejiminin ciddi güzəştlərə getməsinin qeyri-mümkün olduğunu anlamaq çətin deyil. Gələn ilin baharında bu ölkədə parlament seçkiləri keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra bu seçkilər daha önəmli hala gəlib, çünki prezidentin malik olduğu icra səlahiyyətləri baş nazirə keçib. Mən seçki ərəfəsində Sarkisyanın Qarabağ məsələsində güzəştlərə gedəcəyinə və münaqişənin həllində ciddi irəliləyiş əldə olunacağına inanmıram. 

Şahin Cəfərli: “Ermənistanın tutduğu mövqe danışıqları anlamsızlaşdırır”.


- Bildiyiniz kimi, idarəetmə üzrə ekspert Arutyun Mesrobyan Ermənistan hakimiyyətinin dilindən “Danışıqlarla bir qarış da torpaq verməyəcəyik!” ifadəsini işlədib. Ermənistan hakimiyyətinin uzun illər boyu sərgilədiyi mövqe də ancaq bu olub. Bu durumda sülh danışıqlarına hansısa lüzum görürsünüzmü?

- Yuxarıda da qeyd etdiyim kimi, Ermənistanın tutduğu mövqe əslində danışıqları anlamsızlaşdırır. Münaqişənin həllinin ölü nöqtədən tərpənməsi üçün Ermənistanın xoş niyyət sərgiləməsi və işğal etdiyi ərazilərin heç olmasa, bir qismindən geri çəkilməyə razılaşması şərtdir. Bu olmadan irəliləyiş mümkün deyil. Biz hazırda Ermənistan tərəfinin buna hazır olmadığını görürük. Vasitəçi dövlətlər də onu güzəştə məcbur etməyə həvəsli görünmürlər. Bu durumda danışıqları davam etdirmək mənasızdır. Lakin Azərbaycan birtərəfli şəkildə sülh prosesində iştirakını dayandıra bilməz. Bu durumda Azərbaycan həmsədr ölkələrin təzyiqlərinə məruz qala və beynəlxalq miqyasda təklənə bilər. 

- Ümumiyyətlə, Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun alternativini görürsünüzmü?

- Minsk Qrupunun həmsədrlik formatı kağız üzərində ən optimal müstəvi kimi görünür. Burada super güc ABŞ, beynəlxalq proseslərə təsiri olan Rusiya kimi böyük dövlət və Avropa Birliyinin iki lider dövlətindən biri olan Fransa təmsil olunur. Bu dövlətlər həm də BMT Təhlükəsizlik Şurasını təmsil edir. Həmin dövlətlər öz aralarında razılığa gələrsə, dünyada istənilən problemi həll etməyə qadirdirlər. Lakin onların arasında gedən daimi rəqabət, qarşılıqlı etimadsızlıq, maraqların fərqliliyi buna mane olur. Hazırda ABŞ-Rusiya və Fransa-Rusiya münasibətlərində elə vəziyyət yaranıb ki, az qala onların özünə vasitəçi lazımdır. 

Buna baxmayaraq indiki beynəlxalq şəraitdə Minsk Qrupunun layiqli alternativini görmürəm. Çünki istənilən formatda bu dövlətlərin mövqeyi önəmli olacaq, hətta onlar həmin formatda təmsil olunmasalar belə... Eyni zamanda, nəzərə almaq lazımdır ki, format dəyişikliyi yalnız hər iki münaqişə tərəfinin razılığı ilə mümkündür. Azərbaycan bu istiqamətdə hansısa təklif irəli sürsə, qarşı tərəf bunu qəbul etməyəcək.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar