Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülh danışıqları əvəzinə deklorativ bəyanatlar


Sülh danışıqları əvəzinə deklorativ bəyanatlar - həmsədrlik institutu böhranda


AzərbaycanErmənistan XİN başçılarının görüşü baş tuta bilər, bəs sonra? Vasitəçilər separatçıların “seçki” tamaşasına sərt reaksiya verəcəkmi? Siyasi və hərbi ekspertlər son durumu şərh edir...

ATƏT-in Minsk Qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) iyulun 3-də Vyanada Minsk Qrupunun üzvlərini regiona son səfərləri barədə məlumatlandıracaqlar. APA-nın xəbərinə görə, bu barədə həmsədrlərin regiona səfərlərinin yekunlarına dair bəyanatda bildirilir. Bəyanatda qeyd olunur ki, vasitəçilər nizamlama prosesi ilə bağlı görüləcək işləri müzakirə etmək üçün yaxın vaxtlarda AzərbaycanErmənistan xarici işlər nazirləri ilə görüşməyi də planlaşdırırlar.

Göründüyü kimi, Minsk Qrupu həmsədrlərinin növbəti bəyanatı əvvəlkilərdən ciddi şəkildə fərqlənmir və deklorativ xarakter daşıyır. Əslində gözlənilən bu idi ki, Minsk Qrupunun həmsədrləri regiona son səfərlərindən əvvəl və sonra işğalçı Ermənistanın cəbhəboyu gərginliyi artırmağa yönəlik addımlarını qiymətləndirməli, bu kimi davranışlara son qoyulmasını tələb etməli idi. Ancaq Avropa Şurası Parlament Assambleyasında Ermənistanın işğalçı siyasətinə qarşı qətnamə qəbul edilməsinə qarşı çıxan və buna imkan verməyən həmsədrlərdən əslində başqa bir mövqe də gözləməyə dəyməz. İstənilən halda həmsədrlər bölgədə fəaliyyətlərini sürdürmək istəyirlərsə, heç olmasa Qarabağ separatçılarının bu ayın sonlarında “prezident seçkisi” ilə bağlı planına qarşı birmənalı mövqe qoymalı və danışıqların bərpasına qarşı yönəlmiş bu cür təxribatçı addımı birmənalı şəkildə pisləməli idilər.

Düzdür, bu ilin əvvəlində Qarabağ separatçıları “referendum”la “konstitusiya düzəlişləri”ni həyata keçirəndə, Şuşanın işğalının 25 illiyini qeyd edəndə də diplomatlar vəziyyətə adekvat reaksiya vermədilər. Ancaq təbii ki, vəziyyət sonsuza qədər bu şəkildə davam edə bilməz. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, torpaqlarının işğalı ilə barışmaq niyyətində deyil və həlledici məqamda torpaqların azadlığı üçün bütün variantlara əl atılacaq. Ermənistanın sülh danışıqlarını pozmağa yönəlik addımları isə ölkəmizi hərbi yola əl atmağa vadar edir.

Şübhəsiz ki, Azərbaycan öz büdcəsindən külli miqdarda vəsaitlər ayırıb müasir silah-sursat, hərbi texnikanın alınmasına ona görə xərcləmir ki, onları anbarlarda saxlasın və ərazilərinin işğalı ilə barışsın. Reallıq bundan ibarətdir ki, bölgədə böyük müharibə alovunun çatılmasına öz təxribatçı davranışları ilə işğalçı ölkə səbəbkar olsa da, aparıcı dünya ölkələri və təşkilatları adekvat reaksiya vermirlər.

Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün iştirak etdiyi format öz-özlüyündə ciddi bir addımdır. “Trend”in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, məhz bu ölkələr - ABŞ, Rusiya və Fransa böyük siyasi çəkiyə və bu sahədə illərlə qazanılmış təcrübəyə malikdir: “Amma gördüyümüz kimi, 1997-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun üçtərəfli həmsədrlik institutu gözlənilən nəticəni əldə edə bilməyib”.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin həll olunması ilə bağlı qəti addımlar atmağın vaxtı çatdığını dəfələrlə vurğulayıb: “Azərbaycan ərazilərinin işğalı ilə ifadə olunan status-kvo qəbuledilməzdir. Bu, 2009-2013-cü illər arasında Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da yer alıb. İndi real nəticələrin əldə olunması üçün substantiv danışıqların davam etməsini təmin etmək lazımdır. Bir daha vurğulayım ki, danışıqlar predmet xarakteri daşımalıdır. İndi prosesin özünün yox, nəticənin daha vacib olduğu bir vaxtdır”.

Göründüyü kimi, həmsədrlərin passiv fəaliyyətini hər kəs bəyan edir. Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Minsk Qrupunu fəaliyyətsizliyinə görə tənqid etmişdi. Amma prosesi irəli aparmağa qadir Türkiyə kimi söz sahiblərini də Qarabağ tənzimlənməsindən kənarda saxlamağa üstünlük verirlər.

Həmsədrlərin Minsk Qrupuna raport verməsi də heç nəyi dəyişməyəcək. Bu gün ATƏT özü problemlərlə üz-üzədir. Belə ki, iyulun 1-dən ATƏT baş katibsiz qalıb. APA-nın “Alman dalğası” radiostansiyasına istinadən verdiyi məlumata görə, Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb. Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər. ABŞRusiya da daxil olmaqla, ATƏT 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur. ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi Tomas Qreminqer sayılır. L. Zanyer yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib. Güman ki, həmin toplantıda Qarabağ məsələsinin həlli ilə bağlı addım atıldığı görüntüsü yaratmaq üçün həmsədrlərin iştirakı ilə nazirləri bir araya gətirməyə çalışacaqlar.

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a açıqlamasında ciddi irəliləyiş gözləmədiyini vurğuladı: “Son vaxtlar verilən anonslar da məhz bu bəyanatların ardınca AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyindən xəbər verir. Yəni iyulun 11-də Avstriyada AzərbaycanErmənistan xarici işlər nazirlərinin növbəti görüşü baş tuta bilər. Doğrusu, bu görüşdən də ciddi bir nəticə gözləmək yersizdir. Zənnimcə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq işləmir, məhz buna görə də bu görüşün də əvvəlkilərlə eyni qaydada keçəcəyini söyləmək olar. Sadəcə olaraq, bu görüş vasitəsilə Ermənistan tərəfinin mövqeyinin dəyişib-dəyişmədiyini öyrənmək olar. Əlbəttə, həmsədrlərin də bu görüşdə iştirakı hər hansı qərar vermək səlahiyyəti olmadığı üçün ciddi nəticə verməyəcək. Amma istənilən halda onlar monitorinqlər zamanı gördüklərini görüşlərdə səsləndirirlər və bunu müsbət hal kimi qiymətləndirmək olar. Bir daha qeyd etmək istərdim ki, münaqişənin həlli istiqamətində hər hansı addım atılacağı inandırıcı görünmür. 20 ildən çoxdur münaqişə var, münaqişənin davam etməsi, eyni zamanda prosesin BMT qanunları çərçivəsində həll olunmamasında Minsk Qrupu həmsədrlərinin mövqesizliyi də əsas faktorlardan biridir. Yəni tək deklorativ bəyanatlarla iş bitmir. Son görüşdə onlar Dağlıq Qarabağ separatçılarını dolayı yolla üçüncü tərəf kimi danışıqlara cəlb etməyə çalışdılar. Halbuki onların təmsil etdiyi dövlətlər BMT-nin 5 daimi nümayəndəsindən üçüdür. Yəni burada ikili yanaşma var. Bu dövlətlər öz maraqları çərçivəsində Ermənistana təzyiq və təsir mexanizmini gücləndirməlidir”.

A.Nağıyev Qarabağ separatçılarının “seçki” tamaşasına ciddi önəm vermir: “Düşünürəm ki, bunu qabartmağın heç əhəmiyyəti də yoxdur. Təbii ki, bəyanatlar da verilsə, bu qondarma seçkilər keçiriləcək. Bu, birinci hal deyil. Məhz buna görə də beynəlxalq təşkilatlar növbəti bir siyasi şou olduğunu bildikləri üçün bunu əhəmiyyətli saymırlar”.

“Belə gedişlə, tez bir zamanda Ermənistanda daxili vəziyyət tamam qarışacaq. Artıq neçə gündür ki, Ermənistan silahlı qüvvələri ard-arda uğursuz bir vəziyyətlə üz-üzə qalıblar. Bir müddət öncə isə düşmənin kəşfiyyat-təxribat qrupu yenə də növbəti bir təxribatı həyata keçirməyə cəhd edərkən, daha böyük rüsvayçılıqla üzləşdi”.

Bunu isə hərbi ekspert Üzeyir Cəfərov son durumu qəzetimizə şərh edərkən bildirdi.

Ekspertə görə, Ermənistan tərəfi düşdüyü biabırçı durumdan yaxasını qurtarmaq üçün müxtəlif yollara əl atır: “Amma artıq gecdir və hesab edirəm ki, Azərbaycan tərəfi bu hadisəyə görə Ermənistana qarşı lazım olan addımların atılmasına nail olmalıdır. Çünki Minsk Qrupunun Bakıda keçirdiyi görüşlərdən sonra Ermənistan tərəfinin çıxartdığı bu ”nəticə" bir daha onu deməyə əsas verir ki, bunlar çətin islah olunsunlar. Bunlar vəziyyəti bundan sonra da gərginləşdirməkdə maraqlı görünürlər və hesab edirəm ki, yaxın günlərdə düşmən daha da çaşqın vəziyyətdə bəzi tələsik addımlar atmağa məcbur olacaq. Cəbhədə yaşadıqları uğursuzluqdan sonra daha bir şəxsin çox çirkin məqsədləri həyata keçirməyə cəhd edərkən əsgər və zabitlərimiz tərəfindən zərərsizləşdirilməsi Ermənistan tərəfi üçün yaxşı sonunclanmayacaq. Böyük ehtimalla, yaxın bir neçə günə İrəvanda və digər əyalətlərdə bu və bundan əvvəlki ordu uğursuzluğu ciddi müzakirələrə yol açacaq. Hətta ola bilsin ki, Serj Sərkisyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində ciddi dəyişikliklərə də getməyə məcbur olsun".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar