Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uca bayraq altındakı kiçik əməllərimiz


Məhəmməd Talıblı


Bayraq özündə bir dövlətin var olma formasının simvolizə edən amildir. Bayrağımızı ucalarda gördükcə qürurlanırıq. Dənizkənarı parkda bayrağımıza baxanda papağımız başımızdan düşür. Qürurlanırıq. Bayrağımızın dünyada ən hündür olmasına görə Gennesin rekordlar kitabına düşməsini qazandığımız üstünlük kimi təqdim edirik. Amma bu anlayışın fiziki ölçülərinin onun məzmun fərqinə uyğun olmadığını çox yerdə görürük. Fiziki ölçüləri böyük olan insan sanballı insan sayılmadığı kimi, bayrağın ölçülərinin gözqamaşdırıcı olması da onun möhtəşəmliyi ilə heç bir əlaqəsi olmaması da tam oxşarlıq təşkil edir.

Bayrağı ucalara qaldıran iqtisadiyyatın doğurduğu imkanlarla bağlıdır. İqtisadiyyat güclü olanda bayraq və digər simvolları maddiləşdirən güc də möhtəşəm olur. Bildiyimiz kimi iqtisadiyyatın özü ilə onun kölgəsində qalan iqtisadiyyat fərqli-fərqli anlayışlardır. Bir bayrağın özü ilə başqa bir bayrağın kölgəsi də bir anlayış olaraq mənim üçün eyni məzmun daşımır. Bayraq hesabına qazanılan iqtisadiyyat insana xidmət edən iqtisadiyyat olmalıdır.

Bayrağa yaraşmayan iqtisadiyyat əslində daha çox kölgə iqtisadiyyatına xidmət edən iqtisadiyyatdır. Bayraq o zaman uca dəyər daşıyır ki, onun insanlara və bütöv halda cəmiyyətə qazandırdığı güclü iqtisadi model olur. Uca bayrağın altında yaşayan yoxsul cəmiyyət və səfil insan bayraq anlayışına bir tikə parça kimi baxacaq. Ona görə rəqabətə hazırlıqlı, dayanıqlı və insana xidmət edən elə sosialyönümlü iqtisadiyyat qurmalıyıq ki, vətəndaş özünü məhz bayrağın hesabına qazanılan effektiv iqtisadi sistemə borclu bilsin. Ona görə iqtisadiyyatın özün də bayraq qədər göylərə qaldırmalıyıq ki, sonda o vətəndaşa xidmət etsin.

Bayrağa yaraşmayan davranışlarımız və bayrağın bizə aşıladığı milli qürur hissi yoxdursa, onun hansı ölçüdə tikilməsi də toplumda heç bir emosiya yaratmayacaq. Bayrağın ucalığına sığınıb alçaq işlər görən rüşvətxor məmur onu gözdən salacaq. Bayraq altında kresloda mürgüləyib məsuliyyətsizcəsinə ədalətsiz qərar verən hakim hüquqi nihlizmi təşviq edəcək. Savadsız müəllim və biliksiz həkim, təhsilsiz və xəstə cəmiyyətdə bayrağı lağ predmetinə çevrəcək. Bayraq altında millətə ləyaqətlə xidmət sevgisi yerinə, rüşvət sevgisi görən cəmiyyətin bayrağa gerçək münasibəti yaxşı ola bilməz.

Rusiyanı özünün vətəni sayan həmvətənlərimizin müstəqllikdən sonra ölkəmizə qayıdaraq bayraq altında xumarlanmasını az görməmişik. Rəsulzadənin və cümhuriyyətçi babalarımızın şanlı tarixi keçmişlərini anlamayan insanlar bayrağın göydən paraşutla endiyini zənn edirlər. Bayrağın qazanılmasında xidməti olmayıb onun kölgəsinə sığınaraq yüksək yaşam imkanına və imtiyazlarına malik olanların sayı, onun qazanılmasında xidməti olub onun çətərinin altına sığınmayanlardan və ondan fayadalanmayanlardan çoxdur. Buna görə çox zaman qalstuqlu ziyalıların qazandırdıqları ölkənin üstünlüklərindən daha çox faydalanan zəngin qalstuqluları görürük. Əslində ikincilər birincilərin hesabına müftəxorluq edirlər. Bu konteksdə qorxaq və kosmopolit guruhu, cəsur və milli insanlardan yüksək yaşam təminatında görürük. Harın və bivec insanları “paraşutla” seçki dairlərində bir aya deputat olduğunu görürük. Müstəqilliyə və bayrağa münasibət bəzən buna görə öləziyir.

Bayraq həm də milli təəsübkeşliyi özündə əks etdirən simvoldur. Bu mənada bayraq müxtəlif millətlərə tolerantlıq fonunda eyni zamanda milli təəsübkeşliyi kosmopolitizmə qurban verməyən bir özünüdərki ifadə etməlidir. Heykəl qarşısında bir şuar yazdığına görə öz vətəndaşını 10 il həbsə göndərilən bir hüquq-mühafizə orqanları gərək ölkəmizdəki transmilli neft şirkətlərinin birindəki əcnəbi vətəndaşın bayrağımızın tapdanmasına da oxşar hüquqi ölçü götürməyində ədaləti nümayiş etdirməyi bacarmalıdır. Bayrağı ayaq altına atıb, nümayişkarənə formada ayaqlayan əcnəbi vətəndaş bir gəncin heykəl qarşısında etdikləri ilə müqayisəyə gəlməyəcək tərbiyəsizliyi edib.

Hüququ zəiflər üçün tor, güclülər üçün dəlib deşiləsi sadə hüquq pərdəsi olmalı deyil. Gerçək hüquqi prosedurlar onun bir “rəngdə” olmasını bütün vətəndaşlara sübut etməlidir. O zaman bayrağa dövlət təsisatlarının gerçək münasibətini bütün vətəndaşlar görəcək.

Bayrağı göylərə qaldırması və ən hündür bayraq rekordunu qırmaqla öyünən hökumət gərək bayrağın bütün vətəndaşlara eyni əhatəliklə kölgə salmalı olduğunu da unutmasın. Bayraq bütün vətəndaşları eyni çətər altında alanda həmrəyliyin (milli təsanüdün) təntənəsinə yol açır. Çünki, bayraq doğma və ögey təsnifatını sevməyən simvoldur. Onun üzü birdir. Birinə üzün, digərinə arxasın çevirmir. Bayrağın üzü və özü var. Onun sürəti çıxarılmır.

Bütün bunlara görə bayraqla qürurlanacağımız vətəndaşlarımız, onun altında ləyaqətlə xalqa xidmət edən məmurlarımız, uğrunda ölməyə hazır əsgərlərimiz, inkişafa tövhə verən iqtisadiyyatımız, vətəndaşa xidmət edən hüquqi dövlətimiz olmalıdır ki, bayraq hamımızın ümid və fəxr yerimiz olsun!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar