Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Vergilər Nazirliyi «göz yaşlarına inanmır»


Kiçik marketlər sözün həqiqi mənasında bir çox insanların ümid yeri olub və olmaqda davam edir. Amma Fazil Məmmmədov aztəminatlı insanların sonuncu ümidlərini öldürür.


Vergilər Nazirliyi birmənalı olaraq Azərbaycanda orta sinifin qəniminə çevrilib. Bu əvvəlcədən də beləydi, amma neftin qiymətinin aşağı düşməsindən və əsasən də manatın devalvasiyasından sonra Vergilər Nazirliyinin müfəttişləri Azərbaycanda orta sinifi tamamilə məhv edir. 

Adi bir misal çəkəcəm. Mənim yaşadığım binanın ətrafında son iki ayda üç dükan bağlanıb. Səbəbini isə dükan sahibləri birmənalı olaraq Vergilər Nazirliyi ilə əlaqələndirilər. Deyirlər ki, müvəttişlər gəlib onlardan pul tələb edirlər. Verməyənlərə isə ayda 400 manat cərimə edirlər. Bu üzdən də dükan sahibləri dükanlarını bağlamağı daha doğru yol hesab edirlər. Çünki nə qeyri-rəsmi şəkildə tələb olunan pulu ödəməyə, nə də cərimələri ödəməyə imkanları yoxdur. Hətta bəziləri idda edirlər ki, vergi müfəttişləri açıq şəkildə deyirlər ki, ya «ödənişinizi edin, ya da dükanı bağlayın»... 

Azərbaycanda bir zamanlar küçə ticarəti deyilən bir şey vardı. Sonradan onu yığışdırdılar. Doğru da elədilər. Çünki küçə ticarəti hər zaman bir ölkənin sosial və iqtisadi vəziyyətinin nə qədər acınacaqlı olmasının göstəricisidir. İndi isə kiçik marketləri Vergilər Nazirliyinin «əli» ilə ortadan qaldırırlar. Halbuki həmin marketlərdə bütün sanitariya və digər standartlar qorunur, satılan malların keyfiyyəti ilə supermarketlərdə satılan malların keyfiyyəti arasında da heç bir fərq yoxdur. Sadəcə ola bilsin ki, qiymətlərdə cüzi fərqlər olur ki, bu da supermarketlərlə müqayəisədə başa düşüləndir. Ən əsası kiçik marketlərdən on minlərlə ailə dolanır. İndi isə həmin ailələrin çörəyi kəsilir. Və «mərdiməzar» rolunda da məhz Vergilər Nazirliyinin müfəttişləri çıxış edir. 

Fazil Məmmədov kasıb əhalinin ümid yeri olan və ölkədə sosial sabitliyin qoruyucu faktorlarından biri olan kiçik marketləri niyə məhv etməyə çalışır?


Bu gün Azərbaycanda orta sinifin nümayəndəsi olaraq məhz kiçik marketlərdə çalışanlar və bazarlarda alver edənlər çıxış edirlər. Həmçinin məhz kiçik marketlərdə çalışanlar Azərbaycanda aztəminatlı ailələrin yaşam mənbəyidir. Çünki məhz kiçik marketlər əhalinin böyük hissəsini təşkil edən və daha çox günəmuzd işləyən insanlara borc mal buraxır və bu da yüz minlərlə aztəminatlı ailələrin ayaq üstündə durmasında əsas rol oynayır. Açıq demək lazımdır ki, kiçik marketlər olmasaydı, bu gün Azərbaycanda intiharların, dilənçilərin və pritonların sayı qat-qat çox olacaqdı. Kiçik marketlər eyni zamanda cəmiyyətdə sosial bufer rolunu oynayır və ölkədə sosial partlayışın qarşısını alan faktorlardan biri olaraq çıxış edir. Çünki ümid sonuncu ölür və kiçik marketlər sözün həqiqi mənasında bir çox insanın ümid yeri olub və olmaqda davam edir. 

Bu durumda ortaya çox təbii sual çıxır. Fazil Məmmədov kasıb əhalinin ümid yeri olan və ölkədə sosial sabitliyin qoruyucu faktorlarından biri olan kiçik marketləri niyə məhv etməyə çalışır? Onsuz da artıq dözülməz səviyyədə olan monopoliyanı daha böyütmək üçünmü? Kim deyə bilər ki, monopoliyanın tüğyan elədiyi bu ölkədə Vergilər Nazirliyinin rəhbərliyi monopolist supermarketlərlə anlaşmayıb? Axı bizim ölkəmizdə bu adi haldır. 

Açıq deməliyik ki, Vergilər Nazirliyinin kiçik marketlərə qarşı açdığı «savaş» birbaşa olaraq böyük marketlərin işinə yarayır. Bu məhz super marketlərin satışlarının daha da artmasına yol açır. Amma imkansız adamlar evinə ehtiyacı olan ərzağı aparmaq üçün supermarketlərdən borc mal almaları imkansızdır. Bunu hamımız bilirik. O zaman nə olacaq? 

Azərbaycanda hər kəsin beyninə və düşüncəsinə ancaq bir şey hökm edir. İmkan yetdikcə daha çox istismar etmək.


Ola bilsin ki, cənab Fazil Məmmmədov evinə bir tikə çörək apara bilməyən insanları təsəvvür edə bilmir. Amma fakt odur ki, yüz minlərlə insanın bu gün evinə bir tikə çörək aparmaq problemləri var. Və bu problemi yaradan əsas səbəb məhz monopoliyadır. Məhz monopliya bu gün Azərbaycanda sabitliyin təməllərindən biri olan orta sinifi tamamilə ortadan qaldırmağa çalışır. Çünki monopoliya hər zaman daha çox qazanmağa çalışır və inanın ki, kiçik marketlər tədricən ortadan qalxdıqca Azərbaycanda supermarketlərdə də qiymətlər qalxacaq ki, bu prosses artıq gedir. 

Azərbaycandakı mövcud iqtisadiyyat və sosial münasibətlər 18-19-cu əsrin Avropa və Amerikasını xatırladır. Vəhşi kapitalizm heç bir sosial haqq və hüquq tanımır. Azərbaycanda hər kəsin beyninə və düşüncəsinə ancaq bir şey hökm edir. İmkan yetdikcə daha çox istismar etmək. Vəssalam. Bizdə isə, artıq istismar qırmızı xətti keçir. Birilərinin bunun fərqində olması gərəkir

P. S. Bəziləri Vergilər Nazirliyinin kiçik marketlərə «divan tutmasını», neftin qiymətinin aşağı düşməsindən sonra Fazil Məmmədovun büdcəni doldurmaq cəhdi kimi dəyərləndirirlər. Absurd versiyadır. Çünki büdcəni doldurmağa çalışanlar qeyri-rəsmi ödəniş tələb etməməlidirlər. Hətta Vergilər Nazirliyi bu yolla büdcəni doldurmağa çalışırsa, o zaman gələn il büdcəni nəylə dolduracaq? Və əgər bu iddiada azacıq da olsun həqiqət varsa, o zaman demək ki, Fazil Məmmədovu kürsüsünü qorumaqdan başqa heç bir şey düşündürmür. Və ən əsası demək ki, Fazil Məmmədov ancaq bu günlə yaşayır... 

Azər QARAMANLI 
pia.az
Etiket:
loading...