Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Təmənnalı dostluq: Ramzan Kadırov Salah kimi “ulduzlar“a niyə ev sahibliyi edir?

Rusiya prezidenti Vladimir Putin Moskvanın ilk dəfə ev sahibi kimi diplomatik məqsədlər üçün istifadə etmək istədiyi hadisədə – “açıq, qonaqpərvər və dostluq” çempionatında bütün dünyadan olan çoxsaylı qonaqları, tamaşaçıları və oyunçuları salamlayıb


Lakin bu çempionatdan istifadə etmək istəyən daha bir adam var – Şimali Afrikada və Yaxın Şərqdəki potensial müttəfiqlərinə çatmağa çalışan Çeçenistan rəhbəri Ramzan Kadırov.

Çeçenistan Rusiyada qaldığı müddətdə Misir milli komandasına ev sahibliyi edir. Şimali Qafqaz regionunda yerləşən respublika qrup mərhələsi matçları ərəfəsində bu komandanın təlim-məşq bazası olub.

Çeçenistan və Misir arasındakı bu yeni idman əlaqəsi Kadırovun regionda və daha geniş mənada, müsəlman dünyasında artan ambisiyasını, ölkə daxili və xaricindəki siyasi maraqları üçün idmandan istifadəsini, o cümlədən Çeçenistan arasında birbaşa diplomatik əlaqələrin qurulması və respublikaya xarici sərmayələrin çoxaldılması ilə bağlıdır.

Misir millisinin Rusiyaya gəlişindən qısa müddət sonra çeçen səlahiyyətliləri Misirin ulduz oyunçusu Məhəmməd Salahın otel otağına təşrif gətirib və Kadırovun lobbidə onu gözlədiyini bildiriblər. Salah çeçen avtokratı ilə görüşüb, onunla və bir neçə pərəstişkarla fotolar çəkdirib. Fotolar Kadırovu xeyirxah lider kimi təqdim etmək üçün bütün kampaniyasının yalnız bir anı idi.

2000-ci ildə İkinci Çeçen müharibəsi sona çatdıqdan sonra Kreml Çeçenistanla yazılmamış bir razılaşmaya girib, sədaqət və nizam qarşılığında ona maliyyə dəstəyini artırıb. Nəticədə, Rusiya daxilində Çeçenistan yarımuxtar dövlət kimi fəaliyyət göstərir – o, Kadırovun şəxsi mülküdür.

Ramzan Kadırov Çeçenistanın paytaxtı Qroznının futbol stadionundakı parad zamanı öldürülən atası, respublika prezidenti Əhməd Kadırovdan üç il sonra, 2007-ci ildə hakimiyyət zirvəsinə yüksəlib. Xeyirxah hamisi Putinin dəstəyi ilə vəzifəyə yüksəldikdə, çeçen əhalisi üzərində dəmir yumruq tutub və iqtidarını qorxu ilə təmin edib: məhkəməsiz cəzalandırma, müxalifət və jurnalistlərə təzyiqlər və s. “Gey” olmaqda şübhəli bilinən 100-dən çox kişi 2017-ci ilin əvvəlində çeçen hökuməti tərəfindən saxlanılıb, elektroşok və digər işgəncələrə məruz qalıb. Bir çoxları öldürülüb, yüzlərlə adam isə Rusiyadan kənara qaçmaq məcburiyyətində qalıb.

Bir çox “zorba adam” kimi, Kadırov da idman aşiqidir, bu həvəsdən öz “maço” obrazı üçün istifadə edir və bu, ictimai rəyin gözündə onu ucaldır.

Kadırovun favoritləri arasında Rusiyada ən populyar idman növlərindən ikisinin – futbolçuların və qarışıq əlbəyaxa döyüş növü ustalarının olması təəccüblü deyil. Bu iki idman növünün iştirakçıları Sovet İttifaqının vaxtından qanqster dünyası ilə bağlı olub və indi qismən Kadırovun xidmətində dururlar.

Son illərdə Kadırovun şəxsi dəvəti ilə Çeçenistana gəlmiş idmançı və digər tanınmış şəxslərin uzun bir siyahısı var. Aktyor Jan-Klod Van Damm və Stiven Siqal, həmçinin kikboksinq çempionu Badr Hari, köhnə UFC çempionları Fabrisio Verdum və Franki Edqar da bu siyahıya daxildir. Onların hamısı açıqlanmayan ödənişləri qəbul edir, rejimin zorakılıq və təzyiqi barədə susmaq öhdəliyi götürürlər.

Bu ziyarətçilərdən hər biri çeçen “zorba”nın hakimiyyətini legitimləşdirməyə və hakimiyyətinin qəddar cəhətlərindən diqqət yayındırmağa kömək edib. İqtidarda ikən, Kadırov respublikada qarışıq döyüş sənətinin – MMA-nın populyarlığını inkişaf etdirmək məqsədilə, “Akhmat Fight Club”, “MMA” idman meydançası və döyüş idmanını təşviq edən “Əhməd” Dünya çempionatını təsis edib. Hazırda klubda 5000-dən çox insan qeydiyyatdan keçib.

Bir zamanlar Şimali Qafqazın ənənəvi dəyərlərinə zidd olan bir idman növü – həm milli, həm də dini qaydalarla qadağan olunan qaydasız döyüşə Kadırov yaşıl işıq yandırıb və onu çeçen şücaətinin meyarı tək təbliğ edir.

İdmançıları nəzarətdə saxlmaq üçün o, yerli hakimiyyət orqanlarının rəhbərliyinə siyasi müttəfiqlərini yerləşdirib. Müəyyən edilmiş şəxslər arasında keçmiş separatçı militan Maqomed “Lord” Daudov da var. Paytaxtın futbol komandası “Əhməd Qroznı”nın prezidenti kimi Daudov da Kadırov və Məhəmməd Salahla fotosessiyada əks olunub.



Hakimiyyəti dövründə Kadırov yalnız siyasi lider kimi deyil, təxminən 20 milyon rusiyalı müsəlmanı təmsil edən ölkənin siması tək ortaya çıxıb. Respublikada şəriət qaydaları hakimdir və Çeçenistan Rusiyanın ən böyük məscidlərindən birinə sahibdir. Nəticədə, o, Rusiya siyasətində əhəmiyyətli bir oyunçuya çevrilib. Yalnız Şimali Qafqazdakı hakimiyyətinin miqyası deyil, həm də Rusiya ilə sünni müsəlmanlar dünyası – Yaxın Şərq və Şimali Afrika ölkələrinin əksəriyyəti arasında getdikcə daha sıx bir əlaqəyə malik kanal kimi çıxış etmə mövqeyindədir.

2017-ci ildə Kadırov Putinin sünni-müsəlman elçisi rolunu üzərinə götürüb və Bəhreynə yollanıb. O, kral Həmadın oğulları Şeyx Nasir və Şeyx Xalidlə görüşüb. Hər iki şəxs krallığın idman işlərində fəal iştirak edir. Kadırov, həmçinin Birləşmiş Ərəb Əmirlikləri əlaqələri qurub, o cümlədən 2017-ci ildə yerli müəssisələrin maliyyələşdirilməsi üçün Çeçenistanda qurulan Zaid Fondunun banisi, Əmirliyin hakimi Şeyx Məhəmməd bin Zaidlə. Onun bu səyləri hazırda Misirlə əlaqələrin möhkəmləndirilməsinə yol açıb.

Kadırov, həmçinin Suriya münaqişəsinə hərbi müdaxilədə iştirak edir, müxalifətə qarşı ora hərbi polis taqımı göndərib və Hələbdəki məscidin bərpasına yardım edib. Yaxın Şərqin müxtəlif rejimləri ilə birləşərək, o, Kreml üçün əvəzsiz bir elçiyə çevrilib. O, eyni zamanda, öz respublikasının Moskvadan asılılığını minimuma endirən və muxtariyyətini təmin edən xarici sərmayələrin təhlükəsizliyinə müvəffəq olub.

Dünya çempionatı Kadırov üçün ictimai əlaqələrin zəfəridir. Salah, Misir Futbol Federasiyası və FIFA özlərini təbliğat vasitəsi kimi istifadə etməyə icazə verdikləri üçün Qərb mediasının tənqidlərinə məruz qalıb. Misir hökuməti isə komandanın Qroznıda qalmasına icazə vermək qərarını müdafiə edir. Hüquq müdafiə təşkilatları Çeçenistanın təlim bazası olmasına dair FİFA qərarına dair həyəcan siqnalı verir. Lakin dünyanın ən böyük idman təşkilatı diktatora öz tədbirindən siyasi təbliğat platforması kimi istifadə etməyə hələ də imkan yaradır.

Uruqvayla açılış matçında məğlub olduqdan sonra Misir Rusiyaya 3:1 hesabı ilə məğlub olub. Bu, komandanına qrup mərhələsini adlamasına sədd çəkir. Ancaq Kadırov üçün hətta məğlubiyyət də Kremlə öz sədaqətini göstərmək imkanı verib. “İlk növbədə, çeçenlər Rusiya milli komandasını dəstəkləyir”, – deyə o, Misirin ikinci məğlubiyyətindən sonra “Telegram”da yazıb.

Kərim Zidan

“Foreign Policy”

Tərcümə: Strateq.az

pia.az
Etiket:
loading...