Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər: “Bəşər Əsəd İranın Suriyada güclənməsində maraqlı deyil”

Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, təhlükəsizlik eksperti Sülhəddin Əkbər müsahibə verib.


Müsahibəni oxucularına təqdim edirik:

– Sülhəddin bəy, son günlər İsrail və Rusiyanın Suriya məsələsində razılıq əldə etdiyi xəbərlər dolaşır. Qeyd olunur ki, razılığa əsasən, Suriyanın cənub sərhədlərini Əsəd rejimi qoruyacaq, İran hərbçiləri və “Hizbullah” buradan uzaqlaşdırılacaq. Bu razılaşma haqqında nə deyə bilərsiniz?

– Öncə qeyd edək ki, Suriya böhranı artıq çox mürəkkəb hal alıb. Burada dövlət olan və olmayan çoxlu xarici oyunçular iştirakçıdır. Bir çox istiqamətdə açıq və gizli müharibələr gedir. Kimisi birbaşa Suriyada vuruşur, kimisi vəkilləri vasitəsilə müharibə aparır. Eyni zamanda Suriya operativ taktiki baxımdan bir neçə regiona bölünüb. Bir də görürsən ki, bəzi regionlarda ciddi rəqib və düşmən olan dövlətlər əməkdaşlıq edirlər, bəzi regionlarda isə bir-birinə qarşı vuruşurlar. Bu mənada Suriyada gedən prosesləri operativ taktiki baxımdan qiymətləndirmək üçün dəqiq kəşfiyyat məlumatlarına ehtiyac var. Ona görə də ilk növbədə mətbuata çıxan informasiya, informasiya sızıntısı, bəzən dezinformasiyalar çaşdırıcı və qəribə görünə bilər.

Ancaq məncə, burada qəribə bir şey də yoxdur. Aydındır ki, Amerika və onun müttəfiqləri, ilk növbədə İsrail Rusiya ilə İran arasında məsafə qoymaq üçün ciddi iş aparır. Rusiyaya əsas təzyiq ondan ibarətdir ki, İranın Suriyada təsirinin mümkün qədər məhdudlaşdırılmasına razılıq və dəstək versin. Bu işdə Rusiyanın dəstəyindən istifadə etmək istəyirlər. Təbii ki, bu Rusiyanın da maraqlarına uyğundur. Ən azı İranın zəifləməsi Bəşər Əsədi Rusiyadan daha çox asılı vəziyyətə gətirir. Bu zaman Rusiyanın Suriyada mövcud vəziyyətlə bağlı digər aktorlarla münasibət qurması, həm də Suriyanın gələcəyi ilə bağlı aparılan danışıqlar prosesində manevr etmək imkanları genişlənir.

Bu mənada ABŞ və müttəfiqlərinin, konkret indiki halda İsrail və İordaniyanın İranla bağlı maraqları üst-üstə düşür. Rusiya da maraqlıdır ki, İran Suriyanın məsələsində indikindən artıq rol oynamasın. Əksinə, İranın rolu azaldılsın. Bu mənada ortada təəccüblü bir hal yoxdur. Bundan əvvəl də ABŞ, İsrail, İordaniya, bəzənsə Səudiyyə Ərəbistanı ilə Rusiya xüsusi xidmət orqanları arasında danışıqlar aparılıb. Bəzən İranın özü ilə belə danışıqlar olur. İndiki halda İsrail-Rusiya danışıqları başadüşüləndir.

İranın Suriyada zəifləyəcəyi fikrini bölüşürsünüz?

– Hər halda İranın zəiflədilməsi məsələsində bir çoxtərəflərin maraqları üst-üstə düşür. Hətta Bəşər Əsəd belə İranın Suriyada bundan artıq güclənməsində maraqlı deyil.

– Bu son dərəcə maraqlı iddia deyilmi?

Suriya mərkəzi hökuməti quru əməliyyatlarında İrandan asılı vəziyyətdədir. İran ciddi şəkildə Əsədə və sahədəki vəziyyətə təsir edə bilir. Bəşər Əsəd də ona olan təsirlərin şaxələnməsində maraqlıdır. Yəni tək İrandan və ya Rusiyadan asılı vəziyyətdə olmasın. İndiki halda Bəşər Əsəd rejimi strateji planda Rusiyadan, operativ-taktiki planda isə İrandan çox asılı vəziyyətdədir. Ona görə də Suriyada İranın güclənməsində İrana birbaşa bağlı olan milis və müxtəlif şiə qruplaşmalarından savayı heç kəs maraqlı deyil.

Rusiya Prezidenti Putinin Suriya üzrə ali nümayəndəsi Aleksandr Lavrentyev bəyan edir ki, ABŞ, türklər və “Hizbullah”da daxil olmaqla bütün xarici qüvvələr Suriya ərazisindən dərhal çıxmalıdır…

– Bu əslində İsraillə Rusiyanın razılaşmasının bir elementidir. Rusiya açıq şəkildə və rəsmi diplomatik yolla bəyan edir ki, Suriya legitim hakimiyyətinin rəsmi dəvəti ilə bu ölkəyə daxil olmayan xarici qüvvələr ölkəni tərk etməlidir. İran da bəyan edir ki, onlar da Dəməşqin rəsmi dəvəti ilə Suriyadadır. Əslində Lavrentyevin bu bəyanatı çoxbaşlıdır. İndi Suriyada olan istənilən oyunçu digərlərinin orada zəifləməsində maraqlıdır. Məsələn, Suriyada birbaşa iştirakçılığı olan Rusiya, ABŞ, Türkiyə, İran və Fransa kimi dövlətlərdən hər biri digərinin zəifləməsini istəyir. Çünki bu halda onların Suriyada nəzarət payı artacaq, üstəlik gələcəkdə Suriyanın yenidən qurulmasında maraq və payı təmin ediləcək. Odur ki, bunu təbii qarşılamaq lazımdır.

Bəşər Əsədin Abxaziya və Osetiyanın müstəqilliyini tanımasını necə qiymətləndirmək olar?

– Bu faktiki olaraq Bəşər Əsəd və hökumətinin Rusiyadan hansı dərəcədə asılılığını göstərir. İkincisi, Rusiyanın Suriya ilə nə dərəcədə aktiv-diplomatik iş apardığını, təzyiqlər göstərdiyini ortaya qoyur. Həmin qondarma və saxta qurumları aydındır ki, Rusiya yaradıb. İşğal etdiyi ərazilərdə qondarma rejimlər yaratmaq, bu rejimlərin dəvəti ilə hərbi bazalar qurmaq, sərhədlərə nəzarət etmək kimi fəaliyyətlər son illər Rusiyanın beynəlxalq hüququ çeynəmək siyasətinin tərkib hissəsidir. Bu keçmiş imperiya siyasətinə qayıdışın əlamətidir. Rusiyanın hansı ölkələrə ciddi təzyiqlər etmək imkanı var, habelə bu ölkələrin Gürcüstanla ciddi diplomatik əlaqələri yoxdursa, onlar belə addım atır. Bundan əvvəl Venesuela, Nikaraqua, Naur Adası separatçı Osetiya və Abxaziyanı tanıyıb. Bu ölkələrin Gürcüstanla münasibətlərinə baxmaq lazımdır. Üstəlik bu addım həm də ABŞ-la münasibətlərin əksidir. Bu ölkələr həm də ABŞ-la kəskin münasibətləri olan ölkələrdir. Yəni bir tərəfdən bunu Suriyanın Rusiyadan asılılığı, Moskvanın Əsədə təzyiqi, digər tərəfdən bu rejimlərin dolayısı ilə ABŞ-a olan münasibəti kimi qiymətləndirmək olar.(teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar