Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Məhərrəmov: «Hər iki nazir demoqogiya ilə məşğul olub»


«Kənd təsərrüfatının inkişafında yalnız korrupsiyanın əngəl olduğunu deməzdim»


Vahid Məhərrəmov: «Fermerin xahişini Sahibkarlara Kömək Milli Fonduna çatdıran yüksək vəzifəli və tanınmış bir şəxs olmalıdır. Bu deputat, nazir və yaxud nazir müavini ola bilər».

Azərbaycan həmişə neft sənayesi və kənd təsərrüfatı ölkəsi olaraq tanınıb. Sovet dönəmində neft sənayesi ilə paralel olaraq kənd təsərrüfatı da inkişafetdirilirdi. Keçmiş kolxozlarda faktiki olaraq kəndliləri təhkimli vəziyyətə salsalar da, Azərğbaycanın kənd təsərrüfatı inkişaf edirdi və bu inkişaf ötən əsrin 70-ci illərində özünün pik həddini yaşadı. O zamanlar keçmiş SSRİ-də Azərbaycan neft sənayevindən daha çox pambığı və üzümü ilə tanınırdı. Amma müstəqillik qazanıldıqdan sonra inkişaf etdirilən və ölkəmizin iqtisadiyyatının şah damarına çevrilən neft sənayesi ilə paralel olaraq kənd təsərrüfatı inkişaf etdirilmədi. Aparılan islahatlara baxmayaraq və dövlətdən ayrılan vəsaitlərin azalmamasına rəğmən Azərbaycanın kənd təsərrüfatı sadəcə «xarababazara» çevrildi.

Hazırda neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə kənd təsərrüfatının əhəmiiyyəti yenidən ortaya çıxdı. Və hökümət 2015-ci ili kənd təsərrüfatı ili elan etdi.

PİA.AZ-ın əməkdaşları ölkənin əsas strateji iqtisadi sahələrindən biri olan kənd təsərrüfatındakı vəziyyəti kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmovla müzakirə edib.  Vahid Məhərrəmovla geniş müsahibənin ilk bölümünü oxucularmızın diqqətinə cəlb edirik. Qeyd edək ki, müsahibədə kənd təssərrüfatının bütün problemlərinə toxunmağa çalışmışıq.


- Dövlətin subsidiyalardan əl çəkib, planlaşdırılmış şəkildə sifarişlə həyata keçirməsi daha səmərəli ola bilərmi?

- Xeyr, bunu etmək mümkün deyil. Çünki dövlət çalışmalıdır ki, yükü öz üzərindən götürsün. Müstəqil fermer təsərrüfatları ortaya çıxmalıdır. Əgər dövlət planlı şəkildə tam olaraq kənd təsərrüfatının bütün inkişaf perespektivlərini öz üzərinə götürsə, daha eybəcər vəziyyət yaranacaq. Ona görə ki, məhsulu qəbul edən məmur olacaq. Mövcud qanun və qaydalarda da bu nəzərə  ayrılmayıb. Hər məhsulun müxtəlif qiymət və  fərqli keyfiyyət göstəriciləri var. Misal üçün, elə pambıq mahlıcı var ki, dünya bazarında 1 tonun qiyməti  1000 dollar, eləsi də var 5000 dollardır.  Bu kimi dəyərləndirmə funksiyasını bazardan alıb məmura etibar etmək  olmaz. Eləcə də digər,  meyvə, tərəvəz və sair məhsullarla bağlı. Bu kimi funksiya məmura və yaxud xüsusi adamlara etibar edilərsə sektorda monolistlər  yaranacaq. Ona görə də bazarda sahibkarlar üçün normal rəqabət mühiti yaradılmalıdır. Dövlətin apardığı siyasət ona xidmət etməlidir ki, pambıqdax xammal əldə etməklə  yanaşı onun emalı, parça, mal istehsalı da daxildə mümkün olsun . Ölkə xammal istehsal edən ölkədən hazır mal əldə edən, son məhsul istehsal edən ölkəyə çevrilsin.  Yüngül sənayeni inkişaf etdirə bilsək, fermərimizin istehsal etdiyi məhsula tələbat artacaq və eləcə də, paralel olaraq digər sahələr də inkişaf etməyə başlayacaq. Dövlətin işi əsas o mühiti yaratmaqdan ibarət olmalıdır. Dövlət bu istiqamətdə daim işlək və səmərəli sistem qurmaludur. Nazirlik də elə bunun üçün mövcuddur. 

- İsmət Abbasovu Heydər Əsadov əvəz etdikdən sonra kənd təsərrüfatında hansısa inkişaf hiss olunurmu? 

- Son iki ildə müqayisədə 575 min ton taxıl, 170 min ton kartof azalıb. Burada digər rəqəmlər də var, amma böyük olmadığı üçün onları sadalamıram. Aqrar sahənin bütün sektorlarında  geriləmələr  var. Bunu geriləmələri Kənd Təsərrüfatı nazirliyi keçən ilin quraqlıq keçməsi ilə əlaqələndirir, ancaq elə deyil. İş burasındadır ki, yeni nazir təyin olunandan sonra subsidiyanın verilməsinə nəzarəti öz əlinə keçirdi, subsidiyaların verilməsi üzərində öz nəzarət sistemini qurdu. Belə olan halda isə yerli icra başçıları əkinlə bağlı gördükləri işləri, canfəşanlığı əvvəl ki, kimi davam etdirmədilər. Yəni əvvəllər icra başçıları əkində maraqlı idisə, subsidiyaların verilməsində maraqlar konfilikti yarandığı üçün sahəyə maraq azaldı. Həm də bu səbəbdən bu il 110 min hektar əkin sahəsi azalıb. 

Vahid Məhhərəmov: «Heydər Əsədov subsidiyalar üzərində nəzarəti “gücləndirdi”. Nəticədə əkin sahələri azaldı».


- Bu göstərici statistikadır, yoxsa subsidiyanı almaq üçün saxta göstərilmiş ərazilərdir?

- Bizim kəndlərdə, rayonlarda apardığımız monitorinqlər göstərir ki, həqiqətən də azalma var. Bunu Kənd Təsərrüfatı Nazirliyinin özü də etiraf edir. Əgər saxta yolla subsidiyanı mənimsəyənlər ortadan çıxardısa, bu ümumi məhsulun istehsalına bir o qədər də  təsir etməzdi. Sıradan çıxan işbazlardır. Bu il birinci rübdə taxıl idxalı təxminən 50 % artıb. Əgər idxal bu qədər artıbsa, deməli keçən il istehsalda ciddi azalma olub. Əgər biz  görsək ki, həqiqətən də ölkəyə taxıl idxal olunmur, ölkə ərazisində əkin qaydasındadır, istehsal olunan məhsulun keyfiyyəti yüksəkdir, biz o zaman nazirlik barədə mənfi fikir söyləyə bilmərik. Hər iki nazir, həm əvvəlki  həm də yenisi daha çox məsələ ətrafında danışmağa üstünlük verib, demaqoqluqla  əsas məsələdən yayınmağa çalışıblar.

- Onda belə çıxır ki, hər iki nazir arasında ancaq demaqogiyanın səviyyəsində fərq var?

- Tamamilə doğrudur. Hər ikisi demaqogiya ilə məşğul idi. Nazir sahə ilə bağlı məlumatlı insan olmalıdır. Sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün hökümətlə birgə işləməlidir. Nazirlə söhbət zamanı ölkəyə uzun müddət kalium gübrəsi gətirilmədiyini dedim. O isə bu il kalium gübrəsi gətirdiyini bildirdi. Kaliumun nə üçün lazım olduğunu soruşduqda isə o bitkinin kökünü möhkəmləndirdiyini bildirdi. Mən başa düşdüm ki, naziri sahə ilə bağlı ciddi bilgisi olmayan mütəxəssis bu haqda məlumatlandırıb. Kalium elementi torpaq  və  bitki üçün  əvəzolunmaz elementdir. Hər bir elementin öz funksiyası var. Kalium yanlız qida rolunu oynamır, müəyyən funksiya daşıyıcısıdır. Kalium elementi bitkinin kökündə olan suyu yarpağa çıxarır, yarpaqda turqorluğu yaradır və fotosintez prosesi nəticəsində qeyri-üzvi maddələri üzvi maddələrə çevrilməsi prosesində əvəzsiz rol oynayır. Nazirlərdə dərin bilgi olmadığı üçün problemin kökündə nə olduğunu müəyyən edə bilmirlər. 


Vahid Məhərrəmov: «Nazirlərdə bilgi olmadığı üçün problemin kökün nə olduğunu müəyyən edə bilmirlər»


- Sizcə, korrupsiya kənd təsərrüfatının inkişafını saxlayan əsas amildir, yoxsa başqa ciddi səbəblərdə var? 

- Kənd təsərrüfatının inkişafında əsasən korrupsiyanın əngəl olduğunu deməzdim. Ümumiyyətlə, kənd təsərrüfatının inkişafı üçün normal siyasət aparılmalıdır. İlk növbədə qanunvericilik bazası yaradılmalıdır. Məsələn,  fermerlərin su, texnika və digər istehsal vasitələri ilə bağlı poblemləri var. Fermerlə bu xidməti həyata keçirən qurumlar arasında müqavilə olmalıdır. Əgər kəndli suvarma suyu  ilə təmin olunmayacaqsa, əkinlə məşğul olmasına ehtiyac yoxdur. Fermer bu kimi problemlərini rüşvət vasitəsi ilə həll etməməlidir. Fermerlər üçün çox ciddi problemlər yaradılır. İstehsal olunan məhsul bazara daşınan zaman fermerin maşını yolda saxlanılır, rüşvət tələb olunur və sair. Fermer isrehsal etdiyi məhsul əsasən tez xarab olan mal hesab olunur, o qısa müddətdə satmasa zərərə məruz qalar. Ona görə də fermeri sıxanda məcbur olur ki, rüşvətlə problemini həll etsin. Qəbul olunmuş qanunlar fermeri, kəndlini müdafiə etməlidir,  məmur özbaşınalığından qorumalıdır.
 
- Kənd təsərrüfatının investisiya problemləri ilə bağlı nə deyə bilərsiniz?

- Kənd təsərrüfatında investiya problemi ciddi problemdir. Fermer il ərzində istehsal etdiyi məhsuldan əldə olunan vəsaitin əsas hissəsini ailəsinin sosial durumunu təmin etmək üçün xərcləyir və növbəti ildə yenidən əkin, səpin və istehsal vasitələrinin əldə erilməsi üçün yatrım etməyə, sərmayə qoymağa ehtiyac yaranır.  Belə olan da onlar banklara üz tuturlar. Bankda isə şərt  belədir ki, sahibkarın Bakı şəhərində  girov qoya biləcək daşınmaz əmlakı olmalıdır. Əsasən banklarımız elə şərtlər qoyurlar ki, fermerlərin o şərtləri yerinə yetirmək  imkanı olmur. Bankların təklif etdikləri faiz dərəcələri isə çox yüksəkdir, 33-34%-dir. Elə bir sahə yoxdur ki, bizim fermerlərimiz il ərzində 20%  gəlir əldə edə bilsinlər. Ən yaxşı halda 10-15% gəlir əldə edə bilirlər. Eyni zamanda banklarda ödəniş qaydası ilə bağlı şərtlər də  ağırdır. Bu kimi şərtlərlə kənd təsərrüfatını yalnız qısa müddətdə müflis etmək olar. Belə olan halda kəndli investisiya yatıraraq keyfiyyətli toxum, gübrə əldə edə bilmir. Həmçinin aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl etmədiyi üçün məhsuldarlıq azalır.

Vahid Məhərrəmov: «Fermerlər ildə 20 faiz gəlir əldə eləmir. Amma banklar onlara krediti illik 33-34 faizə verirlər» 


- 1997-2000-ci illərdə reallaşdırılan «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı» ölkədə kəndə təssərrüfatının inkişafına hansısa təkan verdimi, yoxsa bu proqramda korrupsiyanın qurbanı oldu?

- Son zamanlarda kiçik və orta sahibkarlara müəyyən istiqamətlərdə  yardımların göstərilməsinin şahidi olmamışıq. Yəni bu haqda deyilsə də, realda görməmişik.  Ümumiyyətlə Azərbaycanda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar bu kateqoriyalara bölünməyib. Bizdə nə qədər kiçik,  orta və böyük təsərrüfatların olduğunu heç kim bilmir. Yardım edilməsi, proqramlar qəbul edilməsi ancaq sözdədir.  Son zamanlar daha çox piardan məşğul olan Sahibkarlara Kömək Milli Fondu da məsələyə spesifik yanaşır. Orda yalnız «öz adamlarına» əl tuturlar, yardım edirlər. Bizə işlək təsərrüfatı olan çoxlu sayda fermerlər müraciət edirlər. Məsələn, onlar mal-qaranın baş sayını artırmaq, cins tərkibini yaxşılaşdırmaq, texnika əldə etmək istəyirlər. Biz onlara ünvan verib, ora göndəririk, amma ordan çox narazı qayıdırlar. 

-Belə baxanda şərtlər gözəl görünür, amma reallaşmağa gələndə göründüyü qədər gözəl olmur...

- Fermerin xahişini Sahibkarlara Kömək Milli Fonduna çatdıran yüksək vəzifəli və tanınmış bir şəxs olmalıdır. Bu deputat, nazir  və yaxud nazir müavini ola bilər. Ondan aşağı səviyyə qəbul olunmur. Orda da şərtlər bank şərtlərindən heç də fərqlənmir. Elə şeylər var ki, onları mətbuata demək olmur. Yəni sabah bunu sübut etməyə ehtiyac olar, amma sübut etmək mümkün deyil. Ona görə də onlara müraciət edənlərin sayı getdikcə azalır. 

- Faktiki olaraq, hər il fonddan kiçik biznesin inkişafı üçün orta və kiçik sahibkarlar üçün külli miqdarda vəsait ayrılır. Onlar siyahını açıq göstərib kimə nə qədər vəsait ayırdıqlarını deyə bilərlərmi?

- Nə qədər vəsait və necə alınması qəribə olsa da xüsusi  olaraq televizyalarda tez-tez göstərilir. Bilirsiniz, ona görə qəribə görünür ki, heç kim onlardan bank vasitəsilə verilən vəsaitlərin xüsusi çəkiliş həyata keçirilərək Tv-lərdə göstərilməsini tələb etmir. Buna nə ehtiyac var.

-Ən azından subsidiyaların siyahısını açıq yaza bilərlər. Televizyada bir nəfər gəlib vəsaiti alır, amma bəlkə də o adam hansısa idarəninin süpürgəçisidir...


Vahid Məhərrəmov: «Sahibkarlara Kömək Milli Fondu məsələyə spesifik yanaşır. Orda yalnız «öz adamlarına» əl tuturlar».


- Tamamilə doğrudur. Əsas məsələ də ondan ibarətdir ki, bu işdə fəal olan fermerlər, sahibkarlar kredit götürərlərsə, bizneslərini daha yaxşı inkişaf etdirə bilərlər. 

Ümumiyyətlə dünya alimlərinin apardıqları araşdırmalar onu deməyə əsas verir ki, əhalinin təxminən  3%-i biznesdə fəaldır.  Son zamanlar kredit alan bəzi sahibkarlarla bağlı yaranan problemlərin səbəbi odur ki, hökumət məmurlarının tapşırığı ilə asanlıqla milyonlarla vəsaiti alırlar, işə yatırıb mənfəət əldə edə bilməyiblər. Yaxşı nəticə əldə etmək üçün maliyyə vəsaiti iş bacaranlara, yaxşı biznesi qura biləcək, potensialı olan fəal adamlara təklif olunmalıdır. Kənd təsərrüfatında ış potensialı olan fermerlərin təəssüf ki, əksəriyyətinin  bu kimi  dəstəyi yoxdur. Yəni onların xahişini edən yoxdur. 

- Potensialı olan insanı heç kim saymır, amma ölkəni yedizdirəcək insan da odur...

- Razıyam. Yüksək vəzifəlilər o cür şəxslərə deyirlər ki, «a kişi, sənə demişəm ki, get ayrı işlə məşğul ol. Gedib giribsən torpağa, nə var palçığın içində. Kənd təsərrüfatında pul var?!».
 
- Artıq 20 ilə yaxındır ki, Sahibkarlığa Milli Kömək Fondu fəaliyyət göstərir amma effekti yoxdur. Ola bilməz ki, dövlət səhmlərin yarıdan çoxunu özündə saxlamaqla bütün rayonlarda filialları olan kənd təsərrüfatı üçün kredit fondları yaratsın və bütün kəndçilər ordan qısa müddətli 5-6%-li kiçik kreditlər götürsünlər?

- Biz bir təklif hazırlamışdıq. O təklif Nazirlər Kabinetinə və sonra prezidentin masasının üstünə getməli idi. Aqrar sahənin spesifiq, riskli olması bununla yanaşı ölkə əhalisnin kənd təsərrüfatı məhsullarına olan təlabatının artması və bu sahədə çalışanların isə maddi imkansızlığı nəzərə alınmaqla fermerlərin kredit resurslarına çıxışı təmin olunması məqsədilə biz Kənd Təsərrüfatı Kreditlərinin Təminat Fondunun  yaradılması təşəbbüsü göstərdik. Kənd Təsərrüfatı Kreditlərinin Təminat Fondunun  qarşısında duran başlıca məqsəd aqrar təsərrüfatların kredit vəsaitlərinə və digər borc mənbələrinə çıxış imkanlarını genişləndirmək,  kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə və bununla da aqrar bölmədə məhsuldarlığın və rəqabətliliyin artımına  dəstək verməkdən ibarət olmuşdu. Digər ölkələrin, beynəlxalq təcrübəni də öyrənib belə təklif irəli sürmüşdük, amma təəssüflər ki, həyata keçmədi. Görünür hansısa etapda qarşısı alındı.

-  Məlumdur ki, bir qayda olaraq Sahibkarlığa Milli Kömək Fondunun kənd təsərrüfatının imkişafı üçün ayırdığı uzun müddətli kreditlər ayrı-ayrı məmurların inhisarında olan təsərrüfatlara ayrılır və sonradan bu kreditlər mənimsənilir, ya təyinatı üzrə yönəlir?

- Biz rayonlarda olanda bir çox hallarda nazirlərə mənsub olan böyük kənd təsərrüfatı obyektlərinin istixana müəssisələrinin, şərab zavodlarının, heyvandarlıq komlekslərinin olduğunu görürük. Məmurun 3 milyonu varsa, nəyə görə bunu sərmayə olaraq istifadə etmir. Sahibkarlığa Milli Kömək Fondu vasitəsilə kredit  əldə edir. Məmurlar vəzifələrindən sui-istifadə edərək dövlət hesabına aşağı faiz dərəcəsi ilə külli miqdarda vəsait alaraq öz qohumları, ailələri üçün böyük biznes qururlar. Eləsi var ki, 10 milyon manat vəsait alıb, istixana qurub və müəyyən adamları cəlb edib, özü də böyük vəzifə sahibidir, nazirdir.  Qanunla məmurun bizneslə məşğul olması isə qadağandır. 

Bu məsələdə məmurlar fermerlərin qarşısına keçirlər. Fermerin güzəştli şərtlə əldə edəcəyi vəsaiti onlar alıb asan şəkildə biznes qururlar. Digər tərəfdən bazarda inhisarçıya çevriliblər. Fermerlərin bazarlara çıxışını da əngəlləyirlər, problem yaradırlar. Bu da ümumilikdə ölkənin inkişafının qarşısını alır. Məmurlar heç vaxt kənd təsərrüfatı məhsulları istehsal edib, ölkənin ərzaqla təminatını təmin etməyəcəklər. Onlar müəyyən mərhələdə gəlir əldə etmək üçün bu biznesi qururlar. Ancaq biz Azərbyacanın gələcəyini düşünürüksə, yeni iş yerlərinin yaradılmasını, kənddə olan insanların işlə təmin olunması üçün inhisarçıya çevrilmiş məmurların biznesi mütləq sıradan çıxarılmalıdır. Məmurların biznesi fermerlərin qarşısında ciddi maneəyə çevrilib. Monopoliya yaradıblar. Ölkəyə gətirilən istehsal vasitələri də onların əlindədir. 


Vahid Məhərrəmov: «Məmurların biznesi fermerlərin qarşısında ciddi maneəyə çevrilib».


-  Kənd Təsərrüfatı Nazirliyinin nəzdində 10-dan artıq elmi institutlar fəliyyət göstərir. Bu institutların fəliyyətini rentabelli və səmərəli hesab edirsiniz, yoxsa sadəcə bu institutlar büdcədən pul yeyirlər?

- Təəssüflər olsun ki, elmi institutların da maliyyə durumu o qədər yaxşı deyil. Bu il “kənd təsərrüfatı ili” elan olunub deyə, müəyyən qədər maliyyə vəsaiti ayrılıb, amma uzun illərdir ki, onlara diqqət ayrılmadığı üçün həmin institutların maddi-texniki bazası zəifləyib. Primitiv hala düşüb. Demək olar ki, orada çalışan mütəxəssislər öz sahələri  üzrə  hansısa irəliləyişlər, nailiyyətlər əldə edə bilməyiblər. Ölkənin tərəvəz toxumuna olan ehtiyacının 90%-i idxalın hesabına ödənilir. Taxılçılıqda da alimlərimizin yerli şəraitə uyğunlaşdırılmış yeni  məhsuldar sortlar yaradıb ortaya qoya  bilməyiblər. Əgər orta məhsuldavrlıq ölkə üzrə 23 sentinerdirsə, görün, vəziyyət nə yerdədir. Deməli, bu sahədə elmi potensialımızı artırmaq mümkün olmayıb. Burada  alimləri qınamaq da düzgün deyil. Çünki sahəyə vaxtında maliyyə vəsaiti ayrılmalı idi. Seleksiya və Genetika  İnstitutu  AMEA-nın nəzdindədir, ancaq onun işi məhz kənd təsərrüfatında  bitkiçilikdə yeni sortların,  heyvandarlıqda yeni cinslərin yaradılmasından ibarət olmalıdır. Onların nizamnaməsində də belə  nəzərdə tutulub. Ancaq bu institut müstəqilliymiz dövründə nə bitkiçilikdə yeni sort, nə də heyvandarlıqda yeni cins ortaya qoya bilib. Eləcə də kənd təsərrüfatı  nazirliyi nəzdində olan digər institutlar. Bu institutlar haqqında fermerlərin əksəriyyətinin məlumatı yoxdur. 

- Ümumiyyətlə bir çox institutlar bir-birini təkrarlayır? Hətta bəzilərinin adları da təkrarçılıqdır?

- Elədir. Bunlar fermerlərlə bir yerdə olmalıdır. Taxılçılıqla məşğul olan institut seleksiya işlərini toxumçuluqla məşğul olan fermerlə birgə aparmalıdır. Heyvandarlıqla məşğul olan institutlar da heyvandarlıqla məşğul olan fermerin təsərrüfatında olmalıdır. Alimlər tarlada, fermada sortlar, cinslər üzərində işləməlidirlər. Alimlər, institutlar çoxdur, amma ortada heçnə yoxdur. 200-300 manat maaş alırlarsa, heç olmasa 100 manatlıq iş görməlidirlər. 

Elm aqrar sahədən uzaq  düşüb və bu çox təhlükəlidir. Elmsiz kənd təsərrüfatı heç vaxt inkişaf edə bilməyəcək. Dünyanın ən inkişaf etmiş ölkəsi olan Hollandiyada insitut- fermer, fermer- institut kimi çarpaz, qarşılıqlı əlaqələr var. Demək olar ki, onlar birgə fəaliyyət göstərirlər. 


Vahid Məhərrəmov: «Alimlər, institutlar çoxdur, amma ortada heçnə yoxdur. 200 manat maaş alırlarsa, heç olmasa 100 manatlıq iş görməlidirlər».  


-  Kəndə təsərrüfatı ilə məşğul olan ayrı-ayrı qurumların fəaliyyəti koordinasiya olunurmu? Bu qurumların fəaliyyəti kompleks şəkildə zamanın tələblərinə nə qədər cavab verir və effektlilik əmsalı nə qədərdir?

- Bu yaxınlarda layihə çərçivəsində Meloirasiya və Su Təsərrüfatı ASC-ni nümayəndələri ilə görüşümüz oldu. Səhmdar Cəmiyyətə  dövlət büdcəsindən kifayət qədər böyük həcmdə  vəsaitlər  ayrılır. Orada məmurun danışığından belə başa düşdük ki, koordinasiya məsələsində ciddi problemlər var. Misall üçün su təsərrüfatına nəzarət edən  bir neçə dövlət qurumları var. Ekologiya və Təbii Sərvətlər nazirliyi Azərenerji ASC, Fövqəladə Hallar Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı  ASC. Bu qurumlar hər biri su ilə bağlı oz problemini qabartmaqda maraqlıdı və biri digərinin marağını nəzərə almır. Güclü, nüfuzlu kimdir onun sözü keçərlidir. Fermerlər təsərrüfatlarının  suvarma suyna ciddi ehtiyacı yarandığı halda Mingəçevir Su anbarından bu məqsədlə suyun həcmini nisbətən artırmaq  mümkün olmur. Buna diğər dövlət qurumları imkan vermir.  Halbuki vaxtilə Mingəçevir Su Anbarı məhz bu məqsədlə yaradılmışdı. Bu kimi problemlər sistemdə koordinasiyanın olmaması ilə əlaqəlidir.  

-  Meliorasiya və Su Təsərrüfatı ASC-fəliyyətinə də toxunaq. Bu qurmun fəliyyətini qənatbaxş hesab eləmək olar? 

- Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işi yalnız su  təchizatı ilə bağlı deyil. Həm də torpaqlarımızın münbitləşdirilməsi, əkinə yararlı sahələrin genişləndirilməsi, kanalların, kollektor-drenaj sistemlərinin bərpa olunmasından ibarətdir.  Sovet dövründə sistemli işlər aparılırdı, sahəyə ciddi nəzarət vardı, son zamanlar bu sahədə kampaniya xarakterli işlər görürlər.  Səhmdar Cəmiyyət Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı kimi daha çox maliyyə vəsaitləri ayrılan, maliyyə dövriyyəsi çox olan tikinti işlərinə diqqət yetirir.  Ümumiyyətlə hökumət məmurları harda daha çox maliyyə vəsaiti dövr edirsə, daha çox ora meyillənirlər. Demək oalr ki, şoran torpaqlarımız artıq 1 milyon hektara yaxındır. Bu çox təhlükəlidir və bu cür sahələr getdikcə genişlənir. Şoran torpaqlar yuyulmalı və onların münbitliyi bərpa olunmalıdır.

- Kənd Təsərrüfatı Nazirliyinin tenderlərinə baxanda bir də görürsən ki, 15 milyon manat «Aqrolizinq» ASC-yə ayrılıb ki bu broyler, ya da istixana açsın. Belə tenderlər onlarladır. Buna hansı ehtiyyac var? Yəni 15 milyon kiçik maliyyə deyil. Onsuzda ölkə broylerlə doludur.

Ardı var...

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

İrəvan Bakının saziş layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Ən çox oxunanalar