Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı - Video


Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb


İki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.




*   *   *13:00

Şəkidə yalnız bir neçə köhnə kərpic evə ziyan dəyib, bəzilərinin də divarlarında çat əmələ gəlib. Başqa hər şey qaydasındadır”.

Bunu virtualaz.org saytına açıqlamasında “Şəki bələdiyyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyov deyib.

Onun sözlərinə görə, zəlzələ ciddi dağıntıya səbəb olmayıb.

Şəhərin Kiş kəndinin sakinlərindən də əldə etdiyimiz məlumata görə, bu kənddə də heç bir fəsad, dağıntı olmayıb. Hazırda vəziyyət yaxşıdır.

“Bəzi evlərdə həyət divarları uçub, evlərin divarları çatlayıb, amma ciddi dağıntı yoxdur” - bunu virtualaz.org saytına açqılamasında Oğuz rayon icra başçısının müavini, Fövqəladə Hallar Komissiyasının müdiri Etibar Yusifov deyib.

O vurğulayıb ki, zəlzələdən zərər çəkdiyinə görə xəstəxanaya müraciət edən yoxdur: “Evlərdə də komissiyanın ora getməsini zəruri edəcək bir problem yoxdur. Rayon sakinlərindən də heç kim xəstəxanaya müraciət etməyib, xəstəxana ilə mütəmadi əlaqə saxlayırıq”.

Mingəçevirdə isə əksinə, xəstəxanaya müraciət edənlər çoxdur.

“Zəlzələ nəticəsində yaralanan olmayıb. Yaralılarla bağlı müraciətlər də daxil olmayıb” - bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri  Liliya Bayramova məlumat verib.

Mingəçevir xəstəxanasından isə virtualaz.org saytına bildiriblər ki, çağırış və müraciətlər artıb: “Qan təzyiqinin yüksəlməsindən, qorxudan halı pisləşənlər, stress keçirən sakinlər həkimə müraciət ediblər”.

*   *   *12:17

“Zəlzələ güclü uğultu ilə müşayiət olundu. Bundan sonra dalbadal güclü təkanlar oldu. Hamımız bərk qorxduq. Adamlar evlərini tələm-tələsik tərk edib həyətə, küçəyə qaçdı. Sakinlər hələ də küçədədir. Evimizə girməyə qorxuruq”.

Bunu virtualaz.org saytına açıqlamasında Mingəçevir şəhərindəki yeni yaşayış massivinin sakinləri deyiblər.

Çoxmərtəbəli binalarda yaşayan sakinlər deyirlər ki, əhali şokdan hələ də ayılmayıb.

Mingəçevir Şəhər Müəllim-Valideyn Assosiasiyasının üzvü Yeganə Nəbiyeva isə bildirib ki, sakinlər zəlzələnin özündən daha çox dəhşətli uğultu səsindən qorxublar. O da çoxmərtəbəli binalarda yaşayan sakinlərin hələ evlərinə qayıtmağa qorxduğunu təsdiqləyib.

"Mingəçevir su anbarında heç bir çat yaranmayıb. Belə təhlükə olsaydı, bizə məlumat daxil olardı”.

Bu barədə azvision.az-a Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumata verilib.

Bildirilib ki, hazırda icra rəsmiləri əraziyə baxış keçirmək üçün yollanıblar.

Zəlzələ Qazax rayonunda da hiss olunub. Qazax Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildiriblər ki, hazırda müvafiq araşdırma aparılır, dəymiş ziyan müəyyənləşdirilir.

Oğuz rayon sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, kəndlərdə evlərə ciddi ziyan dəyib. Rayon rəhbərliyi təbii fəlakətdən ən çox ziyan çəkən kəndləri gəzib vəziyyətlə yerindəcə tanış olur.

Əldə etdiyimiz digər məlumata görə, zəlzələ baş vermiş rayonların mərkəzi küçələrində və rayonlara giriş-çıxışda tıxaclar yaranıb. 

“Bu gün baş verən güclü zəlzələdən sonra avterşoklar olmalıdır, təkanlar da baş verir. İndiyə qədər Rixter cədvəli ilə 2,7 və daha zəif olmaqla 15-dən çox təkanlar baş verib. Ancaq ola bilər ki, avterşoklar bir neçə ay davam etsin”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, bu təkanlar arasında hiss edilən təkanlar da ola bilər: “Çünki bu cür güclü təkandan sonra zəlzələ ocağında parçalanma gedir. Təcrübə göstərir ki, bu təkanların davam etməsi hələ uzun müddət çəkəcək, bu təkanlardan hiss edilənlər də ola bilər. Ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram”.

Q.Yetirmişli qeyd edib ki, Azərbaycanın şimal-qərb zonasında gərginlik vardı: “Bir neçə gün əvvəl Şəkidə zəif, 3 maqnitudalı təkan baş vermişdi. Yəni Şəki-Zaqatala zonasında gərginlik toplanması gedirdi, amma heç kim məhz bu gün səhər zəlzələ baş verəcəyini deyə bilməzdi. Zəlzələnin Azərbaycanın əksər rayonlarında hiss edilməsiinə gəlincə, bu, dərinlik qırılmaları ilə bağlıdır. Orada 4-5 dərinlik qırılması var, hətta biri Naxçıvana, biri Talış dağlarına, biri Abşeron yarımadasına qədər gedir. Dağıstandan tutmuş Vandam, Axvay, Samur-Arpaçay, Alazan-Əyriçay da daxil olmaqla, onların hamısının hərəkətləri nəticəsində baş verən təkandır. Həm də bu ocaq təsadüfü deyil. Hələ keçən əsrin ortalarında, 1953-1963-cü illərdə o zonada 6-7 ballıq zəlzələlər baş verib”.

Q.Yetirmişli zəlzələ ocağının 15 km dərinlikdə olduğunu və zəlzələnin davamiyyətinin 15 saniyəyə qədər olduğunu nəzərə çatdırıb: “Bu müddət də dalğanın təsirinin respublikada yayılması baxımından az müddət deyil. Ona görə də zəlzələ respublikanın uzaq rayonlarında belə hiss edilib”.

*   *   *11:57

“İlkin məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb, amma dəqiq məlumat da yoxdur. Hər şey araşdırmalardan və evlərə baxışdan sonra məlum olacaq”.

Bunu virtualaz.org saytına açıqlamasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi deyib.

O vurğulayıb ki, hazırda vəziyyət yaxşıdır, amma zəlzələnin hər hansı fəsad törədib-törətmədiyi ilə bağlı dəqiq məlumat yoxdur: “İndi hər şey qaydasındadır, amma sonra nə olacaq - bu haqda heç nə deyə bilmirəm”.

*   *   *11:31

Artıq sosial şəbəkələrdə zəlzələnin nəticələrini əks etdirən ilk fotolar yayılıb. Həmin fotolardan da aydın görünür ki, binalardın divarlarında dərin çatlar yaranıb.

Yerli sakinlərin verdiyi məlumatlara görə, dağıntılar var. Amma insan tələfatı haqda heç bir məlumat yoxdur.

Bu gün səhər saatlarında Şəkidə baş verən güclü təbii fəlakət nəticəsində dağıntılar baş verib. 

Bu barədə rayonun icra başçısı Elxan Usubov bildirib. Onun sözlərinə görə, hazırda zəlzələ nəticəsində əmlaklarında dağıntı-uçqun və çatlar yaranan vətəndaşlar Şəki Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edirlər.

“Hazırda dağıntılarla bağlı müraciətlər gəlməkdədir. Biz gələn müraciətləri qeydə alırıq və qeyd edilən yerlərə mütəxəssislər göndərilir. Zəlzələ nəticəsində, şükürlər olsun ki, insan tələfatı qeydə alınmayıb. Gün ərzində baş verən dağıntıların hesabatı aparılacaq və sayları məlum olacaq”, - deyə Elxan Usubov bildirib.

İcra başçısı deyir ki, araşdırmalardan sonra zəlzələ nəticəsində dəyən ziyanın miqdarı məlum olacaq.

Zəlzələ nəticəsində Şəki Şəhər İcra Hakimiyyətinin (İH) inzibati binasında çatlar əmələ gəlib. Bu barədə İH-dən məlumat verilib. Lakin binaya ciddi ziyan dəyməyib.

Şəkinin Sarıca kəndinin sakini Nurlan Əzizov isə bildirib ki, kənddə xeyli evə ciddi ziyan dəyib. Qonşu Qayabaşı kəndində də dağıntılar var. Onun sözlərinə görə, zəlzələdən dərhal sonra mobil rabitə kəsilib.

Virtualaz.org saytının xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə isə öz facebook səhifəsində yazıb ki, bu şəhərdəki bəzi binalara ciddi zərər dəyib.

“Mən icra hakimiyyətinə zəng vurdum. Oradan dedilər ki, Mingəçevirdə ciddi dağıntılar yoxdur” - deyə deputat bildirib.

“Ölkə ərazisində bir neçə rayon və şəhərdə baş verən zəlzələ Gəncədə də hiss olunsa da heç bir dağıntı törətməyib”.

Bu barədə virtualaz.org saytına Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hazırda şəhərdə hər şey qaydasındadır.

“Düzdür, zəlzələ hiss olunsa da heç bir panika yaranmayıb. Hər şey yaxşıdır, hamımız işimizin başındayıq” - deyə icra hakimiyyətinin nümayəndəsi bildirib.

Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.

"Report" xəbər verir ki, rayonun Məlikkənd kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb.

Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar