Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp üçün bir, dünya üçün səkkiz il...

Trampın da hakimiyyətinin bir ili tamam olur. Bunun özü də əlamətdardır ki, insanların çoxu zaman intervalının fərqindədirlər


Ölkələr var ki, heç bu da yoxdur, “seçici”lər funksiyalarını da, hesabı da çoxdan itiriblər və zaman özü də on illərlə ölçülərək lap əbədiyyətin məşəqqətini yaşadır adama.

Yaxınlarda qeyd etmişdik ki, Trampı heç də ABŞ-ın seçki demokratiyasının uğurlu göstəricilərindən saymaq olmaz, bu yarışoumen və yarıbiznesmen seçicilərin “saqqız”ını necə oğurladı və yaxud da ki, necə oğurlatdı – hələ bundan çox yazacaqlar. Amma Amerika demokratiyasının üstünlüyü bundadır ki, 30-40 il gözləməyə ehtiyac və ya zərurət qalmayacaq–Tramp tamam gözdən düşsə, onu ya növbəti dəfə seçməyəcək, ya da impiçment elan edəcəklər.

Hələliksə D.Tramp hakimiyyətdədir və özünün lap “uzunqulaq səmimiyyəti”ni xatırladan səmimiyyətilə qeyri-standart qərarlarını elə qeyri–adi dərəcədə uzun imzası ilə təsdiqləməkdədir.

Fəqət, böyük ehtimalla həmin qərarların çoxuna Konqresin komissiyalarındakı qovluqlarda yaşamaq və yaxud da müəllifinin “Mənə imkan vermədilər!” kimi etiraflarının müşaiyətilə arxivə göndərilmək taleyi qismət olacaq.

Dedik ki, Tramp bayağı dərəcədə “səmimi” və ABŞ-da indiyədək formalaşmış siyasətçi-prezident imicinə qəti uyğun gəlməyən adamdır. Belə “uzunqulaq səmimiyyəti” vaxtilə Nikita Xruşşovda, son vaxtlarsa çox hörmətli Vladimir Volfvoviş Jirinovskidə var. Amma Jirinovskilə D.Tramp arasında ciddi, prinsipial fərq də var: Jirinovski uzun illərdir ki, “axmaq adam” rolunu oynayır. Trampa gəldikdə isə getdikcə daha çox adam bu fikrə gəlir ki, o, elə həqiqətdə də axmaqdır...

Bilirsiniz, bir az təəccüblü səslənsə də, o, müəyyən məsələləri düz deyir və yaxud da ona bunu düz dedizdirirlər.

Deyəndə ki, BMT qeyri-effektiv qurumdur, yetərincə haqlı görünür. Soyuq savaş bitəndən bəlkə də onlarla siyasət və dövlət adamı, sanballı diplomatlar və politoloqlar dəfələrlə bu cür fikirlər səsləndiriblər.

Deyəndə ki, ABŞ üçün indi əsas rəqib Rusiya kimi “üzdəniraq ac nüvə dövləti” yox, məsələn, Çindir, yenə də məntiqli görünür. 
Deyəndə ki, Avropa ölkələri daha ötən əsrin 50-ci illərindəki müharibədən çıxmış kasıb ölkələr deyillər və onlar NATO formatındakı müdafiə xərclərini artırmalıdır, bu halda da arqumentli təsir bağışlayır.

Amma burada iki ciddi nüans var. Birincisi, sadalanan məsələlərin heç birilə bağlı bu adamın məntiqli, ciddi şəkildə işlənmiş və ya əsaslandırılmış bir proqramı yoxdur. İkincisi, bu adamda məsələlərə və problemlərə siyasətçi yanaşması, hətta siyasətçi təfəkkürü yoxdur – hələ də biznesmen və şoumen kimi düşünməkdə davam edir.

Amma siyasətdə biznes, şou və hətta teatr elementləri olsa da, o, bütün hallarda, nə biznesdir, nə də şou! Düzdür, burada bizim diqqətli oxucular etiraz edər ki, siyasət biznes deyilsə, onda bizim nazirlərimiz və şanlı məmurlarımız niyə bu qədər varlıdırlar?

Və ya soruşa bilərlər ki, siyasət teatr deyilsə, onda niyə ənənəvi teatrların zalları boş qaldığı bir halda hamı 25 ildir davam edən siyasi teatrımızı böyük maraqla və səbrlə seyr edir?

Təbii, onlar da haqlıdır. Amma mən bu xüsusda heç nə deməyəcəm, çünki bu yazıda unikal Azərbaycandan yox, adi, normal demokratik bir ölkədən–Amerikadan danışıram.

Azərbaycan haqda paranormal hadisələr və UFO-larla məşğul olanlar danışsalar, daha yaxşı olar, çünki bu kiçik ölkədə baş verənlər getdikcə ənənəvi məntiqin çərçivələrindən çıxır. Görünür, qeyri - standart məntiqi də azərbaycanlının yaratması heç təsadüfi deyil...

Nə isə, qayıdaq Trampa. Qərəz, Tramp anlamır ki, elə siyasətdə də uduş deyilən anlayış var və o, belə də adlanır: siyasi uduş...

Üstəlik, onun heç də həmişə maliyyə ekvivalentini tapmaq və adicə əmtəə-pul sxemilə anlamaq olmur. Tramp bir yol bilir: əgər “firmanın” işləri pis gedirsə, deməli xərcləri azaltmaq lazımdır – bu yolla o, ölkənin NATO, BMT və digər strukturlarla bağlı xərclərini azaltmaq, ABŞ-ın bir çox qlobal layihələrdə iştirakını məhdudlaşdırmağa çalışır. Amma bu, düzgün yoldurmu? Dünyada ən böyük “donor”lardan biri olmaq ABŞ-ın geosiyasi qüdrətini təmin edən amillərdən deyilmi?..

Bir dəfə də yazmışdıq ki, artıq Fərid Zəkəriyyə kimi amerikalı politoloqlar da ABŞ-ın qüdrətinin qürubundan yazmağa başlayıblar və bunun səbəbini də heç də iqtisadi göstəricilərdə yox, Trampın apardığı siyasətdə görürlər. Şəxsən bizə də elə gəlir ki, ABŞ-ın bu son yüz ildəki ən böyük layihəsi qloballaşma və “qlobal iştirak”çılıq idi.

Bəli, Çin böyük iqtisadi və demoqrafik göstəricilərə malikdir. Amma Çinin hələki xaricdə bircə hərbi bazası var– o, da Cibutidədir! Kimsə bu gün Çin haqqında ciddi şəkildə fövqəldövlət kimi danışa bilərmi?

Burada bir məsələyə də toxunmaq istərdik. Bir çoxları ABŞ-ın Yaxın Şərqi tərk etməsindən və yaxud da bu regionda zəifləməsindən danışır. Amma Yaxın Şərqdə ABŞ-ın təkcə altı ədəd hərbi avia-bazası vardır və bunlardan biri də məşhur “İncirlik” hərbi bazasıdır!

O başqa məsələdir ki, son vaxtlarda, xüsusən də Tramp dönəmi başlayandan ABŞ-ın bu bölgədəki siyasətindən baş açmaq, ən əsası da Suriyadakı fəaliyyətindən bir şey qanmaq olmur.

Sanki bu da bir “idarə olunan xaos mərkəzləri” yaratmaq siyasətidir, çünki Suriyada bu qədər geosiyasi vektorun guya ki, bir terrorçu İŞİD-lə bacarmadığına inanmaq çox çətindir. Məsələ bundadır ki, artıq bir neçə illərdir ki, burada hamı biri-birilə vuruşur, heç kim də onun bitməsində maraqlı görünmür.

Digər məsələlərə gəldikdə, hər yeni liderin siyasətində amerikalılar iki suala cavab axtarırlar: görən, ölkənin içində nə olacaq və bu dəfə “xarici düşmənimiz” kimi olacaqdır?

Qısaca deyək ki, D.Trampın makro-iqtisadi vədləri doğrulmadı-hər halda, çox ciddi amerikaşünaslar bunu yazır. Nə altı faizlik iqtisadi artım oldu, nə də balanslaşdırılmış büdcə siyasəti reallaşdı.

“Xarici düşmən” məsələsinə gəldikdə, rusların ümidləri heç oldu, elə bəlkə buna görə də V.Putin Trampın da iştirak edəcəyi Davos Forumuna qatılmağa can atmır, ola bilsin, bunun faydasızlığını başa düşür, çünki ABŞ-ın son təhlükəsizlik sənədlərində Çinin “iqtisadi qaydalar” üçün əsas təhdid olduğu yazılsa da, real geosiyasi təhlükə kimi yenə Rusiyanı qeyd edirlər və bu, bir daha göstərir ki, Tramp “Amerika siyasət maşını” qarşısında acizdir. Elə illik hərbi xərclər də az şey demir: hərbi büdcə də artıq 900 milyard dollara çatmaqdadır!

Qərəz, çox narahat il beləcə başa çatdı. Hələ Trampın Yerusəlimlə bağlı qərarının BMT-də ABŞ üçün hansı diplomatik uğursuzluqla bitməsindən bir söz demədik.

Heç Azərbaycan konteksində də bir təxminimiz olmadı və bu məsələni ona görə “yaddan çıxardıq” ki, yaxın bir neçə ildə indiyədək mövcud olan siyasi konfiqurasiyada elə bir dəyişikilik olmayacaq: Tramp hələki yerindədir, Putin də daha altı il yerində olacaq, Bakıda və Ermənistanda da hər hansı siyasi yerdəyişmə gözlənilmir...

Mümkündür, Ermənistanda müəyyən proseslər olsun, amma düşünürük ki, hələki ən şanslı Serjikdir, çünki Moskva ilə problemi yoxdur, Qərblə də problemlərini qaydaya salmaq üçün Avropa Birliyilə saziş imzaladı, beş–on günə də Fransaya, hörmətli F.Makronun hüzuruna yollanacaqdır.

Bu səbəbdən il daha çox nəticələri irəlicədən bəlli seçkilər ili kimi yadda qalmağı vəd edir. İndividual olaraq Trampa gəldikdə isə, düşünmürük ki, Dağlıq Qarabağ problemi onu hansısa formada qayğılandırmış olsun, hərçənd ki, BMT guya, məsələni bir neçə prioritet problemin siyahısına salıb.

Putin də ki, aydın məsələdir–Rusiyada ikinci “zastoy” daha altı il çəkəcək. Qarabağ məsələsi də bəllidir. İnidyədək Putin bu müstəvidə hansı real işi görüb ki, bundan sonrasına da ümid edək? O ki qaldı cənab Lavrovun son açıqlamalarına, biz buna “mərhələli vədlər” və “mərhələli məyusluq” deyərdik...

 Hüseynbala Səlimov(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar