Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?


Şəmşad AĞA



Ötən gün Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc modern.az saytına verdiyi açıqlamasında keçmiş müdafiə naziri Səfər Əbiyevi  Azərbaycan cəmiyyətinin düşməni adlandırıb: “O, cəmiyyətə düşmən kəsilmişdi. Səfər Əbiyev daha çox Azərbaycan cəmiyyəti ilə və onun təmsilçiləri ilə konfliktdə idi, nəinki düşmənlə".

Bəli, bu ittihamı səsləndirən iki həftə öncə prezidentliyə namizəd olmuş Zahid Oruc idi. Diqqət edin, "Azərbaycan cəmiyyətinin düşməni". Bu ifadələr həm də 18 il ölkənin təhlükəsizliyinin qarantı olan Ordunun rəhbəri, naziri olmuş şəxs barəsində deyildi. Bu haqda bir az sonra...

Öncə gəlin düşmən sözünün mənasına fikir verək. Azərbaycan dilinin izahlı lüğətində düşmən sözü bu mənaları ehtiva edir: 

Düşmən:
1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. 
2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. 
3. Zərər gətirən, zərərli olan şey haqqında. 

Bu siyahını xeyli uzatmaq olar. Məncə, bundan artıq gərək yox. Əsas məsələ Zahid bəyin səsləndirdiyi itthamdan doğan sulllara cavab tapmaqdır. Yəqin ki, bu sualların cavabını da məhz Zahid Oruc özü verməlidir. Ən azından bu ifadələrin məsuliyyəti onun müəllifinin üzərinə düşür. 

Sözümün canı bu deyil, odur ki... Zahid bəyin məntiqincə, biz ordumuzu, bu cəmiyyətin övladlarını 18 il Azərbaycan cəmiyyətinə yabançı, "düşmən kəsilən" bir şəxsə etibar etmişik. Doğrudan da, cəmiyyətin övladlarını ona düşmən kəsilmiş adama necə etibar etmək olar? Əgər "düşmən" sözünün mənasına diqqət etsək, belə çıxır ki, sabiq müdafiə nazirimiz müharibədə bizə qarşı vuruşan, əks tərəfdə dururmuş...

...Faktiki olaraq, bu gün Azərbaycanın düşməni Ermənistandır. Bunu dost da bilir, düşmən də. Çünki ermənilər 20 faiz torpağımızı işğal ediblər. Əgər müdafiə nazirimiz də onlar tərəfdən bizə qarşı çıxırmışsa, onda ortaya çox ciddi suallar çıxır; 

Birincisi, Zahid Oruc 10 ildir ki, Milli Məclisin deputatdır və ona xalqın problemlərini dilə gətirmək üçün böyük tribuna verilib. Əgər xalqın vəkili olduğunu, xalq tərəfindən seçildiyini iddia edirsə, bu illər ərzində niyə susub? Ona fikirini deməyə, bu həqiqəti xalqa çatdırmağa kim mane olub?

İkincisi, əgər Səfər Əbiyev Azərbaycan cəmiyyətinin düşməni olubsa, qanunvericiliyə görə Zahid Oruc bu illər ərzində bu boyda həqiqəti, informasiyanı, daha dəqiq desək, cinayəti bilə-bilə gizlətdiyinə görə məsuliyyət daşımırmı? Bundan başqa, iki həftə öncə prezidentliyə namizəd olan deputat ona verilən efirdən, 21 gün təbliğatdan istifadə edərək xalqı bu boyda həngamədən niyə xəbərdar etməyib? Ən azından bunu mənəvi borcu hesab etməli idi. 

Üçüncüsü, ölkə gündəmi əsgər ölümləri xəbərləri ilə çalxalananda və övladlarını itirən valideynlər aksiya keçirəndə Zahid Oruc niyə xalqı, aksiyaya çıxan insanları müdafiə edib, Səfər Əbiyevin istefasını tələb etmirdi?  Axı o, Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü idi. Buna görə Zahid Oruc ən azından Səfər Əbiyev qədər günahkar deyilmi? 

Dördüncüsü, əgər Zahid Oruc bilirdisə, bu illər ərzində Səfər Əbiyev "Azərbaycan cəmiyyətinə düşmən kəsilib", bu barədə prezidentə, hüquq-mühafizə orqanlarına məlumat veribmi? 

Və nəhayət, sonuncu sual. Bu sualı həm də çox ciddi şəkildə qoyuram:  əgər İlham Əliyev bu dəfə də Səfər Əbiyevi postunda saxlasaydı, Zahid Oruc bu ittihamları səsləndirəcəkdimi, yoxsa, yenə də həqiqəti xalqdan gizlədəcəkdi? 

Məqsədim Səfər Əbiyevi müdafiə etmək deyil. Çünki o, müdafiə olunmağa yox, elə Zahid bəyin səsləndirdiyi ittihamlara görə mühakimə olunmağa layiqdir. Onun nazir olduğu dövrdə bir qarış torpaq azad olunmadı, buna baxmayaraq, Azərbaycanda çox evdə şivən qopdu, çox qapılar bağlı qaldı. Atəşkəs dövründə çoxlarının ocağı söndü. Elə bu yazının müəllifi də məhz Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə sapsağlam orduya gedib şikəst qayıtmışdı.

Məgər Zahid Orucun bunlardan xəbəri yox idi?  Düzdür, o, bir neçə dəfə parlamentdə çıxış edərək əsgər ölümlərinə münasibətini ifadə etmişdi, hərbi ombudsman aparatının yaradılmasını təklif etmişdi. Amma özü də bilirdi ki, bunlar problemin həlli üçün variant deyil, ümumi danışıqlar heç nəyi həll etmir. 

Bir sözlə, Zahid bəy özünün dediyi kimi "düşməni", onun əməllərini gizlədərək bu həqiqətləri dilinə gətirən, hər gün yazan bizləri haqsızlıqda, ordunun, Azərbaycanın "inkişaf"ını görməməkdə yarqılayırdı. 

Bütün bunları nəzərə alıb yuxarıda səsləndirdiyim suallara cavab istəyirəm və Zahid bəy cavab verənə qədər yazını açıq saxlayıram. 

Tanrı Azərbaycanı qorusun! 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Ən çox oxunanalar