Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yadigar Sadıqova unikal hədiyyə


Bu gün Müsavat başqanının müşaviri, Lənkəran Dövlət Universitetinin keçmiş müəllimi Yadigar Sadıqovun həbs olunmasının bir ili tamam olur.


Bir neçə gündən sonra – iyul ayının 1-də Şirvan Apellyasiya Məhkəməsində Yadigar Sadıqovun növbəti məhkəməsi prosesi keçiriləcək

Mövzu ilə bağlı ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin və siyasi təşkilatların mövqeyini öyrənməyə çalışdıq. 

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli açıqlamasında Yadigar Sadıqovun həbsinin siyasi sifariş olduğunu deyir: 



“Yadigar Sadıqov tamamilə məqsədli şəkildə, müxalif mövqeyinə və siyasi partiyada təmsil olunduğuna, eyni zamanda Lənkəranda böyük nüfuza malik olduğuna görə həbs olunub. Ona qarşı təxribat törədilibdi və bu təxribat nəticəsində azadlıqdan məhrum edilibdi. Yadigar bəy Lənkəranın ən yaxşı, ən əxlaqlı ziyalılarından biridir. Ondan hansısa xuliqanlıq hərəkəti gözləmək ağlasığan bir şey deyil və bu ittiham absuddur”.

C. Həsənli iyulun 1-də keçiriləcək növbəti apelyasiya məhkəməsindən də heç bir gözləntisinin olmadığını vurğulayıb:  “Bu məsələlər məhkəmə ilə həll olunmur. Qərar siyasi olduğundan, həbs də sifarişlidir. Əgər siyasi qərar olacaqsa, onun azadlığa çıxması gerçəkləşəcək. Yoxsa, bunu Azərbaycan məhkəmələrindən gözləmək yersizdir”. 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, günahsız insanların həbsi ölkənin imicinə ciddi zərbə vurur: 




“Biz bütün günahsız şəxslərin, xüsusən də siyasilərin bu və ya digər adla həbs olunmasını, o cümlədən Yadigar Sadıqovun da həbsini psiləyirik. Hesab edirik ki, gec-tez bu siyasi sifarişli həbslər, heç cir cinayət tərkibi olmadan insanların şərlənərək qandallanması bunu sifariş edən şəxslərin arzu və istəklərinin gerçəkləməsi ilə deyil, ədalətin qələbəsi ilə nəticələnəcək. Çünki bütün bunları təkcə biz yox, hamı pisləyir və bu, Azərbaycana başucalığı gətirmir”.

KXCP sədri bildirir ki, əslində, həbs edilən şəxslərin azadlıqda olması və öz enerjilərini Azərbaycanın gələcəyinə həsr etmələri olduqca vacibdir: 

“Bu gün azadlıqda olub enerjilərini Azərbaycanın gələcəyi üçün sərf edəcək insanları zindana atmaq, onların azadlığını məhdudlaşdırmaq  yolverilməzdir. Onsuz da gec-tez haqq öz yerini tapacaq. Ona görə də bu həbsləri sifariş edənlər bilməlidirlər ki, bu onlara şərəf və bacucalığı gətirməyəcək. Allah məhbusların qapılarını açsın. O ki qaldı Yadigar Sadıqovun və digər siyasi məhbusların məhkəmələrinə, mən bundan sonra da Azərbaycan məhkəmələrindən qanunamüvafiq və ədaləti qərar gözləmirəm”. 

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, Yadigar Sadıqovun həbsi hakmiyyəti cəmiyyətin qınaq obyektinə çevirib:  




“Yadigar Sadıqovun həbsi onun siyasi fəaliyyəti  və açıq şəkildə ortaya qoyduğu  vətəndaş mövqeyi ilə bağlıdır. Yadigar Sadıqov Azərbaycanın ən ləyaqətli ziyalılarından biridir.  O həm öz yaşadığı bölgədə, həm də bütövlükdə Azərbaycanda  böyük nüfuza malik ziyalıdır. Ona görə də cəmiyyətə təsir etmək imkanları genişdir. Hətta yazıdığı yazılarda da mövqeyini açıq ortaya qoyur, cəmiyyətin oyanışına təsir göstərirdi. Məhz buna görə də Azərbaycan hakimiyyəti onun həbs olunması üçün belə bir göstəriş verdi. Amma belə bir ziyalının həbsi cəmiyyətdə hakimiyyətə qarşı böyük qınaq yaratdı. Artıq bir ildir ki, o, şər və böhtan nəticəsində hakimiyyətin ən yüksək təbəqəsindən verilən tapşırıq əsasında həbsdədir. Ümid edirəm ki, Azərbaycan cəmiyyəti bundan sonra da hakimiyyətə təpki və qınaq göstərərərək bu sifarişli həbsi pisləyəcək və Yadigar Sadıqovun azadlığa çıxması gerçəkləşəcək”.  

AXCP yetkilisi Seymur Həzi isə bildirdi ki, onlar hakimiyyətdən siyasi məhbusları dərhal azadlığa buraxmasını tələb edirlər:  

"AXCP  Yadigar Sadıqov saxlananda  və məhkəmə hökm çıxaranda  bəyanatla çıxış edib və bu həbsi pisləyib. Xüsusilə də bunu regionlarda fəalların sıxışdırlması kimi qiymətləndirib. Biz Hakimiyyətdən tələb edirik ki, qanunlara dərhal əməl etsin və siyasi məhbusları azadlığa buraxsın".

REAL Hərəkatı da Yadigar Sadıqovun şərlənərək həbs olunduğunu iddia edir. Hərəkatın icra katibi Natiq Cəfərlinin sözlərinə görə, Y.Sadıqovun həbsi onun regionda lider kimi ortaya çıxmasını əngəlləmək üçün atılmış addım idi: 


“Yadigar Sadıqovu 10 ilə yaxındır ki, şəxsən tanıyıram. Elə insanların ölkədə olması çox vacibdir. Həm müəllim, həm ziyalı, həm də vətəndaş kimi böyük hörmətə layiq şəxsdir. Onun təkcə Bakıda deyil, həm də regionda - Lənkəranda yaşaması və fəaliyyət göstərməsi də çox önəmli idi. Regional lider kimi artıq formalaşmışdı, məh buna görə də onu şərləyərək həbs etdilər. Ümid edirəm ki, Yadigar bəyə olan haqsızlıq yaxın zamanda son bulacaq, yerli məhkəmələrin sifarifli qərarlarını Avropa İnsan Hüquqları Məhkəməsi pozacaq və haqq öz yerini tapacaq”.

Yazar Elnur Astanbəyli isə Yadigar Sadıqovun həbsini belə xarakterizə edib: 



"Yadigar bəy kimi adamı da tuturlarsa bu ölkədə daha deyiləcək söz qalmır. Artıq nə qədər eybəcər, idbar bir sistemlə üz-üzə olduğumuzu təsəvvür etmək çətin deyil. Nə yaxşı onu tutanların, tutduranların yanında deyiləm. Yadigar Sadıqov kimi adamları tutan, tutduran bir zehniyyətin əlindən evinə çörək aparmaqdansa, siçan dərmanı aparmaq daha şərəflidir".

Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Elman Fəttah Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmədiklərini, məsələnin Avropa Məhkəməsinə göndəriləcəyini bildirdi: 



“Bu gün həbsinin 1 ilinin tamamında  Şüvəlan təcridxanasında Yadigar bəylə görüşdüm. Dostlara salamı var. Mübarizə əzmi yerindədir və olduqca nikbindir. Bildiyiniz kimi, 1 il öncə 27 iyun 2013-cü ildə Yadigar Sadiqovu "xuliqanlıq" ittihamı bəhanəsi ilə sırf siyasi fəaliyyətinə görə şərləyərək həbs etdilər. İyulun 1-də Şirvan Apelyasiya Məhkəməsində Yadigar bəyin növbəti məhkəmə prosesi keçiriləcək. Biz bu məhkəmədən ədalətli qərar gözləmirik, çünki həbs siyasi sifariş olduğu üçün məhkəmə ədalətli qərar verməz. Sadəcə olaraq, biz məhkəmə prosedurunun Azərbaycan məhkəmələrində bitməsi və işin Avropa Məhkəməsinə çıxarılması üçün bu proseslərin tezləşdirlilməsi üçün çalışırıq". 

Yadigar Sadıqova unikal hədiyyə 

"Bu gün həm də Yadigar bəylə qeyri-adi, unikal görüşümüz oldu. Ona üstündə "Bir il girovluqda" yazılmış tort aparmışdıq. Düşündük ki, bu bir az da onun əhvalını açacaq. Elə də oldu”, - deyə Elman Fəttah bildirdi. 



Xatırladaq ki, Yadigar Sadıqov 27 iyun 2013-cü ildə Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi saxlanılıb. Rəşid Kərimov Y.Sadıqovun onu döydüyünü iddia edirdi. Yadigar Sadıqov isə bu ittihamları qəbul etmir, Rəşid Kərimovun onun yanına göndərilməsinin isə təxribat olduğunu deyirdi. 

Yadigar Sadıqov polis tərəfindən saxlanıldıqdan iki sonra - iyunun 29-da Lənkəran şəhər Məhkəməsi qapalı proses keçirərək onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hətta yaxınları və tərəfdarları məhkəmə zalına buraxılmayıblar. Ona Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə iş açılıb. Uzun məhkəmə proseslərindən sonra isə bu il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə Yadigar Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 1-də isə Şirvan Apellyasiya Məhkəməsində Yadigar Sadıqovun növbəti məhkəmə prosesi keçiriləcək.

Şəmşad AĞA(qaynar.info)

Yadigar Sadıqovun həbsindən öncə Azadlıq Radiosuna verdiyi müsahibə:




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Ən çox oxunanalar