Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyana görüşü öncəsi Sərkisyandan hərbi təlim təxribatı


İşğalçı Ermənistan danışıqları pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək üçün növbəti dəfə həyasızlıq etdi; kəşfiyyatçı İlham Ağalarov: “Düşmənin səddini yarmaq ordumuz üçün problem deyil”


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də Xəzəryanı ölkələrin XİN başçılarının görüşündə iştirak etmək üçün Moskvaya səfər edib. Bu barədə mətbuata açıqlama verən nazir deyib ki, daha sonra ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmaq məqsədilə Vyanaya yollanacaq və orada həmsədrlərlə görüşəcək.

Nazir həmsədrlər və Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla qarşıdakı görüşün Moskvada olduğu kimi, məhsuldar keçəcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, E.Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edərək ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. “Dekabrın əvvəlində Vyanada keçiriləcək görüşün substantiv olacağını gözləyirik. Gələn il seçkilərin keçirilməsi danışıqlar prosesini dayandırmağımız üçün səbəb deyil” - deyə, XİN rəhbəri bildirib.

Azərbaycanın sülhməramlı mövqeyinin qarşılığında işğalçı Ermənistanın Vyana görüşü ərəfəsində növbəti təxribata əl atması isə gözlənilməz olmadı. İşğalçı ölkənin prezidenti ötən həftənin sonlarında qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazilərinə gələrək keçirilən hərbi təlimlərə rəhbərlik etdi. Əvvəlcə Xankəndi şəhərində baş separatçı Bako Saakyan və digər canilərlə bir araya gələn Sərkisyan geniş müşavirə keçirdi. Ancaq erməni prezidentin Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitindən dərhal sonra Qarabağda peyda olmasının səbəbsiz olmadığı da məlumdu. Qeyd edək ki, KTMT-nin iclasında da Ermənistan növbəti dəfə Qarabağ məsələsi ilə bağlı sənəd təqdim edərək qurum üzvlərinin dəstəyini almağa çalışdı. Ancaq İrəvan bu sammitdə növbəti dəfə deklorativ qətnamədən uzağa gedə bilmədi. 2016-cı ilin aprel döyüşlərindən sonra İrəvanı pis vəziyyətdə qoyan Minsk və Astana işğalçı ölkəyə hələ ki Qarabağla bağlı planlarını reallaşdırmağa imkan vermir. Ancaq bütün bunların fonunda Qarabağda keçirilən hərbi təlimlərə əhəmiyyətsiz məsələ kimi yanaşmaq da düzgün olmaz.  

Əslində normal halda Ermənistan rəhbərliyinin bu cür özbaşınasızlığına, həyasızlığına operativ şəkildə reaksiya verməli, onu danışıqları pozmaqda ittiham etməli idi. Hansı ki, bu ilin mayında Azərbaycan ordusu düşmənin atəş nöqtəsini cavab atəşi ilə susdurarkən həmsədrlər operativ şəkildə Azərbaycanı suçlayan mövqe sərgiləmişdilər. Ancaq Ermənistana, onun rəhbərliyinə münasibətdə bu dəfə də analoji münasibəti görmədik. Qeyd edək ki, Ermənistan prezidenti və Qarabağ separatçılarının başçısı Bako Saakyanın Qarabağdakı hərbi hissələrdə olduğunu əks etdirən materiallar dekabrın 4-də də erməni mediasında dərc olunub. İşğalçı ölkə bu kimi faktları yaymaqla beynəlxalq hüquqa meydan oxuyur. Özü də bu kimi özbaşınalıqlar Ermənistanın Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalamasından sonraya təsadüf edir. Hansı ki, qurum ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə üstünlük verdiyini növbəti dəfə bəyan edib. Ermənistan isə BMT TŞ-nin 4 qətnaməsinə tüpürdüyü kimi, AB-nin prioritetlərinə də sayğısızlığını ilə ilk günlərdəcə nümayiş etdirdi. 

Ermənistan ordusu adətən Ağdam istiqamətində hərbi təlimlər keçirsə də, bu dəfə başqa mövqe seçdilər. Virtualaz.org xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın şəxsən izlədiyi hərbi təlimlərə “ilk dəfə” Ermənistan ordusunun bölmələri və qondarma “DQR ordusu”nun qüvvələri ilə birlikdə qatılıb. Üzərində Ermənistan bayraqları qaldırılan tanklar və digər zirehli texnika işğal altındakı Azərbaycan ərazilərində görünüb. “Birləşmiş” qoşun qruplaşmasının komandanı Tiqran Parvanyan bildirib ki, təlimlərin ssenarisinə əsasən düşmən təmas xəttini yarıb keçir və bu zaman birləşmiş qruplaşma onun irəliləməsini dayandırmalı, əks hücuma keçməli və məhv etməlidir. “Təlimlərdə bütün qoşun növləri, bir neçə yüz texnika iştirak edib, birləşmiş qruplaşmanın bu miqyasda təlimləri ilk dəfə keçirilir” - o deyib.

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan da bildirib ki, (“İnterfaks”) təlimlərdə ilk dəfə Ermənistan ordusunun birləşmələri ilə “DQR” hərbçiləri birlikdə iştirak ediblər. Onun sözlərinə görə, təlimlərdə şərti düşmənin “Dağlıq Qarabağ ərazisinə müdaxiləsinə” birgə reaksiyalar sınaqdan keçirilib.

Qeyd edək ki, eyni vaxtda Azərbaycanın tank qoşunlarının da təlimi keçirilib və hədəflərə atəş açılıb. Ancaq Azərbaycan öz ərazisində təlimlər keçirdiyi üçün ölkəmizə buna görə kimsə irad tuta bilməz. Ermənistan ordusu isə Cəbrayıl-Füzuli istiqamətində təlim keçirsə, dünya buna susmamalıdır. Virtualaz.org-un təhlilinə görə, belə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun dalbadal keçirilən döyüş təlimlərindən ciddi narahatlıq keçirərək bu “birləşmiş qruplaşmanı” cənub-şərq istiqamətinə çıxarıb. Bu, Azərbaycan ordusunun tank hücumu üçün iki ən münasib istiqamətdən biridir. Habelə Serj Sərkisyan belə mesaj verməyə çalışır ki, Azərbaycan hücuma keçsə Ermənistandan köməyə qüvvələr göndərəcək. Ancaq yazıda da xatırlandığı kimi, elə aprel döyüşlərində də Ermənistandan qüvvələr gəlmişdi, hansı ki, o qüvvələrin bəziləri ordumuzun zərbələrinə tuş gəldi. Şübhəsiz ki, Ermənistan bununla KTMT-yə, rus tanklarına ümid edir.

“Cenevrə  görüşündən sonra Brüsseldə Azərbaycanın ərazi bütövlüyünün ən mühüm amil kimi qəbul edilməsi təbii ki, Ermənistan rəhbərliyini narazı salan məsələ idi. Çünki separatçılara verilən müstəqillik sözünün üstündə dura bilməyən Sərkisyan mütləq şəkildə hərblə bağlı addım atmalı idi. Bundan başqa, məhz Qarabağdakı əməliyyatlar üzərindən o, Ermənistan prezidenti olub”.

Bu fikirlər politoloq Arzu Nağıyevə məxsusdur. Ekspert “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ermənistandan narazılığının olduğu bir vaxtda mütləq şəkildə ictimai-siyasi vəziyyəti tənzimləmək üçün əsas kart məhz Qarabağ kartı idi: “Dağlıq Qarabağ ərazisində isə separatçı hərbçilər ən mühüm siyasi qüvvələrdir və bunlar Sərkisyanı və ümumiyyətlə, Qarabağ klanını təmsil edən qüvvələrdir. Məhz buna görə də öz siyasi hakimiyyətini qorumaq üçün Sərkisyan hərbi təlimlərə başçılıq edir və paralel olaraq KTMT-nin iclasında Dağlıq Qarabağ kartı ortaya atılır”. A.Nağıyevin fikrincə, Kremlin də burada özəl məqsədləri var: “Rusiya bir daha özünün nüfuzunu artırmaq üçün Ermənistanın problemlərini həll edən dövlət kimi özünü göstərir. Eyni zamanda Ermənistan da daxili problemlərini həll etmək üçün Rusiyanın onunla bir yerdə olduğunu dolayı şəkildə nümayiş etdirir. Bütün bunlar hakimiyyəti saxlamaq üçün atılan addımlardır”. Politoloq da razılaşır ki, danışıqlar ərəfəsində baş verən bu kimi təxribatlar Vyana görüşünün də nəticəsiz başa çatacağını deməyə əsas verir.

Horadiz əməliyyatının iştirakçısı, keçmiş kəşfiyyatçı İlham Ağalarov “Yeni Müsavat”a düşmən ölkənin hərbi təlimləri barədə danışarkən bu təxribatların gözlənilən olduğunu vurğuladı: “Adətən plana uyğun təlimlər olur. Həm də siyasi vəziyyət asılı olaraq belə təlimlər keçirirlər”. Keçmiş döyüşçü Azərbaycan ordusunun Ermənistan ordusunu darmadağın etmək iqtidarında olduğunu bildirdi: “Düşmənin səddini yarmaq ordumuz üçün problem deyil. Bizim kifayət qədər müasir silahlarımız var. Aprel döyüşləri də göstərdi ki, biz istənilən vaxt yaşıl cığır əməliyyatı keçirib düşmənin içinə dərin sızma edə, düşməni darmadağın edə bilərik. Yetər ki, əmr verilsin”.

Qeyd edək ki, kəşfiyyatçı Ermənistan ordusunun təlim keçirdiyi ərazilərimizə kifayət qədər bələddir: “Onların Ağdamda təlim düşərgələri var. Amma Cəbrayıl ərazisindən də poliqon kimi istifadə edirlər. Həmin yer Minbaşlı və Hovuslu arasında, Sultanlıya qədər böyük ərazidir. 1992-ci ildə Sarıcalıda bizim ordunun bazası var idi. Mən axırıncı dəfə ermənini əsir götürəndə o demişdi ki, Sarıcalıda bunların təlim düşərgəsi var. Mən o ərazidə 94-ün yanvarında kəşfiyyatda olmuşam. Oradan Qubadlıya, Laçın yoluna, Gorusa çıxış var”.

“Qarabağ ermənilərlə yanaşı, həmişə orada yaşamış və indi oradan qovulmuş azərbaycanlılara məxsusdur”. İstipress-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladiir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenko  yaydığı videomüraciətində bildirib. “Mən düşünürəm ki, azərbaycanlılar Qarabağa geri qaytarılmalıdır”,- deyə Maksim Şevçenko erməni mənşəli Rusiya mediamaqnatı Aram Qabrelyanova ünvanladığı videomüraciətində bildirib. Söhbət Rusiyanın Birinci kanalında gedən tok-şouda  Maksim Şevçenkonun polşalı millətçi ilə mübahisədə Qarabağın Azərbaycana məxsus olduğunu vurğulamasından sonra başlayıb. Polşa millətçisi Avropa Birliyinin adından danışdığını və Qarabağın Ermənistana verilməsinin tərəfdarı olduğunu iddia edib. Maksim Şevçenko isə onun sözünü kəsərək Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıb.

Müraciətdən  belə görünür ki, mediamaqnat Aram Qabrelyanov Maksim Şevçenkonun bu ifadələrindən incidiyini ifadə edib. Maksim Şevçenko isə ona video ilə müraciət edərək  fikrini daha geniş izah edib: “Hüquqi olaraq Qarabağ Azərbaycanındır. Bütün dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ərazisi sayır”, - deyə Maksim Şevçenko bildirib.

Qeyd edək ki, ötən həftə Bakıda olan erməni tarixçisi Ağacanov da Qarabağın Azərbaycana qaytarılmalı olduğunu bəyan etmişdi. Ancaq Qarabağdakı separatçılıq və işğal dalğasında böyük varidat və hakimiyyətə sahiblənən Serj Sərkisyan erməni xalqının fəlakətləri bahasına olsa da, ənənəvi mövqeyindən geri çəkilmək niyyətində deyil. Bununla da Ermənistan prezidenti Azərbaycanı savaşa çəkir, təbii ki, sahibinə arxalanaraq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar