Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xınayaxdıda saçyolduya çıxan qaynanayla gəlin

Günel Natiq yazır


O gün dayanacaqda iki qadın söhbət edirdi. Biri deyirdi, bacılı-bacı, hara gedirsən? O biri deyirdi, xınayaxdıya gedirəm. Birinci qadın dedi, hə, bacılı-bacı get, adət-ənənəmizdir, mentalitetimizdir, gərəkdir ki, dədə-babadan qalma bu adətlərə əməl eləyək. İkinci dedi, doğru deyirsən, bacılı-bacı, xınayaxdı lap vacibindəndir özü də.

Bacıları dinləyib bir şaqqanaq çəkmək istədim. Dedim hə, düzəlib hər yarağımız, qalıb bircə saqqal darağımız.

Biznes üçün bərpa edilən xınayaxdılar məgər adət-ənənələrə qayıtmaqdır? Əksinə, ondan daha da uzaqlaşmaqdır. Özümüzü də, dəyərlərimizi də gülünc vəziyyətə salmaqdır.

Məgər xınayaxdılar əvvəllər keçirilmirdi? Keçirilirdi, sadəcə olaraq indiki kimi vurçartlasın olmurdu. Beş-on nəfərin iştirakıyla, kiçik, şirin məclislər təşkil olunurdu. Əsas odur ki, qız-gəlin bir yerə yığışıb sevincini paylaşırdı, haxışta deyir, bayatı çağırırdı. Qızlara simvolik xına yaxılırdı ki, ocaq bərəkətli olsun. İndiki xınayaxdılar adət-ənənə deyil, şoudur.


O gün yenə başqa bir söhbətin şahidi oldum. Qızına toy etməyə hazırlaşan qonşumuza qudası deyib ki, xınayaxdı hansı restoranda olacaq? Qız anası da deyib ki, məgər indiyə kimi gəlinə xına restoranda yaxılırdı? Beş-on nəfərin iştirakıyla evimizdə kiçik bir ziyafət edərik.

Quda da qayıdıb ki, heç elə şey olar? Bəs buna mənim bibiqızım, dayıqızım, Dubaydan məclisimə təşrif gətirəcək əmiqızım nə deyər? Hələ rəfiqələrimi demirəm! Mənim bütün dost-tanışlarım xınayaxdını restoranlarda keçirir, özü də hər cür dəm-dəsgahıyla. İndi mənim qudalarım xınayaxdını evdə keçirsələr bacılıqlarım məni lağa qoyarlar. Hələ mənim indiyə kimi xınayaxdılarda yazdırdığım pullar! Gərəkməz ki, onlar da eyni qaydayla mənim məclisimə gəlib pul yazdırsınlar?

Qız anasının yadına düşüb ki, axırıncı dəfə iştirak etdiyi xınayaxdıda az qala qaynanayla gəlin saçyolduya çıxacaqmış. Nədən ki, gəlin ona gətirilən xonçalardan razı qalmayıb, üz-gözünü turşudubmuş, qaynana da hər dəqiqə gəlinin üstünə hücum çəkirmiş ki, de görüm, niyə üz-gözünü “pırsıdıbsan”, camaat başqa cür anlayar, elə bilər, səni güclə ərə verirlər, ya da ortada ayrı bir iş var.

Gəlin də axırda əsəbiləşib, tərs damarı tutub, deyib elə burdanca qalxıb gedirəm evimizə.

Qaynana da ürəyini soyutmaq üçün hücum çəkib gəlinin üstünə ki, bir-iki qapaz vursun, birtəhər sakitləşdirib qızı qaynananın əlindən alıblar. Bir şıdırğı hava da sifariş ediblər ki, olanlar yaddan çıxsın. Amma bu olay çətin ki, nə gəlinin, nə qaynananın, nə də qonaqların yadından çıxa.

Qonşumuz olan qız anası həmin xınayaxdıdakı davanı (qaynanayla gəlini) yada salıb deyib ki, əsas mehribançılıqdır, qarşılıqlı hörmət-izzətdir, ədəb-ərkanı gözləməkdir və s. Amma qudaya bu sözlərin mənası çatmayıb. Deyib, xınayaxdı elə restoranda olmalıdır.

Gəlin köçən qız da qaynanasının tərəfini tutub, iki ayağını bir başmağa dirəyib ki, xalxın qızları necə, mən də elə. Mənim də xınayaxdım gərək təmtəraqlı keçə.

İndi ailə gərək olan-olmazından keçib dəbdəbəli xınayaxdı keçirə. Yoxsa qız evi oğlan evinin yanında, oğlan evi də dost-tanışın yanında “rüsvay olar”.

Uzun sözün qısası, xınayaxdı dəyər olmaqdan çıxıb, dəyərsiz maddiyyatın kölgəsinə çevrilib. İndi xınayaxdını adət-ənənəmiz olduğu üçün yox, dəb halını aldığı üçün keçirirlər. Özü də heç kim bir-birindən geri qalmaq istəmir. Milli mentalitet adıyla olan-qalan dəyərlərimizi də puç edib gözdən-nəzərdən salırıq.

Bu yerdə deyiblər, xoruz yox idi, sabah açılmırdı? Xınayaxdı təmtəraqla, dəm-dəsgahla keçirilmirdi deyə qızlarımız gəlin köçmürdü? Qızların xoşbəxt olması üçün gərək xınayaxdı mütləq hansısa şou-biznes nümayəndəsinin xeyir-duasıyla keçirilsin? Vallah-billah gülməlidir.

Belə görünür ki, xınayaxdı arxaik bir ənənə olduğu üçün bu mərasimi aparmaq, xanəndəlik etmək müğənnilərə ayrıca bir status qazandırır. Çünki xınayaxdı müğənniləri çalışırlar ağır oturub batman gəlsinlər, özlərini xanım-xatın aparsınlar. Yəni ki, bu xına o xınadan deyil.

Bəziləri başlarına köhnə xanımlar kimi kəlağayı örtürlər, amma ki, nə qədər üst-başımızı örtsək də yenə də qüsurlarımız görünür, özü də necə görünür.

Xınayaxdının biznes-lediləri nə qədər hay-küylü rəqabətdən çəkinsələr də, biznes biznesdir. Gərəkdir ki, hərdənbir ortalıqda görünüb öz işinin əhəmiyyətini aləmə car çəkəsən.

Məsələn, hansısa xanəndə ortaya çıxıb xınayaxdı məclislərinin kraliçası olduğunu, mərasimə xüsusi şirinlik-filan gətirdiyini deyir. Sabahısı gün bir başqası ortaya çıxıb xınayaxdıları məhz özünün yola verdiyini, əlinin necə bərəkətli olduğunu söyləyir. Üçüncü xınayaxan tədbirlərə böyük kollektivlə qatıldığını qeyd edib işinin ciddiyyətini vurğulayır. Məlum olur ki, bu iş kollektivsiz heç cür əmələ gəlməz, xınayaxdının yolu, üsulu budur.

O gün oxuyuram ki, təzə bir xınayaxan da peyda olub, o da özünü “xınayaxdıların şahzadəsi” adlandırır. Deyir, qeyri-peşəkarlar düşüblər ortaya, peşəkarlar qalıb kənarda. Gəlib məndən öyrənsinlər ki, xınanı necə apararlar. “Əvvəllər bazarda qatıqsatanlar olardı, hərə öz qatığını reklam edərdi. İndi xına mərasimləri də elədir”.

“Xınayaxdıların şahzadəsi” onu da bildirib ki, valideynlər çaş-baş qalıblar ki, xınayaxdını kimə həvalə etsinlər? Mən bilirəm, xınanı necə apararlar!

Təzə “xınayaxan” qatıqsatanlarla xınayaxdı mərasimlərinin aparıcılarını müqayisə etməklə lap gül vurub. Necə deyərlər, aşıq gördüyün çağırar.

Nə deyirsinizsə, deyin, xınayaxdılar, digər el mərasimləri kimi öz təbii axarında gözəldir. Qız-gəlinin təbii gülüşünü, sevincini hansı təmtəraq əvəz edə bilər? Bu ona oxşayır ki, hansısa şirkətə özün üçün bir günlük süni sevinc sifariş edirsən.

Kədərlidir, elə deyilmi? Xınayaxdı mərasimlərinin süni təmtərağı da təbii sevinclərimizi əlimizdən aldığı üçün daha çox kədər və təəssüf doğurur.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar