Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki şok həbslər Azərbaycana uzanır


Yaxud İranın uzun müddətdir Azərbaycan və Türkiyə üzərindən beynəlxalq maliyyə sanksiyalarından necə yayındığı Rza Zərrabın mafiyasının həbsi ilə üzə çıxır


Türkiyədə Fətullah Gülənə bağlı KİV-lər dekabrın 17-də keçirilmiş həbs əməliyyatlarının və saxlanılanlara qarşı irəli sürülən ittihamların detallarını az qala online rejimində yaymaqdadır.

F.Gülənə bağlı “Zaman” və “Taraf” qəzetləri həbslərdən heç bir sutka da keçməmiş saxlanılanların içəridə polisə verdikləri ifadələrdə nə danışdıqlarını və nədə ittiham olunduqlarını geniş yazıb.

Virtualaz.org saytının təhlil qrupunun araşdırması nəticəsində məlum olub ki, əməliyyatın əsas məqsədi İranın illərdir  ona qarşı tətbiq olunmuş beynəlxalq maliyyə sanksiyalarından Türkiyə və Azərbaycan üzərindən qurulan mürəkkəb sxemin köməyi ilə yayınmasının qarşısını almaqdır.

Bəs bu qənaətlə çıxış etməyə imkan verən hansı dəlillər var?

Söhbət ondan gedir ki, Türkiyə iqtidarı, baş nazir Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətləri kəsərək İrana meyl etməyə başlamışdı və Tehranın simasında özünə yeni müttəfiq tapmışdı. Lakin Ərdoğanın bu kursu Türkiyənin İsraillə münasibətləri kəsməsinin qəti əleyhinə olan Fətullah Gülən tərəfindən bəyənilmirdi. F.Gülən moizələrinin birində açıq şəkildə bildirmişdi ki, AKP hökumətinin İsraillə münasibətləri gərginləşdirməsi səhv addımdır. 



*** 

Gərginlik bir neçə ay əvvəl daha da böyüdü. F.Gülən şəbəkəsi Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla bağlı şok kompromatı sızdırdı.

Məlum oldu ki, Hakan Fidan İran kəşfiyyatının rəisi ilə danışıqlarda Türkiyə ərazisində fəaliyyət göstərən İsrail və ABŞ agenturasının siyahısını SEPAH-a təqdim edib. Söhbət Türkiyə ərazisində İranla bağlı kəşfiyyat aparan agentura şəbəkəsindən gedirdi.

Bu məlumatın açıqlanması ciddi qalmaqala səbəb oldu, rəsmi Vaşinqton Ankaradan izahat istədi. Ancaq baş nazir Ərdoğan bəyan etdi ki, MİT rəhbərinin arxasındadır və onu istefaya göndərməyəcək. Belə ki, polisin və ədliyyə orqanlarının Gülən təriqətinin nəzarətində olduğu bir vaxtda MİT hakimiyyəti saxlamaq üçün Ərdoğanın əsas silahıdır və Hakan Fidan təhlükəsizlik strukturlarının rəhbərləri arasında ona ən sadiq adamdır. 

*** 

İranın illərdir ona qarşı tətbiq olunmuş sərt beynəlxalq sanksiyalardan Azərbaycan və Türkiyə üzərindən fəaliyyət göstərən mürəkkəb sxem vasitəsilə yayındığı barədə məlumatlar çoxdan yayılırdı.

2011-ci ildə ABŞ maliyyə naziri Bakıya və Ankaraya səfərləri zamanı Türkiyə və Azərbaycan banklarının İrana sanksiyalardan yayınmaqda kömək etdiyi barədə məsələni qaldırmış, bu ölkələrdən İrana məxsus pulların hərəkətinin qarşısının alınması üçün tədbirlər görməyi istəmişdi.

Qərb mətbuatı yazırdı ki, İran qonşu ölkələr üzərindən maliyyə transferi sxemi quraraq beynəlxalq sanksiyalardan yayınır və sanksiyalar təsirsiz qalır. 

***

Nəhayət, ötən ay İranla Qərb arasında nüvə razılaşması əldə olundu. Qərb İrana qarşı sanksiyaları qismən yumşaltmağa və bu ölkəyə aid pullardan bir neçə milyard dollarını “azad etməyə” razılaşdı.

İsrail isə Qərbin İrana münasibətdə yumşalmasından kəskin narazıdır və Tehrana qarşı sanksiyaların yumşaldılmasının əleyhinə çıxır.

Belə bir vaxtda Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər də getdikcə gərginləşir, açıq müstəviyə keçirdi. Ərdoğanın Gülən şəbəkəsinin hazırlıq kurslarını (“dərshanələr”) bağlamaq qərarı Türkiyənin dövlət strukturlarında dərin kök salmış təriqətlə ipləri qoparan son addım oldu.

Qərb mətbuatının yazdığı kimi, Ərdoğan ciddi şəkildə narahatdır və inanır ki, Fətullah Gülən İsraillə birləşib onu yıxmağa hazırlaşır. Və belə bir vaxtda aralarında üç nazirin oğlu da yer almaqla bir qrup məşhur iş adamı, yüksək vəzifəli məmurun həbsi ilə müşaiyət olunan əməliyyat başlayır.



*** 

Xəbər verildiyi kimi, əməliyyatda tutulanlardan biri də Azərbaycan vətəndaşı, ata-anası əslən İrandan (Təbriz şəhəri) olan və türk müğənnisi Əbru Gündəşlə evlənəndən sonra məşhurlaşan gənc iş adamı Rza Zərrabdır.

Fətullah Gülənin az qala rəsmi yayım orqanı hesab edilən “Zaman” qəzetinin bugünkü manşetində yer alan xəbərdə deyilir ki, Rza Zərrab və şəbəkəsi İrandan 87 milyard avro məbləğində vəsaitin qeyri-leqal transferini həyata keçirib.

Və belə məlum olur ki, Türkiyədəki həbslərin Azərbaycanla da bilavasitə bağlılığı var. Artıq bu həbslərlə eyni vaxtda Türkiyənin Naxçıvanla sərhədində həyata keçirilən həbslər, Sədərək gömrüyünün rəisinin tutulması barədə məlumatlar verilib. Əməliyyatın bir qolunun Türkiyə ilə Naxçıvan sərhədindəki Dilucu gömrük qapısına uzanması da təsadüfi deyil. İrana qarşı sanksiyaların “dəlinməsində” Sədərək gömrüyünün rolu barədə uzun müddətdir bəhs edilirdi və bu barədə WikiLeaks saytının yaydığı Amerika məxfi diplomatik teleqramlarında da danışılırdı. 

*** 

Lakin bu da hələ son deyil. “Zaman” qəzeti istintaqdakı mənbələrə istinadən yazır ki, Rza Zərraba qarşı irəli sürülən ittihamlar arasında Türkiyə ilə yanaşı Azərbaycanda da ihalələrə (tenderlərə) hiylə qarışdırılması, rüşvət verilməsi ittihamları yer alır.

Bildirilir ki, Rza Zərrab uzun müddətdir xəyali (kağız üzərində) şirkətlər qurub onların üzərindən İrana aid pulların transferini həyata keçirirmiş.

2009-2012-ci illər arasında Zərrabın şəbəkəsi vasitəsilə 87 milyard avronun transfer edildiyini Türkiyə Maliyyə Nazirliyinin maliyyə cinayətlərini araşdırma idarəsi təsbit edib. Bu işdə Türkiyə tərəfinə ABŞ Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı xidməti, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi və çox güman ki, həm də “Mossad” kömək edib.

Rza Zərrabın Türkiyədəki şirkətləri iş adamları kimi təqdim olunan Adem Gelgec və Azərbaycan vətəndaşı Vidadi Bədəlovun adına qeydiyyatdan keçib. Adem Gelgec istintaqa verdiyi ifadədə pulların transferləri üçün təlimatları Azərbaycan aldığını bildirib, ancaq təlimat aldığı adamların adını açıqlamayıb.

Bununla belə söhbətin Rza Zərrabın şəbəkəsinə daxil olan adamlardan getdiyi bildirilir.



*** 

Məlum olur ki, Rza Zərrabın şəbəkəsi onlarla milyard avronun qeyri-leqal transferini həyata keçirərkən Türkiyə məmurlarını da ələ alıb.  “Taraf” qəzeti yazır ki, Rza Zərrabın adı ilk dəfə olaraq Türkiyə Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) çirkli pulların transferinə dair hesabatında “şübhəli” olaraq keçib.

Fətullah Gülənə bağlı olan və Türkiyə dövlətinin məxfi məlumatlarını yaymaqla ad çıxaran qəzet yazır ki, Rza Zərrabın iqtisadiyyat naziri Zafer Çağlayana, Avropa İttifaqına inteqrasiya naziri Əli Babacana, daxili işlər naziri Muammer Gülərə və Halk Bankın rəhbəri Süleyman Aslana rüşvət verdiyinə dair dəlillər var.

Rza Zərrabın üç nazirə və Halk Bankın rəhbərinə ayrı-ayrı vaxtlarda verilən rüşvətin məbləğinin 137 milyon TL - təxminən 70 milyon dollar olduğu bildirilir.

Qəzet yazır ki, istintaqda Rza Zərrabın nazirlərdən birinə 1,5 milyon dollar rüşvəti verərkən çəkilmiş videosu da var. 

*** 

Qeyd edək ki, Azərbaycan banklarının da İrana aid pulların qeyri-leqal transferi ilə məşğul olduğu haqda dəfələrlə yazılıb. Fəaliyyəti dayandırılmış “Royal Bank”ın əsasən bu işlə məşğul olduğu haqda məlumatlar var. Azərbaycan xüsusi xidmət orqanları bundan əvvəl “Texnikabank”ın rəhbərliyinə daxil olan şəxslərin həbsini də məhz milyardlarla dolların qeyri-qanuni transferini təşkil etməyə görə yaxalamışdı.

Bu əməliyyatın ABŞ xüsusi xidmət orqanlarının təqdim etdiyi dəlillər əsasında həyata keçirildiyi bildirilmişdi.

Görünən odur ki, Türkiyədəki həbs fırtınasının arxasında Fətullah Gülən-İsrail-Amerika ittifaqının baş nazir Ərdoğanı bitirməyə yönəlmiş və Azərbaycanı da bağlayan genişmiqyaslı əməliyyatı dayana bilər. Bu ittifaqa qarşı dayanmaq Ərdoğan üçün kifayət qədər çətin olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar