Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Türkiyəli müğənni: “Atam rütbəli polisdir, müğənni olmaq istədiyimi deyəndə...”


“Maşallah” mahnısı ilə müğənniliyə addım atan, türkiyəli aktrisa-aparıcı Ravza Esin Kara Bakının qonağıdır


Musavat.com-un suallarına cavab verən azərbaycanlı əsilli ifaçı ilə söhbətə sənətə gəlməsindən başladıq:

- Atam, babalarım bakılıdır. Anam izmirlidir. Iki bacım Bakıda doğulub, mən İzmirdə dünyaya gəlmişəm. Bir qardaşım da var. Iki universitet oxumuşam, həm aktrisalıq, həm aparıcılıq təhsili almışam. İki universitet oxumuşam. İlk addımlarımı teatrda atmışam. Sonra kamera ilə tanış oldum. Seriallarda rol aldım. Serial çəkilişləri 18-20 saat davam edir. Bu şərtlərlə çalışmaq asan deyil. Serial məni həyəcanlandırmır. Film isə mənə həyəcan verir.  Ona görə də özünü filmlərdə sınamaq istəyirəm.

- Müğənniliyə necə başladınız?

- Birlikdə çalışdığım komanda dedi ki, müğənniliyə başla. Onların təkidi ilə  müğənniliyə başladım. 2 il hazırlaşdım. İnsanların nə xoşladığını düşündük. Hər kəs hər şeyi edir, mən fərqli olmaq istəyirəm. Klip Antalyada çəkildi. Oranın xalqı bizi çox yaxşı qarşıladı. Hindistandan rəqqasələr gətirdik. 20 rəqqasədən 7-si ilə çalışdıq, digərləri hava durumuna görə işləyə bilmədi.  “Maşallah” mahnısı çox gözəldir, oynaqdır, ritmləri insanı rəqsə kökləyir. Aranjemanında əsas fikirləri mən verdim. Klipin rejissor özüməm. 30-35 nəfərlik komandam vardı. Hər kəs böyük enerji ilə çalışdı. Mən o gün həyatımın ənlərini yaşadım. Xoşbəxtlik, yorğunluq, stress, həyəcan, hamısını eyni anda yaşadım. Əsas odur ki, istədiyim nəticəni əldə etdim.

- Azərbaycana gəliş səbəbiniz nələrdir?

- Mahnım burada çox bəyənildi. Sosial şəbəkədə məni dəvət edirdilər. Mən də rəfiqəm Aysel Nazimlə danışdım. Gəldim, telekanallara müsahibələr verdim, tədbirlərə qatıldım. 10 gün buradayam. Mahnım 2 həftədir çıxıb, amma İran, İraqda da geniş yayılıb. Bakıda mahnı yazdırmaq istəyirəm, kişi ifaçı ilə duet də oxuya bilərik. Keyfiyyətli iş görmək istəyirəm. Azərbaycan insanı sənətkardır. Musiqi baxımdan peşəkarsınız. Mən də gözəl iş görmək istəyirəm ki, insanların zövqünü oxşayım.

- Türkiyədə son illər filmlərin və serialların sayı artıb. Siz də bu sahə üzrə təhsil almısınız. Gələcəkdə film və ya serial çəkmək fikriniz var?

- Türkiyədə serial izləmirəm, vaxtım yoxdur. Film izləməyi sevirəm. Sənədli filmləri xoşlayıram. Ağır film sevirəm. Murat Cemcirgil “Kardeş payı” serialını çəkdilər, “Düğün-dernek” filminə ekran həyatı verdilər. Düşündürən filmi, keyfiyyətli ekran işlərini bəyənirəm. Türkiyə xalqı  komediyanı, gülməyi sevir. Ona görə komediya filmlərinə rəğbət bəsləyir. Sənətçinin beyni incəsənətin müxtəlif sahələri üzrə çalışır. Bəlkə də, gələcəkdə film çəkə bilərəm. Ssenari də hazırda beynimdə var. Elmi və ya fantastik janrda film çəkmək istəyərəm. Yaşım azdır, zamanla arzularımı həyata keçirəcəyəm.

- Ravza Esen Kara necə bir qadındır?

- Çox çətin sualdır.

- Hər kəs özünün necə insan olduğunu yaxşı bilir.

- Mən özümü yaxşı tanıyıram. Ona görə də nəyi deyəcəyimi bilmirəm. Ən yaxşı xüsusiyyətim heç nədən əl çəkməməyimdir, ən pis xasiyyətim də budur. Çox çalışqanam, həyatı yaşamağı çox sevirəm. Hər anın dadını çıxarmağı sevirəm. Həyatım işdən ibarətdir, çox nizam-intizamlıyam.

- Çox detalçı olduğunuzu dediniz. O zaman kaprizləriniz də çoxdur?

- Tələbkaram, işimin yaxşı olmasını istəyirəm. Bildiyimin arxasında dururam. Amma kaprizli deyiləm. Ağlı olmayıb, fikri olmanları sevmirəm. Mənim  komandamın enerjisi yüksək olmalıdır. Bu cür şeylərə diqqət edirəm. Çünki enerjiliyəm, hər kəsi də enerjili görmək istəyirəm.

- Dediniz həyatınız işdən ibarətdir. Həyatınızda sevgi yoxdur?

- Sevgi mahnı ilə, işlə var. Mən heç vaxt aşiq olmamışam. Səbəbini bilmirəm. İşimi daha çox sevirəm. Həyatımdakı şəxsin sənəti sevməsini, məni anlamağını, enerjisinin yüksək olmasını istəyirəm.

- Ailənizdə sizdən başqa sənətçi var?

- Yoxdur. Atam Türkiyədə rütbəli polisdir, anam evdar qadındır. Bacım müəllimə, o biri bacım basketbolçu, qardaşım animasiyaçıdır. Sənətçi yoxdur.

- Ailənizdə ilk sənətçi sizsiniz. Bu istəyinizi dilə gətirəndə reaksiya necə oldu? 

- Bu doğuşdan gələn ruhdur. Mən əsgər də ola bilərdim. Atam idealımdır və o həm ciddi, həm zarafatcıldır. Ailəmə sənətçi olmaq istədiyimi deyəndə,  normal qarşıladılar. Bizim ailədə qadağalar yoxdur, hər kəs öz həyatına cavabdehdir. Atam deyir ki, həyat sənindir, savabı, günahı sənindir. İlk sözü bu oldu: Başımı önə əymə, özün də dik dur, mənim də başımı dik et. Ondan sonra nə istəsən, et.

pia.az
Etiket:
loading...