Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Vüsal Məmmədov: “Zavallısan ki, özünü dinin mühərriki sayırsan”


Məni inkara yönəldən əsas səbəb budur ki, Allahın varlığını təsdiq etmək üçün heç bir əsas yoxdur


Sadəcə olaraq, Allah bir ideyadır. 

Bəşəriyyət bu günədək təxminən 30 minə qədər Allaha inanıb. Bu günki ərəblərin Allahı həm də bizim xalqımızın inandığı Allah həmin çoxminli allahlardan biridir. Ərəblərin Allahı başqa allahlardan heç nəyilə nə artıq, nə də əskik deyil.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bu fikirdədir.

Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Ramazan başlayanda maraqlı hadisələr baş verir. İçki içən içkini, narkotik çəkən narkotiki tərgidir, “pis” hesab etdiyi vərdişlərdən də müvəqqəti uzaqlaşanlar olur. Bunun izahı həmin insanların inanclarına olan bağlılığıdırmı, yoxsa?..

- Mənə görə siqaret çəkmək ən pis vərdişdir. Siqaret çəkən təkcə özünə yox, ətrafdakılara da ziyan vurur. Yaxın, dost-tanış yanımda siqaret çəkəndə çox ciddi şəkildə narahat oluram, evə gedəndə paltarımdan çox pis iyin gəldiyini görürəm. İstəyirəm ki, heç kəs siqaret çəkməsin. Düzdür, bununla onların da qayğısına qalıram, amma ən çox özümdan narahat oluram. Bəli, elə insanlar var ki, Ramazan ayı boyunca siqaret çəkmirlər. Mən oturub siqaret çəkirəm, o isə oturub siqaret çəkmək üçün iftarı gözləyir. İftar açılan kimi də, dərhal siqaret yandırır. Bu, pis vərdişdən əl çəkmək, uzaqlaşmaq olmadı. Həqiqətən nəfslə mübarizə aparmaq istəyirsənsə, 8-9 saat ac qalma, siqaretlə ciddi şəkildə mübarizə apar və at.

Nəfsə qalib gəlmək, pis vərdiş hesab etdiyin şeydən imtina edə bilməkdir. Bir ay içki içmə, siqaret çəkmə, qalan 11 ayda iç və çək - belə nəfslə mübarizə olmur. Bu, cəhalətin başqa formasıdır.

- Həmişə İslam və bu dinə qarşı tənqidi mövqedə dayanmısız. Bu dinin xoşunuza gələn müsbət tərəfləri heç yoxdur?

- İslam dininin həddindən artıq müsbət tərəfləri var. Amma bunların heç biri tətbiq olunmur. Bu müsbət məsələlər təkcə İslamda yox, digər dinlər və inanclarda da var. Məsələn, xeyirxah olmaq, paylaşmaq, səxavətli, mərhəmətli olmaq və s. Bu ideyalar müəyyən mənada İslamda da var. Amma bizdə heç kəs İslamdan bunu götürmür. Bizdə İslamdan ancaq asmağı, kəsməyi götürürlər. Yeddiqat söyüş söyürlər ki, sənin mənim dinimlə nə işin var?

İslamda mübarizənin iki yolu var: təvəkkül və cihad. Cihad silahla mübarizəyə çağırışdır. Təvəkkül isə odur ki, sən Allaha inanırsan. Müasir İslam dünyasında heç kəs təvəkküldən istifadə etmir. Hamı məsələni özü həll etmək istəyir. Çünki onlar Allaha inanmırlar. Allaha inanan insan bilməlidr ki, ona təvəkkül etmək də olar.

Onlar bilirlər ki, Allaha təvəkkül etsələr, məsələlər həll olunmayacaq. Buna görə də, Allahın adından istifadə edib dava etmək istəyirlər. Əsas problem budur.

- Bəs, sizi Allahı inkar etməyə, ateist düşüncələrə yönəldən İslam idimi? Amma bildiyim qədər “Quran”ı oxumusuz, oruc da tutmusunuz.

- Məni inkara yönəldən əsas səbəb budur ki, Allahın varlığını təsdiq etmək üçün heç bir əsas yoxdur. Sadəcə olaraq, Allah bir ideyadır. Bəşəriyyət bu günədək təxminən 30 minə qədər Allaha inanıb. Bugünkü ərəblərin Allahı həm də bizim xalqımızın inandığı Allah həmin çoxminli allahlardan biridir. Ərəblərin Allahı başqa allahlardan heç nəyilə nə artıq, nə də əskik deyil.

Nitşe xristian dininin Allahı haqda deyirdi ki, Allah qocalıb, o, tezliklə öləcək. Hər Allahın özünün yaşamaq dövrü var. Ayrı-ayrı xalqlara məxsus allahların özünün bir dövrü, qocalan və ölən vaxtı olur.

Xristianlığın Allahının güclü vaxtları olub. Onun adı gələndə hamı qorxuya düşürdü. Amma o, qocalıb və ölməyinə az qalıb. Artıq İslamın Allahı da qocalmağa doğru gedir. Vaxt gələcək bu Allah da qocalacaq. Kimsə bunu oxuyub mənə söyməsin, bu ideya Nitşenindir. Əgər kiminsə davası varsa, gedib Nitşeylə etsin.

- Son zamanlar Avropada “Quran”ın dəyişdirilməsi, yaxud bir sıra ayə və surələrinin kitabdan çıxarılması təklifləri gündəmə gəlir. Əsas arqument də budur ki, “Quran” orta əsr düşüncəsini özündə əks etdirir və müsair dünyanın şərtlərinə uyğun deyil.

- “Quran” orta əsr mədəniyyətinin, orta əsr ictimai proseslərinin möhtəşəm abidəsidir. Biz “Quran”ı oxuyaraq başda ərəblər olmaqla orta əsr xalqlarının siyasi və etnopsixologiyası haqda çox maraqlı məlumatlar əldə edə bilərik. Bununla onların düyagörüşünü, təbiəti necə dərk etmələrini anlayırıq. “Quran”ı bu cür, orta əsr ərəb cəmiyyətini öyrənməyin bir vasitəsi kimi oxumalıyıq. Buna görə də, “Quran”ı qətiyyəyin dəyişdirmək olmaz. “Quran”dakı hər bir ayə və surə olduğu kimi çox qiymətlədir, onu qorumaq lazımdır ki, bunun vasitəsilə hər dövrü dərk edək.

Mən inanıram ki, “Quran” bir neçə dəfə dəyişdirilib, buna görə də bu kitabın orijinal ayələrini və surələrini tapmalıyıq ki, kitabın əhatə etdiyi dövrləri daha yaxından öyrənək. Biz “Quran”a tarixi abidə kimi yanaşmalıyıq.

- Bəllidir ki, dinə qarşı radikal yanaşmanız var. Bəs, ətrafınızdakı dindar yaxınlarınıza və dostlarınıza münasibətiniz necədir?

- Dostlarım arasında dindarlar var. Təəssüf ki, ateist fikirlərimi özünə qarşı təhqir hesab edib dostluqdan uzaqlaşan insanlar da var, amma bunları normal qəbul edib mənimlə dostluq münasibətlərini sıx şəkildə davam etdirənlər də az deyil. Onlar başa düşürlər ki, mənim dinə münasibətim şəxsiyyətlərə qarşı deyil. Mən bütün şəxsiyyətlərə hörmət edirəm. Hətta Azərbaycanın ən axmaq radikal dindarına da şəxsən hörmət edirəm.

Mənim onun şəxsiyyətilə heç bir işim yoxdur, mənim işim ideyayladır. Bilmək gərəkdir ki, insan öz inancından ibarət deyil. Onlar ağızları köpüklənə-köpüklənə, tüstülənə-tüstülənə “mənim inancım” deyir, “mənim dinimə toxunma” söyləyirlər.

Ay qardaş, bu din sənin deyil, ümumiyyətlə, bu dinin səninlə əlaqəsi yoxdur. Bu bir sistemdir, sən də bu sistemin bir piyadasısan, bu sistemin formasına düşmüş bir zavallısan. O qədər zavallısan ki, bu sistemin mühərrikini özününkü hesab edirsən. Halbuki mühərriki quran var. Mən bunu başa salmağa çalışıram. Başa düşənlər də incimirlər. Bu gün müsəlman olan sabah xristian ola bilər, bu gün xristian olan sabah müsəlman olar. Nə qədər adam tanıyıram ki, inancını dəyişib.

- Əgər cəmiyyətin inancı bu deyilsə, nədir – sizin inancınızdırmı? Sizcə, sizin inancınız çıxış yoludurmu, siz özünüzə inanırsınız?

- Söhbət məndən, mənim nə düşünüb, nəyi düşünməməyimdən getmir. Bəşəriyyətin və bizim cəmiyyətin keçdiyi tarixi yol var ki, artıq nəyin səhv, nəyin doğru olduğu burada müəyyən edilib. Sizcə, oğrunun əlini kəsmək doğrudur, ya onu iki il azadlıqdan məhrum etmək? Hansı daha vicdanlıdır? “Quran”ın “ilahi qanunu” deyir ki, əlini kəsin. İnsanın qəbul etdiyi qanun isə deyir ki, iki il azadlıqdan məhrum et. Bəlkə bu insan iki ildə elə gözəl başa düşəcək ki, bir də oğurluq etməyəcək? Sən niyə onu şikəst etməlisən?

Xəyanət edən qadın və kişini daş-qalaq edib öldürmək düzgündür, yaxud insanın qəbul etdiyi qanuna uyğun olaraq, onlara cəza tətbiq etməmək? Bəlkə onların başqa problemləri var? Tarix də sübut edir ki, cəmiyyətin özünün qəbul etdiyi qanunlar, əxlaq normaları “ilahi” deyə bizə sırınan qanunlardan milyard dəfə daha ədalətlidir. Buna görə də, biz “ilahi norma” deyib ondan yapışmalı deyilik, çətinliklə çatdığımız normalara üz tutmalıyıq.

- Sizcə, peyğəmbər İslamı sizin “Quran”dan çıxardığınız haşiyələr əsasında formalaşdırmışdı?

- Məhəmməd ibn Abdullah tacir olub. Tez-tez qonşu dövlətlərə səfər edib. Bu səfərlər əsnasında xristianlıq, yəhudilik və digər dinlər, inanclar haqda məlumatlar əldə edib. Həmin dönəm yeni din yaratmaq cəhdlərinin çox olduğu dövrə təsadüf edirdi. Məhəmməd də bu cəhdlərdən birini edənlərdəndi. Sadəcə olaraq, onun cəhdi baş tutdu. İslama baxanda da görürsən ki, bir qədər zərdüştlükdən, bir qədər xristianlıqdan, bir qədər yəhudilikdən, bir qədər də şumerlikdən götürülmüş sintetik bir inanc sistemidir. Məsələn, namaz məcusilikdən, oruc yəhudilikdən, “Quran”dakı bir çox rəvayətlər natamam və təhrif edilmiş formada “Bibliya”dan götürülüb.

Yəni, “Quran”da sırf İslamın özünə aid olan orijinal bir məsələ yoxdur. Başımı baltanın altına qoymaqla mərc gəlirəm ki, “Quran”da sırf İslamın özünə aid bir məsələ yoxdur. Kim sübut etsə ki, filan şey sırf “Quran”a aiddir, başımı baltanın altına qoyacağam. Bu gün “Quran”da bizə “elm”, “yeni fikir” adıyla təqdim edilən rəvayətlər həmin vaxt ərəblərin çayxanalarda, bazarlarda öz aralarında danışdıqları söhbətdir.

Məsələn, “Quran”da göstərilən “iki dənizin biri-birinə qarışmaması” məsələsi... Bu məsələ ərəb nağıllarında, “Sindibadın səyahətləri”ndə də var. Yəni, “Quran”da yeni bir şey yoxdur.

- Tarixin müəyyən mərhələsindən sonra qlobal miqyaslı dinlərin yaranması, yaxud yaradılması prosesi başa çatdı. Belə desək, sanki proses İslamda bitdi. Sizcə, bu, İslam qlobal miqyasda qəbul edilməsi, yaxud bu dinin gücü deyildimi?

- Hazırkı dönəmdə din yarana bilməz, yaransa da baş tuta bilməz. Çünki müasir insanın beyni dinə inanacaq səviyyədə deyil. İnsanlar indi təbii qüvvələrə istinad edirlər. Artıq hər bir insan bilir ki, fövqəltəbii güc, mələk yoxdur, heç kəsə vəhy gələ bilməz. Əvvəllər hamı dindən danışırdı, indi heç kəs danışmır. Çünki hər yerdə video-kameralar var və evə cinin girmədiyini görürlər. Müasir dövrdə din yarana bilməz, proses artıq bitib.

Britaniyalı filosof Tomas Karlayev deyirdi ki, əgər İsa peyğəmbər indi gəlib desəydi ki, mən Allahın oğluyam, din gətirmişəm – heç kəs onu çarmıxa çəkməyəcəkdi, onu bir məclisə çağırıb danışdıracaqdılar və doyunca güləcəkdilər.

İslamdan sonra yeni dinlər yarandı. Məsələn, Bəhailik. Bu, dindir və milyondan çox inananı var. Milyon az rəqəm deyil. Onlar inanırlar ki, Bəhaullah həqiqətən peyğəmbərdir və Allahdan ona vəhy gəlib. İslamdan sonra təxminən 50-60 böyük din yaranıb. Amma indi elə bir şüur formasına çatmışıq ki, bundan sonra din yarana bilməyəcək.

- Baxışlarınızdan təxminən bu qənaət yaranır ki, dinlərə inananlar səhv yoldadırlar. Axı, dünyada ayrı-ayrı dinlərə inanan milyardlarla insan var. Az qala dünyanın 90 faizdən çoxu hansısa dinə inanır. Sizcə, kimsə nəyəsə inanır deyə ona ağılsız kimi baxmaq ədalətlidirmi?

- Bir xristiana görə müsəlman, bir müsəlmana görə yəhudi, bir yəhudiyə digər digər dinlər səhv yoldadır. Bir krişnaçıya görə də onların hamısı səhv yoldadır. 5 milyard inanclının özü özünü inkar edir. Ateislər də buna görə fikirləşir ki, onların hamısı səhv yoldadırlar. Mənim bir müsəlmandan fərqim budur ki, o, 10 dini yalan sayırsa, mən 11 dini yalan sayıram. Bu qədər inanan insanın ağılsız olmaqla bağlı suala gəlincə, onlar sadəcə bunun mahiyyətini fikirləşmirlər.

Məsələn, xristianlar üçün inanmaq sadəcə məişət ənənəsidir. Həftədə bir dəfə kilsəyə gedirlər, toy edirlər, vəssalam... Xristianlar çox gözəl bilirlər ki, İsa Allahın oğlu deyil, ümumiyyətlə, Allahın oğlu ola bilməz. XXI əsrdə buna heç kəs inanmır. Əgər İsa olubsa, hamı bilir ki, İsanın bioloji atası da olub. Bu, yüz faiz belədir. Amma mən heç İsanın olduğuna da inanmıram.

- Bəs müasir Azərbaycan cəmiyyətində din hansı yerdə dayanıb, proseslərə təsir imkanları varmı?

- Azərbaycan cəmiyyəti bizə təqdim edildiyi qədər qatı dindar cəmiyyət deyil. Cəmiyyət daxilindəki dini kəsim getdikcə kiçilir. Müstəqilliyin ilk illərində Ramazanda kifayət qədər oruc tutan var idi. Amma indi onların sayı kəskin şəkildə azalıb. Mən də oruc tutan adamların arasındaydım. Amma insanlar getdikcə həqiqətləri görürlər, sekulyarlığa meyillənirlər. Lakin din cəmiyyət daxilində bir qüvvədir, bunu heç kəs dana bilməz. Bu, kiçik qüvvə də deyil.

Ən əsası budur ki, bu qüvvənin böyüməsi prosesi dayanıb. Bu, bizim gələcəyimiz baxımından yaxşı haldır.

pia.az
Etiket:
loading...