Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzun Əlibəyli kəndi işğal təhlükəsi ilə üz-üzə


Zirzəmilərdə gecələyən kənd sakinləri özünümüdafiə dəstələri yaratmaq üçün hakimiyyətdən silah tələb edir; erməni həyasızlığı camaatın səbir kasasını daşırıb...


Qənirə Paşayeva: “Ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar”; Üzeyir Cəfərov: “Özüm də anlamıram ki, Azərbaycan tərəfi nəyi gözləyir”; Etibar Əmiraslanov: “And olsun Allaha, üçcə günə onların anasını ağlar qoyaram, yarandıqlarına peşman olarlar”

Tovuz rayonunun düşmənlə üzbəüz Əlibəyli kəndində vəziyyət gərgindir. Bu barədə bölgədəki mənbələrimizin “Yeni Müsavat”a verdiyi məlumata görə, son günlər düşmənin yenidən aktivləşməsi əhalidə ciddi narahatlığa səbəb olub.

Qeyd edək ki, Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev APA-ya aşıqlamasında deyib ki, aprelin 14-də saat 18 radələrindən başlayaraq ermənilər kəndi iri çaplı silahlardan atəşə tutmağa başlayıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, evlərin damları və həyətlər gülləboran edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub. Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmənin cavab atəşi ilə susdurulduğu bildirilir.

Lakin Tovuz sakini, Qarabağ döyüşçüsü Etibar Əmiraslanov deyir ki, yerli camaat düşmənə adekvat olmayan münasibətdən narazıdır: “Vəziyyət olduqca gərgindir. Gecə saat 2-də Əlibəylidən evə gəldim. Ermənilər kəndi o şəkildə atəşə tuturlar ki, adamın kəndə yazığı gəlir. Elə bir ev qalmayıb ki, gülləyə tuş gəlməsin. Güllələr hətta mənzillərdəki döşəklərə də girib. Azərbaycan tərəfdən isə erməninin iki gülləsinə bir güllə ilə cavab verirdilər ki, "biz burdayıq". Camaat çox narahatdır, bu vəziyyətə nə vaxt son qoyulacağı barədə sualına heç kimdən cavab ala bilmir. Ən ağrılısı odur ki, elə bil rayonda heç belə hadisə olmayıb, Tovuz rəhbərliyi öz işindədir, Əlibəyli ilə maraqlanan yoxdur. Kəndə bu qədər güllə yağdırıldı, ancaq rayon rəhbərliyi bura gəlmədi".

E.Əmiraslanovun sözlərinə görə, layiqli cavab görməyən düşmən daha da azğınlaşır: “Avtomatlardan və BMP-2-dən atırdılar. Bizimkilər isə arabir yalnız avtomatla cavab verdirdilər. Vəziyyət belə davam edə bilməz, təcili tədbirlər görülməlidir. Camaat gecə evlərin arxasında, zirzəmilərdə yatıb. Elə vəziyyət yaranmışdı ki, Əlibəylinin içi ilə 100 metr sərbəst irəliləyib getmək olmurdu. Camaat hərbçilərdən çox narazıdır. Kənd camaatı istəyir ki, öz evini özü qorusun, deyirlər hərbçiyə ehtiyac yoxdur, çıxarın onları, bizə silah verin, özümüz kəndimizi qoruyacağıq. Hətta ötən həftə İcra Hakimiyyətinə yürüş edib icra başçısı Tofiq Zeynalovla görüş keçiriblər. Həmin görüş çox gərgin atmosferdə keçib. Başçının köhnədən, hələ Mütəllibovun hakimiyyəti vaxtından Əlibəyli camaatı ilə problemi var. Camaat rayon rəhbərliyindən tələb edib ki, Etibarı qaytarın bizə, başqa heç nə istəmirik”.

Keçmiş döyüşçünün sözlərinə görə, vəziyyətin gərginliyin səbəbindən əhalinin çoxu gecələr gedib rayonda qalır: “Erməninin işığını keçirən Əlibəyli olub. İndi erməninin işığı yanır, bizim kənd qaranlıqdadır”. E.Əmiraslanov bildirdi ki, bu gün (15 apreldə-red.) yenidən Əlibəyliyə qalxıb, vəziyyətlə yerində tanış olub: “Evlər hamısı güllədən deşik-deşikdir. Kənd cavanları yenə də deyir ki, bizə silah versinlər, kəndimizi özümüz qoruyaq. Sakinlər özünümüdafiə dəstələri yaratmaq üçün hakimiyyətdən dəstək gözləyir. Bu kənddə elə qeyrətli qadınlar var ki, düşmənin on əsgərinə cavab verər. Bilmirik bu, oyundur, ya nədir. Əgər bu kəndi vermək istəyirlərsə, birdəfəlik desinlər. Yoxsa erməni gülləni döşəyir, bunlar durub baxır. Camaat belə vəziyyətdə çox ruhdan düşüb. Mən hərbi hissə komandirinə də dedim ki, əgər atışmanın dayanmasını istəyirsinizsə, siz də erməni kəndini gülləboran etməlisiniz. Necə ki,  ermənilər Əlibəylinin dinc camaatına atır. Allaha and olsun, üçcə günə onların anasını ağlar qoyaram, yarandıqlarına peşman olarlar”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da durumdan narahatlığını ifadə etdi: “Bu vəziyyətdə özüm də başa düşmürəm ki, Azərbaycan tərəf nəyi gözləyir. Cavab atəşi düşmənin həyasızlığı qarşısında adekvat deyil. Adətən Müdafiə Nazirliyi şövqlə bəyan edirdi ki, düşmən cavab atəşi ilə susdurulub. Amma düşməni susdurmaq lazımdır. Əgər Azərbaycan əsgərləri düşmənə layiqli cavabı verməyəcəklərsə, ermənilərdən başqa hərəkəti də gözləmək olar. Tovuz istiqamətində düşmənin uğursuzluğu olmuşdu və bundan sonra Ermənistan cəbhənin bu istiqamətini hədəfə götürüb. Ermənistan komandanlığının rəhbərliyi ordakı uğursuzluğa görə zabitlərini ciddi şəkildə cəzalandırmışdı. İndi ordakı komandanlıq heyf çıxmaq üçün davamlı şəkildə Əlibəylini atəş altında saxlamağa çalışırlar. Həmçinin QazaxFüzuli istiqamətindəki mövqelərimizi daim gərginlik altında saxlayırlar. İki gün öncə daha iki əsgərimizin yaralanması da bunun nəticəsidir. Bütün bunlara rəğmən Azərbaycan Müdafiə Nazirliyi təcili tədbirlər görməli, düşmənin cavabını verməlidir”.

Ü.Cəfərov şübhə etmir ki, burada Rusiyanın təxribatından çəkingənlik elementi də var: “Şübhəsiz ki, Rusiyanın Ukraynaya dəstək verdiyi üçün Azərbaycanı cəzalandırmaq niyyəti ola bilər. Amma mən bunu da istisna etmirəm ki, cəbhədəki təxribatlar şimal qonşumuzun təhriki ilə həyata keçirilir. Bununla belə, istənilən təxribatın qarşısını almağa hazır olmalıyıq”.  Hərbi ekspert bildirdi ki, keçmiş döyüşçülər bu vəziyyətə laqeyd deyil: “Biz dəfələrlə müraciət etdik. Ancaq daşdan səs çıxır, ancaq Müdafiə Nazirliyindən səs çıxmır. Belə bir açıqlama verdilər ki, müraciətlər araşdırılır. Başa düşmürəm, keçmiş döyüşçülərin, ictimaiyyət nümayəndələrinin müraciətləri hansısa elmi işdirmi, araşdırılsın? Burada araşdırılmalı heç nə yoxdur. Keçmiş döyüşçülər, ictimaiyyət nümayəndələri bu işdə Müdafiə Nazirliyinə dəstək olmaq istəyir. Hətta görməli olduğumuz ən elementar işi belə reallaşdırmırıq. Belə başa düşürəm ki, əgər bu gün nazir burda yoxdursa, kimlərsə vəziyyətin bir az da kritik həddə çatmasını istəyir deyə, qərar verilmir. Bizim yeganə istəyimiz odur ki, düşmən layiq olduğu cavabı alsın. Lakin Müdafiə Nazirliyi nə vaxt lazım bilir, o vaxt məlumat açıqlayır və bununla işini bitmiş sayır".

Qeyd edək ki, aprelin 15-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Məlumata görə, insidentsiz başa çatan monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəyi gözlənilirdi. Ancaq Tovuzun dinc sakinlərinin güllə yağışı altında qaldığı günün səhərinə təsadüf edən bu monitorinqi sadəcə oyun da adlandırmaq olar. Əslində Ermənistanın bu təcavüzkar hərəkətinin qarşılığında işğalçı ölkəyə qarşı sərt sanksiyaların qəbul olunması üçün beynəlxalq təşkilatların hərəkətə keçməsi gərək idi.

Deputat Qənirə Paşayeva da Tovuzun Əlibəyli kəndində atəşkəsin pozulmasından yazıb. modern.az-ın məlumatına görə o, bildirib ki, Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər: “Ermənistan yenə də atəşkəsi pozaraq Tovuzun Əlibəyli kəndi istiqamətində kəndi, sakinləri, onların evlərini, elektrik və qaz xətlərini atəşə tutması nəticəsində gərgin və çox narahat bir gün yaşanıb. Ötən gün və bu gün kəndin rəsmi nümayəndələri ilə bir neçə dəfə telefonla danışdıq. Bir az əvvəl də təkrar yenə icra nümayəndəsi Valeh müəllimlə danışdıq. Qismən sakitlik yaranıb və çox şükür ki, mülkü insanlarımızdan xəsarət alan olmayıb, amma evlərə yenə də zərər vurublar, elektrik, qaz, telefon xətlərinə zərər dəyib və nəticədə elektrik və qazın verilməsində problem yaranıb. Az öncə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, kəndin icra nümayəndəsi və bu sahəyə cavabdeh qurumlarla da danışdıq. Səhər saatlarından başlayaraq elektrik və qaz xətlərində yaranmış problemin aradan qaldırılması ilə bağlı işlər getdiyini və gün ərzində kəndin tam elektrik və qazla təkrar təmin ediləcəyini dedilər. Eyni zamanda "Azərsu"ya bir millət vəkili olaraq minnətdarlığımı bildirmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Əlibəyli kəndində olarkən və kənd sakinlərimizlə görüşərkən onların kəndin içməli su təchizatının yaxşılaşdırılması və genişləndirilməsi, kəndin içməli su ilə problemləri olan hissələrinə su xətlərinin çəkilməsi ilə bağlı qaldırdıqları məsələni qurumun rəhbərliyi ilə danışaraq bu məsələni həll etməyi xahiş etmişdim və elə həmin günün sabahından kənddə kəndin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün sürətli və geniş işlərə başlayıblar və inşallah yaxın günlərdə bu işlər bitəcək. Ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar və Ermənistanın bütün bu insanlıqdan kənar əməllərinə baxmayaq öz evlərini və torpaqlarımıza böyük sevgi ilə sahib çıxırlar və bununla da düşmənə layiqli cavablarını verirlər".

Q.Paşayeva daha sonra yazıb: “Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyd münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etmişdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik təəssüf ki... İnsanların, onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər və onlar bu inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər. Tovuz istiqamətində silahlı qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər, amma görünən odur ki, mülkü insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən çox təəssüf ki, Ermənistan bundan sonra da əl çəkmək niyyətində deyil. İnşallah, yenidən Tovuza gedəcəyəm və insanlarımızla bir araya gəlib görüşəcəyik. Allah kənd sakinlərimizi və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun!”

Əlibəyli sakinlərinin narahatlığı ilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini öyrənmək istədik. Mətbuat xidmətindən yalnız bunu bildirdilər: “Atəşkəsin pozulması haqda xəbər yaymışıq, düşmən cavab atəşi ilə susdurulub. Bizdə əlavə məlumat yoxdur. Növbəti rəsmi məlumatı sabah (aprelin 16-da - red.) yayacağıq”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar