Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda hamilə qadına xəstə kimi baxırlar”


Məşq saatı 1 saat 20 dəqiqədən artıq olmamalıdır və saat 22:00-dan sonra məşq etmək məsləhət deyil


 Atalarımız "Sağlam bədəndə sağlam ruh olar" deyiblər. Ancaq insanların əksəriyyəti gün ərzində az hərəkət edir və idmana vaxtlarının olmaması ilə bağlı bəhanələr gətirirlər. İdman sağlamlığımızın qayğısına qalmaqla yanaşı, bədəni formada saxlayır. Eyni zamanda idmanın stresi azaltmaq, yüksək əhval-ruhiyyəyə kökləmək kimi müsbət yanları da var. "Report" mövzu ilə əlaqədar poverliftinq üzrə üçqat dünya çempionu, fitnes məşqçisi Ceyhun Vəliyev və fitnes məşqçisi Səbinə Məhərrəmova ilə müsahibəni təqdim edir.

- Əvvəlcə sağlamlığın rəhni olan idmanın faydalarından danışmağınızı istərdik.

Ceyhun Vəliyev: İdmanın insan sağlamlığına çox xeyirli olduğu artıq hər kəsə məlumdur. Hətta həkimlər sadə əməliyyatdan sonra idmanın ən yüngül növlərindən olan yeriməyi çox vaxt məsləhət görürlər. Ümumiyyətlə, Azərbaycan üzrə götürsək, insanlarda xəstəlikləri yaradan əsas faktorlardan biri stresdir. Bundan əlavə, yediyimiz qidalardan, alkoqol və siqaret kimi problemlər də xəstəliklərin yaranmasının səbəbidir. Həkimlərin insanları idman zallarına yönləndirməsinin başlıca səbəblərindən biri də işdən sonra stres atmalarıdır.

- Qadınlarda, yoxsa kişilərdə daha çox stres müşahidə edirsiniz?

Ceyhun Vəliyev: Mən qadınlar və kişilərlə birgə işlədiyimə görə daha çox kişilərdə stres olduğunu deyə bilərəm.

Səbinə Məhərrəmova: Mən isə tamamilə əksini düşünürəm. Qadınlar daha çox işin stresi ilə gəlirlər, düzgün qidalana bilmirlər. Biz də onları sakitləşdirməyə, hər şeyin yaxşı olacağını izah etməyə çalışırıq. Bəzən qadınların gözləntiləri çox olur.

- Mən də elə məsələyə toxunmaq istəyirəm. Ümumiyyətlə, insanlar hansı gözləntilərlə idmana başlayırlar?

Ceyhun Vəliyev: Əslində, arıqlamağa gələnlərin hamısı, demək olar ki, müəyyən müddətdə nəticə gözləyirlər. Sanki insanlar məşqçinin onlara yalandan da olsa, söz verməsini istəyirlər. Biz isə kiminsə bir aya formaya düşəcəyinə söz verə bilmərik. Halbuki, bu söz onları motivasiya edir. Ancaq 6-8 aya nəticə görəcəklərini desək, bu, onları həvəsdən salar.

Səbinə Məhərrəmova: Biz istədikləri nəticəni əldə etmələri üçün onlara istədiklərini demək məcburiyyətindəyik. Nəticəni bir aya görmək üçün onlara eşitmək istədiklərini deyirik, sonra yavaş-yavaş uyğunlaşdırırıq.

- Məlum olduğu kimi, evlərdə daha çox milli xörəklər bişirilir. Bunlardan bəziləri yağlı, bəziləri isə xəmir xörəkləridir. Bəs insanların qidalanmalarını dəyişmək çətin olmurmu?

Ceyhun Vəliyev: Motivasiya məsələsinə baxanda qidalanma problemini həll etmək müəyyən qədər asandır. Qidalanma individualdır. Hər bir insanın bədən quruluşunu, sağlamlığını nəzərə alaraq qidalanma proqramı qururuq, ancaq hamısının buna əməl edəcəyini deməzdim.

Əgər Bakıda əhalinin 80 faizindən soruşsanız, nə vaxtsa idmanla məşğul olduqlarını bilərsiniz. Ancaq onların neçə faizi hazırda idmanla məşğul olur? Mən həmişə insanın "idman adamı" olmasını söyləmişəm. Ümumiyyətlə, idman zalına hansısa məqsədə görə gəlmək lazım deyil. Gərək bunu həyat tərzinə çevirəsən.

- Hamilələrə ağırlıqlarla məşq etmək uyğundurmu və bunun üçün həkim məsləhəti nə dərəcədə vacibdir?

Səbinə Məhərrəmova: Hamilələrə fitnesi məsləhət görürük. Yüngül çəkilər və müəyyən streçinqlərlə hərəkətlər etməlidirlər. Bu həm sağlam doğuşa, həm də uşağın sağlam olmasına müsbət təsir göstərir.

Əlbəttə, bunu həkim məsləhətinə qulaq asaraq etmək lazımdır. Əgər sağlam hamiləlik keçirirsinizsə, həkim idmana heç vaxt yox deməz. Ancaq Azərbaycanda hamilə qadına xəstə kimi baxırlar. Məsələn, hamilələrə, adətən, oturmalarını, uzanmalarını, dincəlmələrini daha çox məsləhət görürlər.

Ceyhun Vəliyev: Əgər qadın hamiləlikdən əvvəl fitneslə məşğul olmayıbsa, ona hamilə vaxtı ağırlıqla məşğul olmağı məsləhət görmürəm. Çünki biz məşqə yeni başlayan xanımları ağırlıqla yüklədiyimiz zaman bədənləri bunu qəbul edir, ancaq hamilə qadın ikicanlı olduğundan bətnindəki körpənin bunu necə qəbul edəcəyini bilmirik. Ona görə də xanımların belə bir planı varsa, gərək azı 6 ay - 1 il əvvəldən idmana başlamalıdırlar.

- Bəs fitneslə məşğul olan və olmayan hamilələrin çəkisində nə kimi fərqlər olur?

Ceyhun Vəliyev: Fitneslə məşğul olan qadınlar normalda 6 kiloqrama qədər çəki alırlar. Ancaq fitneslə məşğul olmayan xanımların əksəriyyətinin də 20-30 kq çəki aldığını görürük. Adətən, hamilələr artıq çəkilərini bətnlərindəki körpələrin üstünə atırlar. Guya uşaq yemək istəyir. Ancaq bütün bunlar bəhanədir, çünki uşağın dili yoxdur ki, yemək istədiyini desin. Biz, sadəcə, gördüyümüz əmələ don geyindiririk.

- Ümumiyyətlə, məşq saatı nə qədər olmalıdır və həftədə neçə gün məsləhətdir?

Ceyhun Vəliyev: Məşq saatı 1 saat 20 dəqiqədən artıq olmamalıdır və saat 22:00-dan sonra məşq etmək məsləhət deyil. Çəki almaq istəyən insanlar həftə ərzində daha az gəlməlidirlər, daha az kalori sərf etməli və baza hərəkətləri etməlidirlər. Arıqlamaq istəyənlər isə həftədə 4-5 dəfə məşq etsələr, daha yaxşı olar.

- Gəlin qida əlavələrindən danışaq. Hansı hallarda qida əlavələrinin qəbulunu məsləhət görürsünüz?

Ceyhun Vəliyev: Arıqlama proseduru bəzən müəyyən mərhələdən sonra dayanır. Məsələn, 70 kq çəkisi olan insanın su və yağ ehtiyatı həddindən artıq çox olur. Su kütləsi çox olduğundan ilk 10 kiloqramı 1-2 aya ata bilər. Ancaq 60 kq-dan sonra çəki atmaq bir qədər çətinləşir. Çünki bədən çəki itirməmək üçün həmin vaxtlarda sanki müharibədə olur. Bu zaman arıqlamaq üçün bəzi bitki tərkibli dərmanları məsləhət görürük. Əgər yağ yandırmaq yox, əzələ kütləsi yığmağa gələnlər varsa, onlara digər qida əlavələrindən məsləhət görürük. Əsasən də ABŞ brendi olan məhsulları alsalar, daha yaxşı olar.

- Nəyə görə məhz ABŞ?

Ceyhun Vəliyev: Bəzi inkişaf etməkdə olan Avropa ölkələri və Şərq ölkələrindən gələn idman qidalarının tərkibləri ABŞ qidalarının tərkibləri ilə eyni deyil. Bu iş üzrə peşəkarlaşan brendlərin hamısı ABŞ-dadır. ABŞ qida əlavələrinin bir çoxu dünya brendidir və üzərində yazılanlarla tərkibi eynidir. Çünki alıcılardan birinin məhsulu analizə göndərə biləcəyindən və mənfi nəticə alındıqda onları məhkəməyə verərək qalib gələcəyindən qorxurlar. Nəticədə isə onların marka dəyərləri düşər.

- Bəs əzələ kütləsini artırmaq üçün steroiddən istifadə etmək istəyənlər olurmu?

Ceyhun Vəliyev: Son dövrlərdə bu məsələdə artım var. Ancaq Azərbaycan Milli Antidopinq Agentliyi bu işin qarşısını nisbətən alıb. Steroid həvəskarlar üçün deyil, kimlərsə bundan sui-istifadə edib həvəskarları bu yola cəlb edirlər. Bu, artıq cinayət sayılır.

Sonda bildirmək istərdim ki, idmana gələ bilmirəm deyənlərin 70 faizi bəhanələr gətirir. Əgər zala gələ bilmirsinizsə, 2 qantel, 1 ştanq ilə zaldakı hərəkətlərin bir çoxunu evdə edə bilərlər. Əsas odur ki, idman etsinlər və buna həvəsləri olsun.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar