Fevralın 25-də Şəki Apelyasiya Məhkəməsində vicdan məhbusları – Müsavat başqanının müavini Tofiq Yaqublu və Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun apelyasiya şikayətlərinə təkrar baxılacaq
Tofiq Yaqublunun qızı, Müsavatın Məclis üzvü Nigar Yaqublu “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, vicdan məhbuslarının məhkəmədə iştirak üçün Şəkiyə etap olunacaqları haqda qeyri-rəsmi məlumat alıblar: “Hər iki məhbus Apelyasiya məhkəməsinə ərizə ilə müraciət edərək onların iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini istəyiblər. Bir halda ki, özləri getmək istəmir, onları niye məcburi aparırlar?”
Tofiq Yaqublunun vəkili Nemət Kərimli bildirib ki, vicdan məhbusları məhkəmədən ədalətli qərar gözləmirlər və Şəki Apelyasiya Məhkəməsi onların müraciətlərini nəzərə alaraq, iştirakları olmadan işə baxa bilər.
Qeyd edək ki, Şəki Apelyasiya Məhkəməsi artıq bir dəfə bu iş üzrə əsassız qərar çıxarıb. Lakin Ali Məhkəmə həmin qərarı ləğv etsə də, işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. Müdafiə tərəfi bildirir ki, Ali Məhkəmənin işi geri qaytarmaqda məqsədi vaxtı uzatmaq və Avropa Məhkəməsinə şikayətin göndərilməsini mümkün qədər yubatmaqdır.(musavat.com)
pia.az