Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-İsrail münasibətləri - Bu qarşıdurmanın geosiyasi nəticələri nə ola bilər?


Türkiyə də İran kimi İsrail üçün əsas düşmənə, ya da iki nömrəli düşmənə çevrilə bilərmi?


Politoloq: “Gərginlik artan xətt üzrə davam edərsə, qırılma yaşanarsa, arzuolunmaz hadisələr baş verə bilər”.

“Türkiyə İsrailin varlığını qəbul edir, onu tanıyır və yaxın keçmişdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələr çox yüksək səviyyədə olub. Türkiyə-İsrail münasibətlərini İran-İsrail münasibətləri ilə müqayisə etmək, eyniləşdirmək yanlışdır”.

Bu sözləri politoloq Şahin Cəfərli son günlər tamamilə korlanan Türkiyə-İsrail münasibətlərini PİA.AZ-a şərh edərkən deyib.

Son günlər Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə korlanıb və iki dövlət arasında diplomatik böhran da yaşanmaqdadır. Qeyd edək ki, ABŞ-ın Qüds (Yerusəlim) şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhəddə 60-dan çox fələstinlinin ölməsi Türkiyə-İsrail münasibətlərini qırılma nöqtəsinə çatdırıb. İki ölkə arasında diplomatik münasibətlər minimuma endirilib və bir çoxlarına görə Türkiyə və İsrail arasında körpülər yanıb. Lakin bu spektik yanaşmanı heç də bir çox ekspertlər qəbul etmir. Bəzi israilli analitiklər də bu optimizmə qoşulur. Onlara görə Türkiyə ilə İsrail arasında davam edən diplomatik döyüşdə qarşılıqlı ittihamlar, şəxsi təhqirlər və misilsiz siyasi xətalara baxmayaraq, ikitərəfli münasibətlər bir neçə ay ərzində normallaşa bilər. Optimistlərin fikrincə Qəzza sərhədində vəziyyət daha da gərginləşməzsə, İsrail müəyyən türk “qırmızı xətlər”ini keçməzsə, Ankara İsrailə qarşı əlavə addımlar atmayacaq və hər iki tərəf status-kvo durumuna qayıdacaq.

Bar-İlan Universitetinin əməkdaşı Efrat Avivin fikrincə vəziyyət gərgindir, ancaq tərəflər bu gərginliyi artırmağa çalışmır. Heç kim münasibətlərin daha aşağı səviyyəyə düşməsini istəmir: “Fələstin məsələsi çox qeyri-sabitdir və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünü Fələstin xalqının müdafiəçisi və Qüdsün müqəddəs məkanlarının müdafiəçisi kimi qələmə verir, – deyə o əlavə edib. – Ancaq dramatik bir şey olmadığı müddətcə, İsraillə münasibətləri kəsməyəcək”.

Türkiyə və İsrail münasibətlərinin gələcəyini necə görürnür? Türkiyə də İran kimi İsrail üçün əsas düşmənə, ya da iki nömrəli düşmənə çevrilə bilərmi? Ümumiyyətlə Yaxın Şərqdə İran-İsrail və Türkiyə-İsrail qarşıdurmasının dünya nizamına və beynəlxalq siyasətə necə təsir edir? Bu qarşıdurmanın geosiyasi nəticələri nə ola bilər?

Mövzuyla bağlı PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərlinin fikirlərini öyrənib.



Şahin Cəfərli: “Türkiyə-İsrail münasibətlərinin gələcəyi hazırda qeyri-müəyyən görünür”. 


“Türkiyə-İsrail münasibətlərinin tarixçəsinə nəzər salsaq, bu münasibətlərin enişli-yoxuşlu olduğunu görərik. Məsələn, Türkiyə 1947-ci ildə İsrail dövlətinin qurulmasını nəzərdə tutan BMT qətnaməsinin əleyhinə səs verib. Lakin cəmi 2 il sonra - 1949-cu ildə Türkiyə İsraili rəsmən tanıyan ilk müsəlman dövləti olub. 1950-ci ildə İsraildə Türkiyənin səfirliyi açılıb, lakin 1956-cı il Süveyş böhranından sonra Ankara diplomatik əlaqələri səfir səviyyəsindən müvəqqəti işlər vəkili səviyyəsinə endirib. 1967-ci ildə altı günlük müharibənin nəticəsində İsrailin Qüdsün şərqini ələ keçirərək şəhər üzərində tam nəzarətini təmin etməsi Türkiyənin kəskin etirazı ilə qarşılanıb. 1980-ci ildə Knesset Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra Türkiyə İsraillə diplomatik əlaqələrini ikinci katib səviyyəsinə endirib. 

Lakin istər 1990-cı illər, istərsə də Ədalət və İnkişaf Partiyasının hakimiyyətinin ilk dönəmləri Türkiyə-İsrail münasibətlərində yüksəliş dövrü kimi yadda qalıb. İqtisadi və hərbi sahələrdə əlaqələr sürətlə inkişaf edib. 2005-ci ildə baş nazir Rəcəb Tayyib Ərdoğan İsrailə rəsmi səfər edib, daha sonra ABŞ-dakı yəhudi icmasından medal qalıb. 2007-ci ildə İsrail prezidenti Şimon Peres Türkiyəyə səfər edərək Böyük Millət Məclisində nitq söyləyib. 2008-ci ildə isə İsrailin baş naziri Exud Olmert Türkiyədə səfərdə olub. Lakin 2008-ci ilin dekabrında İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyat və 2 minə yaxın fələstinlinin ölməsindən sonra əlaqələrdə soyuqluq yaranıb. Ərdoğan həmin vaxt ilk dəfə olaraq İsraili dövlət terroru həyata keçirməkdə ittiham etmişdi.

Şahin Cəfərli: “Səfirlərin, konsulların geri çağırılması və ya qovulması hələ diplomatik əlaqələrin kəsilməsi demək deyil”.

 
2009-cu ilin yanvarında Davos Forusmu zamanı baş verən məşhur “One minute” qalmaqalı isə hamının yadındadır. Bunun davamı kimi 31 may 2010-cu ildə qanlı “Mavi Marmara” olayının baş verməsi siyasi əlaqələri dərin böhrana sürükləyib. Tərəflər ABŞ-ın dəstəyi ilə apardıqları gizli danışıqlardan sonra 2016-cı ilin iyununda anlaşma imzalayaraq böhrana son qoysalar da, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək qərarı və bunun həyata keçirilməsi, eləcə də Qəzzada qanlı 14 may hadisələrindən sonra hazırda əlaqələr yenidən böhran dövrünə qədəm qoyub. 

Türkiyə-İsrail münasibətlərinin gələcəyi hazırda qeyri-müəyyən görünür. Türkiyə İsraildəki səfirini geri çağırıb və İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb. Buna cavab olaraq İsrail Türkiyənin Qüds-Yerusəlimdəki baş konsulunu “arzuolunmaz şəxs” elan edib. Cavabında Türkiyə də öz növbəsində İsrailin İstanbuldakı baş konsuluna qarşı eyni addımı atıb. Lakin səfirlərin, konsulların geri çağırılması və ya qovulması hələ diplomatik əlaqələrin kəsilməsi demək deyil. Diplomatik əlaqələr o zaman kəsilər ki, Türkiyə İsraildəki, İsrail isə Türkiyədəki diplomatik nümayəndəliklərini bağlasın. Hələ ki münasibətlər bu səviyyəyə düşməyib. İki ölkə arasında indiyədək nə qədər gərginlik yaşansa da, tərəflər bu münasibətlərin tamam qırılmasına yol verməyiblər. Elə son hadisəni xatırlayaq. Bir neçə gün əvvəl Türkiyə müxalifəti İsraillə 2016-cı ildə imzalanmış anlaşmanın ləğvi barədə parlamentdə məsələ qaldırsa da, iqtidar partiyası AKP və onun müttəfiqi MHP-nin səsləri ilə bu təklif rədd edildi. Bu, onu göstərir ki, Türkiyə rəhbərliyi İsrailə qarşı çox ağır ittihamlar səsləndirsə də, hələ ki əlaqələri tamam kəsmək istəmir. 

Şahin Cəfərli: “PKK-ya hava hücumundan müdafiə silahları ötürülsə, Türkiyə aviasiyasının bölgədə əməliyyatlar həyata keçirməsi xeyli çətinləşəcək”. 


Mən bunun rasional mövqe olduğunu düşünürəm. Çünki gərginlik artan xətt üzrə davam edərsə, qırılma yaşanarsa, arzuolunmaz hadisələr baş verə bilər. Məsələn, İsrail uydurma “erməni soyqırımı”nı tanıya bilər. Bundan başqa, daha təhlükəlisi budur ki, İsrailin Suriya kürdlərinə fəal dəstək verməsi mümkündür. Bu dəstək həm maddi, həm də PKK-nın Suriya qolu PYD-YPG-yə müasir silahlar ötürmək şəklində ola bilər. Bu halda heç bir təminat yoxdur ki, İsrailin Suriya kürdlərinə verəcəyi silahlar PKK-nın əlinə keçməyəcək. Məsələn, PKK-ya hava hücumundan müdafiə silahları ötürülsə, Türkiyə aviasiyasının bölgədə əməliyyatlar həyata keçirməsi xeyli çətinləşəcək, bu isə PKK-nın daha sərbəst hərəkət etməsi deməkdir. Başqa təhlükəli perspektiv ABŞ başda olmaqla, dünyadakı yəhudi-İsrail lobbilərinin Türkiyəyə qarşı hərəkətə keçməsi ehtimalıdır. Bu, Türkiyə üçün arzuolunmaz ssenaridir və mən düşünürəm ki, Ankara öz addımlarında bu ehtimalları nəzərə alır. 

Türkiyənin İran kimi İsrailin düşməninə çevriləcəyinə inanmıram. Çünki İran ümumiyyətlə, İsrailin mövcudluğunu rədd edir və onu xəritədən silməyi özünün əsas məqsədi elan edib. Türkiyə isə İsrailə qarşı bu cür radikal mövqe tutmur. Türkiyə İsrailin varlığını qəbul edir, onu tanıyır və yaxın keçmişdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələr çox yüksək səviyyədə olub. Türkiyə-İsrail münasibətlərini İran-İsrail münasibətləri ilə müqayisə etmək, eyniləşdirmək yanlışdır”.

Gülşən ŞƏRİF
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar