Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçılar Birliyində öldürülən məşhur yazıçı


Hadisənin şahidi yazır...


Kulis.az şair Kələntər Kələntərlinin “Bu səfər bitən deyil” xatirə kitabından Mehdi Hüseyni öz kabinetində dünyasını dəyişməsi ilə bağlı olan hissəni təqdim edir. Xatırladaq ki, hadisə 10 mart 1965-ci ildə Azərbaycan SSRİ Yazıçılar İttifaqının qurultayqabağı iclasında baş verib.
 
...İclas klubda yox, birinci katibin kabinetində keçiriləcəkdi.
 
Kabinetdə stulların sayı az olduğuna görə, o biri otaqlardan əlavə bir neçə stul da gətirdim. İclasda iştirak etməli yazıçılar bir dəqiqə belə gecikmədən otağa cəm oldular. Təyin olunmuş vaxtda iclas başlandı. Sədr və katib seçildi. Mehdi Hüseyn qurultayqabağı görüləcək vacib işlərdən danışdı. Söz əsas məsələnin, yəni qurultayda ediləcək məruzənin üstünə gələndə bildirdi ki, SSRİ Yazıçılar İttifaqının nizamnaməsinə əsasən, ədəbiyyatın bütün növləri üzrə bir ümumi məruzə olmalıdı; onu da birinci katib etməlidi. Sonra kim istəsə çıxışda buluna bilər. Onun dilindən bu sözlər eşidilən anda, sanki otaqda göy guruldadı, şimşək çaxdı, aləm dəydi bir-birinə. İlahi, bir həngamə qopdu, bir vur-çatlasın, sözü ürəyində qalanın ürəyi partlasın başladı ki, gəl görəsən. Bir-birinə qarışan etiraz nidaları az qala qulaqları deşirdi. Hansı sözün yiyəsinin kim olduğunu da bilmək mümkün deyildi. Hamıdan öncə həm ağsaqqallığına, həm yaradıcılığına, həm də əzəmətinə görə seçilən Süleyman Rəhimov durdu ayağa. Çığır-bağır salanları birtəhər sakitləşdirdi və özünə güvənə-güvənə qürrəli-qürrəli sözə başladı:
 
- Balam, necə deyərlər, bir məruzə ilə kifayətlənməyi məqsədə uyğun bilmirəm. O səbəbə ki, nəsrimiz, şeirimiz, dramaturgiyamız, ədəbi tənqidimiz, ədəbiyyatşünaslığımız var; uşaq ədəbiyyatını hələ demirəm. Ən azı dörd məruzə söylənilməlidi. Azərbaycan Sovet ədəbiyyatını, necə deyərlər biz yaratmışıq, özümüz də onun qayğısına qalmalı, pis-yaxşı, mənfi-müsbət cəhətlərini, kəm-kəsirlərini, uğurlarını səbirlə, təmkinlə, vicdanla, obyektivcəsinə, ayrı-seçkilik salmadan, kiməsə güzəştə getmədən, üzgörənlik etmədən təhlildən keçirməli, necə deyərlər, kimin nəyi varsa ortalığa çəkib qiymət verməliyik. Balam, necə deyərlər, şəxsən mən özüm nəsrimiz barəsində, geniş, əhatəli, hərtərəfli bir məruzə etməyi özümə borc bilirəm. Mən “Şamo” adlı nəhəng epopeyanın, “Saçlı”, “Ağbulaq dağlarında” və başqa iri həcmli romanların, onlarla povestin, hekayənin müəllifiyəm. Buna mənəvi haqqım çatır. Əgər mənə qalarsa Süleyman, yaxud Rahim şeirdən, Sabit, yaxud İlyas dramaturgiyadan, Məmməd Cəfər, yaxud Qasım Qasımzadə ədəbi tənqiddən, ədəbiyyatşünaslıqdan ayrı-ayrılıqda danışmalıdır. Çıxışların, necə deyərlər, mətləbə heç bir dəxli yoxdu. Fəhlə də, kolxozçu da, ziyalı da, tələbə də, qurultayda çıxış edə bilər, bu tamam başqa məsələdi. Mən öz fikrimi, sözümü dedim, təklifimi verdim. İndi siz nə deyirsiniz?
 
M.Rahim, S.Rüstəm, Ə.Vəliyev, B.Bayramov, Q.Qasımzadə və başqa kimsələr də S.Rəhimovun səsinə səs verdi, böyük ehtirasla, inadkarlıqla onun tərəfini saxladılar.
 
Mehdi Hüseyn çox dedi, onlar isə az da olsa eşitmək, onunla razılaşmaq, ümumi bir məxrəcə gəlmək, hətta nizamnaməyə də tabe olmaq istəmədilər. Bir-birini köntöy sözlərlə təhqir etməyi, bir-birinin ürəyini sözlə neştərləməyi, ümumi dil tapmaqdan üstün bildilər. O gün o otaqda səslənən, eşidilən, bir ton yağla-balla içəri ötürmək mümkün olmayan tikanlı, bibərli, zəhərli, tənəli sözləri qələmə alan olsaydı, çox güman ki, qalın bir dəftərə sığmazdı. Bu, heç bir ölkədə, məmləkətdə, heç bir idarədə, müəssisədə o vaxta qədər görünməmiş dəhşətli söz savaşı iki saat yarımdan çox davam etdi. Təklənmiş, əsəbləri tarıma çəkilmiş, sifəti kül kimi bozarmış, artıq dili söz tutmayan vəziyyətdən çıxış yolu tapa bilməyən M.Hüseyn:
 
- Bir halda ki, - dedi, - siz məni eşitmək, mənimlə razılaşmaq, nizamnamə ilə hesablaşmaq istəmirsiniz, onda bu məsələni Mərkəzi Komitədə həll edərik. İndi keçək ikinci məsələyə, Həsəni çağır gəlsin.
 
 
Kimsə onu səslədi. Çöl tərəfdə, qapının ağzında, divanda oturmuş H.Qasımov ayağa durub qoltuğunda qalın bir qovluq qapıdan içəri girhagirdə Məmməd Rahim yerindən dik atılaraq:
 
- Mehdi, əvvəl birinci məsələni həll elə, qurtar, sonra ikinciyə keç – deyəndə Mehdi Hüseyn “daha bəsdir, qoy işimizi görək” deyib sağ əlini düyümləyib yumruğunu stola necə çırpdısa, dal-dalı gedib kreslosuna yayxandı, o saat ağzı köpükləndi. Sağında oturmuş, hər ehtimala qarşı özü ilə dərman gəzdirdiyini bilən Osman Sarıvəlli tez əlini M.Hüseynin pencəyinin cibinə saldı, dərman çıxartdı, stəkana su tökdü, həblərdən birini güclə içirtdi. Danışıqlar kəsildi, hay-küy ara verdi, cınqırını çəkən də qalmadı. Buz nəzərlər udquna-udquna qalmış birinci katibin üzünə dikildi. M.Hüseyni öz mənəvi atası, ustadı, müəllimi bilən, adını həmişə, hər yerdə böyük fəxrlə çəkən İsmayıl Şıxlı çaparaq dövlət telefonunun dəstəyini qaldırdı, təcili yardım çağırdı. Otaqda yerindən tərpənən, qımzınan yox idi. Hamı şok vəziyyətinə düşmüşdü. Heç on dəqiqə də çəkmədi ki, həkim gəldi. Nəbzini yoxladı. Böyük həyəcan içində, çəkinə-çəkinə bəyan etdi ki, təxminən 7 dəqiqə bundan qabaq keçinib. Beləcə, 1920-ci ildən üzü bəri başlamış ədəbi mübarizələrdən, söz cəngi-cidallarından, dedi-qodularından, çox ciddi mübahisələrdən həmişə qələbə ilə çıxmış ötkəm bir insan, sözü misri qılınc kəsərli, yetkin bir yazıçı-münəqqid Mehdi Hüseyn iş başında, söz savaşında, qəfil, ürək partlamasından həlak oldu. Günah Süleyman Rəhimovdan daha çox, M. Rahimin boynunda qaldı. Otaq çalxalandı. Adamlar bir-birinə dəydi. S.Rüstəmlə M.Rahim papaqlarını orda qoyub güclə aradan çıxdılar. “Kişini öldürdülər, kişini öldürdülər” deyə çığır-bağırı tavanı dağıdan ikinci katib İmran Qasımov özünü ora-bura çırpanda, üçüncü katib Nəbi Xəzri S.Rəhimovun kürəyinə bir stul ilişdirdi. Dağ boyda kişi ləngərlənib üzü üstə yerə düşdü. O ana qədər bütün iclas boyu ağzına su alıb dayanmış, son nəticəni gözləyən “diplomatika akademiki”, havadan iy bilən Mirzə İbrahimov ortalığa düşdü, canfəşanlıq etməyə başladı. Ona qoşulan İsmayıl Şıxlı da aranı birtəhər sakitləşdirməyə cəhd göstərdi. Bu otaqda baş vermiş faciədən təcili xəbər tutan onlarla kənar adam da içəri dolmuşdu. Onlar o əsəbi, hirsli anlarda günahkarları çox asan öldürə də bilərdilər. M.İbrahimov və İ.Şıxlı ikinci adamın ölümünə imkan vermədi. Sonra MK-nin katibləri, partiya və dövlət xadimləri, inzibati orqanların yüksək çinli, vəzifəli əməkdaşları özlərini hadisə yerinə yetirdilər. Bəzi M.Hüseyn pərəstişkarlarının aşıb-daşan qəzəbləri tamam səngiməsə də, daha kiminsə üstünə hücum çəkən, kiməsə əl qaldıran olmadı. Böyüklərdən, vəzifəlilərdən çəkindilər, qorxdular. Atalar əbəs yerə deməyib ki, qorxu qüdrətdən gəlib...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar