Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt hadisələrinin qorxunc gizlinləri... - “Böyük oyun”a dair müdhiş faktlar!

«Bütün gizlinlər tez və ya gec aşkar olunur», – Sokrat


PİA.AZ xəbər verir ki, Qaynar.info 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli hadisələrin 28-ci ildönümü münasibətilə görkəmli alim, mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun faktlarla və fotolarla zəngin, eyni zamanda sözügedən hadisələrə fərqli – kifayət qədər elmi və analitik yanaşma ortaya qoyan araşdırmasının ilk bölümünü təqdim edir. 

«Bütün gizlinlər tez və ya gec aşkar olunur», – Sokrat

V. Lenin: “Siz həmçinin Terə (Baş Neft Komitəsinin üzvü S.M. Ter-Qabrielyana – Ç.S.) deyə bilərsinizmi ki, Bakının tabe olmadığı təqdirdə şəhərin büsbütün yandırılması üçün hazırlıq işləri görsün və bunu Bakıda mətbuat vasitəsilə elan etsin?”



TER-QABRIELYAN - LENIN TƏRƏFINDƏN BAKIDA NƏZƏRDƏ TUTULAN QIZIŞDIRICI BIR ŞƏXS!

Digərləri ilə yanaşı, Mikoyan, Şaumyan və Ter-Qabrielyan da Leninin göstərişlərini yerinə yetirdilər və Bakıda inqilab alovunu yandırdılar. 70 il ötdükdən sonra, artıq bizim günlərimizdə A. Aqanbekyan DQMV-nin separatçılarının və onların Moskvadakı hamilərinin tapşırıqlarını yetinə yetirərək Azərbaycanda separatizmi alovlandırdı.


AKADEMIK - YENI TARIXDƏ AZƏRBAYCANDA SEPARATIZMIN PIONERI. SONRADAN AYDIN OLDU KI, AQANBEKYAN ƏVƏZSIZ KORRUPSIONERDIR

Azərbaycanda separatizm baş verdi, müəyyən bir müddətdən sonra isə Ermənistanın Azərbaycana qarşı həm SSRİ-də, həm də xarici ölkələrdə məlum qüvvələr tərəfindən müdafiə olunan birbaşa təcavüzü başladı. 

Azərbaycanın yeni tarixində məlum hadisələrin proloqu kimi Sumqayıt şəhəri qızışdırıldı.

Bir çox siyasətçi və siyasətşünasların fikrincə Sumqayıt hadisələri SSRİ-nin dağılma dövründə ən uğursuz təhriklərdən biri olmuşdur.

Faktiki olaraq Sumqayıt hadisələri SSRİ məkanında tökülən qanın və bütün mənfi proseslərin başlanğıcı olmuşdur. SSRİ-də görünməmiş hadisələr baş verməyə başladı: milis, daxili qoşunlar və ordu milli zəmində və digər münaqişələrdə axıdılan qanın səssiz-səmirsiz seyricisinə çevrilmişdir.

İstənilən əlamətdar siyasi hadisə sistemli quraşdırma ilə yanaşı, bir çox lokal hissələrdən tərtib edilmişdir ki, onlar da öz növbəsində əsas hadisələrin fonu olmuşdur. Bu və ya digər hadisələrin ciddi araşdırılmasının əsas qayəsi bütün faktorların formalaşdırılmasından və onların model şəklində təqdim edilməsindən ibarətdir. Təbii ki, modelin tərtibatı daha ağır çəkili əmsallara malik olan faktorları qabartmaqla mümkündür. Belə olmadıqda proses xaotik səciyyə daşımağa başlayır və vəziyyət maksimal entropiya xarakterli olur. Bununla yanaşı, adətən maraqlı tərəf özünün siyasi təmənnasına cavab verən faktorları qabartmağa cəhd göstərir. Və bu cəhd həmin tərəfin tabeliyində olan KİV-lərin istifadəsi və kütləvi yayımı hesabına gerçəkləşir.

Erməni tərəfi məhz bu üsulla hərəkət etməyə başladı və Sumqayıt hadisələri ilə əlaqədar öz maraqlarına uyğun faktorları önə çəkərək dünya ilə bir eylədilər.

Sumqayıt hadisələrinə görə Azərbaycan güclü informasiya zərbəsinə məruz qaldı. Təsadüfi deyil ki, məşhur yazıçı Buniç Sumqayıtda və Bakıda baş vermiş hadisələri SSRİ-nin üstü açılmamış gizli tarixinin növbəti səhifəsi kimi səciyyələndirmişdir. Dünya şöhrətli yazıçı Eduard Topol “Svoboda” radiostansiyasından Tengiz Qudavaya Sumqayıt hadisələri ilə əlaqədar bunları söyləmişdir: “Sumqayıt hadisələri təxribatdır. Mən bundan tam əminəm. Mən öz jurnalist bioqrafiyamı Sumqayıtda başlamışam. Sumqayıt Sovet düşüncəli beynəlmiləl proletariat tərəfindən tikilib... “Udarnaya stroyka” qəzetinin çağırışı ilə ölkənin hər yerindən ən müxtəlif insanlar buraya axışmışdı. Mən həmin qəzetdə çalışırdım, bir gün ermənidən, o biri gün azərbaycanlıdan məqalələr yazırdım. Bizim redaksiyada beş nəfər yazar var idi, onlardan ikisi yəhudi, bir erməni qadın və bir azərbaycanlı idi, biz hamımız bir yaşda və hər şeydə tamamilə eyni hüquqlara malik idik”.

Yenidənqurmanın ideoloqu A. Yakovlev vaxtı ilə bəyan etmişdir ki, Sumqayıt hadisələri – Sovet xüsusi xidmətinin işidir. Şübhəsiz ki, bu bəyanata lazımi diqqətlə yanaşmaq gərəkir. Etiraf etmək lazımdır ki, bu cür bəyanatları səsləndirmək kifayət qədər cəsarət tələb edirdi. Lakin bununla yanaşı, A.Yakovlevin dedikləri Sumqayıt probleminə sadələşdirilmiş yanaşma sayılır. Həmçinin bu bəyanat, Yakovlevi və onun şefi M.Qorbaçovu SSRİ-də baş alıb gedən hərcmərcliyə görə heç bir vəchlə məsuliyyətdən azad etmir.

Sumqayıt hadisələrində SSRİ DTK-ni suçlayaraq, Yakovlevin öz yaxasını kənara çəkmə cəhdi asan olsa da, lakin sadəlövh bir addım kimi dəyərləndirilir. Halbuki Yakovlevin doğma SovİKP MK-dan başlayaraq SSRİ DTK-nə qədər Sumqayıt hadisələrinin və buna bənzər təxribatların müəlliflərinin bütün məqsədlərini ifşa etməsi daha məntiqli və həqiqətəuyğun olardı. SSRİ-nin müəyyən xüsusi xidmət orqanlarının Sumqayıt hadisələrində əlinin olduğuna müəllif şübhə etmir, lakin belə olan halda Qorbaçov və onun komandası nəyə görə hərəkətsiz qalmışdılar? Bu gün bir şey dəqiq məlumdur ki, Sumqayıt hadisələri başlayandan artıq bir neçə saat sonra Qorbaçovun hər şeydən xəbəri var idi; özü də o, məlumatı müxtəlif kanallar vasitəsi ilə almışdı. Jurnalist Anatoli Mostovoyun yazdıqlarından: “SovİKP MK-də hadislər haqqında ənənəvi olaraq bir növ yumşaldılmış məlumatlar həmin gün daxil olmuşdur. Bu informasiya öncə SSRİ DİN-nin sutka ərzində baş vermiş hadisələrin operativ məlumatı qismində, bir neçə saat sonra isə DTK-nin kanalları ilə daxil olmuşdir. Baş katibi bir saat sonra məlumatlandırdılar. O ana qədər isə DTK-nin və DİN-nin mütəxəssisləri tərəfindən hazırlanan proqnozlardan və hesabatlardan ibarət qovluq artıq kifayət qədər şişmişdi”.

Bax elə bu məqamda sual yaranır: nəyə görə, sonralar Bakıda olduğu kimi, qoşun hərəkətsiz qalmışdı? Axı onlar SSRİ DTK-nin tabeliyində deyildi! Bu yerdə Ştirlitsin sözləri yada düşür: “Nəsə düz gəlmir, əlaqə yoxdur, yoxdur!” Əlaqənin olmamasında isə öz hərəkətləri ilə ətraflı məlumat olmadan iyerarxiya sistemini qurmağın mümkünsüzləşdiyi mürəkkəb vəziyyəti yaratmış bütün tərəflər günahkar idi. 

Bu gün bir şey aydındır ki, öz niyyətlərini həyata keçirmək üçün hər iki tərəf müəyyən xaosa ehtiyac duyurdu, – fərq yalnız onların hər birinə lazım olan xaosun miqyasında idi. Qorbaçova idarə oluna bilən xaos lazım idi. SSRİ xalq deputatı, sonra isə Sankt-Peterburqun meri Anatoli Sobçakın məlum hadisələr haqqında söylədiklərindən: «Sumqayıtda aksiya çox yaxşı planlaşdırılmışdı və “savadlı” şəkildə həyata keçirildi. Əbvvəlcə hadisələrin ipi suya atıldı, sonra isə izi itirildi... Sov İKP-nın təkbaşına iqtidarı şəraitində bu hadisələrin gerçək təşkilatçılarından heç olmasa birinin mühakimə edilməsini gözləmək sadəlöhvlükdür... Onlar bütün şübhələrdən kənarda qaldılar... Bu onların Qorbaçovun yeritdiyi siyasətə qarşı etirazıdır”. (Anatoli Sobçak, “Biri var idi, bir yox idi, bir Sov İKP var idi” məqaləsindən).

Təəccüblüdür, ancaq Sumqayıt hadisələrindən sonra Sov İKP ideologiyasının sütunlarından olan Genrix Borovik və Georgi Arbatov kimi məşhur jurnalist və alimlər birdən-birə öz siyasi baxışlarını dəyişdirdilər. Onlar əvvəllər də şübhəli əlaqələr qurmaqdan çəkinmirdilər. Arbatov tez-tez ABŞ-a gedirdi, Borovik isə Qərb ölkələrində SSRİ-nin Aleksandr Kerenski kimi qəti düşmənlərindən rahatca müsahibə alırdı.

SSRİ deputatlarının I qurultayında Y. Koryakin bəyan etdi ki, G. Borovik tankda oturarkən, çex kommunistləri adından Sovet ordusunun 1968-ci ildə Çexoslovakiyaya daxil olmasını xahiş edən çağırışın mətnini yazırdı. DTK-nin keçmiş sədri Kryuçkov yazır: “Arbatov Georgi Arkadyeviç adında bir akademik tanıyıram ki, o, indi özünə sayca yeddinci şef arayışındadır. Öncə Stalinə, sonra isə Xruşova, Brejnevə, Andropova, Çernenkoya və Qorbaçova işləyib. İndi isə başqa bir hədəfə can atır. SSRİ EA ABŞ və Kanada İnstitutuna rəhbərlik edərkən o, həm də amerikan lobbisinin qəlbi idi. Qromıko bunu əla başa düşürdü və ona görə də onunla işləməkdən imtina etdi”.

G. Borovikin və G.Arbatovun 1988-1990-cı illərdəki ABŞ səfərlərinin təşkili ilə San-Fransiskonun Ticarət Palatasının müdir müavini Harri Orbelyan fəal şəkildə məşğul olurdu. Əldə olan məlumatlara əsasən, onun ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqələri var idi. Orbelyan “müsafirlərə” maliyyə dəstəyi verirdi, onların bahalı mehmanxanalarda qalmasını, ölkə içində səyahətlərini, yaxta gəzintilərini və s. təmin edirdi.

Borovik Sumqayıt hadisələri haqqında əks-səda yaradan filmində ermənilərin müdafiəsinə qalxır, eyni zamanda baş vermiş hadisələrin mahiyyətini anlamağa kömək edən məsələlərə toxunmur. Onun Sovet partiya orqanlarına və güc strukturlarına qarşı tutduğu mövqe də birmənalı deyildi. Eyni mövqeni Arbatov da nümayiş etdirirdi. Hər ikisinin bu cür davranışı müəyyən şübhələr doğururdu.

Yuxarıda da qeyd etdiyimiz kimi, Qorbaçova idarə olunan xaos lazım idi. Qorbaçov Hindistanın baş naziri Raciv Qandiyə deyir: “İndi bizdə fırtına qopub. Lakin bu fırtınanın bizə faydası olacaq”. Bu sözlər həm də Sumqayıt hadisələrini nəzərdə tuturdu!

Sumqayıt hadisələrindən sonra SSRİ Ali Şurasının məşhur iclasında azərbaycanlı deputatın “Sumqayıt hadisələri məlum qüvvələr tərəfindən təşkil edilməmişdirmi?” sualına Qorbaçov əsəbi halda cavab vermişdir: “Heç kim heç nə təşkil etməyib, sadəcə olaraq qoşunlar bir neçə saat gecikib (?! – müəllif), vəssalam!” Heç kim Qorbaçova xeyli miqdarda rus hərbçisinin yerləşdirildiyi Bakıdan Sumqayıta qədər 20 dəqiqəlik, yaxınlıqdan – “Nasosnı”dakı hərbi bazadan isə 5-7 dəqiqəlik yolun olduğunu, 1989-cu ildən etibarən Bakı ətrafında, Pirəküşküldə (Sumqayıtdan bir qədər cənubda) SSRİ DTK-nin xüsusi bölmələrinin olduğunu xatırlatmadı. Buna görə də onun hansı saatlardan bəhs etməsi aydın deyil!

İş bunda deyil. Ssenariyə əsasən qoşunlar şəhərə hadisələr artıq baş verdikdən sonra yeridilməli idi və həqiqətən belə də oldu, – axı Qorbaçova idarə oluna bilən xaos lazım idi, onun düşmənlərinə isə – yenidənqurmaya qarşı zərbə!

Qorbaçovun düşüncəsinə əsasən, idarə edilən xaos zamanı köhnə, yaşlanmış partiyaçılar öz vəzifələrini tərk edib, siyasi səhnədən getməli və onları Qorbaçovun adamları əvəzləməli idi. Beləliklə, Qorbaçov hakimiyyətə öz tərəfdaşlarını yerləşdirmək istəyirdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ə. Vəzirov da Azərbaycanda Qorbaçovun taktikasını həyata keçirirdi (yəqin ki, bu üsulu ona moskvalı komsomolçu dostları məsləhət görmüşdülər, zira o, hakimiyyətə gələndən sonra 20 yaxın raykom katibləri vəzifələrindən qovuldu). Vəzirovun aqibəti isə hər kəsə məlimudur.

SSRİ-də sonradan baş vermiş hadisələrin mahiyyətini araşdırarkən məlum olunur ki, Qorbaçovun ilk dəfə Sumqayıtda həyata keçirdiyi maksimal xaos prinsipi SSRİ məkanını sarsıdan bütün hadisələrdə mövcud idi və bu prinsip Qorbaçovun rəqibləri tərəfindən onun özünə qarşı istifadə olunurdu. Bəzən bu prinsipi Qorbaçov rəqiblərinə qarşı, bəzən isə rəqibləri Qorbaçova qarşı uğurla istifadə edirdi, ancaq hər iki halda bu qarşıdurma Qorbaçovun düşündüyü kimi, SSRİ-nin bərkiməsinə deyil, dağılmasına gətirib çıxarırdı.

Tarixçi Armen Marukyan yazır: «Müdafiə Nazirliyinin və DİN-in birlikləri Sumqayıta fevralın 28-də, axşam saatlarında gəlməyə başladılar, bir sutka sonra isə, yəni ayın 29-da Sumqayıtda ən azı 10 erməni öldürülmüş, onlarca mənzil talanmışdır. Ordu Sumqayıta girdikdə biçarə insanlar yardım üçün BTR-lərin üstünə atılırdılar, hərbçilər isə cavab verirdilər ki, müdaxilə etmək üçün əmr almayıblar. Və burada sual yaranır: “Ordu Sumqayıta nəyə görə yeridilmişdi?”

Hadisələri görmək və müdaxilə etməmək! Təbii ki, bunun arxasında Qorbaçovun və onun rəqiblərinin gizli oyunları dururdu.
Bu barədə dəqiq və açıq-aydın şəkildə Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun baş direktoru Svante Kornell belə demişdir: “Sumqayıtda Sovet ordusunun və daxili qoşunların mövcudluğu heç nəyi dəyişmədi. Ordu kənardan sakitcə hadisələri seyr edirdi... Sovet hakimiyyəti qan axıdılmasının qarşısını almaq niyyətində deyildi, əksinə iki etnik icma arasında münaqişə yaratmağa çalışırdı”.

Şahmat dili ilə desək, Sumqayıt hadisələrinin debütü mürəkkəb mittelşpilə çevrildi. Rəqib tərəflərdən hansının üstün olduğu bəlli deyildi. Hər iki tərəf vəziyyətin nəzarətdən çıxdığını anladıqdan sonra razılığa gəlmiş oldu. Fevralın 29-da iğtişaşlar lokallaşdırıldı: “DDO 106-cı hava desant diviziyasının 137-ci paraşüt-desant alayı (komandir podpolkovnik V. Xatskeviç) Bakının yaxınlığındakı aerodroma endi. Dərhal Sumqayıta gələrək, alay qarşısına qoyulan vəzifəni yerinə yetirməyə başladı. Dövlət sərhəddini bərpa etdi, dövlət təşkilatlarını nəzarət altına aldı, quldur dəstələrini zərərsizləşdirdi, zorakılığı dayandırdı”.

Atası dostum və öz dövrünün ən parlaq idman şərhçisi olan Oktay Atayev kimi istedadlı təhlilçi Teymur Atayev belə yazır: “Belə çıxır ki, Sumqayıtda nizam-intizamın bərpasına yol verməyən “hərbçilərin əhalini qıcıqlandırma” (Qorbaçov) faktoru deyildi”.

“1988-ci ilin fevral ayında Sumqayıt şəhərində (Azərbaycan) milli zəmində çox sayda insanın ölümü ilə nəticələnən kütləvi iğtişlar baş verdi. Dərhal hadisə yerinə SSRİ DTK-nin “Vımpel” birliyi göndərildi” (“Vımpel” veteranlarının xatirələrindən).

Qeyd etmək lazımdır ki, bu siyasi modeli Azərbaycan MK KP bürosunun üzvləri dərhal ələ aldılar. Onlar hesab edirdilər ki, Azərbaycanın birinci katibi Kamran Bağırov zəif fiqurdur. Onlar qismən haqlı idilər və rəqabət uğrunda bir-birlərini və Kamran Bağırovu tez-tez satırdılar. Azərbaycanın imici onları heç də narahat etmirdi.

Sonrakı illərdə də Sumqayıt hadisələri ilə əlaqədar respublikanın rəhbərləri sukütlarını pozmurdular, savadsız bəyanətlara istinad etmək isə düzgün olmazdı. Məsələn, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Sumqayıt hadisələri haqqında “Azərbaycan gəncləri” qəzetinə bunları demişdi: “Həmin dövrdə respublika alışıb yanırdı. İlk toqquşmalar artıq başlamışdı... Gəncədə və Bakıda bu münaqişələri söndürməyi bacardıq, Sumqayıtda isə bacara bilmədik. Və onsuz da nə vaxtsa baş verəcək hadisələri tezləşdirdi”.
Bənzər siyasi vəziyyətdə, avtoritar rejim şərtlərində, Mərkəz və yerli iqtidar hərə öz qaydasız oyununu sürdürdüyü şəraitdə istənilən faciə təbii bir prosesdir.

SSRİ-nin dağılmasının qarşısını almağa çalışan təcrübəli çekistlər anlayırdılar ki, Azərbaycanda nə isə baş verməlidir ki, vəziyyət daha da mürəkkəbləşsin. 

Bakıya və Xankəndinə səfərləri zamanı SSRİ DTK birinci müavini F.D. Bobkov Azərbaycan partiya funksionerlərindən hadisələrin gələcəkdə hansı məcrada inkişaf edəcəyi barədə soruşurdu. Onların hərəsi öz proqnozunu vermişdi, aralarında biri isə Bobkovdan xəbər almışdı: “Bəs Mərkəzin proqnozu nədir?” Bobkov heç bir cavab verməmiş, sadəcə, hirsli-hirsli əlini aşağı salmaqla kifayətlənmişdi.

Əlbəttə ki, Sumqayıt hadisələrində erməni izi də mövcud idi. “Krunk”un liderlərindən biri A.Manuçarov deyirdi: “Məcbur edəcəyik ki, bizə atəş açsınlar!” Sumqayıt hadisələrində erməniləri ilk öldürməyə başlayan Qriqoryan, bunu necə nail olmağın yollarını nümayiş etdirdi. 

Sumqayıt hadisələrinin ilk günlərində və həmin hadisələrdən sonra erməni təbliğatı bütün dünyaya Sumqayıtda yüzlərlə qətlə yetirilmiş və yaralanmış erməni haqda haray çəkirdi.


Tanıqlıq prosesində Sumqayıt hadisələrinin “qəhrəmanı” Qriqoryan E.R.

Bəstəkar Mikael Tarıverdiyev, tanınmış aktyor Armen Ciqarxanyan kimi ayrı-ayrı erməni ziyalılarının Sumqayıt hadisələrini nisbtən yumşaltma cəhdlərinin qarşısı erməni lobbisi tərəfindən kəskin şəkildə alınırdı.

Moskvada Sumqayıt hadisələrinə həsr olunmuş mitinqlərin birində çıxış edən MDU professoru, Dağlıq Qarabağda dünyaya gəlmiş Hrant Yepiskopov bu olayları qəti şəkildə pisləyərək, belə demişdi: «Azərbaycanlılar Sumqayıtda baş verənlərə görə üzr istəməlidirlər, yalnız ondan sonra biz dialoqa başlaya bilərik ki, artıq qan tökülməsin”. Professoru fitə tutdular, sonra isə tribunaya bir yekəpər çıxaraq, onu aşağı endirdi. Nəticədə professoru təcili yardım xəstəxanasına aparmalı oldular.

Ermənistan-Azərbaycan münaqişəsi zamanı Jirinovski daima ermənilərin tərəfini saxlayr, bəzən elə canfəşanlıq edirdi ki, Azərbaycana qarşı hətta mənəvi baryerləri də aşırdı. Və birdən-birə...

Rusiya Dumasında keçirilən müzakirələr zamanı Rusiyanın Liberal-Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin iştirakı ilə qalmaqal baş verdi. RLDP lideri Rusiyanın Cinayət Məcəlləsindən milli, dini və irqi ədavəti qızışdırmağa görə cəzanı nəzərdə tutan 282-ci maddəni aradan qaldırmağı təklif etdi. O, öz mövqeyini bu cür izah etdi ki, guya həmin maddə “anti-rus səciyyəlidir”. Bir neçə deputat Jirinovskiyə etirazını bildirdi. Etiraz bildirənlərin arasında “Ədalətli Rusiya” Partiyasının nümayəndəsi, etnik erməni Semyon Baqdasarov da var idi. S. Baqdasarov RLDP-nın təşəbbüsünü təxribat adlandırdı və V. Jirinovskinin davranışını milli hissləri təhqir edici sayaraq, bu cür davranışı Dumanın Şurasında müzakirəyə çıxarmağı təklif etdi. 

V. Jirinovskinin ona cavabı çox sərt və acımasız oldu: “Söz azadlığı – baqdasarovlar, baqdasaryanlar və s. üçün deyil, hər kəs üçündür. Sumqayıtda qırğını sizi kimilər təşkil etmişdi. Qoy Mironov (“Ədalətli Rusiya” Partiyasının sədri – red.) araşdırsın, kimləri öz partiyasına qəbul edib!”

Çox gec də olsa, SovİKP-nin şöbə müdiri Brutents məsələyə aydınlıq gətirdi. ”Otuz il köhnə meydanda” adlı memuarında o, yazır: “Sumqayıtda partlayış baş verdi: 31 ölüm – 6 azərbaycanlı, qalanı isə erməni”.

Erməni tərəfinin əsas məqsədi Sumqayıt hadisələrini Azərbaycanın əleyhinə işıqlandırmaq üçün informasiya dəstəyindən ibarət idi və ermənilər bu vəzifənin öhdəsindən məharətlə gəldilər. 

“İnformasiya müharibəsi” termini 1976-cı ildə amerikalı Tomas Ron tərəfindən tətbiq edilmişdir.

Hərbi ekspertlər təsdiq edir ki, ABŞ Vyetnam müharibəsində həm də ona görə məğlub oldu ki, yerli KİV öz ölkələrinə faktiki olaraq informasiya müharibəsi elan etmişdi. 

Bu faktı İrəvanda əla dərk edirdilər, Bakı da isə – bir o qədər yox!

1990-cı ildə Latviya Ali Şurasının sədri yazır: “90-cı illərdə jurnalistlərin yazdıqları əsas sayılırdı, – xalq daha çox onların dediklərinə inanırdı”.

Bütün dünya üzrə erməni diasporası öz maliyyə və siyasi gücünü işə salaraq bu çirkli oyuna qoşulmuşdu. Aşağıda göstərilən qrafiklər dünyada erməni diasporunun gücünü nümayiş etdirir. Ancaq rəqəmlər tam mənzərəni əks etdirə bilmir. Belə ki, erməni diasporu dünyada ən siyasiləşmiş diasporlardan sayılır və dünyada baş verən siyasi və geosiyasi hadisələri diqqətlə izləyərək, lazımi anda Ermənistana ehtiyacı olan yardımı göstərir. Çətin təsəvvür etmək olar ki, ABŞ-da çox yaxşı təşkilatlanmış litvalı, eston, polyak və digər diasporlar öz ölkələrinə erməni diasporau kimi dövlət səviyyəsində maddi yardım göstərir. Bu qrafiklər təsadüfən təqdim edilməyib. Bu qrafiklər erməni diasporunun fəallığı, üstəlik, maliyyə imkanları, lazımi informasiyanın yayımı üçün müasir vasitələrin mövcudluğu, dünyanın aparıcı KİV-ində ermənilərin və ya onların yaxın adamlarının çalışması və s. maraqlı məqamları əks etdirir. Hansı ki, bu onların dünyada müəyyən ictimai rəy yaradılmasına nail ola biləcək qədər güclü informasiya sisteminə malik olduğunu zyani şəkildə gözlərimiz önünə sərir.



Ermənilərin dünyada yerləşmələrinin xəritəsi


Xaricdəki erməni diasporu

Bu, yaxşı nizamlanmış, güclü və çevik sistem Sumqayıt hadisələri ilə bağlı Bakının həqiqəti açıqlamağa yönəlmiş ayrı-ayrı cəhdlərini, sözün əsl mənasında, tar-mar etdi. Məhz Sumqayıt hadisələrindən sonra Azərbaycana qarşı siyasi sanksiyalar tətbiq edilməyə başladı.

Erməni tərəfi mükəmməl informasiya modeli hazırlamışdı – Türkiyədə yaşayan ermənilərin “soyqırımı” Sumqayıt hadisələri ilə vahid sistemdə birləşdirilərək müasir dövrdə ermənilərin “soyqırımı” kimi təqdim edildi. Özü də ermənilər faktları, müəyyən fotoları və s. elə seçmişdilər ki, Qərb oxucusu nəyin harada – XX əsrin əvvəlində Türkiyədə, yaxud müasir dövrdə Sumqayıtda - baş verdiyini çətinliklə başa düşürdü. Hər şey elə düzülüb-qoşulmuşdu ki, sanki bu hadisələr bir-birini tamamlayırdı. Bu, qəddar, eyni zamanda səmərəli model idi, eyni zamanda dünya çapında güclü təsir qüvvəsinə malik idi. 

Məsələnin digər tərəfi də nəzərə alınırdı.

Suriya ətrafında siyasi böhran zamanı, yəni yaranmış problemlərin hərbi, yaxud siyasi yolla həllinə dair NATO-da qızğın müzakirələr gedərkən bacarıqlı bir proqramçı oyun yaradaraq internetə buraxdı. Oyunun mahiyyəti sadə idi – ölkə və şəhərlərin adı qeyd edilməyən xəritədə Suriyanın yerini müəyənləşdirmək. Özü də oyunçu Suriyanın ərazisinə nə qədər çox yaxınlaşarsa, bir o qədər çox xal qazanır. Məlum olur ki, məsələ müzakirə edilərkən bu oyun Böyük Britaniya parlamentində çox məşhur imiş. İngilis qəzetlərinin yazdığına görə, həmin oyunun nəticələri qənaətbəxş sayılar bilərdi. Və bu oyun ingilis parlament üzvlərinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs vermələrinə, ola bilsin ki, təsir göstərmişdi.


1917-ci ildən başlayaraq ermənilərin ABŞ-da yerləşmələrinin dinamikası

 
Ermənilər Rusiyada

Müxtəlif KİV-lərdə yayılan məlumatlara əsasən, Sumqayıt hadisələrindən xəbərdar olan milyonlarca insandan, mümkündür ki, yalnız beş-altı nəfəri həmin kompyuter oyununun Sumqayıt variantında müəyyən xal toplaya bilərdi. Lakin, bu, erməni tərəfini narahat etmirdi. Onların əsas məqsədi ictimaiyyəti erməni “soyqırımının” bir daha başladığına inandırmaq idi.

Nə Ankara, nə də Bakının müvafiq cavab modeli yox idi. Türkiyə və Azərbaycanda yalnız ayrı-ayrı məqalələr dərc edilirdi ki, onları da elə yerli əhalinin özü oxuyurdu. 

Bu mütəşəkkil qüvvə informasiya alaylarını yerləşdirib hücuma başlamaq üçün çoxdan məqam axtarırdı. Ermənilərin ötən əsrin əvvəlindən aləmə car çəkdikləri «soyqırımı» artıq əvvəlki effektini itirmişdi, əslində Azərbaycanla heç bir əlaqəsi olmayan Türkiyə hadisələri həmin dövrdə dünya ölkələrinin böyük oyunları ilə bağlı idi. Məhz bu vaxt ermənilərin axtardığı məqam yarandı – Sumqayıt hadisələri. Dərhal erməni diasporunun informasiya sistemi tam gücü ilə işə düşdü. Bu sistem məlum dövlətlərin marağı ilə üst-üstə düşürdü və proses həndəsi silsilə ilə getdi. Dünya informasiya məkanında maneə ilə üzləşməyən  həmin proses çox intensiv idi. Belə ki, orada ən əlverişli mühit hökm sürürdü!

«Öz sərvətini bütün respublikalarla səxavətlə bölüşən, öz Vətəninə, ümumi işə sədaqətlə xidmət edən bir xalqa münasibətdə bu düzgündürmü? Bəli, onun güclü diasporu yoxdur, ölkə daxilində və paytaxtda möhtəşəm lobbiyə malik deyil. Lakin bu o deməkdirmi ki, həmin xalqı yezid kimi ümumi psixoz və ümidsizlik səviyyəsinə, ölmək, amma təklikdə də olsa, ləyaqət və namusunu qorumaq vəziyyətinə çatdırmaq lazımdır... Xalqımıza qarşı görülməmiş ədalətsizlik hökm sürür. Bütün bu vaxt ərzində ölkə rəhbərliyi hara baxır? Nəyi gözləyirlər?”  - deyə A.Mütəllibov acizanə şəkildə sual verirdi.

Bu həqiqətdir ki, Azərbaycanın fəal diasporu yox idi. 

Azərbaycan KİV-lərində səslənən əsas fikir belə idi ki, Sumqayıt hadisələrini erməni və azərbaycanlı ekstremistləri törədiblər və Moskva tezliklə nizam-intizamı bərpa edəcək.

Sumqayıt hadisələri ilə bağlı bütün tərəflərin fəaliyyətini müqayisə edəndə belə bir nəticəyə gəlmək olur ki, Moskvanın xaos modelindən fərqli olaraq erməni tərəfinin modeli dəfələrlə düşünülmüş və səmərəli idi.
 
Sumqayıt hadisələrindən dərhal sonra Siyasi Büronun yığıncağı keçirildi. Bu yığıncaq Moskvanın mövqeyində bir çox məqamları açıqladığından onun stenoqramını kifayət qədər tam şəkildə təqdim edirik.

Sov İKP MK Siyasi Bürosununun yığıncağının stenoqramması
Tam məxfi.
Yeganə nüsxə 
(İşçi qeydləri) 

Sov İKP MK Siyasi Bürosununun yığıncağı
(29 fevral 1988-ci il)


Sədrlik edən: QORBAÇOV M.S. yoldaş

İştirak edənlər: Qromıko A.A., Liqaçov Y.K., Nikonov V.P., Slyunkov N.N., Solomensev M.S., Çebrikov V.M., Şevardnadze E.A., Yakovlev A.N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A.P., Kapitonov İ.V yoldaşlar.
 
*****

…İndi Dmitri Timofeyeviç generallardan birinin Sumqayıtdan məruzəsi barədə məlumat verdi. Hərbçilər belə bir mənzərənin şahidi olublar: cavan qoluzorlular qarışıqlıq salır, onları dağıdırlar, amma onlar bu dəfə kiçik qruplar şəklində birləşərək cinayət törədirlər, avtobusları yandırırlar, adamları öldürürlər - artıq 14 nəfər öldürülüb. Adamların çoxu hospitallardadır.

Çebrikov: 110 yaralı var.

Qorbaçov: Orada artıq bandit ünsürlər vəhşilik edir, onların arasında residivistlər var. Bütün köpük üzə çıxıb, Sumqayıt milisi isə donub qalıb və heç nə etmir. Deməli, bu aksiya ermənilərə cavab olaraq hazırlanıb, «kəskin cavab» vermək üçün. 

Ümumiyyətlə, biz tədbir görməsəydik, istənilən an qırğın baş verə bilərdi.
Dünən axşam Viktor Mixayloviç mənə zəng edib bildirdi ki, mitinqləri yığışdırıblar, hər şey bitib. Bəs, əslində nə yarandı? Mitinqçilər həqiqətən dağılışdılar, lakin 10-15-20, maksimum 50-100 nəfərdən ibarət qruplarda birləşərək əsl vəhşilik törətməyə, zorlamağa, evlərə od vurmağa, erməni ailələrinin evlərindən mebelləri atmağa getdilər. Son məlumatlar nədir?

Vlasov: 14 nəfər öldürülüb, o cümlədən 3 qadın, 3 azərbaycanlı, 6 erməni, qalanların şəxsiyyəti müəyyənləşdirilir, 71 nəfər bədən xəsarəti alıb, o cümlədən 48 erməni. 6 avtomobil yandırılıb, 13 evdə 19 od vurma hadisəsi olub. Siyasi maarif evinə, avtovağzala zərər dəyib. 4 zorlama faktı qeydə alınıb. 54 milis işçisi zərər çəkib, 47 nəfər, o cümlədən 5 qarətçi saxlanılıb.
Qorbaçov: Saxlanılanlardan ikisi boynuna alıb ki, onlardan biri beş, digəri dörd nəfəri öldürüb. Qarətçilərdən qızıl və zinət əşyaları müsadirə edilib. 
Dmitri Timofeyeviç göstəriş verib və Sumqayıta tez bir zamanda hərbi məktəbin müdavimlərini və digər hərbçiləri yeridiblər. O, həmçinin, oraya təyyarələrlə 3 minlik milis qüvvəsinin göndərilməsinə köməklik edib. Onlar fəaliyyətə başlayıb və saat 5-ə qədər hər şeyi bitiriblər. Mən Razumovskiyə dedim: “Bütün bunlar düzgün edilib, amma gəlin Alma-Atada etdiklərimizi edək – mülki şəxsləri, xüsusən fəhlə sinfini asayişin bərpasına cəlb edək”. Oraya Babkov və Razumovski yoldaşın müavini gediblər ki, bax, bu işi yerində təşkil etsinlər. 

Çebrikov: Şəhər təlatüm içindədir.

Qorbaçov: Hə, hə. Təlatümdədir, coşur. İndi onlar deyirlər ki, uzaqlarda, periferiyada bu işləri davam etdirirlər. Ona görə də əvvəllər verilmiş komandaları qüvvədə saxlamaq lazımdır. Qoy DİN fəaliyyətdə olsun, nəsə əlavə etmək lazım gəlsə, qoy əlavə etsin, amma vəziyyəti ələ almaq lazımdır. Çünki gördüyünüz kimi, bircə gecə və 14 ölüm. Bu, Ermənistana çatacaq, dəfnlər başlayacaq. Və bu dəfə əks-reaksiya oradan başlaya bilər. Bax, vəziyyət belədir.

Vlasov: Sumqayıtda 200 min əhali var.

Qorbaçov: 200 min. Özü də orta yaş 22, yaxud 24-dür.

Vlasov: 25 yaş.

Qorbaçov: 25 yaş. Gənc şəhərdir. Amma hər cür gəlmə camaat, deyilənə görə, orada çoxdur.

Vlasov: Beş nəfərdən biri vaxtilə məhkum edilib.

Qorbaçov: Yəqin, elə onlar şəhəri tikirlərmiş, sonra azadlığa çıxanda elə oradaca qalıblar. Amma, necə deyərlər, onların bu cür təcrübəsi var.
Sözün qısası, indi Ermənistanı saxlamaq lazımdır ki, o əks-reaksiya verməsin. Biz hesab edirdik ki, bazar ertəsi AzərbaycanErmənistana göndərilən yoldaşlarımız qayıdacaqlar, cümə axşamı fikir mübadilə aparmaq olar. İndisə mən hesab edirəm ki, onlar hələ orada qalmalıdırlar və bu istiqamətdə işləri davam etdirməlidirlər, işi gücləndirməlidirlər. Bax, Ermənistanda məsələ bu müstəviyə keçdi, amma, yəqin ki, hər yerdə yox, xüsusən sərhəd olan yerdə və orada da davam edir. 
İndi xalqı və ictimaiyyəti cəlb etmək lazımdır. Məlumat gərəkdir, amma onu əldə edə bilmirsən - məlumatı o tərəf də, bu tərəf də gizlədir. Hamı bir-birinə bağlıdır. Hərəkət etmirlər, bunda Azərbaycan KP və Ermənistan KP MK-larıdan olan yoldaşların əli var - bu yoldaşın da, o biri yoldaşın da. Onlar hər şeyi bilirlər.

***

Yazov: Georgi Petroviç axşam Sumqayıtda komendant saatının tətbiqini xahiş edir. Bu o deməkdir ki, qoşunları və hansısa digər qüvvəni şəhərə yeritmək lazımdır, onu silahlandırmaq lazımdır, amma atəş açmaq üçün yox. Bir halda ki, komendant saatıdır, deməli, hər şeyi etmək lazımdır.

Qorbaçov: Bəs, komendant saatı lazımdırmı?

Yazov: Mən hesab edirəm ki, lazımdır.

Qorbaçov: Silahlar hazır vəziyyətdə olsun, amma atəş açmasınlar. Yoxsa tərəddüd edənləri güllələməyə başlayacaqlar. 

Yazov: Patronsuz silah verəcəyik, sonra patronlarla yüklənmiş ayrıca zirehli transportyor olacaq. Bunu düzəldəcəyik, təşkil edəcəyik. 

Qorbaçov: Patronlar ayrıca.

Yazov: Əgər icazə versəniz, onda mən belə göstəriş verirəm. 
Siyasi Büro üzvləri. Razıyıq.

Qorbaçov: Mən fikirləşirəm ki, bunu etmək lazımdır ki, qarışıqlığa yol verməyək. Qarşıda konfrans var. Konfrans üçün materiallar mənə getdikcə daha çox gətirilir. Bu, məsələ, əlbəttə, daha dərin araşdırma tələb edir, hər şeyin təşəkkül tapdığı keçmiş təcrübəyə də qayıdacağıq. O vaxt məlum olur ki, çoxlu maraqlı məqamlar var imiş. Hətta beynəlmiləl kənd sovetləri də var imiş. 

***

Yazov: Amma, Mixail Sergeyeviç, əgər istəyirsinizsə, Sumqayıtda, bəlkə başqa şey - hərbi vəziyyət tətbiq etmək lazımdır. 

Qorbaçov: Komendant saatı.

Yazov: Bu xətti ardıcıl həyata keçirmək lazımdır, Mixail Sergeyeviç, işlər dərinə getməmiş. Oraya qoşun yeridib qayda-qanun yaratmaq lazımdır. Bu, hər halda təcrid edilmiş yerdir, bu, milyonlarca insanın olduğu Ermənistan deyil. Yeri gəlmişkən, bu, başqalarının ağlını başına yığacaq, çox ehtimal ki.

Qorbaçov: Aleksandr Vladimiroviç və Dmitri Timofeyeviç, siz Bakı və Leninakanda, bir də erməni rayonu olan şəhərdə… 

Vlasov: Kirovabad.

Qorbaçov: Kirovabadda mümkün vəziyyəti də nəzərə alın. 

Vlasov: Bir az şüşələri sındırıb, vəssalam.

Qorbaçov: Nəzərə almaq lazımdır ki, Sumqayıtda nə baş verdiyini hələ bilmirlər, xəbər ora çatana kimi isə şişib böyüyəcək. 

Şevarnadze: Bu, birləşmiş qablar kimidir. Ermənistanda tələfat haqqında bilsələr, bu, orada vəziyyəti mürəkkəbləşdirəcək
.
Yakovlev: Tez bir zamanda məlumat yaymaq lazımdır ki, Sumqayıtda baş verənlərlə əlaqədar cinayət işləri başlanılıb, cinayətkarlar həbs edilib. Bu, ehtirasları soyutmaq üçün lazımdır. Sumqayıtın özündə şəhər qəzeti aydın şəkildə və tezliklə bunu deməlidir. 

Qorbaçov: Əsas odur ki, elə indi, təxirə salmadan, ictimai asayişi pozanlarla mübarizəyə fəhlə sinfini, adamları, drujinaçıları cəlb etmək lazımdır. Bu, mən sizə söyləyim, hər cür xuliqanların və ekstremistlərin qarşısını alır. Alma-Atadakı kimi. Bu, çox vacibdir. Hərbçilər hiddət doğurur. 

***

Qorbaçov: Əgər insanlar özlərini rahat aparırlarsa, axıracan siyasi yolla işləməliyik. Niyə qoşun yeridək ki.

Yakovlev: Sumqayıta isə qoşun yeritmək lazımdır. Orada «hakimiyyətin əlini» göstərmək lazımdır.

Qorbaçov: Dağılışmasalar, fərqi yoxdur, yenə də işləmək lazımdır, qovmaq yox. Əgər adamlar özlərini sakit aparırlar və xuliqanlığa yol vermirlərsə, onda qoşunla onları dağıtmaq lazım deyil. Burada dövrəyə almaq gərəkdir. Yığnaqlar olmasın deyə.

Yazov: Sürücülər işə gəlir, amma marşruta çıxmırlar, yaşayış məntəqələrindənsə şəhərə ərzaq daşıyırlar. Onları Stepanakertə buraxmaq lazım deyil.

Razumov: Məktəblər işləmir. Meydanda növbətçilik təşkil edilib.

Qorbaçov: Deməli, qoy Razumovski Bakıda qalsın, Demiçev isə oraya yola düşsün, hər şeydən əvvəl bu məsələ ilə məşğul olsun. Amma, yoldaşlar, xalq özünü sakit və təmkinli aparırsa, hərbçilərlə onları əzməyə başlamaq lazım deyil. Bu, yolverilməzdir. Gəlin biz bunu bir qayda olaraq qəbul edək. Ermənistanda qoşunun yeridilməsinə işarə vurulanda və onlar bunu görəndə, bu, onları sakitləşdirdi. Onlar başa düşürlər ki, hakimiyyət hakimiyyətdir. Bununla yanaşı, heç kəsin onlara barmaqla belə toxunmadığını da qiymətləndirdilər.

Yazov: Akademik Ambarsumyan, Mixail Sergeyeviç, Koçetkova zəng edib deyir, sən niyə bura gəlmisən? O cavab verib ki, necə niyə? Bura ki, Zaqafqaziya dairəsidir. Onda Ambarsumyan sual verib ki, sən hansı göstərişi almısan?

Qorbaçov: Hə, hə.

Yazov: Əsgərlər arasında vərəqələr yaymaq cəhdləri olur.

Qorbaçov: Əgər Sumqayıtda olanlar başlasa, qətiyyətlə və axıracan hərəkət etmək lazımdır.

Liqaçev: Mixail Sergeyeviç, axı orada hər beş nəfərdən biri vaxtilə məhkum edilmişlərdir, deməli, orada yüz, iki və ya üç yüz islaholunmaz adam var, onları təcili olaraq Sumqayıtdan köçürmək lazımdır…

Çebrikov: Ermənilərin mənzillərində mebelin hamısını yandırıblar.

Qorbaçov: Banditlər, soyğunçular. Əksəriyyətində dəyərli əşyalar olub, həbs zamanı bəzilərindən zinyət əşyaları müsadirə edilib.

Liqaçev: Tez bir zamanda onların üzərində məhkəmə prosesi başlamaq lazımdır. İstintaqı uzatmamalıdırlar, bəzən həftələrlə, aylarla, hətta illərlə uzatdıqları kimi. Burada çox qətiyyətlə hərəkət etmək lazımdır. 

Qorbaçov: Hətta müəyyən dərəcədə, ümumiyyətlə desək, biz vaxtı əldən vermişik. Hər şeyi işə salmaq və bu şəhəri ələ almaq lazımdır. Cəzasını çəkib qurtaranlara gəlincə, onlar, o «xüsusilə islaholunmazlar», yəqin ki, sizin orada qeydiyyatdadırlar.

Qromıko: Onları saxlamaq lazımdır.

Yazov: Mixail Sergeyeviç, cinayətkarlar saxlanılıb. Gün ərzində saxlanılant 20 nəfərdən 16-nı buraxıblar, yalnız dördü qalıb. Yalnız hərbçiləri daxil edəndən sonra xüsusilə təhlükəli cinayətkarlar saxlanılıb. 

Qorbaçov: Aleksandr Vladimiroviç, milis rəisini hərəkətsizliyə görə qovmaq gərəkdir. Yubanmadan qovmaq. Uzunmüddətli xidməti istintaqsız, siz adətən etdiyiniz kimi. Bir halda ki, buna yol veriblər – yubanmadan azad edib yerinə başqasını qoymaq. Ola bilər Bakıdan, layiqli adam göndərmək. 

Yakovlev: Törətdiyi cinayəti etiraf edən iki qatil üzərində qısa zamanda açıq məhkəmə prosesi aparmaq olmazmı? 

Qorbaçov: Lazımdır. Elə Yeqor Kuzmiç də bu barədə deyir. Yolları bağlamaq lazımdır ki, nəqliyyat keçməsin, Yerevandan təyyarələr uçmasın və s. Vladimir İvanoviç və Anatoli İvanoviçdən erməni müəssisələrinin işləməyə başlaması haqqında mətbuat üçün məlumat istəyək. Yeri gəlmişkən, dünən onların yerli televiziya ilə gözəl verilişləri oldu. Adamları iş yerində göstərdilər, onların əhval-ruhiyyəsinin yaxşı olduğunu göstərdilər. 

Solomensev: «Zaman» proqramında da göstərdilər. Stepanakertdə bir zavod göstərdilər. Yerevan fəhlələrinin çıxışlarını verdilər, onlar baş verənləri pisləyir və işə çıxmadıqları günlərin əvəzinə işləyəcəklərini söyləyirlər. 

Qorbaçov: Razılaşdıq, yoldaşlar? 

Siyasi Büro üzvləri: Bəli.

Qorbaçov: Mən indi bizim yoldaşlarla camaat içində işləmək barədə danışacağam. Əsas budur.

Qərar qəbul edilir.
Sumqayıtda komendat saatının tətbiqi haqqında və son 3 il ərzində Dağlıq Qarabağ üzrə məktubların seçilib toplanması barədə protokol tapşırıqları hazırlanır. 

ÜXSD, məxfilik kateqoriyasından çıxarılmış sənədlər toplusu
(«Rodina» jurnalı, № 4, 1994-cü il, səh. 82-90)

Bu sərsəmləmə hansısa uzaq əyalətdəki kolxoz idarə heyətində baş vermir. Bu, SSRİ-nin hakimiyyət olimpində baş verir, elə bir yerdə ki, ölkənin taleyüklə problemləri həll olunurdu. Burada Sumqayıtda baş verən hadisələrinə siyasi qiymət verilmir və ortada hər hansı həll modeli yoxdur, həqiqətin üzə çıxa biləcəyi kəskin müzakirələr yoxdur, nəhayət, ümumi müzakirə mövzusu ola biləcək bir dənə də ağıllı ideya yoxdur. Elə təəssürat yaranır ki, iştirakçılardan heç biri üzərinə məsuliyyət götürmək və mahiyyət üzrə konkret bir şey təklif etmək istəmir.

İclasda hər şeydən danışılır – cinayətkarlardan, residivistlərdən, müəyyən cinayət ünsürlərindən və onların çəkdiyi cəzadan, xalq drujinaçılarından, fəhlə sinfindən, Sumqayıt sakinlərinin orta yaş həddindən, birləşmiş qablardan, beynəlmiləlçilikdən və s. Lakin dövlətin üzləşdiyi ciddi təhlükədən heç kəs söz açmır, ya bunu dərk etmirlər, ya da məsələni qaldırmaqdan çəkinirlər. Elə təəssürat yaranır ki, sanki bu yığıncağa Vətənin mənafeyini hər şeydən üstün tutan adamlar yox, sadəcə seyrçilər toplaşıblar! Bu sənədlə tanış olan əsl siyasi analitik və strateq anlayır ki, düşmən qüvvələri ilə əhatələnmiş bir ölkə bu cür dövlət xadimlərinin əlindədirsə, o ancaq məhvə məhkumdur. Necə ki, məhz yaxın gələcəkdə bu baş verdi!

Burada Brest sülhü üzrə MİK yığıncağının stenoqramı yada düşür. Həmin tədbirdə açıq müzakirələr aparılır, hər kəs məsuliyyətdən qorxmadan öz mövqeyini açıqlayır, Leninə etiraz edir, vəziyyəti qiymətləndirir, müxtəlif variantları nəzərdən keçirərək gələcəyi proqnozlaşdırır və s.

İntellektual səviyyəsi və ehtirasların coşması baxımından hər iki yığıncağı müzakirə etməyə belə dəyməz – onlar müxtəlif səviyyəli tədbirlərdir!

Sumqayıt hadisələri zamanı müəyyən «müəmmalı» qüvvələr peyda oldu – bu barədə KİV-lərin əksəriyyəti yazırdı. 

Həmin “müəmmalı” qüvvələr barədə dünya şöhrətli maliyyəçi (Corc Soros) də, SSRİ kommunistlərinin böyüklərindən biri də (Y. Liqaçov) qəribə yekdilliklə danışdı.

Moskvada nəşr olunan “Znamya” jurnalının 1989-cu il iyun sayında tanınmış maliyyəçi Corc Soros bəyan etdi ki, Azərbaycanda, o cümlədə Sumqayıtda ermənilərə qarşı törədilən təxribatlar mafiya tərəfindən təşkil olunub.

Y. Liqaçov də həmin fikirdə idi. Azərbaycan televiziyasına müsahibəsində o demişdi: “Sumqayıt hadisələrini mafioz qruplar təşkil edib”.

Birinci katib Ə. Vəzirova yaxın adamlardan biri olan S.Peres İsraildə çap etdirdiyi “Közərən küllüklər” kitabında Sumqayıtdakı “sirli” qüvvələr barədə öz fikirlərini oxuculara təqdim edib.

Respublikada tanınan jurnalistlərdən olan S.Peres həmin kitabda Kaliniçenko ilə söhbətini xatırlayır. “Sən nə düşünürsən, Sumqayıt üzrə proseslər niyə səngiyir?” – deyə Kaliniçenko iltihablı sifətini mənə doğru əyərək soruşdu. Elə özü də su kimi şəffaf gözlərini açıb yumaraq cavab verdi: “Məhkəmədə zərərdidələr biləndə ki, Qriqoryan ermənidir, hamısı, - başa düşürsən, hamısı! – ifadələrindən imtina etdilər. Deyirsən ki, videofilm var. Hə, var. Yeri gəlmişkən, təkcə həmin videokadrlarda onun 6 nəfəri öldürdüyü görünür… Lakin videokadrlar, məhkəmə üçün, bağışla, heç nədir… Cinayət Məcəlləsinə əsasən, videogörüntü sübut deyil. Hə, ona 14 il verdilər. İnanmıram ki, müddəti azaltmayacaqlar. – Kaliçenko barmağını az qala burnumun qarşısında yelləqib davam etdi. – Yox, yox. Bir də ki, evlərin çardaqlarında operatorların haradan peyda olduğu barədə heç düşünmüsən? Nə, onlar marşrutu bilirdilər? Hə, bu barədə düşünmüsən?...”

– İndəyədək məlum deyil ki, əllərində dəmir çubuq olan iri cüssəli cavan adamlar birdən-birə haradan peyda oldular. Sanki hansısa əmrə uyğun olaraq «təşəbbüsü» öz əllərinə aldılar. Elə hansısa əmrlə də yoxa çıxdılar. Onlardan heç birini Sumqayıtda tanımırdılar.
Sumqayıt hadisələrindən sonra Bakıya ilk əvvəl Rusiya, əsas etibarilə də Moskva ziyalıları cumdular. Bununla bağlı politoloq Leonid Borisov «Xəyanət. Böyük İmperiya necə dağılırdı?» məqaləsində yazır: “1988-ci ildə qorxulu hadisə baş verdi. Rusiya ziyalıları bir xalqa xəyanət edərək sonrasını düşünmədən digərinin tərəfinə keçdilər… Hələ bu yaxınlaradək bizimlə birlikdə yaşayan, işləyən, iclaslarda oturan Azərbaycan alimləri, yazıçıları, rejissorları birdən-birə düşmən oldular. Çünki onlara “pis”, onların düşmənlərinə isə “yaxşı” damğası vuruldu. Və həmin pislərə bütün silahlardan atəş açıldı. Ermənistanın Qarabağa iddialarına sadəcə şübhə ilə yanaşanlardan üz döndərirdilər; mütərəqqi publisistlər pafosla və səsləri əsə-əsə erməni xalqının böyük mədəniyyətindən və çirkli azərbaycanlı barbarlardan danışırdılar”.

“Bu əsl xəyanət idi, – deyə Borisov davam edir. – Özü də yalnız azərbaycanlılara münasibətdə yox, həm də Rusiya ənənələrinə, imperiya təfəükkürünün prinsipial əsaslarına xəyanət idi. O vaxtkı piarın qanunlarına uyğun olaraq azərbaycanlıları kommunist rejiminin dayağı, erməniləri isə demokratiya və azadlıq mübarizləri elan etdilər. Azərbaycanlılar geri qalmış, ermənilər isə mütərəqqi, azərbaycanlılar vəhşi, ermənilər isə millətin öz müqəddəratını təyinetmə hüququ uğrunda alicənab mübarizlərdir. Axın aparırdı, hamı da bacardığı kimi əl-qol ataraq həmin axına qoşulurdu. Azərbaycanlılar barədə heç kim fikirləşmirdi, onlar heç kəsin vecinə deyildi”.

Borisovun bu mülahizələrinə erməni tərəfindən su qiymətinə satın alınan və quduz köpəklər kimi Azərbaycanın üstünə atılan Starovoytova, Nuykin, Şeynin, Stupişin, Ponamaryov, Qozmanov, Bitov, Qrafova kimilərin fikirlərini də əlavə etsək, o illərin mənzərəsi tam aydın olur. Həmin dırnaqarası ziyalıların əclaflığı həm də ondadır ki, onlar azərbaycanlıların ünvanlarına söylədikləri təhqiramiz sözlərə görə cəzasız qalacaqlarına əmin idilir – çünki Moskvanın mövqeyi də fərqli deyildi! Məsələn, SSRİRusiya Baş Prokurorluğunun KİV-lərdə azərbaycanlılar əleyhinə yazılmış alçaldıcı məqalələrə necə reaksiya verdiyinə nəzər salaq. Biz məsələyə dair bütün məlumatları ələk-vələk edərək belə yazılara görə yalnız bir “cəzalandırma” faktını aşkar etdik. Belə ki, Rusiya prezidenti yanında insan haqları komissiyasının üzvü, jurnalist Andrey Nuykin Sumqayıt hadisələrinə dair dəfələrlə öz mülahizələrini söyləmişdi. Bu əclaf, - onu başqa cür adlandıra bilmirəm, -  qan içində olan Azərbaycan xalqını “cəllad”, erməniləri isə “qurban” adlandırmışdı.

“Nezavisimaya” qəzetində erməni-Azərbaycan münaqişəsinə həsr olunmuş “Rus ziyalıları, axı siz harada idiniz?” başlıqlı məqalə dərc edilmişdi. Azərbaycanlılar əleyhinə yazılmış bu məqalə tamamilə faşist ruhunda idi. Bu alçaqlığa göz yummaq çətin olduğundan SSRİ prokurorluğu A.Nuykinə qarşı cinayət işi qaldırdı. SSRİ Baş prokurorunun baş köməkçisi V. Alyoxin A.Nuykin barəsində RSFSR CM 74-cü maddəsinin I hissəsinə (milli düşmənçiliyin qızışdırılması) uyğun olaraq cinayət işi qaldırdı. “Nezavisimaya” qəzeti yazırdı: “Həmin iş üzrə ilkin istintaqı aparan Moskva şəhər prokurorluğunun baş müstəntiqi mayın 23-də redaksiyaya gələrək A. Nuykinin məqaləsinin orijinalını müsadirə etdi”.

Təbii sual ortaya çıxır, bəs bunun axırı? Heç nə! A.Nuykin SSRİ Baş Prokurorluğunu sanki bir milçək vızıltısı sayaraq izahat vermək belə istəməyib. SSRİ Baş Prokurorluğunu isə bu tam qane etdi və son nəticədə A. Nuykinin təxribatı yenidənqurmanın mənfi məqamı kimi qələmə verildi.

Bundan sonra belə cinayət işi bir daha qaldırılmadı – azərbaycanlılar barədə nə istəsən yaza bilərsən!

Nuykinin məsələsi göstərdi ki, bu problemlə bağlı SSRİ, sonradan isə Rusiya prokurorluq orqanları heç bir cinayət işi qaldırmayacaq. Axı - demokratiyadır!

SSRİ Baş Prokurorluğunun möveyinin belə olması təsadüfi deyil. Həmin qurumun əməkdaşları olan Karakozov, Qdlyan və İvanov Leninqrad televiziyasında 1 saatdan çox davam edən veriliş təşkil edərək Sumqayıt hadisələrini tükürpədici səhnələr vasitəsilə təsvir edib Azərbaycan xalqı barədə təhqiredici tonda danışmaqdan çəkinmirdilər. Hələ məhkəmə olmamışdı, onlar isə bir ağızdan həmin məqaləni xatırlayırdılar.

Azərbaycan EA-nın həmin illərdəki prezidenti Eldar Salayev bu sətirlərin müəllifinə danışırdı ki, Sumqayıt hadisələrindən sonra Rusiya alimləri azərbaycanlı həmkarları ilə ünsiyyətdən yayınırdılar. Bu, alimlər arasında böyük nüfuza malik olan Ermənistan EA prezidenti Ambarsumyanın «xidməti» idi. Qorbaçovun köməkçisi Şahnazarovun da bu mənada rolu az olmayıb.


ZAHİRƏN XOŞSİFƏT GÖRÜNƏN QORBAÇOV-ŞAHNAZAROV TANDEMİ AZƏRBAYCAN XALQININ BAŞINA ÇOX BƏLALAR GƏTİRDİ...

Şahnazarovun SSRİ EA akademikləri və müxbir-üzvlərindən ibarət mütəşəkkil komandası var idi. SSRİ-də, eləcə də xaricdə güclü əlaqələri olan akademiklər – Ambarsumyan, Osipyan, Damirçyan, Baqdasaryan, Yennkolopov, Knunyans, Çaylaxyan, Sandaxçiyev, Taxtadjyan, Aqanbeqyan, Xaçaturov, müxbir üzvlər – Mergelyan, Mikaelyan, Sərkisov, Ağacanov, Babayan, Qeodekən, Sarkisyan, Xublaryyan, Stepanyan, Qorşuni, Karamyan, Yefuni, Piruzyan, Turpayev, Fanarcyan, Çoylaxyan, Sitaryan elmi dairələrdə çıxış edərək Sumqayıt hadisələrini pisləyirdilər. Təbii ki, onların səsinə Rusiyanın elmi ictimaiyyəti də səs verirdi.

Yuxarıda misal gətirdiyimiz sətirləri Borisov rus ziyalıları barədə yazmışdı, lakin həmin sətirləri tam həcmdə Qərb ziyalılarına da şamil etmək olar. Axı bəzən Qərbdən də Sumqayıt hadisələri ilə əlaqədar azərbaycanlılara münasibətdə elə çağırışlar səslənirdi ki, istər-istəməz adamın ağlına belə bir fikir gəlirdi, bunlar yəqin ziyalı yox, kəllə dərisini soymağa hazır olan quldurlardır.

Borisovsayağı xəyanət bütün əzəməti ilə SSRİ xalq deputatlarının qurultaylarında özünü büruzə verirdi – o, Azərbaycan deputatlarının böyük əksəriyyətinin hücum obyektinə çevrilmişdi.



XALQ DEPUTATLARININ I QURULTAYINDA NÜMAYƏNDƏLƏRİN QARABAĞ PROBLEMİ ÜZRƏ ÇIXIŞLARININ MONİTORİNQİ. PARADOKSAL BİR VƏZİYYƏT YARANMIŞDI: HƏM PARTOKRATLAR, HƏM DƏ DEMOKRATLAR BİR-BİRLƏRİ İLƏ İXTILAFDA OLSALAR DA... AZƏRBAYCANI İTTİHAM ETMƏK NÖVBƏSİ GƏLƏNDƏ BİRLƏŞMİŞDİLƏR! 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar