Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin 3 ən məşhur fırıldaqçısı

Tarixə nəzər salsaq bir çox maraqlı həyat tərzi olan insanlara rast gələrik. Amma nədənsə onların haqqında çox az adam bilir


Axşam.az xarici KİV-ə istinadən tarixin 3 ən məşhur fırıldaqçısını təqdim edir:

Viktor Lyüstiq - Eyfel qülləsini iki dəfə satmış kələkbaz

Onun 40-a yaxın ləqəbi vardı. 50 dəfə həbs olunsa da, günahı sübuta yetirilmədiyi üçün azad olunmuşdu. Viktor əslən çexdir. 5 dildə sərbəst danışırdı. Gənc yaşında Avropa səyahətinə çıxan Viktor Parisdə poker və bridji oyununa elə aludə olur ki, kartda qazandığı pulların hesabına ömrünün sonuna kimi işləmədən yaşaya bilərdi. 1920-ci illərdə ABŞ-a gələn Lyüstiq aristokrat və maqnatları aldatma yolu ilə 100.000 dollar qazanmışdı. 

Amma Lyüstiqin ən möhtəşəm «işi» Eyfel qülləsini satması oldu. 1925-ci ildə o, təsadüfən qəzetdə oxuyur ki, qüllə təmirə dayanmalıdır və bunun üçün tender elan olunacaq. Əgər hökumət təmirə pul tapmasa, Eyfeli metallom kimi sökməyə belə hazırdır. Fırıldaqçı fürsəti fövtə vermədi. Özünə saxta yolla Poçt nazirinin müavini şəhadətnaməsini düzəltdirir, sonra isə ölkənin məşhur maqnatlarına dəvətnamə göndərir. Bahalı oteldə Eyfel qülləsinin taleyini həll edən iclas təşkil edən Viktor guya ciddi dövlət sirri açırmış kimi dedi:

“Bilirsiz, qüllənin metal gövdəsi əməlli-başlı korroziyaya uğrayıb. Onu təmir etdirmək heç kimə sərf etmir. Onsuz da dövlət onu qapalı hərracda satışa çıxaracaq. Yaxşısı budur, onun metallom kimi alınmasına hazırlıq görəsiz. Sənədləşmə işlərində mən kömək edərəm». O, 9 tonluq metalloma bazar qiymətindən də aşağı qiymət «oxuyub», maqnatları şirnikləndirdi. Növbəti gün daxili hərrac keçirən Lyüstiq bu işi gördüyünə görə rüşvət almaqla biznesmenlərin axırıncı şübhəsinə son qoyur. Nəhayət ki, Eyfel milyonçu Andre Puassona 50.000 dollara satılır. Puasson öz briqadası ilə Eyfeli sökməyə gələndə elə bir mərəkə qopdu ki… Amma heç kim fırıldaqçını tapmağa cəhd göstərmədi. Çünki Puasson avtoritetini itirməkdən qorxduğu üçün məsələni açıb-ağartmadı. 

Bir ara pulsuzlaşan Viktor yenidən Parisə qayıdıb, qəribə də olsa ikinci dəfə Eyfeli «satır». Bu dəfə 75.000 dollara… «Ağzında şirə qalan» Lyüstiq 3-cü dəfə də bu işə girişəndə, kələyinin üstü açılır və o, qaçır. Məşhur fırıldaqçının fəaliyyəti 1935-ci ildə sona çatdı: O, ABŞ-da saxta dollar üstündə həbs olunur. Al-Katras ada-zindanından qaçmaq da ona qismət olmadı. Viktor Lyüstiq 1947-ci ildə həbsxanada pnevmaniyadan ölüb.

Frenk Abeqneyl - Çeklər şahzadəsi

Devizi: "Əgər bacarsan, tut məni"

O, saxta bank çekləri ilə ABŞ banklarından düz 5 milyon dollar qopara bilmişdi. Hyuston polisi onu xarakterizə edəndə deyirdi: «Ehtiyatlı olun. O, tualet kağızına çek yazıb və istənilən bankdan o çeklə pul çıxara bilər». Gənc Frenk ilk böyük fırıldağını bankda öz hesabından pul çıxartdırarkən etmişdi. Əslində, onun hesabında 5 dollardan artıq pul yox idi. Amma kassirin gözünü necə bağladısa, o, dinməz-söyləməz Frenkə 500 dollar saydı. Ən məşhur tryuku: boş depozit blankları hazırladıb, üzərində öz hesab nömrələrini çap edərək, bankdakı orijinal blank bağlamasının içinə basması idi. Banka gələn müştəri heç nədən şübhələnmədən blank doldurarkən pullar avtomatik olaraq, Frenkin hesabına köçürdü. Bu yolla o, 40.000 dollar qazanır. Bundan əlavə, 2 il müddətində o, özünü Pan–Amerikan aviaşirkətinin pilotu kimi təqdim edərək, təyyarə biletlərini pulsuz almışdı. Bütün hesablar aviaşirkətin hesabına göndərilirdi. 

Daha sonralar o, özünü uşaq pediatrı kimi qələmə verib, təcili yardımda işə düzəlir və az qala bir uşağın ölümünə səbəb olacaqdı. 22 yaşında özünə saxta Harvard diplomu düzəldən Abeqneyl Liuziana ştat prokurorunun ofisində assistent vəzifəsinə düzəlir. Onun işi prokurora gündəlik qəzetləri, kofe və məktubları aparmaq idi. Amma tərslikdən ikinci assistent həqiqi Harvard məzunu çıxır və Frenkə universitetlə bağlı suallar verir. Buna görə də Frenk işdən çıxmalı olur. Abeqneyl 1969-cu ildə Fransada, təyyarədə yaxalanır. Frenk ən böyük cəzasını ABŞ-da alır: 12 illik həbs. Amma o, həbsxana təyyarəsinin tualetindən qaçmağı bacarır. Gizlətdiyi pullara Braziliyaya bilet alan Frenk aeroportdaca yaxalanır. Həmin vaxt Amerika həbsxanalarına xəfiyyə inspektorlar göndərilirdi. Frenki təslim edən polis sənədləri yadından çıxartmışdı və türmə rəisi səhvən Frenki xüsusi olaraq, göndərilmiş casus kimi qəbul etdi. Elə bu səhvə görə də Frenki ən yaxşı otaqda yerləşdirib, xüsusi yemək verirdilər... Bir gün Frenk həbsxanadan kənarda agentlə təcili görüşməli olduğunu bildirir. Əslində, isə o, nişanlısı ilə görüşüb qaçır. Frenk yenə də Braziliyaya üz tutdu, amma 2 həftədən sonra həbs olunub, zindana qaytarıldı. 

1974-cü ildə Frenk vaxtından əvvəl həbsdən azad edildi. O, polis və FTB ilə könüllü əməkdaşlıq etdiyinə görə amnistiyaya düşdü. Azadlığa çıxandan sonra Frenk aşbaz, satıcı və kinomexanik işlədi. Amma hər yerdən kriminal keçmişinə görə qovulurdu. Nəhayət ki, o, əsl sənətini tapır: bank işçiləri üçün seminarlar keçirtmək və onlara «çek fırıldaqlarından» qorunmağı öyrətmək. Frenk öz sirlərini satmaqla pul qazanmağa başladı. Bu mövzuda kitablar yazdı: «Oğurluğun sənəti», «Həyatınızdakı fırıldaqlar» və s. Hazırda multi-milyonçu olan Frenk Abeqneyl şirkət rəhbəridir. O, vaxtilə banklardan və camaatdan oğurladığı pulları belə qaytarıb. Hollivud Frenkin həyatından bəhs edən «Əgər bacarsan, tut məni» adlı film də çəkdi. Frenk obrazını burada Leonardo di Kaprio yaradıb. Frenk özü isə onu tutan polis rolunu canlandırıb.  

"Formozonlu Corc"

«Özündən farmazon çıxartma», «Farmazona bir bax» kimi cümlələr yəqin sizə tanış gəlir. Az qala el məsəlinə çevrilən bu sözlərinin tarixi sən demə, orta əsr Avropasına gedib çıxır. 1700-cü ildə Şimali Avropada bir gənc peyda olur. Ağbənizli, avropa geyimli bu kişi hamını əmin edirdi ki, o, uzaq Formoza adasından fransalılara əsir düşüb. Getdikcə Psalmanazara inanmağa başlayırlar və o, xüsusi leksiyalarda avropalılara Formoza ölkəsinin sakinlərindən danışırdı: «Ada uzaq Tailand adalar qrupuna daxildir və yapon imperatorunun hakimiyyəti altındadır. Əhalisi Günəşə, Aya itaət edir. Kişiləri çılpaq gəzir, qarınlarında qızıl boşqab gəzdirirlər. Onlar ilan ovlayıb yeyirlər. Formozalılar çoxnikahlıdırlar. Əgər qadın xəyanət etsə, ərinə onu diri-diri yemək haqqı verilir. Aborigenlər günahkarı başıaşağı asmaqla edam edirlər. Hər il 15.000 gənc qız və oğlan Allahlara qurban verilir və onların ətini kahinlər yeyir. Əhali at və dəvədə gəzir. Ada yaxınlığında su üzərində qayıqlarda yerləşmiş balaca kəndlər üzür». Psalmanazar hətta irəli gedərək, Formozanın əlifbasını da düzüb-qoşdu və qəribə hərf yığnağından ibarət dildə danışdı. 

Alimlər Corcu Kral Elmi Mərkəzində yoxlamaq qərarına gəlirlər. O, bütün suallara soyuqqanlı, inandırıcı cavab verdi. O, avropalılar kimi ağ olmasına isə belə aydınlıq gətirdi: «Mən elit nəslin övladıydım və gün altında
işləmirdim. Bizim evimiz isə torpağın altında idi». Corc məcbur olub həyat tərzini də dəyişir: çiy ət yeyər, yeməklərə çoxlu ədviyyat qatar, səhərlər Günəşə itaət edər, stolda oturub, lampa işığı altında yatardı. 7 ildən sonra Corc özü öz fırıldaqlarından və uydurmalarından təngə gəlib, adam kimi yaşamağa qərar verir. Əvvəlcə dostlarına, sonra isə geniş kütləyə bu vaxta kimi yalan danışdığını etiraf edir və bir kilsəyə çəkilib, xristian ədəbiyyatının tərcüməsi ilə məşğul olur. Amma heç vaxt əsl adını və kimin övladı olduğunu açıqlamır. Bircə o məlumdur ki, əslən Fransadan olan Formozanlı Corc 1763-cü ildə yoxsulluq içində ölür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar