Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovun “30 kitab oxuyun” sərəncamına reaksiyalar


Novella Cəfəroğlu: “Əgər Talıbov deyirsə ki, bu kitabları oxuyun, sağ olsun”


Mehriban Vəzir: “Bu, çox gülməli addımdır və bunun rəsmi bir sərəncam olması ondan da gülməlidir”.

Aqil Abbas:  “Vasif Talıbov Konfutsidən elə sitatlar çəkirdi ki, heyran qalırdım”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkmənbaşı sayağı bir sərəncam imzalayıb. Sərəncama əsasən, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

V.Talıbovun kitab siyahısında müxtəlif janrlı yerli və xarici ədəbiyyatlara üstünlük verilib. Məsələn, siyahıya “Kitabi-Dədə Qorqud” dastanı, “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı), ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu, Nikolay Ostrovskinin “Polad necə bərkidi”, Moris Meterlinknin “Arıların həyatı” və “Göy Quş” əsərləri, “İslamda müdrik kəlamlar”, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, Cek Londonun “Həyat eşqi” kimi kitablar daxil edilib. 

Maraqlıdır ki, siyahıda heç bir müasir yazarın əsəri yoxdur. 

Naxçıvanlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirib ki, əslində Vasif Talıbovun sərəncamında qeyd olunan kitablar çox faydalıdır: “Naxçıvan çox qəliz yerdir. Əvvəlcə Talıbovdan doğrudan da çox narazı idim. O, Naxçıvanı elə saxlayırdı ki, camaat Bakıya qaçırdı.

Картинки по запросу Novella Cəfəroğlu
Ancaq bir müddət sonra başa düşdüm ki, bəlkə də Naxçıvana belə bir adam lazımdır. Çünki Naxçıvanın sərhədlərində bir tərəfdən Ermənistan, digər tərəfdən, Türkiyədir ki, o istiqamətdə də PKK-çılar çoxluq təşkil edir. Həmçinin İran da Naxçıvanla sərhəddədir. İndi baxın, bu illər ərzində Naxçıvanda bir vəhhabi, radikal islamçı olmayıb. Ermənistandan da Naxçıvana bir güllə atılmayıb. Bəlkə də Talıbov Naxçıvanı bu cür saxlamaqla, elə Naxçıvanın özünü qoruyub, saxlayır. Məncə, məsələ bu cürdür. Həmçinin o, küçələrə xeyli sayda çevik polis də çıxarırdı. Düşünürəm ki, bununla da Naxçıvanı qoruyurdu. İndi də kitab siyahısı hazırlayıb. Baxıram ki, bu kitablar da çox gözəldir. Əgər Naxçıvan camaatı Cek Londonu oxuyacaqsa, bu yaxşı əlamətdir. Cek London hər zaman azadlıq istəyib. Eləcə də Linkoln azadlığı gətirən insandır. Əgər Talıbov deyirsə ki, bu kitabları oxuyun, deməli, o, çox irəliyə gedir. Sağ olsun. Naxçıvan camaatı onsuz da hər cəhətdən savadlıdır. Çünki naxçıvanlılar hər dəfə basqı altında olublar. Ona görə də İslam dinini də dəqiq bilirlər. Yadımdadır ki, mən uşaq olanda dayılarımın evində bu sadalanan kitabların əksəriyyəti var idi. Əgər Talıbov deyirsə ki, Linkolnun oğlunun müəlliminə yazdığı məktubu oxuyun, bax bunun özü böyük addımdır”.

Naxçıvanlı deputat Fazil Mustafa qəzetimizə bildirib ki, imkanı olsa hər kəsə məcburi formada və ya həvəsləndirərək kitab oxudar:


Azərbaycan cəmiyyətinə hətta məcburi formada, fərman, sərəncam yolu ilə kitab oxudulmasının tam tərəfdarıyam. Oxumayan cəmiyyəti oxutmaq üçün hansısa yol tapmaq lazımdır. Mənim əlimdə hər hansı bir imkan olsaydı, insanları məcburi şəkildə kitab oxumağa təşviq edərdim. Çünki ən az kitab oxuyan cəmiyyətlərdən biri Azərbaycan cəmiyyətidir. Bunu araşdırmalar da göstərir ki, bizdə kitab oxumaq ənənəsi çox aşağı düşüb. Ona görə də bu istiqamətdə hər hansı bir addım atılırsa, ola bilər ki, bunun forması müzakirə edilə bilər. Ancaq məqsəd və niyyət yaxşıdırsa, burada narahatlıq üçün əsas görmürəm. Ümumiyyətlə, insanların oxumağa sövq edilməsi üçün müəyyən addımların atılması vacibdir. Biz görürük ki, adət-ənənələrlə də bağlı fərmanlar verilir. Fərman verməsən yenə də yas həmin yaslığında, toy da həmin toyluğundadır. Bəlkə burada da deyilə bilər ki, niyə fərman veriblər. Cəmiyyətin öz öhdəsinə buraxılsa, vəhşixana toylardan və ya israfçı yaslardan yaxa qurtara bilməyəcəyik. Bunu fərmanla etdikdə bəlkə də qarşısını almaq olur. Birinci Pyotr dövrünə baxın. Deyilə bilər ki, onun dövründə bir çox məsələlər insan haqlarına ziddir. Ancaq məcburiyyət olmasaydı, bu gün Rusiya inkişaf etmiş bir ölkəyə çevrilməzdi. 

Bu məsələdə də söhbət kitab oxumağın cəmiyyətə müəyyən dərəcədə vacib olduğunu vurğulamaq niyyətindən gedirsə, bunun forması müzakirə edilə bilər. Oradakı kitabların hər birinin özünə görə, bir faydası var. Belə bir formanın isə seçilməsi, məncə, məcburiyyətdən irəli gəlir. Çünki oxuyan cəmiyyət yoxdur. Hansısa formada cəmiyyəti oxumağa sövq etdirməyin tərəfdarıyam. Əlimdə imkan olsa inanın ki, orta məktəblərdə şagirdlərin məcburi formada mütaliə etməsinə çalışardım. Test üsulundan sonra görürük ki, uşaqlar 650-700 bal toplayırlar. 

Ancaq soruşanda görürsən ki, bir dənə də olsa bədii ədəbiyyat oxumayıblar. Əksəriyyəti Balzakı, Tolstoyu, Dümanı və digərlərini oxumayıblar. Dünya görüşü, bədii təxəyyül olmayan yerdə insan necə inkişaf edə bilər. Ona görə də Azərbaycan cəmiyyətində bir sıra məsələlərin məcburi formada insanların gündəminə gətirilməsi vacibdir. Xüsusilə də kitabla bağlı bu belə olmalıdır. Bir çox məsələlərə fərqli baxıram ki, nəyisə insanlara məcbur etmək olmaz. Ancaq uşağın hələ yaşı azdır, onu da oxumağa məcbur etməsək, kim gedib bunu könüllü oxuyacaq. Gərək vərdişə çevrilsin ki, sonra özü oxusun. Cəmiyyətdə də bu gün oxuma vərdişi aşağıdır, ona görə də bu kimi addımların atılması vacibdir”.

Yazıçı-publisist Mehriban Vəzir isə fərqli düşüncədədir. O bildirib ki, Vasif Talıbovun belə bir sərəncam imzalaması gülməlidir: “Bu çox gülməli addımdır və bunun rəsmi bir sərəncam olması isə ondan da gülməlidir.

Картинки по запросу Yazıçı-publisist Mehriban Vəzir
İnsanları mütaliəyə sövq etmək lazımdır və bu, dövlətin bir maarifləndirici proqramı əsasında edilməlidir. Ancaq qəzet köşklərini gizlədib, kitabxanaları dağıdıb, radio-televiziyada maarifçilik işini məhv edib belə bir sərəncam imzalamaq çox qəribədir. Hətta bir az da təhlükəli tendensiyadan xəbər verir. Çünki Orta Asiya ölkələrinin bəzilərində hətta dövlət başçıları öz kitablarını tədrisə salırlar. Çox əcaib bir şeydir. Azərbaycan 1918-ci ildə respublika qurmuş, təməl qoymuş bir ölkədir. Burada belə addımlar atmaq isə həqiqətən də bizim adımıza çox böyük biabırçılıqdır. Əslində onu da qeyd edib ki, siyahıda maraqlı kitablar var. Ümumiyyətlə, kitab oxumaq çox vacib bir haldır. Hər kitabın da özünün faydası var. Ancaq necə ki, pul adamı adam etmirsə, kitab da elədir. İnsanın özündə gərək bir insanlıq olsun. Kitab oxumaqla insanın düşüncəsində dəyişikliklər olsa da, bu, çox az olur. Biz o qədər özü ağırlığında kitab oxumuş vicdansız insanlar tanıyırıq ki. Bəşər tarixində hər cür insan var. Şimali Koreyanın rəhbəri Avropa təhsili alıb. Yüzminlərlə insanın qanına əli batmış bir adam olan Bəşər ƏsədAvropa təhsillidir. Yəni bunlar çox nisbi şeylərdir. Bir daha qeyd edirəm ki, bu, maarifçilik deyil. Buna gülməkdən başqa reaksiya vermək olmur. Dövlət öz vətəndaşını müasir insan kimi yetişdirmək üçün 11 illik icbari proqrama gərək olan bütün vəsaiti yükləməlidir. Bədii, elmi, vətəndaşlıq təfəkkürü - ümumilikdə hər şey bax ora yüklənməlidir. 

Ancaq bilirik ki, bizdə orta təhsil çox bərbad gündədir. Bu boyda boşluğu qoyub belə işlərlə məşğul olmaq isə doğru deyil”. 

Deputat-yazıçı Aqil Abbas kulis.az-a bu fikirləri deyib: “Mən Vasif Talıbovla bir-iki saat söhbət eləmişəm. Vasif müəllim yüksək dünyagörüşünə sahibdir, çox mütaliəli adamdır. Konfutsidən üzü bəri hər şeydən xəbəri var. Nitşesindən, Şopenhaurindən tutmuş bütün filosofları, dünya ədəbiyyatını oxuyub, həzm edib.



Mənə Konfutsidən elə sitatlar çəkirdi ki, heyran qalırdım. İndi bəzi adamlar sosial şəbəkələrdə tanımadan, bilmədən onun haqqında yazırlar. Halbuki Vasif müəllimin mütaliəsi, savadı çox böyükdür. Onun verdiyi siyahı da məcburi deyil. Sadəcə, gənclərə tövsiyə edib ki, kitab oxuyun. Bundan gözəl nə ola bilər ki? Çox gözəldir. Mən özüm arzu eləyərdim ki, bu cür siyahılarda İsmayıl Şıxlı, Sabir Əhmədov, Çingiz Hüseynov, İsa Muğanna, İsi Məlikzadə də olsun. Siyahıda gənc nəslin vətənpərvərliyinin formalaşmasından söhbət gedir. Bu yazıçılarımız da gənclərin formalaşmasında rol oynaya bilərlər. Deyə bilərsiniz ki, siyahıda Tolstoy, Dostoyevski niyə yoxdur, amma Ostrovski var. Axı burda gənc nəslin milli kökə bağlılığından söhbət gedir, onun tərbiyəsindən, vətənpərvərliyindən. Dostoyevskini oxuyub necə vətənpərvər olmaq olar? Yaxud da tərbiyəli. Söz yox ki, Dostoyevski də, Tolstoy da böyük yazıçıdır. Ancaq bu siyahının mövzusuna uyğun deyillər. Məsələn, mövzuya uyğun olaraq Şoloxovun ”İnsan taleyi"ni oxumaq olar.

Mən bir məsələni də qeyd etmək istəyərdim. Vasif müəllimin tapşırığı ilə jurnalistlər, redaktorlar, müxbirlər Naxçıvana səfər eləmişik. Yüksək səviyyəli görüşlər təşkil olunub orda. Bu barədə mətbuatda yazılar gedib. Mənim də o görüşlər haqqında yazılarım var. Arzu eləyərdim ki, bu görüşlər yazıçılarla da olsun. Şagird, tələbə canlı yazıçı görsün. Heç vaxt bir məktəblinin Elçin Əfəndiyevlə, Anarla, Çingiz Abdullayevlə, ya da gənc yazıçılarla görüş yadından çıxmaz. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar