Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üzeyir Hacıbəyov hansı aktrisamızı Stalinlə tanış eləmişdi?

Ramilə Qurbanlının “33 pərdəli dram” kitabından məşhur aktrisa Leyla Bədirbəyli ilə bağlı hissəni təqdim edirik


Gül çöhrənin, yaxud Gülçöhrənin  hekayəti

1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirilirdi. Mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edirdi. Konsertlərdən birinə Stalin də gəlmişdi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşdü və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərib kimliyi ilə maraqlandı. Üzeyir bəy “Leyladır, bizim rəqqasə qızlardan biri” deyə cavab verdi. Stalin qızı yanına çağırıb onu qucaqladı və alnından öpdü: “Sən əsil Azərbaycan gözəlisən”. - dedi

Xan nəvəsi, bəy qızı

Həmin bu Azərbaycan gözəli Bakıda İçəri şəhərdə doğulub boya-başa çatmışdı. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir. Anası şəmkirli Bikə xanım isə Musaxan qızı isə  xan qızı idi.

Leyla ailədə tək uşaq deyildi, amma ailənin ərköyünü idi. Atası da ona xüsusi diqqət göstərərdi. Onu əlinə batan tikan atasının ürəyinə sancılırmış kimi əzizləyərdi. 12 yaşında belə atasının qucağında gəzərmiş. Bir qonaqlıqdan, gəzintidən qayıdanda yoruldum deyən kimi atası Leylanı qucağına alarmış.

Anası Bikə Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır

O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qurulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. Beləcə Azərbaycan teatrına bir imza daxil olur - Leyla Bədirbəyli.

Tamaşalarda həmişə baş rolları oynayırdı. Öz işinə çox ciddi, məsuliyyətlə yanaşması onu hamıya sevdirmişdi. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş. Peşəsinə çox sadiq və məsuliyyətli olduğundan onun sirlərinə də dərindən yiyələnirmiş. Məsələn “Solğun çiçəklər”də Saranı oynayırdı. Bu tamaşada sonda Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb, amma bir dəfə də olsun tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə baş əyməyə çıxmayıb. Deyirmiş axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Leyla Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin “Tufan”ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində “Pəri cadu” tamaşasında Pəri, “Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və digər rollar ifa edib.

Gülçöhrəni ona Üzeyir bəy sınaqsız, amma imtahanla verib

1945-ci il gəlib çıxır. Leyla Bədirbəyli artıq həm teatrda, həm də kinoda bir-neçə obrazlar oynayıb, tanınır, sevilir. Stalin “Arşın mal alan” musiqili komediyasını çox sevdiyindən onun filminin çəkilməsi ilə bağlı göstəriş verir. Üzeyir bəy Hacıbəyli əsas rollara Rəşid Behbudovla Leyla Bədirbəylini seçir.  Gülçöhrə roluna 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə isə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradır. Üzeyir bəy isə “mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir. Və beləcə Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filminə çəkilir.

Leyla xanımın bacısı xatirələrində yazır: “Onda Rəşid Behbudovun Bakıda evi yox idi. Köhnə “İnturist”də qalırdı. Özü də gec evlənmişdi. Anam çox xeyirxah qadın idi. Deyirdi ki, evi yoxdu, yeməyini heç kim bişirmir. Rəşid bizimlə ailəvi yaxınlaşmışdı. Yeznəmizlə də yaxın dost idilər.”

Anasının dişləri onun sevgisinin güdazına gedib

Leyla Bədirbəyli 1937-ci ildə, yəni hələ 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü çox qısa 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir. Onların tanışlıqları Filarmoniyadan başlayıb. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayırmış və gözəl də rəqs edirmiş. O da Əli Bayramov klubuna gedirmiş. Görünür, elə o vaxtdan Leylada gözü olub.  Yenə bacısı xatırlayır: “Anam danışardı ki, bir gün Leyla gəlib deyib ki, yaxşı bir diş həkimi var gedək onun yanına. Yəqin anamın dişi ağrıyırmış. Görünür, onlar görüşürmüşlər, ancaq anama deməyə utanıb. Hər dəfə də anamı aparanda Kamil olun bir dişini çəkirmiş. Anam həmişə deyərdi ki, mən dişlərimi qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər şey bəlli oldu. Anam dedi ki, bunu elə əvvəldən deyərdin, mən də dişlərimi çəkdirməzdim”.

Leyla ilə Kamilin bir neçə il övladları olmur. Bu illər ərzində Leyla Bədirbəyli artıq bütün SSRi məkanında tanınmış aktrisa olur.

“Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazandı və dünyanın bir çox xalqları bəstəkarın sehrli musiqisinə, mənalı yumoruna valeh oldular. “Arşın mal alan”a görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırıldı) layiq görüldülər.

Leyla Bədirbəyli yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar almışdı. Bolqarıstandan gənc qadının ona göndərdiyi məktubu bu sözlərlə qurtarır: “Mən beş oğlun bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi Sizin kimi şöhrət qazansa, özümü xoşbəxt sayaram”.

Onun kino taleyi  uğurlu olub. Həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların obrazlarını oynayıb. O, 50-yə yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmdə çəkilib. Onun “Fətəli xan” və “Koroğlu” filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.

“Onun böyük ürəyi” filmindəki Xalidə rolunda isə  aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilib. Xalidə obrazı aktrisa Leyla Bədirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib.

Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan söhbət açan “Görüş” kinokomediyasında məhəbbət mövzusu ilə bağlı bir neçə süjet xətti var. Bunlardan biri Bilqeyis - Musa xəttidir. Filmdə gənc pambıqçı Bilqeyisin obrazını Leyla Bədirbəyli yaradıb.

Aktrisa müxtəlif illərdə çəkilmiş “Kölgələr sürünür” filmində Leyla, “İntizar”da Ana, “Sevil” film-operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim küçənin oğlanları”nda Leyla, “Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana doğru”da Gülsum, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də nənə, “O dünyadan salam”da Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb.

Faciə ardınca faciə

Ailədə də hər şey yaxşılığa doğrudur. İllər sonra 1947-ci ildə ilk qız övladları - Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları olur. Ofeliya Bədirbəyli daha bir maraqlı hadisəni xatırlayır. Hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin xəbəri gəlir. Bikə xanım adət-ənənəyə sadiq qalaraq həyat yoldaşının yasını saxlayıb, qırxını verir. 4 ildən sonra gözlənilməz bir hadisə baş verir. Sara Qədimova ilə Leyla Bədirbəyli yaxın rəfiqə olublar. Hətta evləri yaxın olduğu üçün Filarmoniyaya da birlikdə gedib gələrdilər. Bir gün onlar Sara xanımgildə olarkən telefon zəng çalır. Ondan Leylagilin orada olduqları barədə soruşurlar və deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım çaşır, bilmir nə etsin və Kamili çağırıb ona deyir. Stol arxasında oturarkən Kamil deyir: “Yeməyimizi burada yedik, çayı da gedək anangildə içək”. Evə yaxınlaşanda Sara Qədimova deyir: “Leyla, gedək evə görək ki, atan qayıdıb”. O isə: “Nə danışırsan, elə şey olar? Atamın xəbəri 3-4 il əvvəl gəlib”. Pilləkənləri qalxanda Sara xanım fikirləşirdi və həyəcan keçirirdi ki, Leyla atasını sağ və salamat geri dönmüş görəndə nə edəcək: “Qapını açanda gördü ki, evdə çoxlu adam var. Əvvəl qorxdu, elə bildi, anama nə isə olub. Ancaq içəri girib atamı görəndə qışqırıb ağladı və ürəyi getdi”.

Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox gözəl idi, istedadlı idi. Onu sevən, anlayan, qiymətləndirən və həyatın  bütün təzyiqlərindən qoruyan həyat yoldaşı vardı. 55 il bir yerdə xoşbəxt, qayğısız həyat sürmüşdülər. İki qız övladları vardı. Bütün bunlar Leyla xanımın təravətli qalması üçün stimul idi. Bir gün həyat yoldaşı ona “sənə yeni maşın almaq üçün Almaniyaya gedəcəm” deyir. Leyla xanım maşınları olduğu üçün etiraz edir, “neyniyirsən yeni maşını, mənə bu da bəsdir” deyir. Kamil “o maşın daha sənə yaraşmır” cavabını verir və sabah Almaniyaya biletlə evə gəlir.

Hər şey bir göz qırpımında olurmuş. Ailənin böyüyü sözü deyir, biletlə gəlir və səhəri Almaniyaya yola düşür. O, maşını alır, yol uzun olduğu üçün məsuliyyəti öz boynuna çəkməyib orda yaşayan bir dostu ilə Bakıya doğru yola çıxırlar. Yağışlı havada necə olursa maşın sürüşüb yoldan çıxır və hər ikisi qəzada həlak olur. Onun cənazəsi Bakıya gələndə Leyla xanım dərddən şoka düşür.
 
Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Bu iki ölümdən sonra o özü də tədricən ölməyə başlayır. Həyatdan küsür. Ər, övlad itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmır. Onun üçün artıq heç nəyin marağı yox idi. Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi.

Bunu eşidən ölkə başçısı o vaxt Leyla Bədirbəyliyə istiqlal ordenini təqdim etmək üçün onu evdən çıxarda bilir. İllər ərzində bu görüş, bu evdən çıxma ilk və son dəfə olur. Yenə özünə qapanır. Onu həmin təqdimetmə mərasimindən görənlər Leyla xanımın niyə evə qapıldığını yaxşı anlayırdılar. Azərbaycan gözəli belə dərd içində, yaşlı, miskin kimi yaddaşlarda qalmaq istəmir. Onu əvvəlki, Gülçöhrəli Leyla kimi xatırlamalarını istəyir.

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur. Dünyasını dəyişən gün də o, heç kimlə danışmayıb. Hamıdan, həyatdan, taleyindən küskün kimi sadəcə gözlərini yumub və gedib.

İndi onun adını kiçik nəvəsi daşıyır.(kulis.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar