Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazarlar Əkrəm-Ramiz davasından danışdılar


Əkrəm Əylislinin keçmiş dostu Ramiz Rövşən haqda səsləndirdiyi kəskin fikirlər yazı adamları arasında müzakirələrə səbəb olub


Teleqraf.com tanınmış yazıçılara və publisistlərə müraciət edərək sözügedən situasiya barədə onların fikirlərini öyrənib.
 
Səslənən fikirləri təqdim edirik:
 
Qurban Yaquboğlu: “Əkrəm Əylislinin keçmiş dostu Ramiz Rövşən haqda dedikləri əsla qəbul oluna, təqdir edilə bilməz. Bu fikirlər yekun nəticəyə qətiyyən adekvat deyil. Məsələ də elə həmişəki kimi bu ziddiyyətdədir. Şair populyar olmamalıdır, şair toyda şeir deməməlidir, şair Anarı sevməməlidir (yoxsa əxlaqdankənar sayılacaq) kimi bəsit arqumentlər nifrətə çevrilmiş dost incikliyinin fürsət əsnasında püskürtüsündən başqa bir şey deyil. Bu fikirlərin ən zəif nöqtəsi “mən onu çap eləməsəydim, Ramiz Rövşən olmayacaqdı” kimi öz xidmətini başqasının böyüklüyünə tən eləmək iddiasıdır. Mən Ramiz Rövşəni dəyərli şair sayıram, onun oxucusuyam. Ramizi bütə çevirməyin tərəfdarı deyiləm. Ümid edirəm, şair özü də büt olmaq istəməz. Amma imkan düşən kimi dəyərə atəş açmaq cəhdini də susmaqla qarşılamaq olmaz”.
 
Əsəd Cahangir: “Sən demə, Ramiz Rövşən yarım əsrdir ki, dəb imiş! Əcəb məntiqdir! Ramiz şeirə gələndən əvvəl də, ondan sonra da dəbdə olanlar olub və solub. Ramiz isə öz zirvəsində qalır. Bu gün məhz o, dəbə dəxli olmayan, bəlkə də, yeganə şairdir.
 
Durub göy üzünə daş atan Əkrəm, göy üzü daş saxlamaz! Ramiz şeiri ermənilərin toyunda oxumayıb ki, öz toyumuzda oxuyub”.
 
Xalid Kazımlı: Ramiz Rövşən yalnız yaxın adamların toyunda – tost üçün söz veriləndə şeir deyir. Özü də bu, tarix baxımından çox qiymətli videokadrlardır, buna irad bildirmək olmaz. Məncə, bir şairin toyda-nişanda iştirakı qayət təbii və normal bir hərəkət olduğu kimi, ona təbrik üçün söz veriləndə şeir deməsi də normaldır, hətta vacibdir. Çünki şairin ən böyük sərvəti məhz hikmət dolu misralarıdır və o, bunu evlənən gənclərdən əsirgəməməlidir.
 
Bildiyim qədər Ramiz Rövşən ən yaxın adamlarının toyunda şeir deyir. Bir-iki dəfə də özüm görmüşəm. Bir var toyda tostu “indi mən deyə bilərəm ki, Allah xoşbəxt eləsin” deyə milyon dəfə çeynənmiş ifadəni təkrarlayan biri desin, bir də var, ölkənin söz ustalarından biri heç kəsin ağlına gəlməyən fikirlər, şeir söyləsin. Bu baxımdan Əkrəm Əylislinin Ramiz Rövşənə qarşı işlətdiyi fikir qəbuledilməzdir.
 
Ramiz Rövşən böyük şairdir, onun dediyi hər kəlmə, onunla bağlı hər görüntü tarixi əhəmiyyət daşıyır. Ona görə də toylarda nə qədər çox şeir desə, bir o qədər yaxşıdır”.
 
Vahid Qazi: “Bir dəfə müsahibə üçün Əkrəm Əylisliyə suallar göndərdim, arasında belə bir sual vardı:  “Sizi yaxından tanıyanlar xarakterinizin çox müsbət tərəfiylə yanaşı bəzən cığallıq elədiyinizi də qeyd edirlər. Cığalsınızmı? Adətən, nə vaxt tutur bu damarınız?” Əkrəm bəyin söz açdığınız müsahibəsində cığallıq duyulmasa da, xeyli təhqir elementləri aydın görünür. Bu müsahibəsini bəyənmək mümkün deyil. Təhqirlə doludur. Mən Əkrəm Əylislini də, Ramiz Rövşəni də onun “Ramizi görmədiyi zirvədə” görürəm, bizim ədəbiyyatımızın zirvəsindədilər hər ikisi.
 
Son illər ağına-bozuna baxmadan daş-qalaq eləmək vərdişi formalaşıb. Bu, pis haldır. Qocaman söz adamların daşlaşması isə lap pis nümunədir. Əkrəm Əylisliyə total hücum ediləndə “Daş yuxumdakı Mirzə Fətəli” balaca bir yazımla müdafiəsinə qalxdım, məni də ermənilərə satılmaqda ittiham edənlər tapıldı. Ramiz Rövşənə hücumların pik vaxtı “Ramiz Rövşəni qınayanlara” adlı bir yazı yazdım, nə qədər qınaq yedim. Hər iki halda özümü haqlı bildiyim üçün bu ittihamların, qınaqların biri də mənə təsir etmədi. Onları müasir ədəbiyyatımızın zirvəsi hesab etməyim “küyə getməyim” deyil, fanatik olası yaşda da deyiləm. Sadəcə, özümü daşlayanlar arasında yox, daşlananların yanında daha xoş duyduğumu demək istəyirəm.
 
Şairin toyda şeir deməsi niyə ayıb sayılmalıdır? Şair şeirini yalnız tribunada, rəhbər qarşısındamı deməlidir? Ramiz Rövşən mənim də toyumda şeir deyib, başqa dostların da. O toyların elə ən yaddaqalan yeri onun çıxışı olub. Camaat “Şeir-şeir!” deyərək səslənəndə şeir deməsəydi, onu insanları qırmaqda, saymazlıqda ittiham edərdilər. Şairin yeri xalqın yanıdır. Gülməli hal bilirsiniz nədi? Bəziləri Ramizi susmaqda qınayırlar! O tək ustad şair deyil, həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdır. Bəzən adam sükutuyla da çox şey deyir. Mən Azərbaycanda onu nədəsə qınamağa haqqı olan bir adam belə tanımıram”.
 
Rasim Qaraca: “Əkrəm Əylisli və Ramiz Rövşən öz dövrlərinin dəyərli yazarı və şairidir. Hər ikisi sovet romantik ədəbiyyatının parlaq nümayəndələridir. Mən öz təcrübəmdə gənclərin nankorluğunu görmüşəm, amma bunu Əkrəm müəllim qədər ağrılı qarşılamamışam. Məncə, Əkrəm öz böyüklüyündə qalmalı, gənc Ramizə müdrikcə münasibət bəsləməlidir. Bu cür söhbətlər indiki ağır şərtlərdə insanlara xoş təsir bağışlamır, xırda qeybət təəssüratı yaradır”.
 
Kəramət Böyükçöl: “Mən Ramiz Rövşənin bütün yaradıcılığını oxumuşam. Şəxsən də azdan-çoxdan tanıyıram. O, mənim nə ziyalımdır, nə də şairim! Ramizi heç insan kimi də sevmirəm. Dəhşətli dərəcədə eqoistdir. Elə bilir dünyada ondan başqa şair yoxdur. Halbuki Azərbaycanda Ramizdən çox yaxşı şairlər var. Ancaq təəssüf ki, onun qədər tanınmırlar, sevilmirlər. Çünki Ramizin “kruq”u böyükdür.
 
Fikir vermişəm, Azərbaycanda nə qədər istedadsız adamlar var, hamısı Ramizə vəkillik edir. Cəmiyyət həmişə saxta şeyləri asanlıqla qəbul edir, onları asanlıqla bütə çevirir. Ramiz də saxtadır. Ona görə tez qəbul olundu, tez sevildi. Ancaq Ramizə də sevgi anormaldır. Bu sevgi şairə yox, məmura olan sevgiyə oxşayır:
 
Ramiz Rövşən deyəndə ayağa dur ki, 
Fəxri Uğurlunun ürəyinə toxuna bilər...
 
Onun müxalif imici formalaşıb, guya harda əyri bir şey var, Ramiz o saat yazacaq, o saat dilə gətirəcək. Camaat onu bu cür qəbul edir, şeirlərini də bu ehtirasla oxuyur. Xalq cəsarətə, qəhrəmanlığa o qədər acdır ki, Ramiz Rövşənin “vicdan adamın içində olar” kimi adi bir sözünə ayaq üstə əl çalır.
 
Ramiz bu xalqın saxta yolla seçilmiş şairidir. İnanın, o, var gücü ilə istəyər ki, “Şöhrət” ordeni versinlər, o da almasın. İstəyər ki, Xalq şairi versinlər, o da imtina eləsin. Bununla da özünün qəhrəmanlıq səhifəsində növbəti addımını atmış olsun. Öz imicini belə saxta-saxta şeylərlə araya-ərsəyə gətirib. Tədbirlərdə ona görə arxada oturur ki, hamı desin dur keç qabağa!
 
Bir dəfə Nizami Cəfərov demişdi Ramiz Rövşənin müxalifətçiliyi zahiridir, camaatı aldadır. Elədir, Ramizin imici adamlardan uzaq gəzməklə yaranan imicdir. Şer oxuyur, gözünü yumub elə qışqırır, elə bilir hamının xoşuna gəlir. Halbuki, adamlar bir-birinin qulağına deyir başdan-ayağa pafosdur. 
 
Hərdən də elə şeylər danışır guya ona qarşı böyük haqsızlıq edirlər, o isə dözür. Guya onu tənqid eləyənlər it kimi hürürlər. Guya Ramiz elə bir mənəvi ucalıqda dayanıb ki, hamı ona paxıllıq eləyir. Belə-belə şeylərlə özünü 70 yaşa gətirib çıxarıb. 
 
Əkrəm Əylisliylə Ramiz Rövşənin dostluğu hansı səviyyədə olub, deyə bilmərəm. Ancaq Əkrəm müəllimin Ramiz haqda fikirləri ilə kökündən razıyam. Əkrəm təkcə Ramizi yox, hər şeyi olduğu yerdə görə bilən böyük yazıçıdır. Onun bu fikirləri də dəqiqdir. Ramiz isə heç vaxt olduğu yerlə razılaşmır. Eləcə deyir mənə ad verin, götürməyim”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar