Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsildə yaranan acınacaqlı vəziyyətin səbəbi nədir?


Nadir İsrafilov: “Yaranmış vəziyyəti təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmaması, tələbkarlığın zəifliyi, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər də var”


Kamran Əsədov: “Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz”.

Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında  məlumat verilib. Jurnalda qeyd olunub ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 32.9%-ni “3”, 44.4%- ni “4”, 19.1%-ni isə “5” qiymət alanlar təşkil edib. 

Ötən il isə bu göstəricilər, uyğun olaraq, 34.6%, 45.0%, 19.2% olub. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.87%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 49.97%-i attestat qiymətlərini doğrulda bilib.

Həmçinin bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Quba rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu il isə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb. Bu cür acınacaqlı vəziyyətin yaranma səbəi nədir? Hesab etmək olarmı ki, aşağı bal toplayan məzunların ümumtəhsil məktəblərindən lazımi biliklərə yiyələnməməsi onların qəbul imtahanlarındakı göstəricilərinə də mənfi təsir edir, yoxsa səbəb başqadır? Təhsil siyasətindəki çatışmamazlıqlar hansılardır və təhsilin keyfiyyətini necə artırmaq lazımdır? Sınaq imtahanlarında yüksək bal toplayan abituriyentlərin  qəbul imtahanında uğurlu nəticə göstərə bilməmələrinin səbəbi nədir?

Bu mövzularla bağlı PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilov və Kamran Əsədovun fikirlərini öyrənib.

Image result for nadir israfilov
Nadir İsrafilov: “Sanki, qarşımıza hər bir məktəb məzunundan yeni İsaak Nyutonlar, Albert Eynşteynlər, Nikola Teslalar yetişdirmək məqsədini qoymuşuq”.


Bir və ya iki imtahanla biliyin orta məktəb məzunlarının biliklərinin obyektiv qiymətləndirilməsinin o qədər də real görünmədiyini vurğulayan təhsil üzrə ekspert Nadir İsrafilova görə, təhsilin keyfiyyətini artırmaq üçün orta və ali məktəblərin buraxılış və qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan sisteminə keçmək lazımdır:

“Biz nədənsə səbəb axtarmaq əvəzinə günahkar axtarırıq. Ümumiyyətlə, istər sınaq, istər buraxılış, istərsə də qəbul imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar mövcud prosedurlara konkret yanaşsaq, belə nəticə hasil etmək olur ki, biz bu vaxtaşırı dəyişkənliyə məruz qoyduğumuz qaydalarla sanki, qarşımıza hər bir məktəb məzunundan yeni İsaak Nyutonlar, Albert Eynşteynlər, Nikola Teslalar yetişdirmək məqsədini qoymuşuq. Bu qədər gərginlik, əsəbilik, ajiotaj, qarşılıqli ittihamlar kimə lazımdır və nə məqsədə xidmət edir başa düşmək olmur. Hətta iş o yerə çatıb ki, son illər qəbul imtahanında az bal toplayan, yaxşı nəticə göstərə bilməyən abituriyentlər arasında intihar halları da onların psixoloji durumu ilə əlaqələndirilir, sosial şəbəkələrdə  bu kimi hallar hətta, “Abituriyentlərin intihar dövrü başladı” kimi xarakterizə olunur və s.

Hər il olduğu kimi, bu il də məktəbi “5”-lə bitirən məzunların yalnız 49.97%-i imtahanlarda attestat qiymətlərini doğruldub”, “Abituriyentlərin 50 faizə yaxını 200-dən az bal toplayıb”,  “Ortastatistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 30-52 faizini mənimsəyir”,“Məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır” və s. bu kimi ittihamlar səsləndirilir. Kimlərsə sualların  mübahisəli olduğundan, kimlərsə şagirdləri çaşdıra bilən test tapşırıqlarından,  kimlərsə bir sıra fənnlər üzrə sualların çətinliyindən şikayətlənir, kimlərsə test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbulda elə də bir ciddi problemlə üzləşmədiyini bildirir. Yaranmış vəziyyəti təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmaması, tələbkarlığın zəifliyi, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olması  və təhsil verənlərin tədris prosesində yeni təlim üsulları və texnologiyalarından lazımınca istifadə edə bilməməsi ilə əlaqələndirənlər də var.

Təkcə bu da deyil.  Attestat almadan şagirdin qəbul imtahanına girməsi, tədris ilinin iyunun ortalarında başa çatdığı, başqa sözlə, tədris ili hələ tam başa çatmadığı və proqram materiallarının şagirdlər tərəfindən sona qədər mənimsənilmədiyi halda, onların qəbul imtahanına may ayında cəlb edilməsi kimi məsələlər də dəfələrlə müəllim və valideynlər tərəfindən narazılıqlarla qarşılanıb, onların haqlı   şikayətlərinə səbəb olub, geniş müzakirə obyektinə çevrilərək,  ayrı-ayrı tərəflərin bunu müxtəlif mövqedən əsaslandırmağa cəhd göstərmələrinə rəvac verib. Hətta belə hallar da olub ki, hansısa məzuna hələ qəbul imtahanına qədər keçmədiyi mövzudan sual düşüb və bu onun biliyinin qiymətləndirilməsinə də təsirsiz ötüşməyib. 

Nadir İsrafilov: “Bal toplamaq uğrunda yarış marafon qaçışı deyil, yetişməkdə olan və gələcəyimiz hesab etdiyimiz gənc nəslin taleyi məsələsidir”.


İstər sınaq imtahanı olsun, istərsə də qəbul üzrə yaz və yay imtahanı, bu zaman hər hansısa bir abituriyentin bir imtahanda aşağı nəticə, digər imtahanda isə daha yüksək nəticə göstərməsi və ya “5” alanla , “3” alanlar arasında tam fərqli və əks göstəricilərin qeydə alınması  təbii haldır. Çünki  bu imtahandır, imtahan verən isə hələ tam yetkinləşməmiş canlı insandır. Bu məqamda müxtəlif səbəblər və  istənilən amillər mühüm rol oynaya bilər. Ümumiyyətlə, bir və ya iki imtahanla biliyin tam üzə çıxarılması və obyektiv qiymətləndirilməsi o qədər də real görünmür. O ki, qaldı test yolu ilə…

Məktəbə, müəllimə qarşı əsassız və ya  əsaslı olmasından asılı olmayaraq, hər hansı bir ittihamın irəli sürülməsinin tamamilə əlehinəyəm. Çünki indi narazılıq etdiyimiz məktəbi bu səviyyəyə biz gətirmişik, müəllimi  bəyənmədiyimiz hala özümüz salmışıq. Bədəlini isə uşaqlarımız ödəməli olur. Məsələnin üzərinə bu dərəcədə gedilməsi cəmiyyətdə təhsilimizə olan inamı azaldır, orta ümumtəhsil məktəblərinə, çoxminli müəllim ordusuna etimadsızlıq yaradır, onsuz da sarsılmaqda olan müəllim nüfuzunu bir az da aşağı salır, bir müddət ara verən TQDK (DİM) - Təhsil nazirliyi qarşıdurmasını yeni müstəviyə keçirir.

Yəni, qəbul imtahanlarının erkən keçirilməsi, imtahanlarda fərqli nəticələrin əldə edilməsi, baş verənlərdə günahkar axtarılması və s. bu kimi hallar bir sıra obyektiv və subyektiv  amillərlə şərtlənir ki, bundan da çıxış yolu hər şeydən əvvəl qiymət meyarları arasındakı fərqi aradan qaldırmaq, qiymətləndirmənin hər iki qurum tərəfindən vahid standartlar əsasında aparılmasına nail olmaq,  dünyanın bir sıra aparıcı dövlətlərində olduğu kimi,  orta və ali məktəblərin buraxılış və qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan sisteminə keçməkdir. Bir də ki, təhsilin keyfiyyətinə təkcə imtahan prosesini qəlizləşdirmək və ya sadələşdirmək yolu ilə nail olmaq olmaz. Problemlər DİM və Təhsil nazirliyi ilə birgə ciddi araşdırılmalı, səbəblər ətraflı öyrənilib, təhlil edilməli və bunun optimal həlli yolu tapılmalıdır. Bal toplamaq uğrunda yarış marafon qaçışı deyil, yetişməkdə olan və gələcəyimiz hesab etdiyimiz gənc nəslin taleyi məsələsidir”.

Image result for kamran əsədov

Kamran Əsədov: “Şagirdin 6-cı sinifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbəttə ki, onun həmin mövzuya cavabvermə reallığı aşağı olacaq”.


Ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biliklər və  nəticələrin bilavasitə repititorlardan asılı olduğunu bildirən təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, gələn ildən qəbul imtahanları yeni formatda keçiriləcək:

“İlk növbədə qeyd edim ki, 13 mayda DİM tərəfindən ali məktəblərin II və III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanları əvvəlki illərlə müqayisədə heç nəyi ilə fəqlənmədi. Ən ciddi fərq iştirak edənlərin sayı ilə bağlı idi. Xatırladım ki, keçirilmiş imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verəcək. Birmənalı şəkildə bu fikirlə razı deyiləm. Məktəblərdə dərs keçilmirsə, müəllimlər savadsızdırsa, repetitor yanına gedən uşaqlara kim bilik öyrədir? Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir. 

Məhz bu orta məktəbin verməli olduğu bilik və bacarıqdır. Bu gün orta məktəb ali məktəblərə abituriyent hazırlamır, cəmiyyətə şəxsiyyət hazırlayır. Problem, tam başqadır; bizdə valideyn ibtidai sinifləri şagirdlə bərabər oxuyur. Belə ki, məktəbli yuxarı siniflərə qalxdı, proqram çətinləşdi, valideyn o dəqiqə geri çəkilir. Düzdür, bütün evlərdə ziyalı ata-ana yoxdur. Buna baxmayaraq, yuxarı siniflərə də nəzarət mütləqdir, hətta onlar böyüdükcə nəzarət daha da güclənməlidir. Yəni, günahı məktəbdə görməklə heç nə həll olunmur. Hər şey valideyndən asılıdır. Valideynlər istəsələr ki, övladları repetitor yanına getməsin və özü oxuduğu məktəbdə proqrama uyğun hazırlaşsın, onda bu müsbət nəticə verə bilər. Ali məktəblərə qəbul imtahanlarının çətin olması, nəticələrin aşağı olmasının əsas səbəbidir. 

Abituriyentlərdən qəbul imtahanlarında soruşulan bilik 5-6 il ərzində orta məktəbdə tədris olunmuş məlumatlardır. DİM – orta məktəblərdə şagirdlərin əldə etdikləri biliklərin mənimsənilmə faizini dəqiq öyrənmək istəyirsə, o biliyi şagirdin oxuduğu sinifdə yoxlasın. Yəni, şagirdin 6-cı sinifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbəttə ki, onun həmin mövzuya cavabvermə reallığı aşağı olacaq. DİM-in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, o repititor yanında əldə etdikləri biliklərdir. Ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biliklər, nəticələr nə Təhsil Nazirliyinin, nə də orta məktəbin nəticəsi deyil. Bu repititorluğun nəticəsidir. Amma nəticəsizlik, aşağı nəticələr təhsil nazirliyinin və məktəbin nəticəsidir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. 

Kamran Əsədov: “Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir”.


I qrupda  istifadə olunan test tapşırıqları ilə bağlı  diqqətimi çəkən bir neçə məqam var idi.  DİM imtahanda iştirak etmək üçün 40 manat xidmət haqqı müəyyən edib və bunu ona görə edib ki, istifadə olunacaq test tapşırıqlarına vəsait xərclənəcək. Amma 13 mayda II və III qruplarda istifadə olunmuş test tapşırıqlarının heç biri yeni deyildi. Belə ki, bütün test tapşırıqları 2010-cu ildən bəri qəbul və sınaq imtahanlarında dəfələrlə istifadə olunmuş, siniflər üzrə çap olunmuş test kitabçasında və DİM-in  fənnlər üzrə nəşr etdirdiyi test banklarda olan suallar idi. Həmin səviyyədə, 30-40 faiz hazırlaşmış, bu test toplularını işləmiş abituriyent 250-300 bal toplaya bilər. Hətta bu nəticəni repititor yanına getmədən də əldə edə bilər. Mənim heç ümid etmədiyim, zəif nəticə gözlədiyim abituriyentlərim belə 280-310 balı rahatlıqla toplaya biliblər. Yüksək hazırlıqlı abituriyentlər isə 600-dən çox bal toplaya biliblər. 

Ümumilikdə, 2018-2019-cu tədris ili üçün keçirilən qəbul imtahanları 26 ildir tətbiq edilən ənənəvi üsulla sonuncu qəbul imtahanıdır. 2019-cu ildən etibarən qəbul imtahanları yeni formatda keçiriləcək. Ona görə də DİM daha çox əvvəlki illərin məzunları gələn ilə qalmasın deyə, qəbul imtahanlarında daha sadə test tapşırığı nümunələrindən istifadə etdi. Düşünürəm ki, bu il III ixtisas qrupu üzrə toplanan ballar keçən illə müqayisədə yüksələcək, II qrupda isə keçən illə müqayisədə aşağı düşəcək. Təəssüf ki, 26 ildir eyni üsulla qəbul imtahanları keçrilsə də nəticələrdə elə bir ciddi dəyişiklik yoxdur. Belə ki, 1992-ci ildə də 150 balla ali məktəblərə qəbul olmaq, tələbə adını qazanmaq olurdu, 2018-ci ildə də bu mümkündür”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar